Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-442/2021 12.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “07” sentyabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ona aid cehiz əşyalarının özünü və onların dəyəri olan 3781 manat pulun, 1 ədəd qızıl üzüyünün, o olmadıqda isə onun dəyəri olan 200 manat pulun və evdə qalan 200 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, mən İddiaçı Cavabdeh Əliabbas oğlu ilə 2012-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşuq. Biz rəsmi nikaha daxil olmamışıq. Faktiki nikahımızdan 2 övladımız - 03 fevral 2013-cü il təvəllüdlü X3 və 13 dekabr 2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Eyni zamanda hər iki övladımla bağlı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmışdır. Mən iyun ayının 4-dən cavabdehlə faktiki olaraq ayrı yaşayıram. Mən daha sonra Şahbuz Rayon Məhkəməsinə aliment tələbinə dair iddia qaldırdım. Şahbuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(090)-1 11/2021 nömrəli qətnaməsi ilə bir uşaq üçün 100 manat olmaqla, 2 uşağa görə cəmi 200 manat alimentin cavabdehdən alınıb uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün mənim xeyrimə ödənilməsi qət edilmişdir. Mən gəlin köçərkən apardığım cehiz əşyalarımı cavabdehin özündən tələb etsəm də o, həmin əşyaların verilməsindən imtina etdiyindən mən məcbur qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Həmin cehiz əşyaları 1500 manat dəyərində yataq dəsti (şifoner, 2 tumba, 1 trimo), 750 manat dəyərində “Arçelik” markalı paltaryuyan, 120 manat dəyərində 2 ədəd pilet, 50 manat dəyərində pərdəsi ilə birlikdə pakrıval, 200 manat dəyərində 3 dəst yorğan-döşək, 50 manat dəyərində 6 ədəd balınc, 250 manat dəyərində çamadan (içi dolu geyim əşyaları), 180 manat dəyərində 6 dəst çexol-mələfə, 25 manat dəyərində 5 ədəd tək mələfə, 80 manat dəyərində elektrik sobası, 21 manat dəyərində ləyən (1 kapron, 2 dəmir), 75 manat dəyərində 2 ədəd qazan dəsti, 40 manat dəyərində stol, 3 ədəd stul, 110 manat dəyərində stol və 4 ədəd oturacağı, 240 manat dəyərində 3 ədəd palto, 50 manat dəyərində 1 dəst qranit qazan və 40 manat dəyərində taxt üçün çexol-mələfə dəstindən ibarətdir. Bundan əlavə mən evdə olan 200 manat pulun və 1 ədəd qızıl üzüyümün də alınıb mənə verilməsini istəyirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. 23 sentyabr 2021-ci ildə İddiaçı Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədə Cavabdeh qarşı cehiz əşyaları və əmlak tələbinə dair iddia qaldırdığını, həmin cehiz əşyalarını Cavabdeh evindən tam olaraq götürdüyünü, buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şahbuz” filialı vasitəsi ilə 02 sentyabr 2021-ci il tarixli, 6880 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şahbuz” filialı vasitəsi ilə 02 sentyabr 2021-ci il tarixli, 6880 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-442/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-442/2021
12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver