Məhkəmə qərarları › İş №2(079)-319/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-319/2023

09.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-319/2023 09.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh, iddiaçının vəkil-nümayəndəsi Vəkil və cavabdehin vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 10 may 2023-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində aldığı mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və mənzilin dəyərinin yarısı olan 15825 manat pulun, X2 ödədiyi 50 manat pulun və dövlət rüsumu olan 99 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, 1982-ci ildə Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşuq. Birgə nikahdan birgə yaşadığımız müddətdə üç övladımız doğulmuşdur. Cavabdehlə ailə münasibətimiz pozulduğundan Babək rayon Qeydiyyat Şöbəsində 19 oktyabr 2022-ci il tarixdə aramızdakı nikah pozulmuşdur, Cavabdeh ilə birgə yaşadığımız dövrdə "xxxx" MTK-dan kredit yolu ilə Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində 25 yanvar 2021-ci il tarixdə mənzil əldə etmişik. Həmin mənzili biz 31650 manata almışıq. Cavabdeh həmin mənzili aramızda olan ailə münasibətləri pozulduğundan, yəni ayrı yaşadığımız dövrdə mənim xəbərim və razılığım olmadan xx.xx.2023-cü il tarixdə qızım Şahid2 adına formal olaraq sənədləşdirmişdir. Qızımın adına həmin mənzilin qeydə alınması ilə bağlı "xxxx" Tikinti Kooperativinin verdiyi xx.xx.2023-cü il tarixli 124 nömrəli məktubu və Cavabdeh mənim xəbərim olmadan mənzilimin qızımın adına keçirilməsinə dair verdiyi ərizəni iddia ərizəsinə əlavə edirəm. Cavabdehin məqsədi mənə çatan paydan məni məhrum etmək olduğu üçün mən məcbur olaraq məhkəməyə müraciət etməli oluram. 19 aprel 2023-cü il tarixdə X2 müraciət etdik, lakin cavabdeh tərəf mediasiya prosesində iştirak etmədi. Cavabdehin yaşayış yeri barədə arayış əldə edə bilmədiyimdən məhkəmədən bu barədə köməklik göstərməsini xahiş edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında evi birgə nikah dövründə aldığını, qarşı tərəfin evi aldığını iddia etdiyi halda bunu sübut etməli olduğunu, buna görə də onun xəbəri olmadan evin başqasının adına keçirilməsinin mümkün olmadığını, "xxxx" MTK-ya etdiyi ödəmələrin qeydə alınması ilə bağlı videogörüntülərin mövcud olduğunu, həmin vaxt nikahın pozulacağını ehtimal etmədiyimdən evi cavabdehin adına keçirdiyini, heç kimin ailəsindən birinə ev alanda şahid tutmadığını, buna görə də şahidi və ya sübutunun olmadığını, nikahda olduqları müddətdə “Gəmiqaya” holdingdə, Xalaoğlu Broylerdə işlədiyini, 10 hektarlarla taxıl sahələri əkib qazanc əldə etdiyini, mal-heyvan saxladığını, müxtəlif vaxtlarda təsərüfat işləri ilə məşğul olduğunu, pensiya aldığını, pensiyasının 7-8 ilini oğlunun aldığını, nikah dövründə götürdüyü 6000 manat krediti hazırda təklikdə ödədiyini, hazırda 20000 manat başqa bir şəxsə borcu olduğunu, 40 il ailəsi üçün əziyyət çəkdiyini, 1983-cü ildən 2022-ci ilə qədər birgə nikahda olduqlarını, 2019-cu ildə cavabdehlə birlikdə oğlu Mehmanın Bakı şəhərində olan evində yaşamağa başladıqlarını, 04 fevral 2022-ci ildən etibarən isə özünün yenidən Naxçıvana qayıtdığını, ondan əvvəl Bakıda arvadı və uşaqları ilə münasibətləri pozulduğundan oğlunun evində bir evin içində 6 ay ərzində ayrı təsərrüfat apardıqlarını, həmin evin daha sonra satıldığını, 2021-ci ildə MTK-dan ev alınan ərəfədə Buzovnada toyuq firmasında fəhlə işləyib 800 manat əmək haqqı aldığını, 2021-ci il 25 yanvarda Sara, oğlu Abbas və özünün "xxxx" Mənzil Tikinti Kooperativinə getdiklərini, ondan 1 həftə qabaq da özünün tək gedib satış müdiri Əbülfəz Hümbətovla şərtləri danışdığını, əvvəlcə 20000 manat ilkin ödəniş etməli olduğunu dediklərini, daha sonra 18000 manata razılaşdıqlarını, aylıq ödənişi isə 1000 manata razılaşdıqlarını, evi oğlu Abbasa aldığını, Abbasın həmin vaxt Dövlət Sərhəd Xidmətində Qazaxda işlədiyini, bu səbəbdən də onun adına ala bilmədiyini, daha sonra həmin evdə birlikdə yaşamağı planlaşdırdıqlarını, ailə arasında məsləhətləşib evi Sara xanımın adına almaq qərarına gəldiklərini, ilkin ödənişi 25 yanvar 2021-ci il tarixdə özünün, Sara və oğlu Mehmanla birlikdə ödədiyini, həmin pulu 4-5 ilə bir yerə yığdığını, Şərurun bazarında mal-heyvan satdığını, 30 xırda, 13 iribuynuzlu malı olduğunu, həmin pulun qızında olduğunu, pensiya kartının da 2020-ci ildən qızı Mehribanda olduğunu, 7-8 il isə oğlunda olduğunu, kartı qızı Mehribana həm onun özünün xərcləməsi, həm də yığıb ona verməsi üçün verdiyini, 18000 manat ilkin ödənişin qızı tərəfindən özü Naxçıvanda olarkən Mehman və ya Abbasın hesabına göndərildiyini, qızının bunu öz razılığı ilə etdiyini, həmin vaxt uşaqları ilə münasibətlərinin normal olduğunu, hazırda 327 manat pensiya aldığını, həmin vaxtları nə qədər aldığını dəqiq xatırlamadığını, 2022-ci ilin fevral ayında özü Naxçıvana qayıdandan sonra qızının pensiya kartını qonşusu X6 verdiyini, həmin vaxt qızı ilə danışmadığını, evin aylıq ödənişlərini isə 600, 800, 1000 manat olmaqla Sara xanımın Bakıda birlikdə yaşadıqları vaxt ondan alıb aparıb ödədiyini, həmin vaxtlar Buzovnada toyuq firmasında işləyi maaş aldığını, ilkin ödənişdən sonra qızının pensiyasındn pul köçürmədiyini, qylıq ödənişləri ancaq maaşı ilə verdiyini, ailədən heç kimin evin aylıq ödənişlərinə köməklik etmədiyini, pensiya kartını alana qədər Mehribanın pensiyanı özü alıb xərclədiyini, qızının həmin vaxt 3-cü mikrorayonda ev tikdiyini, qızı ev satanda xəbəri olmadığını, bu barədə eşitdiyini, amma nə vaxt olduğunu xatırlamadığını, Bakıda heç vaxt qızına almaq üçün ev axtarmadığını, pandemiya olduğundan qızının Bakıya gələb bilmədiyini, qızı və kürəkəninin müəllim olduğunu, əvvəllər mikrorayonda həmin satılan evdə yaşadıqlarını, hazırda tikib yaşadıqları evin tikintisində 2019-2020-ci illərdə özünün də iştirak etdiyini, MTK-ya sonuncu dəfə nə vaxt ödəniş etdiyini bilmədiyini, belə ki, aylıq ödənişləri Saranın etdiyini, Naxçıvana gələndən sonra da maraqlanmadığını, həmin vaxtdan sonra edilən ödənişlərdə iştirak etmədiyini, Bakıdan çıxdıqdan sonra təsərrüfatları ayrıldığından ödəniş etmədiyini, ailə təsərrüfatında iştirakdan başqa Sara xanımın nikah müddətində qazancı olmadığını, evi götürdükdən sonra Kapital banka 2000-3000 manat borcum olduğunu, oğlunun 1800 manat birkart götürüb xərcləyib, pulunu ona vermədiyini, Bakıda olanda iş qurmaq üçün Xırdalan filialından 4000 manat kredit götürdüyünü, 20000 manat isə vətəndaşa əldən verilməli olan borcu olduğunu bildirmiş, Seymur və Mehribanın Naxçıvandan kənara çıxmadığını, onların şahidliyinin düzgün olmadığını bildirmiş və iddianın təmin olunması barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə iddiaçı və cavabdehin 1882-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu, birgə yaşadıqları dövrdə 3 övladları olduğunu, aralarında bağlanan nikahın Babək Rayon Qeydiyyat Şöbəsində 19 oktyabr 2022-ci il tarixdə pozulduğunu, birgə yaşadıqları dövrdə "xxxx" MTK-dan kredit yolu ilə Abşeron rayon Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində 25 yanvar 2021-ci il tarixdə 31650 manata mənzil əldə etdiklərini, cavabdehin həmin mənzili aralarında olan ailə münasibətləri pozulduğundan, yəni ayrı yaşadıqları dövrdə iddiaçının xəbəri və razılığı olmadan 25 fevral 2023-cü il tarixdə qızı X1 adına formal olaraq sənədləşdirdiyini, "xxxx" Tikinti Kooperativininin verdiyi 25 fevral 2023-cü il tarixli 124 nömrəli məktubun qızının adına həmin mənzilin qeydə alınmasını təsdiq etdiyini bildirmiş, bu səbəbdən də həmin əmakın birgə nikah dövründə əldə olunmuş hesab edilməklə mənzilin dəyərinin yarısının iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında iddiaçının dediklərinin yalan olduğunu, 1983-2022-ci illər arasında rəsmi nikahda olsalar iddiaçının 15 ilə yaxın başqa qadınlarla evdən uzaqda Rusiyada, Türkiyədə yaşadığını, evi qardaşlarının köməyi və anasının pensiyası ilə saxladığını, 2019-cu ildə oğlu Mehman Nehrəmdə tək qalmasın deyə onları Bakıya birlikdə yaşamaq üçün çağırdığını, Adilin də həmin vaxt Nehrəmdə işlədiyi toyuq firmasından işdən çıxarıldığını, ona görə də 2019-cu ilin əvvəlində Adillə birlikdə Bakıya getdiklərini, oğlu Mehmanın evində yaşamağa başladıqlarını, Adilin orada 2019-cu ilin martından toyuq firmasına işə düzəldiyini, lakin müəssisəni ziyana saldığından 2 aylıq maaşını vermədən işdən çıxardıqlarını, 1 il sonra iddiaçı ilə başqa qadınlarla olan münasibətlərinə görə problemlərinin başladığını, gəlininin yanında mübahisələri olduğunu, 2020-ci ildə qızı Mehribanın mikrorayonda olan bina evini satıb tikdirdikləri həyət evini remont etdirdiyini, qalan pulla isə Bakıda ev götürmək qərarına gəldiyini, qızı müəllimə olduğundan, həm də pandemiya başladığından Bakıya gələ bilmədiyini, gəlininin anası Səmayənin təklifi ilə "xxxx" MTK-dan ev maraqlanmağa başladığını, MTK-dan Səmayənin tanışı olduğunu, Səmayə ilə birlikdə ev barədə Kamal müəllimlə ilkin söhbət etdiklərini, Kamal və Əbülfəz adlı şəxslərin sənədləşməyə kömək etdiyini, ilkin ödənişi gücləri çatdığı qədər etməyi təklif edib ilkin ödənişin az olduğu halda faizin daha çox, çox olduğu halda isə faizin daha az olacağını bildirdiklərini, qızına bütün bunları dediyini, 18000 manat göndərə biləcəyini dediyini, 25 yanvar 2021-ci ildə müqaviləni imzaladığını, 26 yanvar tarixində isə 1 gün içində 18000 manatı kürəkəni Seymurun Mehman kartına köçürdüyünü, Mehmanın pulu kartdan çəkib gətirib hamısını ona verdiyini, həmin tarixdə də pulu aparıb MTK-ya verdiyini, aylıq ödənişi 1100 manatdan razılaşdıqlarını, Səmayə xanımın qohumları olduğundan daha sonra aylıq ödənişi 800 manata endirdiklərini, iddiaçının pulun üzünü belə görmədiyini, qızına ev aldığından belə xəbəri olmadığını, evdə söhbət açılanda etinasız şəkildə alırsınızsa alın deyib daha sonra maraqlanmadığını, ilkin ödənişdən sonra kürəkəni Seymurun 2 dəfə 1000 manat pulu yenə Mehmanın kartına göndərdiyini, qalan məbləği isə qardaşı Xaliq, oğlunun dostu İbrahim vasitəsilə göndərdiyini, 2-3 dəfə isə özünün Naxçıvana gəlib-getdikcə pulu apardığını, daha sonra kürəkəni narazlıq etməyə başladığından evi qızının adına keçirmək qərarına gəldiklərini, evi qızı Mehribanın adına keçirdiklərini, Adillə 2022-ci ilin fevralından ayrı yaşadıqlarını, həmin vaxtdan onun çıxıb Naxçıvana gəldiyini, ondan əvvəl isə 1 ilə yaxın müddətdə oğlunun evində ayrı yaşayıb onlardan ayrı yeyib-içdiyini, 1 dəfə belə 1 manat belə pulu nə ona verməklə, nə də özü ödəməklə ev üçün pul vermədiyini, iddiaçının dediyi kimi 6 ay boyunca onunla ayrı yaşadığı halda nəyə görə onun adına ev götürüb ödəniş etməyinin məntiqsiz olduğunu, imkanı olsaydı oğlunun kredit borclarını baölayıb evinin satılmasına mane olmaq yerinə onlara heç bir ehtiyacı olmayan qızına ev almağın absurd olduğunu, iddiaçının toyuq firmasında çıxdıqdan sonra açdığı “Culfa” marketi də 2 ay işlədib bağladığını, daha sonra Kapital bankdan 4000 manat kredit götürüb Xırdalanda “AFF Park” adlanan yerdə bir qadınla kafe açıb yenə ziyana uğradığını, iki oğlu olduğu halda oğlunun evində qala-qala öz pulu ilə qızına ev almasının uydurma olduğunu, iddiaçı oğluna pensiya kartı vermədiyini, Naxçıvanda olanda qızına pensiya kartını verdiyini, 2022-ci ilin fevralında isə geri qaytardığını, qızının onun 1 manatına belə dəymədiyini, qaytaranda pulun da kartda olduğunu, münasibətləri pozulduğundan qızının kartı qonşuya verdiyini, Adillə heç vaxtda MTK-ya ev almağa getmədiyini, evin pulunun nə özü, nə də iddiaçının hesabına 1 qəpik belə ödənilmədiyini, iki dəfə pulu özünün ödədiyini, qalanını isə gəlininin etibarnamə əsasında ödədiyini, iddiaçının təsərrüfat üçün inək götürüb pulunu vermədiyi üçün 2 dəfə həbs olunduğunu, kürəkəni Seymurun 700 manat ödəyib onu çıxardığını, iddiaçının heç vaxt ev almaq fikri olmadığını bildirmiş, iddianın rədd olunması haqqında ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin vəkil-nümayəndəsi Vəkil izahatında məhkəməyə təqdim edilən çıxarışdan 25-26 yanvar 2021-ci il tarixdə 15000 manat pulun pulun Sara xanımın kürəkəni vasitəsilə Bakı şəhərinə terminalla həmin evin alınması ilə 1 gün aralıqla oğlu Mehmanın adına yatırılması, etibarnamədən iddiaçının qızı Mehriban tərəfindən öz gəlinləri X10 X3 bütün səlahiyyətləri onun adından həyata keçirməyin həvalə olunduğu, Əmək və Əhalinin Sosial Müdafiəsi X12 Əmək Müfəttişliyi Xidmətinə verilən sorğuya cavab məktubunda iddiaçının və cavabdehin adına əmək müqaviləsi bildirişinin mövcud olmadığı, cavabdehin qızının Naxçıvanda satdığı evlə bağlı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin evin satılmasına dair notarial qaydada tərtib olunan razılıq ərizəsini məhkəməyə təqdim etdiklərini bildirmiş, bütün bunlar və şahid ifadələri nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahid2 ifadəsində tərəflərin valideynləri olduğunu, Naxçıvan şəhərində əri Seymurun adına olan evi 30000 manata satıb pulunun yarısı ilə Hacıniyyətdə olan yaşayış evinin təmirinə sərf etdiyini, qalan qismi dağılmasın deyə Bakıda ev almaq qərarına gəldiyini, özü və yoldaşının müəllim işləyib hazırlıq keçdiyindən gəlirlərinin yaxşı olduğunu, pandemiya ilə əlaqədar olaraq Bakıya gedə bilmədiyindən evi anasının adına almaq qərarına gəldiyini, anası və Şahid5 evi danışdıqlarını, 18000 manat ilkin ödənişi 1 gün ərzində terminalla yoldaşının qardaşı Mehmanın adına ödədiyini, qalan pulu dayısının 2 dəfə Bakıya apardığını, qalanını isə qardaşının dostu İbrahim vasitəsilə göndərdiyini, aylıq ödəmələri isə ***-**** arası ödədiklərini, daha sonra yoldaşı, qayınana və qayınatası evin anasının adına keçirilməsinə narazlıq etdiyindən öz adına keçirmək qərarına gəldiyini, qardaşı Abbasın toyuna az qalmış 2021-ci ilin sentyabrında atasının pensiya kartını ona verdiyini, qonşusu Damətin mebel ustası olduğunu, atasının Nehrəmdəki evə 1200 manata mebel sifariş verdiyini və 500 manat ilkin ödəniş etdiyini, mebelin pulundan qalan 700 manatı isə kartdan 4 ay Damətə ödədiklərini, kartın iyun-iyul-avqust-sentyabr aylarında onda olduğunu, sentyabrda özünə qaytardığını, ikinci dəfə Naxçıvana gələndə yenə kartı ona verdiyini, həmin vaxt kartından 180 manat ayda kreditinə çıxıldığını, Naxçıvana gələndə isə 300 manat pulu qaldığını, atasının toya görə Nehrəmdə quyu qazdırdığından həmin pulu quyuya sərf etdiyini, Naxçıvana qayıtdıqda 2022-ci ilin fevralında kartı da, açarları da qonşu Tofiq və arvadı Reyhana verdiyini, son ayın pulunun da kartda olduğunu, həmin kartdan pul çəkib arada gəlinlərinin kartına atasına vermək üçün 70 və 120 manat göndərdiyini, cəmi 5-6 ay kartın onda olduğunu, həmin kartdan şəxsi ehtiyacları üçün istifadə etmədiyini, karta 18000 manat pulun yığılmasının qeyri-mümkün olduğunu, atasının pensiya kartından qardaşına pul göndərmədiyini bildirmişdir. Şahid1 ifadəsində tərəflərin qayınana və qayınatası olduğunu, 2020-ci ilin mayında mikrorayondakı bina evini 35000 manata satdığını, məqsədinin Hacıniyyətdə tikdikləri evi başa çatdırmaq olduğunu, həmin evi cəmi 10000 manata yekunlaşdırdıqlarını, qalan pulu daşınmaza çevirmək qərarına gəldiyini, Mehman da əvvəllər ev götürdüyünə görə ondan ev maraqlanmasını istədiyini, ilkin 18000 ödəyəcəyi halda aylığın 794 manata düşəcəyini dediklərini, 25 yanvar 2021-ci tarixdə terminallar işləmədiyindən pulu göndərə bilmədiyini, avtovağzala gedib terminaldan 1000 manat olmaqla 18000 manat ödədiyini, evi götürəndən sonra ***- **** manat aralığında ödənişləri etdiklərini, 2022-ci ilin fevralına qədər bu prosesin davam etdiyini, 2021-ci ilin 2-ci yarısından sonra ailə arasında evin Mehribanın anasının adına olması ilə bağlı narazılıq yarandığını, özünün direktor müavini olduğu üçün məktəbdən çıxa bilmədiyini, Mehribanın gəlinləri Sevincə 2 illik etibarnamə verdiyini, həmin etibarnamə əsasında evin arvadının adına keçdiyini, həmin vaxtlar tərəflərin nikahda olduğunu, hər halda MTK-nın bu prosesi iddiaçının razılığı ilə etdiyini, həmin evə iddiaçının 1 manat belə olsun evə pul vermədiyini, mebel ustasına ilkin edilmiş 500 manatı qayınatasının onun yanında Damətə verdiyini, qalan pulu hər ay kartdan özünün çəkib 150-200 manat aparıb Damətə verdiyini, həmin vaxtlar pensiyadan 260 manat aylıq kreditinə çıxıldığını, mebelə 70- 80 manat ödəniş edə bildiyini, qalan pulu isə Mehribandan əldən alıb aparıb ödədiyini, borc bitəndən sonra isə kartı özünə qaytardıqlarını, evin qalan pulunu 2 dəfə 3000 manat, bir dəfə 2000 manat olmaqla hər dəfə 1000 manat olmaqla terminalla, Mehribanın dayısı Xaliq Muradovun oğlu Bakıda oxuduğundan və onun yanına gedib-gəldiyindən iki dəfə 800 və 1000 olmaqla Xaliq Muradova, Mehmanın dostu Nehrəm qəsəbə sakini İbrahimin isə 3 dəfə - 1000, 1000, 1500 manat olmaqla pulu aparıb Mehmana verdiyini, hər ikisinə pulu şəxsən özünün verdiyini, daha sonra isə pulları Sevinc xanımın kartına etibarnamə əsasında 2022-ci ilin fevralından göndərdiklərini bildirmişdir. Şahid4 ifadəsində tərəflərin onun qayınatası və qayınanası olduqlarını, Mehmanla 8 ildir evli olduqlarını, birlikdə yaşadıqları müddətdə evdə hər zaman qayınana və qayınatası arasında dava-dalaş düşdüyünü, iddiaçının borcları ucbatından 83 m2 evlərinin satıldığını, Səmayənin onun anası olduğunu, 18000 manatı Seymurun Mehmanın kartına baldızı Mehribangilə ev götürməsi üçün göndərdiyini, qayınanası və anası ilə birlikdə gedib 18000 manatı Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə ödədiklərini, qalan aylıq ödənişləri isə ya kimlərinsə ədən gətirdiyini, ya da Mehmanın aybaay kartına göndəriln pulları çəkib gətirdiyini, Mehman həmin vaxtlar “Socar”da işlədiyindən aylıq ödənişləri özünün aparıb ödədiyini, 2022-ci ilin fevralında isə ev baldızının adına keçdiyindən baldızının onun adın etibarnamə verdiyini, həmin vaxtdan pulları özünün aparıb Şahid2 adından kooperativə ödədiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 28 sentyabr 1983-cü il tarixdə nikah bağlanmış, tərəflər arasında bağlanmış nikah razılıqları əsasında Babək rayon Qeydiyyat şöbəsində 19 oktyabr 2022-ci il tarixdə pozulmuşdur. Qeyd edilən faktlar mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: İş materiallarına əlavə olunmuş İİİ-JQ seriyalı, 340576 nömrəli nikah akt qeydləri kitabından çıxarışdan belə məlum olur ki, tərəflər arasında 28 sentyabr 1983-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 401824 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən belə məlum olur ki, tərəflər arasında bağlanmış nikah 19 oktyabr 2022-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, X7 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. X8 ilə ”Bağçalı Evlər” MTK arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilə üzrə ilkin ödəniş tarixi xx.xx.2021-ci il olmaqla ilkin ödəniş 18000 AZN olmuşdur. Sonradan hər ay üzrə hansı ödənişlərin olduğu barədə sizə ödəniş cədvəlini göndəririk. Həmin cədvəldə aylar üzrə hansı məbləğ ödənildiyini görə bilərsiniz. X8 tərəfindən xx.xx.2022-ci il tarixə qədər ödənilən məbləğ 30850 AZN təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, X9 ilə 25 yanvar 2021-ci il tarixdə ”Bağçalı Evlər” MTK ilə müqavilə bağlanmişdir. X8 ilə ”Bağçalı Evlər” MTK arasında bağlanmiş mənzilin alqı-satqısına dair müqavilədən imtina edilməsi və öz qızı Şahid2 adına keçirilməsi, X8 tərəfindən müraciət olunaraq özünün ərizəsi əsasında baş tutmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativinin direktoruna X7 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində inşa edilmiş müqavilə ilə mənə məxsus 25a saylı binada 1-ci blokda, 1-ci mərtəbədə, 2 otaqlı sahəsi 68.5 m2 olan 1 saylı mənzilin müqaviləsinin və ödədiyim məbləğin payçı qismində qızım Şahid2 adına köçürülməsinə etiraz etmirəm. Gələcəkdə “Bağçalı Evlər" Mənzil Tikinti Kooperativinə heç bir iddia və maddi tələbim olmayacaq. Bununla əlaqədar bütün məsuliyyəti öz üzərimə götürürəm. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli 25a/1 saylı tikinti haqqında fərdi müqaviləyə əsasən ödənişlərin siyahısında sifarişçi Şahid2 olmaqla 46580 manat dəyərində olan evin ilkin ödəniş 18000 manat ödənilməklə 36 ay müddətinə ayda 793.89 manat ödənilməli olduğu, ümumi borcun isə 14930 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə iddiaçının birgə nikah dövründə qazanılmış əmlakdan payın müəyyən olunması tələbinin əsaslı olub-olmamasının araşdırılması ilə bağlı aşağıdakı normaların qeyd olunmasını vacib hesab edir. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ailə Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, ər-arvadın ümumi əmlakı istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra onlardan birinin tələbi əsasında bölünə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 397.1-ci maddəsinə görə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Alğı-satqı müqaviləsinin və əvəzli müqavilənin anlayışından da göründüyü kimi alğı-satqı müqaviləsi əvəzlidir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubları və tərəflərin izahatları əsasında X8 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında mənzilin alqı-satqısına dair müqavilə bağlandığı, həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə 18000 manat ilkin ödəniş edildiyi, xx.xx.2023-cü tarixə qədər isə ümumilikdə 31650 manat ödəniş edildiyi, xx.xx.2023-cü il tarixdə isə X8 tərəfindən mənzilin müqaviləsinin və ödədiyi məbləğin qızı Şahid2 adına köçürülməsinə dair ərizə verdiyi müəyyən olunur. Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması gedişində araşdırılmış sübutlar əsasında əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmədiyi birmənalı şəkildə müəyyən olunmuşdur. Belə ki, iddiaçı tərəf mənzilin alınmasına dair müqavilənin bağlanması üçün ilkin 18000 manat ödəniş etdiyinə, bundan sonra isə 2022-ci ilin fevral ayına qədər hər ay aylıq ödənişlərin özü tərəfindən həyata keçirildiyinə istinad etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarda da vurğulayır ki, ərarvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdeh tərəf isə Abeşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində inşa edilmiş mənzilin ər-arvad olaraq tərəflərin ümumi gəlirləri hesabına deyil, qızı Şahid2 göndərdiyi pul hesabına əldə edildiyinə istinad etmiş və iddiaya qarşı etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi tərəflərin oğlu İddiaçı Mehman oğlunun adına xx.xx.2021-xx.xx.2021-ci il tarixə olan bank hesabından çıxarışdan müəyyən olunur ki, müqavilə bağlandıqdan 1 gün gün sonra hesaba Naxçıvandan 15000 manat, xx.xx.2021-ci il tarixdə 5300 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat vəsait köçürülmüşdür. Həmçinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş etibarnamədən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Şahid2 Şahid4 “X13 93” yaşayış kompleksində pul ödəməyi və s. hərəkətləri etməyi etibar etmişdir. Beləliklə məhkəməyə təqdim olunmuş yazılı sübutlar və şahid ifadələri əsasında Abeşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində inşa edilmiş mənzilə edilmiş ödəmələrin tərəflərin ümumi gəlirləri hesabına deyil, Şahid2 hesabına həyata keçirildiyi müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh tərəfin iddiaya etirazlarının əsası kimi istinad etdiyi Şahid2 "xxxx" Mənzil Tikinti Kooperativindən mənzil əldə etmək üçün əri Şahid1 adına olan daşınmaz əmlakın xx.xx.2020-ci il tarixdə əvəzli müqavilə əsasında 30000 manata satılması ilə bağlı hallar iş materiallarına əlavə olunmuş müvafiq çıxarış və daşınmaz əmlakın alqı-satqı müqaviləsi kimi iddianı əsassız sayan yanakı sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarda vurğulamışdır ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi və pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar