Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-445/2022 31.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, Ərizəçi şəxsin müəyyən vaxtda vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi 05 sentyabr 2022-ci il tarixdə Babək rayon Məhkəməsinə müraciət edərək, atası X5 20 yanvar 1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq bildirmişdir ki, atam X11 20 yanvar 1985-ci ildə vəfat edib. O Babək rayon Cəhri kənd (indiki qəsəbə) qəbiristanlığında dəfn edilib. Lakin səhlənkarlıq edərək onun ölüm şəhadətnaməsini almamışıq. Ölüm haqqında şəhadətnamənin alınması üçün mən Babək rayon qeydiyyat şöbəsinə müraciət etdim. Oradan mənə X5 ölüm akt qeydinin aşkar olunmaması barədə 04 mart 2021ci il tarixli 02/67 nömrəli arayış verilmişdir. X5 vəfat etməsi və Babək rayon Cəhri qəsəbə qəbiristanlığında dəfn olunması Babək rayon Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 05 aprel 2021-ci il tarixli 1066 nömrəli arayışı və məzarının fotoşəkili ilə təsdiq olunur. Mərhum atam X7 ölüm haqqında şəhadətnamənin verilməsi barədə Babək rayon qeydiyyat şöbəsinə ünvanladığım ərizəmə cavab verilərək ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Babək rayon Mərkəzi X18 şəxsə ünvanladığımız sorğuya cavab verilərək 20 yanvar 1985-ci il tarixdə vəfat etmiş mərhum X5 adına vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin yazılmadığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət arxivinə ünvanladığım ərizəyə cavab olaraq 20 aprel 2021-ci il tarixli 13/440 nömrəli arxiv arayışında bildirilmişdir ki, mərhum X5 ölməsi haqqında arxivdə məlumat mövcud deyil. Bildirirəm ki, məhkəmə tərəfindən mərhum atam X5 ölüm faktının müəyyən olunması və onun əsasında ölüm haqqında şəhadətnamə əldə etməkdə məqsədim mülki qanunvericiliyə uyğun olaraq mərhum anam X12 miras qalmış torpaq sahələrinin, evin sənədləşmə işlərinin aparılmasını, mülklərin vərəsələr arasında bölüşdürülməsini, satılmasını, hədiyyə edilməsini, həmçinin bank əməliyyatlarının aparılmasının təmin edilməsini həyata keçirməkdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məndə mərhum atam X5 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmirəm. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşam. Ərizəçi izahatında atası X5 çöldə suçu olaraq işlədiyini, 1985-ci ilin yanvar ayının əvvəllərində işdə olanda kənd sakinlərindən biri ilə aralarında olan mübahisəyə görə əsəbiləşdiyi üçün kürək nahiyəsində ağrı olduğundan onu X6 apardıqlarını, həmin vaxt 25 yaşı olduğu və bu məsələlərin hamısında yaxından iştirak etdiyi üçün atasının son günlərini yaxşı xatırladığını, atasının 10-15 gün orada qaldığını, səhhətinin yaxşıya doğru getdiyini, lakin daha sonra mədəsində problem olduğundan şübhələndikləri üçün müalicə metodunu dəyişdiklərini və düzgün müalicə aparılmadığından atasının 20 yanvar 1985-ci ildə qəflətən həmin xəstəxanada vəfat etdiyini, onu xəstəxanadan çıxarıb Cəhri kənd qəbiristanlığında dəfn etdiklərini, atasının yas mərasiminin Cəhri kəndində yerləşən evlərində baş tutduğunu, 1 ilə yaxın vaxtdan sonra atasının il mərasiminə qədər qəbir daşını hazırlatdığını, anası X13 isə 19 dekabr 2019-cu il tarixində vəfat etdiyini, ondan miras qalan torpaq sahəsinin və üzərində yerləşən hazırda yaşadığı evin sənədləşmə işlərini həyata keçirməsi üçün atasının ölüm haqqında şəhadətnaməsinə ehtiyac olduğunu bildirdiklərini, bununla bağlı Babək Rayon Qeydiyyat Şöbəsinə müraciət etdiyini, oradan ölüm akt qeydinin aşkar olunmaması barədə 04 mart 2021-ci il tarixli arayış verildiyini və ölümün qeydə alınmadığını bildirdiklərini, ölüm haqqında tibbi şəhadətnaməni əldə etmək üçün Babək Rayon Mərkəzi xəstəxanasına müraciət etdiyini, lakin oradan da atası Ərizəçi ölümü ilə bağlı şəhadətnamə yazılmadığını bildirdiklərini, sorğusu əsasında Dövlət Arxiv İdarəsi tərəfindən də atasının ölümü ilə bağlı hər hansı sənədin mövcud olmadığı ilə bağlı məktub göndərildiyini, məqsədinin anasından qalmış, həmçinin özü, həyat yoldaşı və oğlanlarının paylı mülkiyyətində olan Babək rayonu 0,1694 hektar torpaq sahəsinin sənədləşdirilməsi olduğunu bildirmiş, atasının 20 yanvar 1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Babək rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixli, 05/13-336 nömrəli məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakları olmadan müvafiq qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ölüm faktının müəyyən olunması tələb olunan mərhum X11 ilə babası X8 əmioğlu olduqlarını, ailə münasibətlərinin yaxın olduğunu, 1985-ci ilin əvvəllərində X1 olan problemlərə görə Naxçıvan şəhərində xəstəxanaya yatırdıqlarını, əvvəllər probleminin bel nahiyəsində olan ağrılardan qaynaqlandığını bildirsələr də, 20 yanvar 1985-ci ildə mədə qanaması nəticəsində vəfat etdiyini eşitdiklərini, mərhumun ölüm xəbərini kənd univermağında satıcı işləyərkən aldığını, mərhumu həmin gün yaşadıqları Cəhri kəndinə gətirib kənd qəbiristanlığında dəfn etdiklərini, dəfndə şəxsən iştirak etdiyini, ölümündən sonra 7 gün yas mərasimi müddətində və 40 mərasimində iştirak etdiyini, həmin vaxt qadınlar üçün mərhumun öz evində, kişilər üçün isə X3 həyətində qurulan çadırda mərasimin təşkil olunduğunu, Yunis kişinin vəfatının bir ilinin tamamlanmasına az qalmış qəbir daşının qoyulması zamanı da mərhumun yaxınlarına kömək etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində mərhum X11 ilə sağlığında yaxın qonşu olduqlarını, 1985-ci ilin yanvar ayının əvvəllərində onun xəstəxanaya yerləşdirildiyini, yanvar ayının 20-də isə vəfat etdiyini eşitdiklərini, həmin gün mərhumu xəstəxanadan yaşadığı Cəhri kəndinə gətirib Cəhri kənd qəbiristanlığında dəfn etdiklərini, yas mərasiminin kişilər üçün qonşu X3 həyətində qurulan çadırda, qadınlar üçün isə öz evində təşkil olunduğunu, 7 gün yas mərasimi, həmçinin qırx və il mərasimində iştirak etdiklərini, həmin ərəfədə mərhumun qəbrini ziyarət etdiyini bildirmişdir. Məhkəmə ərizəyə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə sözügedən hallara qiymət verilməsi ilə bağlı mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sübutlara istinad etmişdir: - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X11 ilə X22 04 mart 1957-ci il tarixində nikaha daxil olmuşdur. - Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X22 09 dekabr 2020-ci ildə Babək rayon Cəhri qəsəbəsində vəfat etmişdir. - Babək rayon Cəhri qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli, 1399 nömrəli arayışdan məlum olur ki, xx.xx.2020-ci ildə vəfat etmiş X13 aşağıda adları göstərilən vərəsələri vardır.
1. X14- qızı, xx.xx.1958
2. Ərizəçi - oğlu, xx.xx.1960 - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-ci ildə Naxçıvan rayonu Cəhri kəndində doğulmuşdur, ata adı X11, ana adı isə X9 qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan Babək rayonu, Cəhri qəsəbəsində yerləşən 0.1649 ha yaşayış məntəqəsi torpağının xüsusi mülkiyyət hüququ əsasında X20, Ərizəçi, X15, X19 və X16 məxsus olduğu müəyyən olunur. - Babək rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 6 nömrəli məktubundan aydın olur ki, Ərizəçi mərhum X12 miras qalmış paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair Babək Rayon Notariat Ofisinə müraciət etmiş, X5 ölüm haqqında şəhadətnaməsi təqdim olunmadığından miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xahişi təmin olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, mərhum X13 birinci növbə vərəsələri sırasında Ərizəçi da olmuşdur və faktın təsdiq olunması müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 07 sentyabr 2021-ci il tarixli 160 nömrəli cavab məktubundan məlum olur ki, Babək rayonu Cəhri qəsəbə sakini X5 1985-ci ildə vəfat etməsi və ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə əlaqədar "Babək Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin arxivində heç bir məlumat yoxdur. - Babək Rayon Mərkəzi X18 Şəxsinin arayışından aydın olur ki, 20 yanvar 1985-ci ildə Babək Rayonunun Cəhri kəndində vəfat etmiş və dəfn olunmuş Babək rayonu Cəhri qəsəbə sakini X5 ölümü haqqında tibbi sənəd almaq üçün Babək Rayon Mərkəzi Xəstəxanasına müraciət olunmadığından X5 ölümü xəstəxana tərəfindən qeydə alınmayıb. - Naxçıvan Muxtar Respublikası Dövlət arxivi tərəfindən xx.xx.2021-ci il tarixli arxiv arayışından belə məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət arxivində mərhum X5 ölməsi haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışından müəyyən olunur ki, X5 ölümünün müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin X4 arxivi və X4 avtomatlaşdırılmış elektron informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 ölümü barədə heç bir məlumat tapılmamışdır. - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 248 nömrəli Forma № 14-dən məlum olur ki, X4 X2 sistemi üzrə 1985- 1989-cu illər üzrə aparılmış yoxlamanın nəticəsi olaraq Babək rayon Qeydiyyat Şöbəsində və Babək rayon Qeydiyyat şöbəsinin arxivində X5 ölüm akt qeydi tapılmamışdır. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri mümkündür. Belə ki, şəxsin məhz xəstəxanada vəfat etməsinə baxmayaraq onun ölümü qeyd alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Məhkəmə son olaraq mərhum X5 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmamasının araşdırılması ilə bağlı məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlara istinad edir: - Babək rayon Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli 571 nömrəli arayışdan aydın olur ki, Babək rayon Cəhri kəndində yaşamış X11 1985-cı ildə vəfat etmiş və 1 nömrəli tam orta məktəbin yanındakı qəbiristanlıqda dəfn edilmişdir. - Məzar daşının şəkillərinin üzərində “X11 – 1937 – 1985” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması gedişində iş üzrə toplanmış yazılı sübutlar və şahid ifadələri ilə yanaşı yoxlanılıb qiymətləndirilmiş ərizəçinin izahatı, həmçinin hərtərəfli tədqiq olunmuş yazılı sübutlar və şahid ifadələri əsasında müəyyən olunmuşdur ki, X11 20 yanvar 1985-ci ildə vəfat etmişdir. Həmçinin məhkəmə araşdırması gedişində faktın təsdiq olunmasını istisna edəcək heç bir hala rast gəlinməmiş, mübahisənin olmadığı müəyyən olunmuşdur. Məhkəmə qanunvericiliyin mülki işə baxılmasını tələblə, həmin tələbi müəyyən edən hallarla və həmin halları təsdiq edən sübutlarla məhdudlaşdırdığını nəzərə alaraq belə hesab edir ki, ərizə təmin olunmalı, X5 20 yanvar 1985-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalı, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız ərizəçinin təqdim etdiyi sübutları araşdırmış və onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmışdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
Ərizə təmin edilsin. X5 20 yanvar 1985-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.