Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-331/2021 24.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlaklara payının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “21” iyun 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə edilmiş onun adına olan ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr fərdi yaşayış evindən X1 ½ payının müəyyən olunması və cavabdehin adına 14 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “Qaz 33021” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, X2 ilə 1988-ci ildə rəsmi nikah qeydindən keçərək evlənmişdik. Birgə nikahımızdan üç övladımız var. Cavabdeh ilə ailə münasibətimiz pozulduğundan Babək rayon qeydiyyat şöbəsində 19 aprel 2021-ci i tarixdə nikahımız pozulmuşdur. Birgə nikah dövründə ünvan 2 ünvanında torpaq alıb üzərində 3 otaqlı və köməkçi sahədən ibarət ev tikmişik. 01 sentyabr 2020-ci il tarixdə MH seriyalı, ******* nömrəli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən adıma çıxarış almışıq. Hal-hazırda həmin evdə mən, iki oğlum və cavabdeh yaşayır. Mülkiyyətçi olduğum halda Nizami mənə və övladlarıma bir otaq vermiş, digər otaqların qapısını bağlayıb öz istifadəsində saxladığından, mən öz mülkiyyət hüququmu həyata keçirə bilmirəm və mənim mülkiyyət hüquqlarım cavabdeh tərəfindən pozulur. Bundan başqa birgə nikah dövründə Cavabdeh adına 14 iyul 2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında “Qaz 33021” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil almışıq. Sonradan avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək ** BC *** dövlət qeydiyyat nişanı verilmişdir. Daşınmaz və daşınar əmlak birgə nikah dövründə əldə edildiyindən hər ikimizin payımız vardır. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək verdiyi izahatında 1988-ci ildə Nizami ilə nikahlarını rəsmiləşdirib, 1990-cı ildə faktiki olaraq ailə qurduqlarını, birgə nikahlarından üç uşağın dünyaya gəldiyini, 19 aprel 2021-ci ildə hər ikisinin qarşılıqlı razılığı ilə aralarında bağlanmış nikahın qeydiyyat şöbəsində pozulduğunu, Nizami ilə ailə qurduqdan sonra Babək qəsəbəsində yaşadıqlarını, sonradan orada olan evlərini satıb yaşamaq üçün Bakı şəhərinə getdiklərini, bir müddət orada yaşadıqdan sonra isə orada olan evlərini satıb yenidən Naxçıvana qayıtdıqlarını, mübahisəli torpaq sahəsini Bakı şəhərindən qayıtdıqdan sonra 4000 manata Pakizə adlı şəxsdən aldıqlarını, həmin vaxt onun üzərində tikili olmadığını, sonradan orada ev tikdiklərini, dörd il kirayədə yaşadıqdan sonra 2016-cı ildə tikdikləri evə köçdüklərini, evin 2 otaq, bir salon, hamam, tualet və mətbəxdən ibarət olduğunu, qızı ailə quraraq onlardan ayrı yaşasa da, oğlanlarının özü ilə birlikdə həmin evdə yaşadığını, lakin Nizaminin həmin evdən istifadə etməyə onlara imkan vermədiyini, 14 iyul 2016-cı ildə isə 3000 manata Qazel markalı maşın aldıqlarını, hazırda ev öz adına olsa da, avtomobilin cavabdehin adına olduğunu, Nizaminin maşını isə aparıb gizlətdiyini, hər iki əmlakın birgə nikah dövründə əldə edildiyini, bu səbəbdən öz payının müəyyən edilməsini istədiyini bildirərək, yekunda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında 1988-ci ilin mart ayında İsmət ilə rəsmi olaraq nikaha daxil olduğunu, 1990-cı ilin sentyabr ayının 30-da isə faktiki olaraq ailə qurduğunu, tez nikaha daxil olmalarının səbəbi həmin zaman subay şəxslərə torpaq sahəsinin verilməməsi olduğunu, iddiaçı ilə nikaha daxil olduqdan sonra isə özün adına torpaq sahəsi aldığını, daha sonra qayınatasının da köməkliyi ilə orada ev tikdiklərini, 10 il həmin evdə qaldıqdan sonra yaşamaq üçün Bakı şəhərinə getdiklərini, həmin vaxt Babək qəsəbəsində tikdikləri evi satdıqlarını, təqribən on il də Bakı şəhərində yaşadıqlarını, sonra yenidən Naxçıvana qayıtmalı olduqlarını, Bakı şəhərində alığı evi 50000 manata sataraq hazırda mübahisə predmeti olan torpaq sahəsini 2012-ci ildə Pakizə adlı şəxsdən 5000 manata aldığını, həmin vaxt torpaq sahəsi Pakizənin ərinin adına olduğu üçün və o, öldüyündən torpaq sahibinin ona oranı sənədləşdirmək üçün etibarnamə verdiyini, daha sonra isə özünün həmin etibarnamə əsasında torpaq sahəsini İsmətin adına keçirdiyini, torpaq sahəsi üzərində iki otaq, bir salon, mətbəx, hamam, tualetdən ibarət ev tikdirdiyini, özünün əvvəllər sürücü işlədiyini, bu səbəbdən də yaxşı qazancı olduğunu, özü xəstə olduğundan gələcəkdə hər hansı bir problem yaşanmasın deyə evi İsmətin adına keçməsinə etiraz etmədiyini, özünün hazırda həmin evin salonunda qaldığını, iddiaçının isə iki oğlu ilə birlikdə evin qalan hissəsində yaşadığını, Qazel markalı maşını isə təqribən 2016-cı ildə 4000 manata aldığını, onun 3000 manatını isə əvvəlcədən özünün başqa maşınını dəyişərək əldə etdiyini qeyd edərək yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin 03 avqust 1989-cu ildə nikaha daxil olması, onlar arasında bağlanmış nikahın pozulması, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr fərdi yaşayış evinin iddiaçının mülkiyyətində, “Qaz 33021 Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin isə cavabdehin mülkiyyətində olması, sonuncu əmlakın dövlət qeydiyyat nişanın əvvəlcə **-BU-***, sonradan isə dəyişdirilərək ** BC *** olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla öz təsdiqini tapır: -iş materiallarına əlavə edilən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 07 iyul 2021-ci il tarixli, V-JQ seriyalı, 296082 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə X4 arasında 03 avqust 1989-cu ildə nikah bağlanması, bunun akt qeydləri kitabında 91 nömrə ilə qeydə alınması və nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını seçməsi; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 19 aprel 2021-ci il tarixli, AZ-İ seriyalı, 221842 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 01 sentyabr 2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması; -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan, həmçinin iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 1/533 nömrəli məktubdan “Qaz 33021 Yük” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 14 iyul 2016-cı ildə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınması və 15 oktyabr 2016-cı ildə onun dövlət qeydiyyat nişanın dəyişdirilərək ** BC *** olması aydın olur. İddiaçı ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi və üzərində ümumi sahəsi 96.36 kvadrat metr fərdi yaşayış evinə Cavabdeh ½ payının və “Qaz 33021 Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində özünün payının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Mülki işin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülki işin mübahisəsiz hallarından müəyyən olur ki, dövlət reyestrində qeydə alınması zəruri olan daşınar və daşınmaz əmlakın biri iddiaçının, digəri isə cavabdehin mülkiyyətindədir. İddiaçı isə birgə nikah dövründə əldə edildiyini bildirdiyi daşınmaz əmlak üzərində öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirə bilmədiyi qeyd edərək, həmin əmlak üzərində Cavabdeh, avtomobil üzərində isə öz payının müəyyən olunmasını istəyir. İddiaçının tələbi ilə bağlı məhkəmə bildirir ki, qeyd edilən əmlak üzərində payların müəyyən olunması üçün ilkin olaraq həmin əmlakların birgə nikah dövründə qazanılıbqazanılmamasına hüquqi aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hazırki iş üzrə isə tərəflər məhkəməyə bu barədə hər hansı bir kontrakt və saziş təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsində isə ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak qeyd olunmuşdur. Həmin maddəyə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan aydın olur ki, ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi, onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr fərdi yaşayış evi və “Qaz 33021 Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən də tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Lakin qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutan məhkəmə bildirir ki, birgə nikah dövründə əldə edilmiş bütün əmlak üzərində birgə mülkiyyət hüququ yaranmır. Belə bir hüququn yaranması üçün bu əmlakın eyni zamanda əvəzli şəkildə əldə olunması da zəruridir. Qeyd edilən halın araşdırılması zamanı müəyyən olunmuşdur ki, hər iki əmlak əvəzli olaraq əldə edilmişdi. Belə ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsinin 07 iyun 2021-ci il tarixli 1/533 nömrəli məktubundan aydın olur ki, “Qaz 33021 Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh alqı-satqı müqaviləsi əsasında əldə etmişdi. Tərəflərin məhkəmədə verdiyi izahatlardan isə ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsinin 2012-ci ildə Pakizə adlı şəxsdən pul müqabilində alınması, onun üzərində olan fərdi yaşayış evinin isə tərəflərin birgə nikahda olduqları müddətdə tikilməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən aydın olur ki, alqı-satqı müqaviləsi əvəzli müqavilədir. Belə ki, həmin Məcəllənin 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanlardan aydın olur ki, mübahisə predmeti olan hər iki-daşınar və daşınmaz əmlak həqiqətən birgə nikah dövründə qazanılmış əmlakdır və onlar tərəflərin ümumi mülkiyyətində olmuşdur. Mübahisə predmeti olan əmlak üzərində iddiaçının həm öz, həm də cavabdehin payının müəyyən olunmasına gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması isə məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Hazırda mülkiyyətçi İddiaçı öz mülkiyyətində olan daşınmaz əmlakın birgə nikah dövründə qazanıldığını, həmçinin həmin əmlakdan Cavabdeh ona sərbəst istifadə etməsinə imkan verməməsini bildirərək cavabdehin, həmçinin sonuncunun mülkiyyətində olan daşınar əşyaya öz payının müəyyən olunmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri mülkiyyət hüququnun tanınması iddiasıdır. Tərəflərin əmlak üzərində olan payına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbinə görə mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.1 və 213.2.-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Tərəflər arasında isə hazırki vəziyyətdə bu əmlakın bölünməsi ilə bağlı məhkəməyə razılıq təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia əsaslı olduğundan təmin edilməli; -ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi İddiaçı mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ müəyyən edilməli; -buraxılış ili 1998-ci il, rəngi “Bəyaz gecə”, mühərrik nömrəsi *40260F*W0060253*, ban nömrəsi XTH330210W1703138 olan, bortlu, “Qaz 33021 Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi Cavabdeh mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə İddiaçı mülkiyyət hüququ müəyyən olunmalı; -Cavabdeh 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia əsaslı olduğundan təmin edilsin. ünvan 1 ünvanında yerləşən, 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi İddiaçı mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ müəyyən edilsin. Buraxılış ili 1998-ci il, rəngi “Bəyaz gecə”, mühərrik nömrəsi *40260F*W0060253*, ban nömrəsi XTH330210W1703138 olan, bortlu, “Qaz 33021 Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi Cavabdeh mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə İddiaçı mülkiyyət hüququ müəyyən olunsun. Cavabdeh 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-331/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-331/2021
24.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver