Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-394/2025 24.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı X3, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 vəkil-nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçının nümayəndəsi Nümayəndə1 “20” may 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 qızıl-zinət əşyalarımın mənə qaytarılması, yaxud ümumi dəyəri olan 4490 (dörd min dörd yüz doxsan) manat və iş üzrə ödəmiş olduğum 64.9 (altmış doqquz manat, doxsan qəpik) manat dövlət rüsumunun alınıb mənə ödənilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh1 ilə 19 may 2017-ci il tarixdə ailə qurub, nikahımızı Babək rayon Cəhri kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 07 nömrə ilə qeydə aldırmışdıq. Cavabdeh1la aramızda bağlanmış nikah Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-20/2025 nömrəli qətnaməsi ilə pozulmuşdur. Biz ailə qurarkən toyumuzda mənə alınmış və hədiyyə olaraq verilmiş qızılzinət əşyalarım cavabdehə məxsus Babək rayon Cəhri qəsəbəsində yerləşən yaşadığımız evdə qalmışdır. xx.xx.2024-cü il tarixdə, Cavabdeh1la mübahisə edərkən cavabdeh tərəfindən növbəti dəfə döyüldükdən sonra qərara gəldim ki, çıxım atam evinə gedim və boşanım. Bu məqsədlə uşaqların paltarlarını və öz paltarlarımı yığıb hazır qoydum və valideyinlərimə bildirdim ki, gəlib məni aparsınlar. xx.xx.2024-cü ildə valideyinlərim gəlib məni aparacaqdılar, bu səbəbdən də, paltarlarım olan sumkaları daşıyıb həyətə yığdım. Qızıllar olan sumkanı isə axıra saxlamışdım ki. gedəndə götürərəm. Həmin qızıllarım olan mücrü fenlərim və ətirlərimlə birlikdə ayrı bir sumkada yataq otağımda şkafda idi. Lakin həyət uzun olduğundan paltarları daşıyarkən və tələsdiyimdən qızıllar və ətirlərində fenlərim olan sumka unudularaq şkafımda qaldı. Çünki həmin vaxt cavabdehin qohumu və qonşumuz olan şəxs qonşuluqdan mənim getdiyimi görürdü və qorxurdum ki, İmaməliyə xəbər verib və İmaməli gəlsə mənim getməyimə mane olacaq və məni aparmağa gələn qardaşım və atamla savaşacaqlar. Bu səbəbdən də evdən tələsik və həyacanlı çıxdığıma görə qızıllar olan sumkamı götürməyi unutdum. Mənə və uşaqlarıma hədiyyə olaraq alınmış qızıllar cavabdehin yaşadığı evdə qaldı. Həmin qızıl-zinət əşyalarımı istəsəm də, cavabdeh qaytarmaq istəmir. Mən onunla əlaqələrimi kəssəm də, mənimlə sosial şəbəkə “İnstaqram” vasitəsi ilə əlaqə saxlayarkən qızıllarımı istədim, cavabdeh isə qızılları qaytarmamaqla məni süründürəcəyini etiraf eldi. Qızıl əşyalarım fotoşəkillərdə öz əksini tapıb. Mübahisənin məhkəmədən kənar həlli üçün tərəfimdən Mediasiya Təşkilatına müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmamışdır. Bu səbəbdən də hesab edirəm ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. Qızıl-zinət əşyalarının siyahısı və dəyəri aşağıdakı kimidir: “Qızıl dəsti” (komplekt)- briliyant qaşlı, əyar-585, Türkiyə istehsalı, təxminən-1250 manat, “Pandora” sep Türkiyə istehsalı, əyarı-585, təxminən-300 manat, “Uşaq sırğası” - Türkiyə istehsalı, əyarı-585, 3 qaşlı, təxminən-140 manat, “Uşaq sırğası” (2-ci)- Türkiyə istehsalı, tək qaş, təxmini çəki - 2-3 qram, təxminən-150 manat, “Klon” (Ayətəl-küirsi)- Türkiyə istehsalı, əyarı-585, çəki-1.5 qr, təxminən-80 manat, “Nişan üzüyü”-Türkiyə istehsalı, əyarı-585, təxminən-3 qram, “prensesim” yazılı, təxminən- 300 manat, “Sırğa” - Türkiyə istehsalı, əyarı-585, təxminən-2 qram, təxminən-160 manat, “Pandora” qolbaq - Türkiyə istehsalı, əyarı-585, təxminən-3 qram, təxminən-280 manat, “Pandora” üzük - Türkiyə istehsalı, əyarı-585, təxminən-3 qram, təxminən-300 manat, “Pandora” dəst (sep və qolbaq) - Türkiyə istehsalı, əyarı-585, təxminən-3 qram, təxminən-350 manat, “Boyunbağı” (sep) təxminən 3 qram, Türkiyə istehsalı, 585 əyar-təxminən 290 manat, “Üzük” (paxlavaya oxşar) - təxminən 4 qram, Rusiya istehsalı, 385 əyar-təxminən 300 manat, “Qolbaq (üzərində “Hüseyn'’ yazılıb)- Türkiyə istehsalı, 585 əyar - təxmiən 190 manat, “Qolbaq” (uşağa hədiyyə) - Türkiyə istehsalı, 585 əyar - təxminən 200 manat, “Qolbaq - təxminən 3 qram, Rus istehsalı, 385 əyar - təxmiən 200 manat, cəmi 4490 (dörd min dörd yüz doxsan) manat. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası keçirilərək, mülki iş məhkəmədə baxılmağa təyin olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırdığını, iddia tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin özünə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı xahişinin olmamasını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah edilir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-in 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, X3 tərəfindən iddia qaldırılarkən "xxxx" ASC vasitəsi ilə 17 may 2025-ci il tarixli, 19304 nömrəli qəbzlə (GPP qəbz nömrəsi **********) ödənilmiş 66 (altmış altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: X1 Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. X3 tərəfindən iddia qaldırılarkən "xxxx" ASC vasitəsi ilə 17 may 2025-ci il tarixli, 19304 nömrəli qəbzlə (GPP qəbz nömrəsi **********) ödənilmiş 66 (altmış altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-394/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-394/2025
24.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver