Məhkəmə qərarları › İş №2(079)-406/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-406/2021

14.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-406/2021 14.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka ½ payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “09” avqust 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058 kvadrat metr həyətyanı torpaq sahəsindən ona düşən ½ payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə 21 avqust 2001-ci ildə el adəti ilə toy edərək evlənib, 18 aprel 2003-cü il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahımızı rəsmi olaraq qeydiyyatdan keçirmişik. Ailə qurandan sonra Babək rayonu, Zeynəddin kəndində yaşamışıq. 10 avqust 2007-ci il tarixdə Babək rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş və reyestrdə 4ə/2-278 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Zeynəddin kəndində 3058 kvadrat metr həyətyanı torpaq sahəsini satıcı X1 alıb həmin torpaq sahəsini 27 avqust 2007-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adıma qeydiyyatdan keçirilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikib ailəlikcə orada yaşamışıq. Lakin fərdi yaşayış evini daşınmaz əmlak və torpaq məsələləri üzrə dövlət xidmətində qeydiyyatdan keçirməmişik. Xasiyyətimiz uyğun gəlmədiyindən mən 13 avqust 2020-ci il tarixdən evdən çıxmışam və mənim iddia ərizəm əsasında bizim aramızdakı nikah Babək Rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli, 2(079)-292/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Hazırda həmin evdə Cavabdeh yaşayır, torpaq sahəsindən bütünlüklə o, istifadə edir. Mən də istəyirəm ki, birgə nikah dövründə qazandığımız torpaq sahəsindən istifadə edəm. Bunun üçün isə mənə aid olan torpaq sahəsi müəyyən olunmalıdır. İddiaçı 14 sentyabr 2021-ci ildə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058 kvadrat metr torpaq sahəsinin hazırda öz mülkiyyətində olduğunu, bu səbəbdən də həmin əmlaka Cavabdeh düşən ½ payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək verdiyi izahatında 2001-ci ilin avqust ayının 23-də Cavabdeh ilə ailə qurub, 2003-cü ildə nikahlarını rəsmiləşdirdiklərini, biri oğlan biri qız olmaqla birgə nikahlarından iki uşağın dünyaya gəldiyini, cavabdehlə ailə qurduqdan sonra 2-3 il atasına məxsus olan evdə yaşadıqlarını, sonradan isə elə həmin kənddə, yəni Babək rayonu, Zeynəddin kəndində Teyfə adlı şəxsdən 950 manata sahəsi 3058 kvadrat metr olan torpaq sahəsi aldığını, torpağı tez alsa da onu 2007-ci ildə rəsmiləşdirdiyini, 13 avqust 2020-ci ildən isə Cavabdeh ilə ayrı yaşadığını, aralarında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulduğunu, birgə nikahlarından olan uşaqların anası ilə birlikdə mübahisə predmeti olan torpaq sahəsinin üzərində tikilmiş evdə qaldığını, orada tikilmiş evin iki otaq, bir salon, hamam-tualet, mətbəxdən ibarət olduğunu, lakin fərdi yaşayış evinin hələ sənədləşdirilmədiyini, özünün hazırda Babək rayonu, Didivar kəndində yaşadığını, Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058 kvadrat metr torpaq sahəsindən özünün istifadə edə bilmədiyini, özünə düşən payı satmaq istədiyini, bu səbəbdən də cavabdehin payının müəyyən olunmasını istədiyini bildirərək, yekunda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında 2001-ci ildə İddiaçılə ailə qurduğunu, 2003-cü ildə rəsmi olaraq nikaha daxil olduqlarını, birgə nikahlarından iki uşağın dünyaya gəldiyini, iddiaçı ilə ailə qurduqdan sonra Babək rayonu, Zeynəddin kəndində yerləşən və qayınatasına məxsus olan evdə yaşadıqlarını, təqribən 6-7 il orada qaldıqdan sonra hazırda mübahisəli torpaq sahəsində tikilmiş evə köçdüklərini, həmin torpaq sahəsini 950 manata Teyfə adlı şəxsdən aldıqlarını, amma alındığı vaxtı dəqiq xatırlamadığını, torpaq sahəsində tikilmiş evə köçəndə Teyfənin pulunu verdiklərini, orada tikilmiş evin iki otaq, bir salon, hamam, tualet, mətbəxdən ibarət olduğunu, lakin həmin evin sənədləşdirilmədiyini, bir ildən artıqdır ki, İddiaçı ilə ayrı yaşadığını, özünün iki övladı ilə birlikdə mübahisə predmeti olan torpaq sahəsində tikilmiş evdə qaldığını, məhkəmədən kənar qaydada torpaq sahəsinin bölünməsi ilə bağlı razılıq əldə etməyə çalışsalar da bunun baş tutmadığını, buna səbəb isə həmin torpaq sahəsində artıq sahə mövcud olduğundan onun sənədləşməsi ilə bağlı olduğunu bildirib iddianın təmin edilməsinə etirazının olmadığını qeyd etmişdi. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin 18 aprel 2003-cü ildə nikaha daxil olması, onlar arasında bağlanmış nikahın pozulması, İddiaçı mübahisə predmeti olan Babək rayonu, Zeynəddin kəndində yerləşən, 3058 kvadrat metr həyətyanı torpaq sahəsinin 10 avqust 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə edilməsi, həmin əmlakın 27 avqust 2007-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində iddiaçının adına qeydiyyata alınması, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, onun dövlət xidmətində qeydiyyatdan keçməməsi və həmin fərdi yaşayış evində hazırda cavabdehin yaşaması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla öz təsdiqini tapır: -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli, 2(079)-292/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 18 aprel 2003-cü ildə nikah bağlanması və həmin nikahın qeyd edilən qətnamə ilə pozulması; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04/350 nömrəli, 04 iyun 2021-ci il tarixli məktubdan daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 27 avqust 2007-ci il tarixdə Babək Rayon Dövlət Notariat Kontorunun 10 avqust 2007-ci il tarixli, 4ə2-278 nömrəli alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058 kvadrat metr həyətyanı torpaq sahəsinin qeydiyyata alınması; - tərəflərin məhkəmədə verdiyi izahatlardan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, onun dövlət reyestrində qeydiyyatdan keçməməsi və həmin fərdi yaşayış evində hazırda cavabdehin yaşaması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “23” dekabr 2020-ci il tarixli, 2(079)-292/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı Babək rayonu, Zeynəddin kəndində yerləşən, 3058 kvadrat metr həyətyanı torpaq sahəsi üzərində Cavabdeh ½ payın müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülki işin mübahisəsiz hallarından müəyyən olur ki, dövlət reyestrində qeydə alınması zəruri olan daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. İddiaçı isə birgə nikah dövründə əldə edildiyini bildirdiyi daşınmaz əmlak üzərində öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirə bilmədiyini qeyd edərək, həmin əmlak üzərində Cavabdeh payının müəyyən olunmasını istəyir. İddiaçının tələbi ilə bağlı məhkəmə bildirir ki, qeyd edilən əmlak üzərində payların müəyyən olunması üçün ilkin olaraq həmin əmlakın birgə nikah dövründə qazanılıb-qazanılmamasına hüquqi aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hazırki iş üzrə isə tərəflər məhkəməyə bu barədə hər hansı bir kontrakt və saziş təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsində isə ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak qeyd olunmuşdur. Həmin maddəyə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan aydın olur ki, Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058 kvadrat metr torpaq sahəsi həqiqətən də tərəflərin birgə nikah dövründə-10 avqust 2007-ci ildə əldə edilmişdi. Lakin qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutan məhkəmə bildirir ki, birgə nikah dövründə əldə edilmiş bütün əmlak üzərində birgə mülkiyyət hüququ yaranmır. Belə bir hüququn yaranması üçün bu əmlakın eyni zamanda əvəzli şəkildə əldə olunması da zəruridir. Qeyd edilən halın araşdırılması zamanı müəyyən olunmuşdur ki, əmlak əvəzli olaraq əldə edilmişdi. Belə ki, mülki işin mübahisəsiz hallarından İddiaçı Babək rayonu, Zeynəddin kəndində yerləşən 3058 kvadrat metr torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən aydın olur ki, alqı-satqı müqaviləsi əvəzli müqavilədir. Belə ki, həmin Məcəllənin 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanlardan aydın olur ki, mübahisə predmeti olan daşınmaz əmlak həqiqətən birgə nikah dövründə qazanılmış əmlakdır və onlar tərəflərin ümumi mülkiyyətində olmuşdur. Hazırda mülkiyyətçi İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın birgə nikah dövründə qazanıldığını, həmçinin həmin əmlakdan Cavabdeh ona sərbəst istifadə etməsinə imkan verməməsini bildirərək, öz payının müəyyən olunmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin əmlak üzərində olan payına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbinə görə mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.1 və 213.2.-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Tərəflər arasında isə hazırki vəziyyətdə bu əmlakın bölünməsi ilə bağlı məhkəməyə razılıq təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia əsaslı olduğundan təmin edilməli; -Babək rayonu, Zeynəddin kəndində yerləşən, sahəsi 3058 kvadrat metr olan torpaq sahəsi tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi İddiaçı mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ müəyyən edilməli; -Cavabdeh 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i : İddia əsaslı olduğundan təmin edilsin. Babək rayonu, Zeynəddin kəndində yerləşən, sahəsi 3058 kvadrat metr olan torpaq sahəsi tərəflərin birgə nikah dövründə qazanılmış hesab olunub, onun ½ hissəsi İddiaçı mülkiyyətində saxlanılmaqla, digər ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ müəyyən edilsin. Cavabdeh 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar