Məhkəmə qərarları › İş №2(079)-439/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-439/2024

18.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-439/2024 18.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Babək rayonu, Nehrəm qəsəbəsi Bələdiyyəsindən xx.xx.2023-cü il tarixli, 51 nömrəli “Bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpağın icarəyə verilməsi haqqında” Müqaviləsi ilə icarəsində olan 2.0 torpaq sahəsini otararaq ona vurduğu 500 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 530 (beş yüz otuz) manat pulun alınaraq ona ödənilməsi, Cavabdeh Babək rayon Nehrəm qəsəbəsi Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 51 nömrəli “Bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpağın icarəyə verilməsi haqqında” Müqaviləsi ilə icarəsinə verilmiş 2.0 torpaq sahəsindən istifadə edilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, mən Babək rayon Nehrəm qəsəbəsində yaşayıram və heyvandarlıqla məşğulam. Orta məktəbdə təhsil alan 3 uşağım var. Həyat yoldaşım xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən mal-qaradan əldə etdiyim gəlir hesabına uşaqlarımı saxlayıram. Babək rayon Nehrəm qəsəbə Bələdiyyəsindən 13 noyabr 2023-cü il tarixdə 51 nömrəli müqavilə ilə 2.0 ha torpaq sahəsini 11 ay müddətinə icarəyə götürmüşəm və torpaq sahəsi hesabına mal-heyvanlarımı saxlayıram. Həmin torpaq sahəsindən və malheyvanlardan başqa gəlir yerim yoxdur. Nəzərinizə çatdırıram ki, cavabdeh qardaşım Cavabdeh 03 may 2024-cü il il tarixdən mənim heç bir icazəm və razılığım olmadan mənim icarəmdə olan qeyd etdiyim torpaq sahəmə qanunsuz daxil olub mal-heyvan otarmaqla mənə əhəmiyyətli miqdarda ziyan vurmuşdur. Hələ üstəlik mənim mal-heyvanımı həmin torpaq sahəmdən qovalayaraq həmin ərazidə otarmağa imkan vermir. Bu səbəbdən mal heyvanım ac qalır və əvvəllər olduğu kimi süd və pendir sata bilmirəm. Uşaqlarımın saxlanılmasında çox çətinlik çəkirəm. Qadın olduğum üçün və uşaqlarımın məktəb yaşlı olduğundan bizdən çəkinməyərək bizə hədə-qorxu və zorakılıq edir. Torpağın icarə pulunu mən ödəsəm də, halhazırda Cavabdeh həmin torpaqdan zorla istifadə edir, bizi isə torpaq sahəmizə buraxmır. Bu da ailəmi maddi cəhətdən çətin vəziyyətə salıb. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mənə 500 (beş yüz) manat maddi ziyan vurmuşdur. Həmin ziyanın mənə ödənilməsi və torpaq sahəmdən istifadə etdilməsinin qadağan edilməsini istəyirəm. Bununla bağlı Babək rayon Polis İdarəsinə də müraciət etdim, Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-43-7/2 H53xx/xx/2024 nömrəli məktubunda mənim məhkəməyə müraciət etmək hüququmun olduğu bildirildi. Mən də məcbur qalaraq məhkəməyə müraciət edirəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 04 sentyabr 2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsində Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi və icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadənin qadağan edilməsi tələbinə dair iddia qaldırdığını, hazırda iddia tələbinin “icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadənin qadağan edilməsi” tələbinə dair hissəsindən imtina etdiyini, bu səbəbdən də həmin hissəyə dair məhkəməyə şahid qismində çağırılmasını xahiş etdiyi şəxslərin dəvət olunmasına ehtiyac olmadığını, sadəcə iddia tələbinə “dəymiş ziyanın ödənilməsi” hissəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-439/2024 nömrəli qərardadı ilə mülki iş üzrə iddiaçının “icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadənin qadağan edilməsi” tələbinə dair hissədə iddiadan imtinasının qəbul olunması və iddia tələbinin icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadənin qadağan edilməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında torpağın onun adına olduğunu, hazırda aldığı torpaqdan istifadə edə bilmədiyini, onun mal-qarasının oradan çıxarıldığını, bu günə qədər torpaq sahəsini cavabdehin istifadə etdiyini, oranı əkib-biçsəydi, əldə edəcəyi 83 ədəd ot bağlamı ilə payıza qədər heyvanlarının yemi üçün kifayət edəcəyini, lakin cavabdehə görə oranı istifadə edə bilmədiyini, uşaqlarının məktəbə və hazırlığa gedəcəklərini, malqarasını bağlayacaq yerinin olmadığını, uşaqlarının və öz boğazından kəsib özlərinə şərait yaratmaq istədiyini, belə olacağını bilmədiyini, 2023-cü ilin payızında onunla bələdiyyə arasında icarə müqaviləsi bağlandığını, heyvanlarının cavadeh tərəfindən oradan çıxardılması ilə bağlı video da çəkdiyini, gəlirinin ancaq həmin heyvanlardan olduğunu, dəfərlərlə bu barədə bələdiyyəyə məlumat verdiyini, lakin xeyrinin olmadığını, müqavilənin bələdiyyə ilə onun arasında bağlandığını, torpağın əkilməsi üçün onun istifadəsinə verildiyini, lakin cavabdehin ona torpağı əkməyə icazə vermədiyini, torpağın hansı hissəsinin ona verilməsini bildiyini, Nehrəm qəsəbə icra nümayəndəsi, bələdiyyə sədrinin və cavabdehin iştirakı ilə torpaq sahəsinin ölçülüb nöqtələrinin göstərilib ona verildiyini, cavabdehə ona məxsus olan hissənin göstərildiyini və oradan çıxması barədə xəbərdarlıq edildiyini, həmin torpağın 2022-ci ildən 2023-cü ilədək əmisi X2 istəfadəsinə verildiyini, keçmiş icra nümayəndəsi Rasim müəllimdən xahiş etdikdən sonra isə həmin torpağın bir hissəsinin ona icarəyə verildiyini, torpağı almağa imkanı olmadığından icarəyə götürdüyünü, bir illik 160 manat icarə haqqı ödədiyini, may ayının 25-i səhər saat 8 radələrində heyvanları həmin əraziyə aparıb bağlamaq istəyəndə cavabdehin gəlib heyvanları qovduğunu, onu təhqir etdiyinə görə polisə müraciət etdiyini, həmin vaxt cavabdehin məhkəmənin qərarı ilə inzibati qaydada cərimə olunduğunu, anası və qardaşı ilə 2 ildir ki, aralarında mübahisənin mövcud olduğunu, yaşadıqları evin torpaq sahəsinə yaxın olduğunu, hazırda həmin torpağın onun adına olduğunu, ona vurulan 500 manat ziyandan 130 manat məhkəməyə və mediasiya təşkilatına ödədiyi dövlət rüsumları, qalanının isə əldə edəcəyi ot preslərinin pulu olduğunu, qışa qədər heyvanların yemi olaraq həmin ot preslərindən istifadə edəcəyini, lakin cavabdehin vurduğu ziyana görə həmin məhsulu əldə edə bilmədiyini, sonuncu dəfə oraya 2024-cü ilin iyul ayında getdiyini, həmin vaxt da cavabdehin onun heyvanlarını açıb başqa yerə aparıb bağladığını gördüyünü, orada torpaq sahələri arasında hasar, çəpər və ya başqa ayırıcı nələrinsə olmadığını, torpağın ona verildiyi vaxt bələdiyyənin sədri Cəmşid müəllimin xəritədə oranı ölçərək ona 2 hektardan bir az artıq yer verdiyini və ona “bu qədər hissə sənindir” dediyini, 2 hektar ərazinin yaşıl və istifadəyə yararlı vəziyyətdə olduğunu, qalan kiçik bir sahənin isə quraqlıq olduğunu, quraq hissənin pulunu yox, istifadəyə yararlı hissənin pulunu verdiyini, cavabdehin çardağının da onun sahəsində qurulduğunu, həmin çardağı cavabdehin son dövrlərdə qurduğunu, təqdim etdiyi videgörüntüdə heyvanlarını öz yerinə qaytarmaq istəyəndə cavabdehin heyvanları oradan çıxardığını, heyvanların onun olduğunu, həmin vaxt cavabdehin arxada olduğunu, qaçaraq gəlib ordan heyvanları çıxardığını, halbuki həmin ərazinin ona məxsus olduğunu, bununla bağlı sənədinin və şahidinin olmadığını bildirmişdir. Növbəti məhkəmə iclasında isə iddiaçı Babək Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, ona mübahisəyə son qoyulması məqsədilə heyvanları otarması üçün başqa bir torpaq sahəsinin icarəyə veriləcəyinə dair söz verildiyini, həmçinin hazırkı torpaq sahəsinin icarə müqaviləsinin vaxtına az qaldığını bildirib, qeyd etdiyi hallarla əlaqədar olaraq hazırda iddia tələbinin “icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadənin qadağan edilməsi” tələbinə dair hissəsindən imtina etdiyini və həmin hissəyə dair məhkəməyə şahid qismində çağırılıb dindirilməsini xahiş etdiyi şəxslərin dəvət olunmasına ehtiyac olmadığını, iddia tələbinə sadəcə dəymiş ziyanın ödənilməsi hissəsində baxılmasını xahiş etdiyini bildirmişdir. İddiaçı həmçinin sonuncu məhkəmə baxışı iclasında verdiyi izahatında 2 hektar torpaq sahəsinə görə 160 manat həmin torpağın icarəsinə, 130 manat isə məhkəməyə xərc çəkdiyini, həmçinin cavabdehə görə bu günə qədər həmin ərazidən istifadə edə bilmədiyini, buna görə də övladlarının maddi ehtiyaclarını qarşılaya bilmədiyini, pul verib icarəyə torpaq götürdüyünü, lakin cavabdehin torpaqdan istifadəyə imkan vermədiyini, özünün buna görə müxtəlif orqanlara müraciət etdiyini, lakin cavabdehin oradan çıxarılmadığını, məcbur qalıb sonda məhkəməyə müraciət etdiyini, torpağı alarkən heyvanların oradan qidalanacağını və özünün də heyvanın südünü sağıb həm süd, həm də pendir kimi satıb qazanc əldə edəcəyini güman etdiyini, amma cavabdeh imkan vermədiyinə görə heyvanları orada otara bilmədiyini, bu səbəbdən onlardan süd və ya qatıq əldə edə bilmədiyini, cavabdehin heyvanlarını orada otarmaqla öz heyvanlarını otarması üçün imkan vermədiyini, oğlunun heyvanları öz yerlərinə bağlasa da cavabdehin yenə gəlib heyvanları açıb buraxdığını, məhkəmə gedişində icra başçısının qəbulunda olduğunu, onlardan başqa bir yerdən torpaq istədiyini, ona 1 həftəyə torpaq veriləcəyinə dair söz verilsə də bu günədək torpağın hələ verilmədiyini, buna görə də icarə müqaviləsi əsasında heyvanlarını aparıb yenə də həmin əraziyə bağladığını, daha sonra oraya gəldikdə cavabdehin heyvanların ikisini ərazidən kənara aparıb bağladığını, qalanlarını isə açıb buraxdığını gördüyünü, halbuki heyvanların başqa şəxslərin yoncasını yeyib köpüb ölə biləcəyini, bu günə qədər həmin ərazidən istifadə edə bilsəydi 500 manatdan daha artıq gəlir əldə edə biləcəyini, aylıq bir kiloqramı 7 manat olmaqla 30 kq pendir sata biləciyini, indi isə 1 aydır ki, ümumiyyətlə süd əldə edə bilmədiyini, 160 manat torpağın icarəsinə verdiyini, 2 ay ərzində 60 kq pendir satsaydı normal gəlir əldə edə biləcəyini, torpağı icarəyə götürən zaman şifahi qaydada yerində torpağın sərhədlərinin ona göstərildiyini, həmçinin 2024-cü ilin mart-aprel aylarında bələdiyə sədri Cəmşid müəllim, həmçinin icra nümayəndəsi Rahil müəllimin torpağı yerində ölçərək haradan-haraya olması barədə ona məlumat verdiklərini, bunu qarşı tərəfə də bildirdiklərini, xəritənin onların özündə olduğunu, ona isə sərhədlər barədə plan-ölçü verilmədiyini, sadəcə şifahi şəkildə torpağın sərhədlərinin ona bildirildiyini, avqust ayının 8-də cavabdehin yeni bir icarə müqaviləsi bağladığını öyrəndiyini, həmin əraziyə bitişik olan əkin sahəsindən yuxarı hissənin özünə, aşağı hissənin isə cavabdehə məxsus olduğunu, əlavə olaraq bələdiyyə ilə başqa bir torpaq sahəsinin icarəsi ilə bağlı əkin məqsədilə müqavilə bağladığını, orada da arpa becərdiyini və bununula bağlı vergi ödəyicisi olduğunu bildirmiş, iddiadan qismən imtinası nəzərə alınmaqla ona dəyən 500 manat maddi ziyanın ödənilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında himayəsində 3 övladının, eləcə də yaşlı anasının olduğunu, 16 il həmin torpağın öz istifadəsində olduğunu, iddiaçının yoldaşı vəfat etdikdən sonra orada heyvanlarını otarmasına icazə verdiyini, iddiaçının heyvanlarının onun əkilmiş taxıl zəmisinin içərisində otladığını, uşaqlarının isə qurduğu çardağı dağıtdıqlarını, qurduğu çardağın öz ərazisində suvardığı yerdə yerləşdiyini həmin 2 hektar torpaq sahəsindən əlavə orada 8 sot torpağın boşda olduğunu, onun həmin hissənin 5 sotunda heyvanlarını otardığını, keçmiş 16 il ərzində torpağın pulunu özü versə də, iddiaçının da orada heyvanlarını otardığını, daha sonra icra hakimi Rasim müəllimin göstərişi ilə həmin torpağın onunla iddiaçı arasında tən yarıdan bölündüyünü, iddiaçının heyvanlarının orada otladığını, bununla bağlı videolar da çəkdiyini, iddiaçının 2 hektar torpağın 1 hektarına yonca, 1 hektarına isə taxıl əkdiyini, özünün hazırda istifadə etdiyi hissə ilə bağlı icarə müqaviləsi bağlamadığını, 2022-2023-cü illərdə yenə də qarşı tərəflə birlikdə oradan istifadə etdiklərini, daha sonra bələdiyyə ilə aralarında problem yarandığını, buna görə iddiaçının Babək Rayon İcra Hakimiyyətinə müraciət edib, pulunu verib yenidən torpağı icarəyə götürdüyünü, icarə haqqını da iddiaçının ödədiyini, özünün isə heyvanını kənarda qalan 8 sot torpaq sahəsində otardığını, hazırda 4 heyvanının olduğunu, iddiaçının yerində isə heyvan otarmadığını, iddiaçının heyvanlarının özünə məxsus 8 sot əraziyə girməsinə icazə vermədiyini, öz ərazisinin harada başlayıb-bitməsini dəqiq olaraq bilmədiyini, torpaq icarəyə veriləndə ona xəritənin əlavə edilmədiyini, Rasim müəllimin 2024-cü ilin mart ayında torpağı böldükdən sonra heyvanlara yem vermək üçün oraya gübrə verib məhsulu artırdığını, ona “sən keçən il ödəmisən onlar heyvan otarıb, bu il də onlar ödəyib, sən otaracaqsan” dediyini, bu sözə görə özünün həmin 5 sot torpaqda heyvanlarını otardığını, iddiaçının 2 hektar torpağına isə gormədiyini, Bələdiyyə sədri Cəmşid müəllimin isə “oranı 2 yerə böl otar, yarısı sənin, yarısı Şabanındır” dediyini, iddiaçının 2 hektar torpağın icarə pulunu bu il ödədiyini, indi isə 2 hektarla yanaşı qalan 8 sot ərazinin də özünə aid olduğunu dediyini, iddiaçının son 10-15 gündür iş məhkəməyə veriləndən heyvanlarını qəsdən oraya gətirmədiyini, iddiaçının suvardığı yerdə isə hazırda qamışdan başqa heç nə olmadığını, oranın yararsız halda olduğunu bildirmişdir. Cavabdeh yerində müayinə zamanı verdiyi izahatında özünün də həmçinin Babək rayonu Nehrəm bələdiyyəsi ilə 8 sot torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılaşdığını və aralarında yazılı icarə müqaviləsinin bağlandığını bildirmiş, lakin sözügedən müqavilənin iş materiallarına əlavə edilməsinə dair məhkəmənin təklifini qəbul etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 13 noyabr 2023-cü il tarixli, 51 nömrəli “Bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpağın icarəyə verilməsi” haqqında müqavilə ilə müəyyən olunur ki, Babək rayonu Nehrəm bələdiyyəsi tərəfindən İİİ-İV keyfiyyət qrupuna aid torpaqlardan 2.0 ha torpaq sahəsi taxıl əkini məqsədilə 11 ay müddətinə İddiaçı icarəsinə verilmiş, torpağın icarə haqqı bazar məzənnəsi nəzərə alınmaqla suvarılan torpaq sahəsi üçün 80 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı tələbinin əsası kimi cavabdehin onun icarəsinə verilmiş torpaq sahəsindən qanunsuz istifadə etməsinə, onun icarəyə götürdüyü torpaq sahəsindən istifadəsinə maneçilik törətməsinə və bunun nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olduğuna istinad etmişdir. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında vurğulanır ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İddia ərizəsinə əlavə olunmuş iddiaçının tərəfi olduğu obyekti bələdiyyə torpağı olan icarə müqaviləsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 707.1-ci maddəsinə görə icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. Həmçinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublİkasının Qanununun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası, fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri, müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası nəzərdə tutulmalıdır. Məhkəməyə təqdim olunmuş 13 noyabr 2023-cü il tarixli, 51 nömrəli “Bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpağın icarəyə verilməsi” haqqında icarə müqaviləsində icarəyə verilmiş torpaq sahəsinin sərhədlərinə dair məlumatlar nəzərdə tutulmamışdır. Tərəflər, mütəxəssis və icarəyə verən Babək rayonu Nehrəm bələdiyyəsinin sədrinin iştirakı ilə həyata keçirilən yerində müayinə zamanı isə icarəyə verilən bələdiyyə torpağının döngə və sərhəd nöqtələrini müəyyən etmək mümkün olmamış, icarə müqaviləsinin tərəfləri şifahi qaydada torpaq sahəsinin hansı ərazini əhatə etdiyini bildirmişlər. Cavabdeh isə özü ilə Babək rayonu Nehrəm bələdiyyəsi arasında bələdiyyə torpağının icarəyə verilməsi haqqında müqavilənin bağlandığına və yalnız öz ərazisindən istifadə etdiyinə istinad etmiş, sözügedən hal və həmin müqavilədə də sərhədlərin göstərilməməsi yerində müayinə ilə bağlı məhkəmə iclasında iştirak edən Babək rayonu Nehrəm bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur. Belə olan halda isə icarəsinə verilmiş torpaq sahəsinin sərhədləri iddiaçı tərəfindən sübuta yetirilmədən onun icarəsində olan torpaq sahəsinə üçüncü şəxslərin hüquqazidd qaydada daxil olmaqla istifadə etməsi nəticəsində zərərə uğramasına dair iddia sübuta yetirilməmişdir. Həmçinin MM-in 708.3-cü maddəsinə görə icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. MM-in 676.0 və 676.0.3-cü maddəsinə görə isə bütün kirayə müddəti ərzində kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddialarının kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi ilə bağlı məsuliyyət daşıyır. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Sözügedən halda üçüncü şəxslərin iddialarının əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane yaratmaması ilə bağlı məsuliyyəti isə etibarlı icarə müqaviləsi üzrə icarəçi qarşısında icarəyə verən daşıyır. İddiaçı cavabdehin hüquqazidd və təqsirli hərəkət və ya hərəkətsizliyi səbəbindən zərərə uğradığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməməli, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçının ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar