Məhkəmə qərarları › İş №2(079)-341/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-341/2023

17.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-341/2023 17.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, ərizəçilər Ərizəçi1, X3, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, Ərizəçi1, X3 və X5 X6 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi1, X8 və X13 “18” may 2023-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 27 yanvar 1995-ci il tarixdə Babək rayonu, Zeynəddin kəndində anadan olmuş, 14 avqust 1995-ci ildə Babək rayonu, Zeynəddin kənd qəbirstanlığında dəfn olunmuş mərhum X6 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçlər müraciətini əsaslandıraraq qeyd etmişdi ki, Ərizəçi1 ilə Əliyeva (Quliyeva) Vahimə Fero qızı ilə 29 noyabr 1993-cü il tarixdə rəsmi olaraq nikaha daxil olub. Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.12 hektar torpaq sahəsi Ərizəçi1, X8, X14 və X5 mülkiyyətinə verilib. X14 27 yanvar 1995ci il tarixdə anadan olmuş və 14 avqust 1995-ci il tarixdə Babək rayonu, Zeynəddin kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən torpaq sahəsi üzərində sərəncam, dövlət qeydiyyatına aldırma kimi hüquqlarını həyata keçirə bilmirlər. X6 ölüm haqqında şəhadətnaməsi almaq üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinə 24 yanvar 2023-cü il tarixdə ərizə ilə müraciət etmiş, ərizəyə cavab olaraq bildirilmişdir ki, X6 adına ölüm haqqında akt qeydi tərtib olunmamışdı. Buna görə də onun ölüm haqqında şəhadətnaməsinin verilməsi mümkün deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli,52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazi qeydiyyat şöbələri tərəfindən icra edilir. Ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Babək rayon qeydiyyat şöbəsi müvafiq rayonun məhkəməsinə müraciət etməyi məsləhət görür. X6 ölümünə dair tibbi sənəd almaq üçün Babək Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsə müraciət etmişlər. Babək Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Arxivi araşdırdı və X6 ölümünə dair hər hansı tibbi sənəd (ölüm haqqında tibbi şəhadətnamə) aşkar olunmadı. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 14 fevral 2023-cü il tarixli 13/340 nömrəli arxiv arayışında Naxçıvan MR Ədliyyə Nazirliyinin 1995-ci ilə dair vətəndaşların qeydiyyatı kitabında mərhum X6 vəfat etməsi haqqında məlumata rast gəlinmədiyi bildirilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin 14 fevral 2023-cü il tarixli 02 saylı arayışında X6 ölümü barədə nazirliyin X1 Arxivində heç bir məlumatın tapılmadığı qeyd olunmuşdur. Babək Rayon Notariat Ofisinin 22 fevral 2023-cü il tarixli 15 nömrəli məktubunda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunda nəzərdə tutulmuş altı aylıq müddət keçdiyindən mübahisənin həll olunması üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyim tövsiyə olunmuşdur. X14 vəfat edərkən biz müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Bu səbəbdən də ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdı. X6 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmirlər. Ərizəçi1 məhkəmədə verdiyi izahatında 1993-cü ildə Vahimə ilə ailə qurduğunu, onunla birgə nikahından biri qız, beşi oğlan olmaqla altı uşağın dünyaya gəldiyini, onlardan iki oğlan uşağının öldüyünü, ölənlərin hər ikisinin də adının Rüstəm olduğunu, ölən birinci övladının 15 gün, ölən ikinci övladının isə 8 ay yaşadığını, hazırda ölüm faktının müəyyən olunmasını istədi övladının evin ikinci uşağı olduğunu, onun səkkiz ay yaşadığını, Rüstəmin 27 yanvar 1995-ci ildə dünyaya gəldiyini, onun hər hansı bir xəstəliyi olmadığını, gecə yatıb səhər oyanmadığını, torpaq islahatı zamanı Rüstəm sağ olduğundan onun adına torpaq sahəsi verildiyini və şəhadətnamədə adının göstərildiyini, Rüstəmdən sonra qızı Samilənin dünyaya gəldiyini, savadsız olduğundan oğlu Rüstəmin ölümünü qeydə aldırmadığını, hazırda özü, arvadı, qızı və ölən oğlu Rüstəmin mülkiyyətində olan torpaq sahəsini nəvəsinə bağışlamaq istədiyini, lakin notariusun ona Rüstəmin ölüm sənədi olmadığından bunu etməyin mümkün olmadığını ona bildirdiyini, bununla bağlı qeydiyyat şöbəsinə müraciət etdiyini, lakin ona həmin orqanın nümayəndəsinin kənd sovetinin kitabında uşağın ölməsini qeyd etsə də, bunun qeydiyyata alınmadığını ona dediyini, hadisədən 28 il keçdiyindən Rüstəmin öldüyü vaxtı dəqiq bilmədiyini, amma onun yay ayları öldüyünü xatırladığını, oğlu Rüstəmi özünün qardaşları Kamal və Famil, bibisinin oğlu Salman, əmisinin oğlu Fazillə birlikdə dəfn etdiyini, hazırda həmin şəxslərdən yalnız Fazilin yaşadığını, Rüstəmə evlərində bir gün yas saxladıqlarını, onun Babək rayonu, Zeynəddin kənd qəbirstanlığında dəfn edildiyini, o balaca olduğu üçün qəbir daşı qoymadıqlarını, Rüstəmi öz atası Rüstəmin yanında dəfn etdiklərini bildirərək yekunda məhkəmədən müraciətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Ərizəçi X8 məhkəmədə verdiyi izahatında 1993-cü ildə Əli ilə ailə qurduğunu, onunla birgə nikahından altı uşaq dünyaya gəldiyini, uşaqlardan dördünün sağ olduğunu, ikisinin isə öldüyünü, hazırda ölüm faktının müəyyən olunmasını istədiyi övladının evin ikinci uşağı olduğunu, onun 27 yanvar 1995-ci ildə doğulduğunu, Rüstəmin cəmi səkkiz ay yaşadığını, onda elə bir ciddi xəstəlik olmadığını, sadəcə olaraq gecə yatıb, səhər durmadığını, onun Babək rayonu, Zeynəddin kənd qəbirstanlığında dəfn edildiyini, Rüstəmin yasını öz evlərində saxladıqlarını, yas mərasimi biri gün olsa da, qohum-qardaşın iki-üç gün gəlib getdiklərini, ona 7 və ya 40 mərasimi keçirmədikərini, Rüstəm öləndə özünün sağ övladının olmadığını, onun doğum sənədində ölməsi barədə qeyd yazılsa da bunun qeydə alınmadığını, hazırda Babək rayonu, Zeynəddin kəndində yerləşən torpaq sahəsinin özünün, ərinin, qızı Samilənin və ölən oğlu Rüstəmin mülkiyyətində olduğunu, onu nəvəsinə bağışlamaq istədiklərini, lakin Rüstəmin ölüm sənədi olmadığından bunu edə bilmədiklərini, Rüstəmin öldüyü günü dəqiq xatırlamdığını, hazırda sağ olan oğlanlarının adının Rüstəm, Orxan və Polad olduğunu qeyd edərək, yekunda məhkəmədən müraciətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi X9 və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və ərizəçi məhkəmə iclasında iştirak etməmişdi. Ərizəçi X13 məhkəmə hazırıq iclasında verdiyi izahatında Babək rayonu, Zeynəddin kəndində yerləşən torpaq sahəsinin valideynlərinin, özünün və ölən qardaşı Rüstəmin mülkiyyətində olduğunu, ata-anasının həmin torpaq sahəsini onun oğluna vermək istədiyini, lakin qardaşı Rüstəmin ölüm sənədi olmadığından bunu həyata keçirə bilmədiklərini, torpaq sahəsinin oğluna bağışlanması üçün notariusa getdiklərini, həmin orqanın isə Rüstəmin ölüm sənədini istədiklərini, valideynlərinin altı övladı olduğunu, onlardan ikisinin öldüyünü, özünün hazırda evin böyük uşağı olduğunu, qardaşının ölünün ancaq valideynlindən eşitdiyini, onun Babək rayonu, Zeynəddin kəndində dəfn edildiyini, ailə quranadək onun qəbir üstünə ziyarətə getdiyini, amma ailə qurduqdan sonra gedə bilmədiyini qeyd etmişdi. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin rəisi Gülü Qarayeva 14 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla ərizəçi X13 və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə Ərizəçi1 ilə X3 1993-cü ildə nikaha daxil olmasını, X6 onların birgə nikahından dünyaya gəlməsini, Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.12 hektar torpaq sahəsinin Ərizəçi1, X8, X13 və X6 ümumi mülkiyyətində olmasını, Ərizəçi1 X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Babək rayon notariat ofisinə müraciət etməsini, qeyd edilən orqanın isə X6 ölüm haqqında sənədi məhkəməyə təqdim edilmədiyindən şəhadətnamənin verməsindən imtina etməsini müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: -ərizəyə əlavə edilən 29 dekabr 1993-cü il tarixli, Vİ-JQ seriyalı, 311383 nömrəli akt nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi1 ilə X8 arasında 29 dekabr 1993-cü ildə nikah bağlanması, bunun akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı sonuncunun özünə “Əliyeva” soyadını seçməsi ; -ərizəyə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-ci il tarixli, XİX-JQ seriyalı, 293143 nömrəli akt qeydindən çıxarışdan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan X6 27 yanvar 1995ci ildə anadan olması və Ərizəçi1 onun atası, X7 isə onun anası olması; - ərizəyə əlavə edilən JN seriyalı, 503A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.12 hektar torpaq sahəsinin Ərizəçi1, X8, X13 və X6 ümumi mülkiyyətində olması; -ərizəyə əlavə edilən Babək rayon notariat ofisinin 22 fevral 2023-ci il tarixli, 15 nömrəli məktubundan Ərizəçi1 X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Babək rayon notariat ofisinə müraciət etməsi, qeyd edilən orqanın isə X6 ölüm haqqında sənədi məhkəməyə təqdim edilmədiyindən şəhadətnamənin verməsindən imtina etməsi aydın olur. Ərizəçilərin müraciəti isə 27 yanvar 1995-ci il təvəllüdlü X6 14 avqust 1995-ci ildə Babək rayonu, Zeynəddin kəndində ölməsi faktının müəyyən edilməsindən ibarətdir. Ərizəçilərin tələbinin hüquqi həlli ilə bağlı məhkəməyə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk olaraq bildirir ki, ölüm faktının müəyyən olunması dair ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat-hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ərizəyə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-ci il tarixli, XİX-JQ seriyalı, 293143 nömrəli akt qeydindən çıxarışdan X6 Babək rayonu, Zeynəddin kəndində anadan olması və Babək Rayon İcra Hakimiyyəti Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 14 fevral 2023-ci il tarixli 1006 nömrəli arayışında isə onun Babək rayonu, Zeynəddin kənd qəbirstanlığında dəfn olunması qeyd edilir. Ərizəçilərin məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq bölməsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 02 nömrəli və Naxçıvan Muxtar Respublikası Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 24 yanvar 2023-ci il tarixli, 05/13-26 nömrəli məktublardan görünür ki, X6 adına ölüm haqqında akt qeydi tərtib edilməmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2018-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Babək Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 26 yanvar 2023-ci il tarixli, 24 nömrəli, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X11” Publik hüquqi şəxsin 14 fevral 2023ci il tarixli, 7/66 nömrəli məktublarından və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 14 fevral 2023-cü il tarixli, 13/340 nömrəli arayışından X6 ölümünə dair məlumat və ya sənədin olmaması müəyyən edilir. Ərizəçilər X6 14 avqust 1995-cü ildə Babək rayonu, Zeynəddin kəndində öldüyünü qeyd edərək bu faktının müəyyən edilməsini istədiyindən məhkəmə onların nəzərinə çatdırır ki, həmin faktın müəyyən olunmasına dair sübutetmə vəzifəsi buna maraqlı olan ərizəçilərin üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəçilər bu faktın təsdiq edilməsi ilə bağlı məhkəməyə 01 (bir) ədəd fotoşəkil, Babək Rayon İcra Hakimiyyəti Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 fevral 2023-cü il tarixli 1006 nömrəli arayışını təqdim etmiş, həmçinin Şahid2 və Şahid1 şahid kimi dindirilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdə qəbir daşının şəkli əks olunmaqla, həmin daşın üzərində soldan sağa istiqamətdə “X12 1933-1992” sözlərinin yazılması müəyyən olur. Ərizəçi1 həmin məzarın atasına məxsus olduğunu, X10 onun yanında dəfn etdiklərini, o, balaca olduğu üçün ona qəbir daşı qoyulmadığını bildirmişdi. Babək Rayon İcra Hakimiyyəti Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 fevral 2023-cü il tarixli 1006 nömrəli arayışında isə X6 Babək rayonu, Zeynəddin kənd qəbirstanlığında dəfn edilməsi qeyd edilir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində Babək rayonu, Zeynəddin kəndində yaşadığını, Ərizəçi1lə qonşu olduğunu, aralarında dörd ev yerləşdiyini, Əlinin Rüstəm adlı bir oğlunun 1995-ci ildə ölməsini xatırladığını, amma hansı gün öldüyünü dəqiq bilmədiyini, uşağın dəfn və yas mərasimində iştirak etdiyini, dəfn mərasimində iştirak edən şəxslərdən Fazili və Ərizəçi1 rəhmətə gedən qardaşının olmasını xatırladığını, onun Əlinin atası Rüstəmin yanında dəfn etdiklərini, yas mərasiminin Əlin öz evində saxladığını, özünün yas mərasimində də iştirak etdiyini bildirmişdi. Digər Şahid1 məhkəmədə verdiyi ifadəsində Babək rayonu, Zeynəddin kəndində yaşadığını, Ərizəçi1 həm əmisi oğlu, həm də xalasının oğlu olduğunu, onunla qonşu olduğunu, demək olar ki, bir həyətdə yaşadıqlarını, xatırladığına görə Əlinin 1995-ci ilin havanın isti vaxtları bir uşağının öldüyünü, onu Zeynəddin qəbirstanlığında əmisi Rüstəmin yanında dəfn etdiklərini, dəfn mərasimində olan şəxslərdən qonşusu Qibləlinin, Əlinin rəhmətə gedən qardaşı Familin, öz qardaşı Fərəməzin iştirak etməsini xatırladığını, uşağı qəbirə özünün qoyduğunu, ona yas saxlamadıqlarını, Əlinin bir gün evində bununla bağlı oturduğunu qeyd etmişdi. Şahidlərin ifadələrinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə bildirir ki, onların hər ikisinin ifadəsindən X6 ölməsi və Zeynəddin kənd qəbirstanlığında dəfn etməsini müəyyən etmək olur. Çünki onların ifadələri məhz bu hissədə daha dəqiq və inandırıcıdır. Xüsusi ilə də Şahid1 ifadəsində qeyd etdiyi X14 qəbirə özünün qoyması faktı daha yadda qalıcı bir hadisə olduğundan məhkəmə onun ifadəsinin məhz bu hissəsini daha dəqiq və inandırıcı hesab edir. Onların ifadələrində uşağın dəqiq öldüyü ili xatırlamasını isə məhkəmə inandırıcı hesab etmir. Çünki hadisədən uzun müddət keçib, uşaq isə cəmiyyət üzvləri arasında qalıcı xatirələr saxlaması üçün elə də uzun müddət yaşamayıb. Yuxarıda qeyd edilənlərdən 27 yanvar 1995-ci ildə anadan olan X6 Babək rayonu, Zeynəddin kəndində ölməsi öz təsdiqini tapır. Lakin məhkəmə onu da qeyd edir ki, ərizəçilər X6 14 avqust 1995-cü ildə ölməsi faktının müəyyən edilməsi tələb etsə də, mərhumun ölüm vaxtı, yəni günü barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdi. Onların məhkəmədə verdiyi izahatlardan aydın olur ki, mərhum X6 ölüm vaxtını dəqiq bilmirlər. Bunlar isə özlüyündə ərizəçilərin tələbinin qismən əsaslı olması qənaətinə gəlməsi üçün məhkəməyə kifayət edir. Məhkəmə ərizəçinin qismən tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi1 məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi 100 (bir) manat miqdarında dövlət rüsumu ona aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə qismən təmin edilməli; - 27 yanvar 1995-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olmuş X6 Babək rayonu, Zeynəddin kəndində ölməsi faktı müəyyən edilməli; -ərizə qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə qismən təmin edilsin. 27 yanvar 1995-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olmuş X6 Babək rayonu, Zeynəddin kəndində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar