Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-335/2025 28.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın, evə (tikililərə) çəkilmiş xərcin bölünməsi və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 22 aprel 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının, bu mümkün olmadıqda isə 6194 (altı min bir yüz doxsan dörd) manat dəyərinin, birgə nikah dövründə əldə olunmuş əmlakın və Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə çəkilən 11255 (on bir min iki yüz əlli beş) manat xərcin birgə nikah dövründə qazanılmış hesab edilməklə dəyərinin yarısı olan 5675.50 (beş min altı yüz iyirmi yedi) manat (əlli) qəpik pulun və iş üzrə ödəmiş olduğu 50 manat mediasiya xərci, 89 manat dövlət rüsumunun alınıb ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə Babək rayon Nəhəcir kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində nikahımızı rəsmiləşdirib, ailə qurmuşuq. Bizim həmin nikahdan 2 övladımız doğulub. Lakin aramızda olan nikah Naxçıvan MR Babək rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(079)- 384/2024 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Biz ailə quran vaxt mən Nəhəcir kəndinə Səxavətin atası evinə gəlin köçmüşəm. Həmin vaxt valideynlərim tərəfindən mənə verilən cehiz əşyaları da gəlin köçdüyüm evə gətirilib yığılmışdır. Beləliklə biz 6 il həmin evdə yaşamışıq. O evdə yaşaya-yaşaya Cavabdeh Babək rayon Dövlət Notariat Kontorunda 08 avqust 2008-ci il tarixdə 4Ə/-263 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Hacıvar kəndində 0.04 ha həyətyanı torpaq sahəsi alıb, adına rəsmiləşdirmiş olduğu torpaq sahəsinin üzərində inşa olunmuş iki otaq və bir salonu təmir edərək əlavə sanitar qovşaq tikib, priketdən hasara aldıraraq 20 metrlik su artezyanı vurduraraq həmin evə köçüb, 13 aprel 2024-cü il tarixədək həmin evdə yaşamışıq. Biz Hacıvar kəndinə köçəndə mənim cehiz əşyalarımı da gətirib həmin evə yığmışdıq. Sözügedən evdə birgə nikah dövründə yaşadığımız müddətdə Səxavətin adına 29 iyun 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 2500 manata "Falat Harley 200" markalı, 67-A-316 dövlət qeydiyyat nişanlı motosiklet almışıq. Hazırda Səxavət birgə nikah dövründə inşa etdiyimiz evdə yaşayır, motoskleti idarə edərək su artezyanı qazan qurğu ilə artezyan qazıb qazanc əldə edir. Artıq boşandığımız üçün birlikdə yaşamağımız mümkün olmadığından istəyirəm ki, Səxavətin hazırda yaşadığı Hacıvar kəndindəki evdə qalan cehiz və qızıl-zinət əşyalarım mənə geri qaytarılmaqla həmin evdə sonradan tikilmiş tikililərə və təmirinə çəkilən xərc olaraq 5000 manatın yarısı olan 2500 manatın, adları və dəyəri aşağıda göstərilən birgə nikah dövründə əldə etdiyimiz əşyaların dəyərinin yarısı, qızıl-zinət və valideynlərim tərəfindən mənə verilmiş cehiz əşyalarının alınıb mənə qaytarılması barədə köməklik göstərəsiniz. X2 Təşkilatına müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən heç bir müsbət natica alınmadığı üçün məhkəməyə müraciət etməyim tövsiyə olunmaşdur. Hesab edirəm ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. Qızıl-zinət əşyalarının siyahısı və dəyəri aşağıdakı kimidir: 1. Qızıl boyunbağı, qolbaq, üzük və sırğa 1 dəsti 585 əyar - 2500 manat, 2. Brilyant ağ qaşlı nişan üzüyü 1 ədəd 750 əyar, 5 qram - 600 manat 3. Qızıl sırğa 1 ədəd 585 əyar, 3 qram (anam, qızım Damlaya hədiyyə edib) - 200 manat 4. Qızıl boyunbağı 1 ədəd 585 əyar, 3 qram (Səxavət qızım Rəfiqəyə alıb) - 200 manat, cəmi dəyəri: 3500 (üç min beş yüz) manat təşkil edir. Məhkəməyə verilən etiraz ərizəsində evin nikahdan əvvəl cavabdehin tikdiyi, nikah dövründə orada tikinti işlərinin aparılmadığı, birgə nikah dövründə 1500 manata alınmış motorskletin 2500 manat olmadığını, qızıl-zinət əşyalarının isə 13 aprel 2024-cü ildə polis idarəsindən gəldikdən sonra iddiaçının bacısı, qardaşının arvadı və anası ilə evi əl sumkaları ilə tərk edərkən özü ilə apardığını bildirmişdir. Babək Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qərardadı ilə mülki işə iddiaçının tələbin həcminin azaldılması barədə ərizəsi nəzərə alınaraq Cavabdeh qızıl-zinət və mobil telefonun və yaxud onların dəyəri olan 3850 (üç min səkkiz yüz əlli) manat, Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə çəkilən xərc olaraq 5000 (beş min) manat, “Harley 200” markalı, 67 A-316 dövlət qeydiyyat nişanlı motosikletin dəyəri olan 2500 (iki min beş yüz) manat və su artezyanı qazan qurğunun dəyəri olan 3000 manat olmaqla ümumilikdə 10500 (on min beş yüz) manatın yarısı olan 5250 (beş min iki yüz əlli) manat pulun, o cümlədən 50 manat mediasiya xərci və 89 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi həcmində baxılması qərara alınmışdır. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə prosesi zamanı ərizə ilə müraciət edərək iddia tələbindən su artezyanı qazan qurğu və ya onun dəyəri olan 3000 manat dair hissədə imtina etdiyini bildirmiş, məhkəmənin qərardadı ilə iddiaya həmin hissədə iddiaçının imtinası nəzərə alınaraq hissəvi xitam verilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 02 oktyabr 2015-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olub ailə həyatı qurduqlarını, birgə nikahdan 2 övladlarının doğulduğunu, nikaha daxil olduqları ilk 6 il ərzində Babək rayonu, Nəhəcir kəndində yerləşən cavabdehin atasına məxsus evdə yaşadıqlarını, birgə nikah dövründə işləməyib uşaqlara baxdığını, qızı Rəfiqənin 4 yaşı olarkən, yəni təxminən 2021-ci ildə Babək rayonu, Hacıvar kəndində yerləşən evə köçdüklərini, torpaq sahəsinin 2008-ci ildə ailə qurmamışdan qabaq alındığını, Hacıvar kəndində yerləşən 2 otaq 1 salondan ibarət evə köçdükləri zaman ev əvvəlcədən cavabdeh tərəfindən tikilsə də, tam təmirli olmadığını, oraya köçdükdən sonra təmir işlərinin aparıldığını, birgə nikah dövründə cavabdehin 2020-ci ildə fəhləlik edərək pul yığıb 2500 manata Şərurludan “Falat Harley” markalı motosklet aldığını, həmin motosikletin arxasına quyu qazan qurğunu yükləyib quyu qazmaqla məşğul olduğunu, belə ki, cavabdehin 3000 manata su artezian qazan qurğu düzəltdiyini, ilk vaxtlar cavabdehin öz bibisi oğlu ilə şərik işlədiyini, sonra Səxavətin ayağında problem olduğundan işləyə bilmədiyini və bibisi oğlunun da öz bacısı oğlunu yanında işləyəmə götürdüyünü və Səxavətlə aralarında mübahisə yarandığını, Səxavətin də ayrıldıqlarına görə özünə əlavə bir qurğu düzəltdiyini, motor və biri 1700 manata 2 ədəd balta aldığını, birgə nikah dövründə Babək rayonu, Hacıvar kəndində yerləşən 4 hektar torpaq üzərində pirketdən hasarın hörüldüyünü, həmin hasarın tikintisinə kömək etdiyini, evin sağındakı qırmızı pirketlə olan hissəni qonşunun inşa etdiyini, sanitar qovşağa bitişik olan hasarı isə ailəli olduqları vaxt inşa etdiklərini, nikahdan əvvəl evin salonunun təmir olunduğunu, sanitar qovşağın təməlinin atıldığını və sokolunun inşa edildiyini, qalan təmir işlərinin nikah dövründə edildiyini, şopen alındığını, zirzəminin təmir olunduğunu, 2022-ci ildə həyətdə 20 metrlik artezian qurğusunun qazıldığını, otağın divarının gəcləndiyini, yerə beton töküldüyünü, alçıpan vurulduğunu, salonda yerə beton töküldüyünü, divarlarının gəcləndiyini, jestdən dəmir qapı düzəldildiyini, torpaq sahəsinin üstündəki tikili ilə birlikdə hansı qiymətə alınması barədə məlumatının olmadığını, sənədlərinin hamısının cavabdehin anasında olduğunu, toy günü qızıl buta şəkildə dəst sep, qolbaq, sırğa, üzük, əlavə olaraq tək brilyant qaşlı üzük alındığını, əlavə olaraq cavabdehin atasının Rəfiqənin ad gününə qızıl sep aldığını, lakin onu baldızının vermədiyini, anasının qızına aldığı halqa sırğanın da onlarda qaldığını, qızılları, həmçinin nişan üzüyünü toydan-toya istifadə etdiyini, daimi istifadə etmədiyini, 2024-cü ilin aprel ayında evdən çıxan zaman özü ilə birlikdə heç bir qızıl-zinət əşyası, hətta uşaqların sənədlərini belə götürmədiyini, evdən çıxarkən üzük və halqa sırğanın şüşə gözlü şifonerin içində olan qənd qabının içində qaldığını, qalanlarının isə zirzəmidə vedrənin içində olan mücrüdə (sep, qolbaq, sırğa və öz üzüyü) gizlətdiyini, uşaqların hazırda cavabdehin aldığı sırğaları taxdığını, amma uşaqlara hədiyyə olunan sep və sırğanın cavabdehin sahibliyində qaldığını, qızına hədiyyə olunan sepin şəklinin olmadığını, hazırda həmin evdə cavabdehin yaşadığını, nikahlarının 19 noyabr 2024-cü il tarixli Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, kompakt diskdə olan “WhatsApp İmage 2025-06-05 at 09.40.16” olan qızıl zinət əşyasının iddia ərizəsində qeyd etdiyi anasının qızı Damlaya hədiyyə etdiyi 1 ədəd 585 əyar, 3 qram qızıl halqa sırğanı böyük olduğu üçün özünün taxdığını, kompakt diskdə olan “WhatsApp İmage 2025-06-05 at 09.40.17 (2)” adlı şəkildə olan beton kalçoların quyuya salmaq üçün töküldüyünü, divarın isə həmin vaxt təzə hörüldüyünü, fotonun Damlanın 1 yaşı olanda çəkildiyini, 5 nömrəli fotoşəkildə komplekt dəstin əks olunduğunu bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini 2008-ci ilin avqust ayında alqı-satqı əsasında aldığını, həmin vaxt torpağın boş olduğunu, sonra kənddən daş yığaraq evin sokolunu hördüyünü, tuğla alıb orada ev tikməyə başladığını, 2010-cu ildə evin artıq hazır olduğunu, sonra hasar çəkdirdiyini və evin otaqlarını təmir etdirdiyini, evin 2 otaq və balkondan (salon) ibarət olduğunu, balkonun (salon) yanında isə hamam və sanitar qovşaq tikildiyini, 2010-cu ildə həmin evin tikintisinin başa çatdığını, qaz və işıq sistemi çəkdirdiyini, evin içini isə Dizə kənd sakini mərhum Natiq adlı şəxsin gəclədiyini, evin divar kağızı və taxta döşəməsinin olmadığını, bütün bu sadaladığı işləri isə ailə qurana qədər, yəni 2008-2015-ci illərdə etdiyini, motosikleti 2020-ci ildə Şərur rayonu, Püsyan kənd sakini Qasımov Camal adlı şəxsdən 1500 manata aldığını, ailə qurduqdan sonra Nəhəcir kəndində valideynləri ilə birlikdə yaşadıqlarını, Naxçıvan şəhərində şifer işi ilə məşğul olduğu üçün bəzən Hacıvardakı evdə tək qaldığını, belə ki, evin hazır olduğunu, ailə qurduqdan sonra isə həmin evdə təmir işlərinin aparılmadığını, evin tikilişində 2009-cu ildə qardaşı Elsevər, Nəhəcirli Yusif, Ramin, Nihad, Ramal, Xəlil, Hicran, Hacıvarlı Akifin iştirak etdiyini, 2015- 2020-ci illər arası Nəhəcirdə yaşadığı üçün Hacıvardakı evdə təmir işlərinin aparılmadığını, tavanın alçıpandan, döşəmənin isə beton olduğunu, 2020-2021-ci ildən Hacıvarda iddiaçı və uşaqları ilə birlikdə qalmağa başladıqlarını, icra nümayəndəliyində olan Təsərrüfatbaşına kitabda sanitar qovşağın nikahdan əvvəl inşa edilməsinin qeyd olunduğunu, bununla bağlı icra nümayəndəsinin arayış verdiyini, gəlin gətirəndə qızılları bacısının seçib aldığını, ona görə də o barədə məlumatının olmadığını, iddiaçıya qolbaq, üzük, sırğa və nişan üzüyü alındığını, qızıl almağa getmədiyini və amma qızıl almaları üçün bacısıgilə 2200 manat pul verdiyini və həminm qiymətə də qızılların hamısının alındığını, iddiaçının qızılları toya gedəndə taxdığını, 5 nömrəli fotoşəkildə əks olunan komplekt dəsti özünün aldığını, qızılların hamısına birlikdə 1700-1800 manat pul verildiyini, ümumi çəkisinin 11 qram olduğunu, qaşlarının çıxarılması halında 7 və ya 9 qram qalacağını, həmin vaxt qızılın qiymətinin 60 manat civarında olduğunu, 50 qram qızıl almağa maddi imkanın olmadığını, qızıl dəstinin 2015-ci ildə Qəhrəman adlı şəxsdən alındığını bildirib, iddiaçının ona xəyanət etdiyini öyrəndiyi gün, aprelin 12-dən 13-ə keçən gecə polisdə izahat verməyə gedərkən iddiaçının anası, bacısı və qardaşının yoldaşının onlara gəlib əşyaları götürdüklərini, evə qayıdanda onların hərəsinin əlində 2-3 paket əşya olduğunu, həmin vaxt nə apardıqlarını soruşmadığını, qızıl əşyalarının normalda şifonerin içində olan mücrüdə olduğunu, onlar getdikdən sonra iddiaçının qardaşı və qızı Rəfiqənin nə isə götürmək üçün gəldiyini, ondan bir gün sonra baxanda qızılların yerində olmadığını gördüyünü, qızlarının hər ikisinə sırğa aldığını, fotoşəkildə olan qızıl sırğaların hazırda iddiaçının öz istifadəsində olduğunu, torpaq sahəsinin şimal və cənub tərəfində olan hasarların 2012-ci ildə inşa edildiyini, həyətdə 2 quyu olduğunu və birinin 3-4 il olar əvvəl, digərinin isə çoxdan salındığını, evin salonun beton örtüyü, otağın beton örtüyünü, divarların alçılanması, tavanın alçıpanı, zirəzminin beton örtüyü və pəncərəsini nikah müddətində inşa etdiklərini, tələbi qismən qəbul etdiyini, qızıl-zinət, 26 metrlik hasar, sanitar qovşaq və artezan su quyu qazan qurğuya münasibətdə, həmçinin salonun gəcinə çəkilən xərclərə münasibətdə qəbul etmədiyini, salonun beton örtüyünə, zirzəmiyə, otağın beton örtüyün, divarların alçılanması və tavanın alçıpanına çəkilən xərclərlə bağlı hissədə isə qəbul etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində iddiaçının bacısı olduğunu, bacısının ona şər-böhtan atıldığı üçün 2024-cü ilin aprel ayının 13-ü evdən çıxdığını, qardaşı Yusif Əzimovun ona zəng edib bu məsələ barədə məlumat verdiyini, saat 12-1 radələri olduğunu, həmin vaxt tərəflərin mübahisə etdiyini və Səxavətin “mən bu adamla yaşaya bilmərəm” dediyini, buna görə bacısını və uşaqları götürüb evdən çıxdıqlarını, evdən çıxarkən heç nəyin götürülmədiyini, bacısının evdən çıxarkən əlində heç bir çanta və ya paket götürmədiyini, hətta bacısının telefonunun belə orada qaldığını, həmin vaxt evdə qardaşının, Nemət və Səxavətin olduğunu bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində hadisə günü Səxavətin onu şəhərə aparmasını istədiyini, iddiaçının qardaşının da onlarla gəldiyini, daha sonra Səxavətin zəng edib uşaqların evdə olduğunu, lakin yoldaşının evdə olmadığını bildirdiyini, buna görə də geri qayıtdıqlarını, iddiaçının ilk əvvəl oradan nəsə götürmək imkanının olmadığını, çünki onun ağladığını, lakin polis şöbəsinə gedib-qayıtdıqdan sonra götürmək imkanın olduğunu, belə ki, ilk olaraq onların evinə getdikdən sonra polis əməkdaşlarının gəldiyini, daha sonra onlarla birlikdə polis şöbəsinə getdiklərini, özünün də onlarla getdiyini, oradan çıxdıqdan sonra yenə həmin Hacıvardakı Səxavətin evinə getdiklərini, iddiaçının qardaşına “paketləri yığın, sən bacını apar, mən də Səxavəti apararam” dediyini, iddiaçının qardaşı arvadının da orada olduğunu, Gövhərin adamlarının əşyaları sellofan paketlərə yığdıqlarını, göy rəngli paketlərin görünən olmadığını, əşyaları iddiaçının özünün otağa keçib yığdığını, həmin vaxt balkonda oturduqlarından paketlərə nə yığıldığını görmədiyini, paketlərdən ikisini iddiaçının özü, birini isə onun qardaşının arvadının götürdüyünü, 3-4 ədəd paket olduğunu, həmin vaxt tərəflərin arasında qızıl söhbətinin olmadığını, cavabdeh tərəfdən heç kimin paketləri yoxlamadığını bildirmişdir. Məhkəmə Şahid1 şahid qismində verdiyi ifadəsinin iddiadan imtina edilmiş hissəyə aid olduğunu nəzərə alır. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı tədqiqi nəticəsində tərəflərin xx.xx.2015-ci ildə nikaha daxil olması və onlar arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulması müəyyən olunur. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9.5-ci bəndində göstərilir ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Qanunun normasının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, ona mənsub olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının özü və dəyərinin qaytarılmasına dair hissəsi ilə bağlı sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh tərəf 1 ədəd 3 qram 585 əyar boyunbağıdan başqa iddia olunan digər əşyaların mövcudluğunu mübahisələndirməmişdir. Bu hal tərəflərin məhkəmədə bildirdikləri ilə yanaşı, cavabdehin iddia ərizəsinə yazılı etirazının məzmunu ilə də təsdiq olunur. Həmin etirazda qeyd olunur ki, «…qeyd olunan qızıl-zinət əşyaları iddiaçının özü tərəfindən götürülmüşdür». Göründüyü kimi, cavabdehin iddiaya qarşı etirazı tələb olunan əşyaların mövcudluğu ilə deyil, iddiaçının həmin əşyaları özü ilə aparması ilə bağlıdır. Beləliklə, iddia ərizəsində qeyd olunan əşyaların mövcudluğu (1 ədəd 3 qram 585 əyar boyunbağıdan başqa) cavabdehin audio-video yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahat və fotoşəkillərlə tam sübuta yetirilmiş sayılmalıdır. İş üzrə iddiaçı qızıl-zinət əşyaların dəyərini göstərsə də, həmin əşyaların istehsal yerini, ölçüsünü, çəkisini və dəyərini müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə mütəxəssis cəlb edilərək fotoşəkillər tədqiq edilərək 1,2,3,5 nömrəli fotoşəkillərdə əks olunan komplekt qızıl dəstin - 01 ədəd tək üzük, 01 cüt sırğa, 01 ədəd qolbaq və 01 ədəd boyunbağının Türkiyə istehsalı, 585 əyar, çəkisinin ən az 25 qram olması, bu modellərin heç birinin üzərində brilliyant qaşın olmaması, 2009-2010-cu ildən bazarda satışda olması, hazırda bir qramının qiymətinin 145 manat olması, 1 nömrəli fotoşəkildə əks olunan tək qaş üzüyün çəkisinin təqribən 5 qram, 750 əyar, İtaliya istehsalı olması, hazırda bir qramının qiymətinin 185 manat təşkil etməsi, briliyant qaşların üzüklərdə minimum 0.10 sot ölçüdə olması, 4 nömrəli fotoşəkildə əks olunan halqa sırğanın çəkisinin 3.5-4.5 qram olması, Türkiyə istehsalı, 585 əyar və hazırda bir qramının qiymətinin 145 manat olması müəyyən edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, boyunbağı, qolbaq, üzük və sırğadan ibarət hazırda qramının qiyməti 145 manat olan 25 qram Türkiyə istehsalı 585 əyar qızıl dəst, brilyant ağ qaşlı 750 əyar İtaliya istehsalı qramının qiyməti 185 manat olan 5 qram brilyant qaşlı nişan üzüyü, 1 ədəd 585 əyar, 3.5-4.5 qram aralığında qramının qiyməti 145 manat olan qızıl sırğa İddiaçı məxsusdur və Cavabdeh tərəfindən onun qanuni sahibliyindən alınmışdır. Bununla da, iddiaçı öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Cavabdeh yazılı etirazında qızıl-zinət əşyalarının iddiaçının 2024-cü ilin aprelində evdən çıxarkən apardığına, daha sonra izahatında isə qızı Rəfiqənin ora getdikdə özü ilə xəbərsiz apardığına istinad etmiş, sözügedən halları təsdiq edən sübutları isə məhkəməyə təqdim etməmişdir. Həmçinin sözügedən ziddiyyətli izahatlar da məhkəmədə tələb olunan qızıl-zinət əşyalarının iddiaçının saxlancında olmadığına dair daxili inam formalaşdırmışdır. İddiaçı tərəfindən Səxavətin qızı Rəfiqəyə hədiyyə etdiyi iddia edilən 585 əyar, 3 qram qızıl boyunbağının da digər qızılların içində olduğu iddia edilsə də, onun mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla birlikdə cavabdeh məhkəmədə verdiyi izahatında qızı Rəfiqəyə boyunbağı almadığını bildirmiş və beləliklə həmin əşyanın mövcudluğu, iddiaçının sahibliyindən çıxması və cavabdehin sahibliyində olması sübuta yetirilməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın əmlaka dair hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ərarvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 397.1-ci maddəsinə görə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Alğısatqı müqaviləsinin və əvəzli müqavilənin anlayışından da göründüyü kimi alğı-satqı müqaviləsi əvəzlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR DİN DYPİ tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş məktubda qeyd olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında “Falat Harley 200” markalı, 67-A-316 dövlət qeydiyyat nişanlı motorsklet əldə etmişdir və hazırda mülkiyyətindədir. Sözügedən hal məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir. Məhkəmə tərəflərin 2015-2024-cü illər ərzində nikahda olmasını, "Falat Harley 200" markalı 67-A-316 dövlət qeydiyyat nişanlı motorskletin xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında nikah dövründə tərəflərin birgə təsərrüfatının nəticəsində əldə olunmasını nəzərə alaraq həmin əşyanı ər-arvadın birgə mülkiyyəti hesab edir. İddia ərizəsinə əlavə olunmuş torpaq sahəsinin plan ölçüsündən Babək rayonu Hacıvar kəndində 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə daxil olduğu müəyyən olunur. İddia tələbinin Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə çəkilən xərc olaraq 5000 (beş min) manatın yarısına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı şahid ifadələri və yazılı sübutlar, həmçinin həmin sübutlarla birlikdə qiymətləndirilmiş tərəflərin izahatları əsasında Naxçıvan MR Babək rayonu Hacıvar kəndində cavabdehin mülkiyyətində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində yerləşən özbaşına tikilinin hasarlanması, evə bitişik sanitar qovşağın (hamamın) kürsü (sokol) hissəsindən sonrakı tikintisi və təmiri, salon otağının divarlarının gəclənməsi və yerinin betonlanması, digər otağın divarlarının gəclənməsi və alçılanması, həmin otağın tavanının alçıpanının vurulması, üzlənməsi və boyanması, həmin otağın yerinin betonlanması, zirzəminin divarının suvaqlanması, yerinin betonlanması və nəfəsliyinin quraşdırılması ilə bağlı işlərin ər-arvadın əməyinin və xərclərinin nəticəsi olması müəyyən olunmuşdur. Belə ki, ər-arvad münasibətlərinin pozulduğu 2024-cü ilin aprel ayına qədər həmin evdə uşaqları ilə yaşamış, tikilinin yuxarıda sadalanan yaxşılaşdırmalarının edildiyi dövrdə iddiaçı uşaqları saxlamaq və s. şəkildə ev təsərrüfatı ilə məşğul olmuş, yaxşılaşdırmalar cavabdehin gəlirləri hesabına ərsəyə gəlmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 4.11-ci bəndinə görə Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ərarvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Cavabdeh yazılı etirazında nikah dövründə tikiliyə heç bir yaxşılaşdırma aparılmadığına istinad etsə də bunun əsaslılığına dair sübutları təqdim etməmişdir. Əksinə aparılmış yerində müayinədən sonra mütəxəssis verdiyi rəydə Babək rayonu Hacıvar kəndində cavabdehə məxsus torpaq sahəsinə “GOOGLE EARTH” proqramı vasitəsilə baxış keçirilməsi nəticəsində 2016-cı ildə həyətin şimal-şərq, 2018-ci ildə cənub-qərb hissəsində hasar tikildiyini, 2017-ci ildə isə tikiliyə bitişik hamam tikilisinin inşasına başlanıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Sözügedən əmlakların qiymətləndirilməsi təşkil edilmiş və X3 tərəfindən verilmiş NQM 033-10/25 nömrəli “Daşınmaz əmlak və motosikletin dəyərinin müəyyən edilməsi haqqında” rəylə o nəticəyə gəlmişdir ki, "Falat Harley 200" markalı, istehsal ili 2011 olan motorskletin dəyəri 1000 manat, daşınmaz əmlakın təmiri, materiallara və xidmətlərə çəkilən xərc isə 3 695.20 manat təşkil edir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə qiymətləndiricinin rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Belə ki, cavabdeh “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahatında faktı etiraf edərək Redmi Note 12 markalı telefonun özündə olduğunu və onun dəyəri olan 300 manatı iddiaçıya qaytarmağa etirazının olmadığını bildirmiş, əmlakın 300 manat olmaqla dəyərinə dair tərəflər arasında mübahisə müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə zərgərlik sahəsində mütəxəssis rəyi ilə qızıl-zinətə dair hissədə iddia edilən məbləği müqayisə edərək bildirir ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh boyunbağı, qolbaq, üzük və sırğadan ibarət Türkiyə istehsalı 585 əyar 25 qram qızıl dəst, 750 əyar İtaliya istehsalı 5 qram brilyant qaşlı nişan üzüyü və 1 ədəd 585 əyar, 3.5-4.5 qram aralığında qızıl halqa sırğa və ya onların dəyəri olan 3500 manat, “Redmi Note 12” markalı telefon və yaxud onun dəyəri olan 300 (üç yüz) manat, Babək rayonu Hacıvar kəndində cavabdehin mülkiyyətində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində yerləşən özbaşına tikilinin yaxşılaşdırılmasına çəkilən xərcin yarısı olan 1847.6 manat (bir min səkkiz yüz qırx yeddi manat altmış qəpik), “Harley 200” markalı, 67 A-316 dövlət qeydiyyat nişanlı motosikletin dəyərinin yarısı olan 500 (beş yüz) manat olmaqla ümumilikdə 2347.6 manat (iki min üç yüz qırx yeddi manat, altmış qəpik) pul alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia qaldırılan zaman ödənilmiş 96.31 (doxsan altı manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir (115.0 və 115.0.1-ci maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. X1 məhkəməyə təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, qiymətləndiricinin işə baxılması ilə bağlı çəkdiyi xərcin miqdarı 150 (bir yüz əlli) manat təşkil edir. Hazırki tələb üzrə məhkəmə tələbi qismən əsaslı saydığından Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanmaqla belə nəticəyə gəlir ki, qiymətləndirmənin dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq X1 müvafiq hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh boyunbağı, qolbaq, üzük və sırğadan ibarət Türkiyə istehsalı 585 əyar 25 qram qızıl dəst və ya onun dəyəri olan 2500 (iki min beş yüz) manat, 750 əyar İtaliya istehsalı 5 qram brilyant qaşlı nişan üzüyü və ya onun dəyəri olan 600 (altı yüz) manat, 1 ədəd 585 əyar, 3.5-4.5 qram aralığında qızıl halqa sırğa və ya onun dəyəri olan 200 (iki yüz) manat, “Redmi Note 12” markalı telefon və yaxud onun dəyəri olan 300 (üç yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Babək rayonu Hacıvar kəndində cavabdehin mülkiyyətində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində yerləşən özbaşına tikilinin yaxşılaşdırılmasına çəkilən xərcin yarısı olan 1847.6 manat (bir min səkkiz yüz qırx yeddi manat altmış qəpik), “Harley 200” markalı, 67-A-316 dövlət qeydiyyat nişanlı motosikletin dəyərinin yarısı olan 500 (beş yüz) manat olmaqla ümumilikdə 2347.6 manat (iki min üç yüz qırx yeddi manat, altmış qəpik) pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 96.31 (doxsan altı manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq X1 AZ98NABZ**********0000042944 nömrəli hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-335/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-335/2025
28.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver