Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-412/2022 02.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və X1nun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 18 avqust 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə paylı mülkiyyətində olan, Babək rayon Naxışnərgiz kəndində yerləşən 0.159 ha həyətyanı torpaq sahəsindən 14/15 hissədə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayonunun Naxışnərgiz kəndində 0.159 ha torpaq sahəsinin 14/15 hissəsi mənə, 1/15 hissəsi isə Cavabdeh ayrılmışdır. Hüquq sahiblərinin payları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 28 iyul 2022-ci il tarixdə 21/37 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin həyətyanı torpaq sahəsində payların həyətyanı torpaq sahəsinin hansı hissəsində olması, paylardan istifadə ilə bağlı arada narazılıqlar yaranmışdır. Buna görə payımın naturada ayrılmasını istəyirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Babək rayonu Naxışnərgiz kəndində yerləşən 0.159 ha yaşayış məntəqəsi torpağının 1/15 hissəsi cavabdehə, 14/15 hissəsi isə mənə məxsusdur. Daşınmaz əmlakın cüzi hissəsinin cavabdehə məxsus olmasına baxmayaraq mən mülkiyyətimdə olan torpaq sahəsinə daxil ola və mülkiyyət hüquqlarımı həyata keçirə bilmirəm. Daşınmaz əmlakın naturada ayrılmasına dair iddia tələbinə bir dəfə məhkəmə tərəfindən baxılaraq ekspertin rəyinə əsasən torpaq sahəsinin bölünməsinin mümkünsüzlüyü nəticəsinə gəlinmişdir. Bundan sonra payların nisbəti dəyişmiş, əmlakın böyük bir hissəsi bağışlama əsasında mənim mülkiyyətimə verilmişdir. Hazırda həmin torpaq sahəsinə yalnız dövlət orqanının nümayəndəsinin iştirakı ilə daxil oluram. Öz torpaq sahəmi ayırıb, təcrid etməklə istifadə etmək istəyirəm. Sözügedən hallar nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Babək rayonu Naxışnərgiz kəndində yerləşən 0.159 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 1/15 hissəsi, yəni 106 m2–i mənə, 4/15 hissəsi, yəni 1484 m2-i isə qardaşım İddiaçı məxsusdur. Həmin torpaq sahəsində 1999-2000-ci illərdə atamın məsləhəti ilə yaşayış evi inşa edib, 2000-ci ildən həmin evdə yaşamağa başlamışam. Babək Rayon Məhkəməsi 21 sentyabr 2021-ci il tarixdə həmin torpaq sahəsinin atamdan miras qalmış hissəsini faktiki olaraq miras əmlak kimi qəbul etməyimə dair qətnamə qəbul etmişdir. Həyətin şimal giriş hissəsində 16.40 metr uzunluğunda, 7.70 metr enində birmərtəbəli yaşayış evi inşa etmişəm. Həmçinin həyətin bir tərəfində köməkçi tikililər hamam, sanitar qovşaq, tövlə, əl damı inşa olunmuş, həmçinin hazırda istifadə etdiyimiz artezian quyusu qazılmışdır. Torpaq sahəsinin 2/3 hissəsi üzərində mənə məxsus tikililərin yerləşməsinə baxmayara torpaq sahəsi ilə bağlı mübahisəli vəziyyətə görə evi sənədləşdirə bilməmişəm. İddiaçı ilə münasibətlərimiz yaxşı olmadığından indiyə qədər torpaq sahəsindən istifadə ilə bağlı aramızda razılığa gələ bilməmişik. Bundan sonra da həmin torpaq sahəsindən istifadə etməsinə şərait yaratmayacağam, belə ki, Babək rayonu Qahab kəndində yerləşən iddiaçının yaşadığı torpaq sahəsi də həmçinin mənim paylı mülkiyyətimdə olmasına baxmayaraq iddiaçı oradan istifadə edir. Mübahisəli torpaq sahəsinin ayrılması həm torpaq sahəsinə 1 avtomobillə gediş-gəliş yolunun olması, həm mənə məxsus daşınmaz əmlakın torpaq sahəsinin əksəriyyət hissəsində inşa edilməsi kimi səbəblərdən qeyri-mümkün olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Babək rayonu Naxışnərgiz kəndində yerləşən 0.159 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 14/15 hissəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı, 1/15 hissəsi isə Cavabdeh məxsusdur. Qeyd edilən fakt mülki iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 21/37 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində qeyd olunmuş xx.xx.2022-ci il tarixli çıxarışla müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyadan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Mülki işin mübahisəli halının - torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması gedişində iddiaçının vəsatəti əsasında tikinti-texniki ekspertizası təyin olunmuş, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,159 hektar torpaq sahəsinin 14/15 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsinin texniki cəhətdən mümkün olubolmaması barədə ekspert qarşısında sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli, 274 nömrəli ekspert rəyi ilə o nəticəyə gəlmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 17 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,159 hektar torpaq sahəsinin 14/15 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi texniki cəhətdən məqsədəmüvafiq hesab olunmur. Ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiq olunan həyətyanı torpaq sahəsi iki tərəfdən qonşu torpaq sahələri ilə iki tərəfdən küçə yolu ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin yuxarı hissəsində torpaq sahəsinin sərhəd hissəsində cavabdeh tərəfindən (baxışda verdiyi ifadəyə əsasən) müxtəlif tikinti materiallarından inşa olunmuş təqribən uzunu 16.40 metr, eni isə 7.70 metr olan bir mərtəbəli fərdi yaşayış evi təyinatlı tikili yerləşir. Həmin tikiliyə giriş-çıxış yolu isə onun yan fasad hissəsindən təqribən 4.00 metr enində dəmir alaqapı vasitəsilədir. Eyni zamanda həmin həyətyanı torpaq sahəsinin aşağı hissəsində yerləşən gediş-gəliş yolu hissəsinə nəzər saldıqda həmin hissədə su arxlarının mövcud olduğu və həmin hissədən həyətyanı torpaq sahəsinə daxil olmaq üçün kiçik ölçülü qapının olduğu müəyyən olunur. Həmin qapıdan həyətyanı sahəyə daxil olduqda isə orada təqribən uzunu 8.00 metr, eni isə 4.80 metr cavabdehə məxsus köməkçi tikililərin (quş damı) inşa edildiyi və həmin tikilinin ön hissələrinin isə dəmir tor barmaqlıqları vasitəsi ilə çəpərlərə alındığı müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, mübahisəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ümumi sahəsi 0,159 ha təşkil edir, bu zaman iddiaçının 14/15 və digər istifadəçilərin 1/15 payı aşağıdakı kimi müəyyən olunur: -0,159 ha (0,159:15)x14 = 0,1484 ha (həyətyanı torpaq sahəsinin 14/15 hissəsi üzrə) - 0,159 ha (0,159:15) = 0,0106 ha (həyətyanı torpaq sahəsinin 1/15 hissəsi üzrə). Ekspertiza tərəfindən qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir: Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olmalıdır. Qərardadın suallarında göstərilən məsələ ilə bağlı ekspert tərəfindən qeyd olunur ki, həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Belə olan halda göstərilən məsələ ilə bağlı qeyd olunur ki, mülki iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********49 olan həyətyanı torpaq sahəsinin planı və ölçüsünün surətinə əsasən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən həyətyanı torpağın plan və ölçülərinin döngə nöqtələri arasındakı məsafələri (1-2) 2.55 metr, (2-3) 62.45 metr, (3.4) 22.93 metr, (4-5) 9.31 metr, (5-6) 4.23 metr, (6-7) 38.54 metr, (7-8) 13.79 metr, (8-9) 1.01 metr və (9-1) 25.93 metr məsafələrdə olduğu nəzərə alınaraq tədqiq olunan torpaq sahəsinin müəyyən hissəsindən sərhəd hasarları vasitəsi ilə tərəflərin 14/15 və 1/15 hissələrinin payının ayrılması (bölünməsi) zamanı bu ayrılan həyətyanı torpaq sahəsinin üzərində gələcəkdə hər hansı yaşayış və digər təyinatlı tikililərin qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə müvafiq olaraq inşa olunması texniki cəhətdən mümkün olmayacaq. Bu göstərilənləri, o cümlədən həmin torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olduğunu, həmin sahədə aparıla biləcək yaşayış və digər təyinatlı tikililərin qonşu torpaq sahələri və onlar üzərində inşa olunmuş tikililəri ilə ara məsafələrinin (qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq) saxlanılmasının zəruriliyini, eləcə də həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində hazırda fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin inşa olduğu, həmin tikililərə və həyətyanı torpaq sahəsinə alternativ giriş-çıxışların olmaması, eləcə də tədqiqat obyektinin digər texniki göstəricilərini nəzərə alaraq, həmin həyətyanı torpaq sahəsinin bölünməsi (ayrılması) məqsədə müvafiq hesab olunmur. İddiaçı ekspertin rəyi ilə razılaşmamış, torpaq sahəsinə həyətin aşağı-cənub hissəsindən gediş-gəliş yolunun mövcud olduğunu, həyətin aşağı hissəsində piyadaların girişi üçün nəzərdə tutulmuş qapı və yolun mövcud olduğunu, həmin yol boyu uzanan su arxını isə torpaq sahəsinin bölünəcəyi halda su boruları çəkdirib, üzərinə beton verib avtomobil yoluna çevirməyin mümkün olduğunu, bunu öz hesabına etməyə hazır olduğunu, həmin qapıdan çıxdıqdan 40 metr məsafədən sonra avtomobil yolunun uzandığını bildirmişdir. Ekspertin rəyinin sözügedən hallarla bağlı aydınlaşdırılması zərurəti yarandığından ekspert məhkəmə iclasına dəvət olunmuşdur. X1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həyətyanı torpaq sahəsinin bölünməsi zamanı tərəflərin birgə istifadəsində olan 0.159 ha torpaq sahəsindən 14/15 və 1/15 hissə payların ayrılması nəzərdə tutulmuşdur. Belə olan halda 1/15 hissə paya düşən 106 m2 həyətyanı torpaq sahəsinin ayrılması zamanı həmin torpaq sahəsində digər istifadəçi orada gələcəkdə hər hansı fərdi yaşayış evi və digər təyinatlı tikililəri inşa etməsində müəyyən çətinliklərlə üzləşəcəkdir. Belə ki, ayrılan torpaq sahəsinin texniki cəhətdən eni və uzunu standart olmayacaq, orada tikinti aparılması çətinləşəcək və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 69.5.2-1 və həmin Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi nəzərdə tutulduğundan orada qonşu torpaq sahələri və onlar üzərində inşa olunan tikililəri ilə ara məsafələrinin saxlanmasının zəruriliyinə dair normalara əməl olunması qeyri-mümkün olacaqdır. Bu da gələcəkdə istifadəçilər arasında yeni müxtəlif yönlü mübahisələrin yaranmasına gətirib çıxaracaq və bu sahə üzrə müvafiq yerli qurumlar tərəfindən həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazənin verilməsini qeyri-mümkün edəcəkdir. Həmçinin mübahisə olunan həyətyanı torpaq sahəsinin yuxarı giriş hissəsində təqribən uzunu 16.40 metr, eni isə 7.70 metr olan birmərtəbəli fərdi yaşayış evi, ona bitişik uzunu təqribən 8.90 metr, eni 2.95 metr, eyni zamanda uzunu 2 metr, eni isə 3 metr olan sanitar qovşaqları (hamam və ayaqyolu), eləcə də həyətin sonunda uzunu 8.10 metr, eni isə 4.90 metr olan tövlə təyinatlı yardımçı tikililər inşa olunmuşdur ki, bu halda orada aparıla biləcək bölgü zamanı həmin tikililər istifadəçilərə ayrılan sahələrin müxtəlif hissələrində olması ilə yanaşı həmin sahələrə olan giriş-çıxışlarda texniki baxımdan maneələr yaradacaqdır. Həyətyanı torpaq sahələrinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır. Eyni bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu torpaq sahələrinə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Belə ki, rəydə də qeyd olunduğu kimi Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir: Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olmalıdır. Torpaq sahəsinin aşağı hissəsində həyətə daxil olmaq üçün təqribən eni 2 metr ölçüdə qapı və əsas yola kimi 40 metr, orta hissədən isə təqribən 8.90 metr olan gediş-gəliş yolu vardır. Lakin oradan həyətə piyadalar gediş-gəlişi mümkün olsa da, həmin yol su arxı ilə ortadan bölündüyündən nəqliyyat üçün avtomobil yolu olaraq istifadə olunması mümkün deyildir. Yuxarıda istinad olunan normativ aktlara və faktiki vəziyyətə görə tədqiqat obyektinin sözügedən ölçülərdə naturada ayrılması qeyri-mümkündür. Həmçinin xx.xx.2022-ci il tarixdə tərəflərin və ekspertin iştirakı ilə keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, mübahisəli həyətyanı torpaq sahəsinin şimaldan yuxarı giriş hissəsində uzunluğu 16.40 metr, eni isə 7.70 metr olan birmərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Fərdi yaşayış evinə bitişik uzunluğu təxminən 8.90 metr, eni 2.95 isə metr olan hamam, eyni zamanda uzunluğu 2 metr, eni isə 3 metr olan sanitar qovşaq, həyətin sonunda isə uzunluğu 8.10 metr, eni isə 4.90 metr olan tövlə təyinatlı yardımçı tikililər inşa olunmuşdur. Torpaq sahəsinə girişdən hasarla eyni istiqamətdə evin qarşısında artezian quyusu yerləşir. Torpaq sahəsinin cənub hissəsində qapı mövcuddur, qapıdan çıxdıqdan sonra hər iki tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş gediş-gəliş yolu uzanır, yol su arxı ilə bölünür, həmin qapıdan çıxdıqdan təxminən 40 metr sonra isə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yol mövcuddur. Sözügedən su arxının mübahisəli torpaq sahəsi boyunca uzanan hissəsi torpaq sahəsinin istifadəçiləri tərəfindən mübahisəli torpaq sahəsinə daxil edilməklə divarla əhatə olunmuşdur. İş materiallarına əlavə olunmuş Babək rayonu Naxışnərgiz kəndində yerləşən 1/15 hissədə Cavabdeh, 14/15 hissədə İddiaçı məxsus yaşayış məntəqəsi təyinatı torpaq sahəsinin plan ölçüsündən belə məlum olur ki, torpaq sahəsinin qonşu sərhədləri iki tərəfdən 00BNK nömrəli və 004M6 nömrəli qonşu torpaq sahələri ilə, bir tərəfdən yolla əhatə olunmuş, həmçinin 00BNK nömrəli torpaq sahəsinə bitişik aşağı hissəsindən gediş-gəliş yolu ilə və arxla əhatə olunmuşdur. Məhkəmə mübahisəni tənzimləyən normalarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında sözügedən hallara ətraflı şərh verilərək bildirilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə sözügedən halları və mülkiyyətçinin payının naturada ayrılmasının mümkünsüzlüyü ilə bağlı ekspertin rəyini mülki iş üzrə müəyyən olunmuş işin faktiki halları ilə əlaqəli şəkildə hərtərəfli şəkildə qiymətləndirərək rəyi hərtərəfli tədqiqatın nəticəsi hesab edir və sübut kimi nəzərə alır. Sonuncu qeyd edilən halı nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və tərəflərin ümumi paylı mülkiyyətində olan 0,159 hektar həyətyanı torpaq sahəsindən mülkiyyətçinin payının ayrılması texniki cəhətdən mümkün olmadığından İddiaçı Cavabdeh qarşı Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 ha həyətyanı torpaq sahəsinin 14/15 hissəsinin naturada ayrılması tələbinə dair iddiası əsaslı sayıla bilməz və rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia əsaslı sayılmadığından iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 ha həyətyanı torpaq sahəsinin 14/15 hissəsinin naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-412/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-412/2022
02.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver