Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-458/2025 28.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı Sadiq qızı, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə və cavabdeh X11 iştirakı ilə, İddiaçı Sadiq qızının X14 qarşı birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Sadiq qızı 03 iyul 2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, 24 saylı Notariat Kontorunun 14 mart 2014-cü il tarixli, 40-139 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh X11 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/237 saylı sahədə yerləşən 0.0400 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş evin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə üzərində ½ pay hüququnun müəyyən olunması, birgə nikah dövründə əldə olunmuş ev əşyalarının dəyəri olan 4110 (dörd min bir yüz on) manatın yarısı olan 2055 (iki min əlli beş) manatın və cehiz əşyalarının və yaxud dəyəri olan 5567 (beş min beş yüz altmış yeddi) manat pul vəsaiti, 100 manat mediasiya xərci və 97 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh X17 ilə 02 dekabr 2009-cu il tarixdə Babək rayon Gərməçataq kənd İƏD-İ üzrə nümayəndəliyində nikahımızı rəsmiləşdirib ailə qurmuşuq və bizim həmin nikahdan üç nəfər övladımız doğulmuşdur. Lakin müəyyən səbəblərdən mənim iddiam əsasında aramızda olan nikah Babək Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(079)-18/2025 №-li qətnaməsi ilə pozulmuş və birgə nikahımızdan doğulmuş hər üç nəfər övladım mənim yanımda saxlanılmışdır. Biz ailə qurandan sonra Bakı şəhərində qayınatamın evinə köçdük, lakin orada yaşadığımız müddətdə qaynım bizi yola vermədiyinə görə biz kirayə mənzil tutub evdən çıxdıq. Kirayə yaşadığımız mənzildə qalaqala yəni birgə nikahda olduğumuz müddətdə Bakı şəhəri, 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 14 mart 2014-cü il tarixli, 4Ə-139 reyestr nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən cavabdeh X11 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 5/237 saylı sahənin bir hissəsində 0.0400 ha həyətyanı torpaq sahəsi alıb, adına rəsmiləşdirərək (hal-hazırda da mülkiyyətindədir) üzərində bir mərtəbəli, 3 otaq, 1 salon və sanitar qovşaqdan ibarət ev tikib, təmir etdirərək həmin evə köçüb ayrıldığımız bir günə kimi mən hər üç övladımla birlikdə orada yaşadıq. Cavabdeh N.Quliyev birgə nikah dövründə əldə eldiyimiz ev əşyalarını və valideynlərim tərəfindən mənə verilmiş cehiz əşyalarını mənimsəyib, istədiyi kimi istifadə etməklə mənim həmin əmlaklar üzərində mülkiyyət hüququmu pozur, nə birgə nikah müddətində əldə etdiyimiz əmlaklardan mənə çatacaq payı və ya onun dəyərini, nə də ki, cehiz əşyalarımı mənimsəyərək qaytarmaq istəyir. X3 Təşkilatına "cehiz əşyalarının qaytarılması " və "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə bağlı müraciətlər edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyalarında iştirak etmədiyindən heç bir müsbət nəticə alınmadığı üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Hesab edirəm ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. Cehiz əşyalarının siyahısı və dəyəri aşağıdakı kimidir: 3 dəst uşaq yorğan-döşəyi - 180 manat, 6 dəst yorğan-döşək - 400 manat, 1 ədəd paltaryuyan maşın - 160 manat, 1 ədəd mebel dəsti - 1600 manat, 1 ədəd tozsoran - 50 manat, 1 ədəd taxt yatağı - 200 manat, 2 ədəd tək nəfərlik uşaq yatağı - 300 manat, 6 ədəd xalça (5 İran + 1 əl xalçası - 600 manat, 1 ədəd ətçəkən maşın - 60 manat, 1 ədəd böyük qazan - 35 manat, 1 ədəd çini-şirli ləyən - 25 manat, 2 ədəd qazan dəsti 120 manat, 2 ədəd qaşıq dəsti - 50 manat, 2 ədəd nahar servisi - 150 manat, 4 ədəd çaydan-çaynik - 35 manat, 1 ədəd elektrik samovarı - 60 manat, 1 ədəd tikiş maşını - 100 manat, 3 çeşiddə Boşqab dəsti- 108 manat, 1 ədəd Mətbəx naboru - 50 manat, 3 ədəd güldan 15x3 - 45 manat, 1 ədəd divar saatı - 50 manat, 6 ədəd podnos - 35 manat, 1 ədəd şirli vedrə - 20 manat, 2 ədəd çamadan — 30 manat, 1 ədəd divan örtüyü - 50 manat, 2 ədəd yataq örtüyü - 150 manat, 6 ədəd pilet - 250 manat, 4 ədəd pərdə - 250 manat, 12 ədəd dəst yorğan-döşək üzü - 144 manat, 1 ədəd ütü - 30 manat, 1 ədəd çilçıraq - 100 manat, 1 ədəd ütü stolu - 30 manat, cəmi dəyəri 5567 (beş min beş yüz altmış yeddi) manat təşkil edir. Birgə nikah dövründə əldə olunmuş (əmlakın) ev əşyalarının siyahısı və dəyəri aşağıdakı kimidir: 1 ədəd soyuducu -1600 manat, 1 ədəd paltaryuyan (arçelik markalı) - 800 manat, 1 ədəd stol-stul dəsti - 600 manat, 1 ədəd televizor - 350 manat, 1 ədəd televizor altlığı - 100 manat, 1 ədəd sok maşını - 55 manat, 1 ədəd kofe maşını - 25 manat, 1 ədəd məkə partladan - 25 manat, 1 ədəd qazan dəsti - 50 manat, 1 ədəd servis dəsti - 40 manat, 1 ədəd şirli vedrə - 20 manat, 1 ədəd tozsoran - 35 manat, 1 ədəd mətbəx pərdəsi - 60 manat, 2 ədəd kalyaska - 350 manat, cəmi dəyəri 4110 (dörd min bir yüz on bir) manat təşkil edir. 03 oktyabr 2025-ci il tarixdə iddiaçı vəkil-nümayəndəsi Nümayəndə vasitəsi ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini cehiz əşyalarının qaytarılması və birgə nikah dövründə əldə olunmuş (əmlak) ev içi əşyalarının bölünməsi ilə bağlı hissədə azaltdığını, işə Bakı şəhəri, 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 14 mart 2014-cü il tarixli, 4Ə-139 reyestr nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən cavabdeh X11 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 5/237 saylı sahənin bir hissəsində 0.0400 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş bir mərtəbəli, 3 otaq, 1 salon və sanitar qovşaqdan ibarət olan evin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə ½ pay hüququnun müəyyən olunması həddində baxılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçının vəkil-nümayəndəsi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək mülki işə X11 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 5/237 saylı sahənin bir hissəsində yerləşən 0.0400 ha həyətyanı torpaq sahəsinin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə ½ pay hüququnun müəyyən olunması həddində baxılmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə X11 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 5/237 saylı sahənin bir hissəsində yerləşən 0.0400 ha həyətyanı torpaq sahəsinin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə İddiaçı Sadiq qızının ½ pay hüququnun müəyyən olunması həddində baxılması qərara alınmışdır. İddiaçı Sadiq qızı məhkəmə iclasında verdiyi izahatında cavabdeh ilə 02 dekabr 2009cu ildə nikaha daxil olduqlarını, birgə nikahdan 3 övladlarının dünyaya gəldiyini, 01 mart 2023-cü ildə nikahlarının pozulduğunu, ailə qurduqdan sonra qaynının evində qaldıqlarını, onları yola vermədiklərindən evdən çıxıb bir müddət kirayələrdə yaşadıqlarını, həmin vaxt torpaq sahəsi aldıqlarını və üzərində 3 otaq, 1 salondan ibarət bir mərtəbəli ev inşa etdiklərini və ayrılanadək həmin evdə yaşadıqlaırını, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.4 hektar torpaq sahəsini təqribən 2013-cü ildə cavabdeh Nəsir Quliyevin adına aldıqlarını, evin isə rəsmi qeydiyyata alınmadığını, torpaq sahəsi üzərində 1 il ərzində ev inşa etdikdən sonra həmin evə köçdüklərini, torpaq sahəsinin kimdən alınmasını bilmədiyini, evli olduqları müddətdə işləmədiyini, uşaqlara baxdığını, cavabdehin isə nikah müddətində Sədərək bazarında satıcı işlədiyini, çilçıraq satdığını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, cavabdehin Bakı şəhərinə getdiyi vaxtdan qardaşı Əlövsətin yanında satıcı işlədiyini, daha sonra Əlövsətin Nəsiri işdən çıxardığını və Nəsirin balaca qardaşının yanında işə getdiyini, cavabdehin özünə aid mağazasının olmadığını, amma torpaq sahəsini özünün işləyib aldığını, birgə nikah dövründə cavabdehin 400 manat əmək haqqı aldığını bildirməsinə baxmayaraq 1000 manata yaxın əmək haqqı aldığını, 20 yaşından qardaşının evində qaldığını və kirayə pulu ödəmədiyini, qazandığı pullları ona və ya uşaqlara xərcləmədiyini, qonşuların köhnə paltarlarını onlara verdiklərini, ata evinə gəldikdən sonra övladlarının təzə paltarlar geyindiyini, cavabdehin nə qədər əmək haqqı aldığı və pulu necə yığması barədə ona heç bir məlumat vermədiyini, yalnız illərdir “Pul yığıram, ev tikəm” dediyini, torpaq sahəsini də cavabdehin öz vəsaiti hesabına aldığını, torpaq sahəsinin neçəyə alındığını bilmədiyini, Nəsirin torpaq sahəsinin kimdən aldığını, neçəyə aldığını demədiyini, ümumiyyətlə evdə bu barələrdə danışmadığını bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X17 məhkəmə iclasında verdiyi izahatında iddiaçının bildirdiklərinin şərböhtan olduğunu, torpaq sahəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni sahə adlanan yerdə 2014-cü ildə aldıqlarını, maddi imkanının yaxşı olmadığını, torpaq sahəsinin də qardaşı X15 tərəfindən alındığını və özünə ev alanadək yaşamaq şərtilə onlara verildiyini, hazırda da həmin evdə yaşadığını, qardaşı Əlövsətin xaricdən mal gətirib satdığını, özünün isə lap əvvəldən Sədərək Ticarət mərkəzində satıcı işlədiyini, əvvəl böyük qaraşının, hazırda isə balaca qardaşının yanında işlədiyini, onlara məxsus malları satdığını, qardaşının torpaq sahəsini ona bağışlamadığını, qardaşı ilə aralarında danışıq olduğunu, qardaşının ona “Torpaq sahəsi alıb ev inşa edək, sən qal, nə vaxt ev alarsan evi qaytararsan, yaxud pulu qaytararsan torpaq və ev sənə qalar” dediyini, satıcının pulu bankomata salıb digər tərəfdən götürdüyünü, torpaq sahəsini satan şəxsin pulu əvvəlcədən qardaşından aldığını, alqısatqıda özünün və torpaq sahəsini satan şəxsin iştirak etdiyini, qardaşının iştirak etmədəyini, 1 sotunu 2000-2500 manata Qafar adlı şəxsdən aldığını, torpaq sahəsinin 4 sot olduğunu, həmin şəxsin də buna şahid olduğunu, torpaq sahəsinin Qafarın yoldaşının adına olduğunu, torpaq sahəsini neçəyə aldığını tam xatırlamadığını, çünki qardaşı Əlövsətin aldığını, onun Müqəyyətin ev tələb etdiyini gördüklərindən ailə dağılmasın deyə evi onun adına aldığını, torpaq sahəsinin üzərindəki evin sənədləşdirilmədiyini, yarım-təmirli ev olduğunu, 2 otağı ümumiyyətlə təmir edilmədiyini, torpaq sahəsini alarkən qardaşı ilə aralarında pulu bağışlamasına dair heç bir yazılı razılaşma olmadığını, torpaq sahəsinin birgə nikah dövründə alınmış əmlak kimi bölünməsinə razı olmadığını, birgə nikah dövründə alınsa da öz vəsaiti hesabına alınmadığını, öz hesabına alsaydı bölünməsinə razı olacağını bildirmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Nəsirgillə köhnə kirvə olduqlarını, 2015-ci ildə isə Əlövsətlə yenidən kirvə olduqlarını, 2015-ci ildə Əlövsətin ev tikdirdiyini ona dediyini, həmin evin Mərdəkanda yerləşdiyini, evi Nəsir üçün tikdiklərini, Nəsirin adına torpaq aldığını, 2 mərtəbəli ev tikmək istədiyini dediyini, evin otaqlarının sayını dəqiq bilmədiyini, Nəsirgilin sonra həmin evdə qaldılarını, aralarında heç bir narazılığın olmadığını, sonradan ailə daxili nə olduğunu bilmədiyini, torpaq sahəsinin alqı-satqısında iştirak etmədiyini, amma Əlövsətin torpaq alarkən ondan 3000 manat pul istədiyini, onun da yardım etdiyini, pulu Əlövsətin həmkəndlisinə verdiyini, lakin Əlövsətin pulu kimə verdiyini bilmədiyini, Əlövsətin həmin evin tikintisində çalışan fəhlələrdən birinə yoldaşı əməliyyata girəcəyindən ona pul verdiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən Cavabdeh və İddiaçı Sadiq qızı arasında 02 dekabr 2009-cu il tarixdə nikahın bağlanması, onlar arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə pozulması, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/237 saylı sahədə yerləşən 0.0400 ha həyətyanı torpaq sahəsinin xx.xx.2014-cü il tarixdən cavabdehin mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Belə ki; - Babək Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(079)-18/2023 nömrəli qətnaməsindən Cavabdeh ilə X1 02 dekabr 2009-cu ildə nikaha daxil olması; - Babək Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(079)-18/2023 nömrəli qətnaməsindən Cavabdeh ilə İddiaçı arasında 02 dekabr 2009-cu il tarixdə Babək rayon Gərməçataq kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 07 aprel 2010-cu il təvəllüdlü X8, 09 avqust 2011-ci il təvəllüdlü X9 və 29 dekabr 2020-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalması və uşaqların saxlanılması üçün alimentin müəyyən olunması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 402814 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin nikahına xx.xx.2023-cü il tarixdə xitam verilməsi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-Xİ-330/2-22856/2025 nömrəli məktubdan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/237 saylı sahənin bir hissəsində 0,0400 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-139 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bölgü sxeminə əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçməsi və hazırda cavabdehin mülkiyyətində olması müəyyən olunur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iddiaçının birgə nikah dövründə qazanılmış əmlakdan payın müəyyən olunması tələbinin əsaslı olub-olmamasının araşdırılması ilə bağlı aşağıdakı normaların qeyd olunmasını vacib hesab edir. Hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ərarvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. İddiaçının tələbi ilə bağlı məhkəmə bildirir ki, qeyd edilən əmlak üzərində payların müəyyən olunması üçün ilkin olaraq həmin əmlakın birgə nikah dövründə qazanılıbqazanılmamasına hüquqi aydınlıq gətirilməlidir. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 397.1-ci maddəsinə görə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Alğısatqı müqaviləsinin və əvəzli müqavilənin anlayışından da göründüyü kimi alğı-satqı müqaviləsi əvəzlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/237 saylı sahədə yerləşən 0.04 ha torpaq sahəsinin X11 adına rəsmiləşdirilməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş 14 mart 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən satıcı X2 alıcılar Cavabdeh və X5 ünvan ünvanında yerləşən 0.0545 hektar torpaq sahəsindən 0.04 ha torpaq sahəsini X11 və 0.0145 ha torpaq sahəsini isə X4 mülkiyyətinə verməsi mnüəyyən olunur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı “ 12 ” mart 2024-cü il tarixli qərarının (bundan sonra – “Plenum qərar”ı) 1.4-cü bəndinə görə əmlakın ümumiliyi dedikdə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni rejimə tabe olan ümumi birgə mülkiyyət sayılır (Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələri). Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Plenum qərarının 3.1-3.11-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında ərarvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ərarvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Cavabdeh tərəfindən torpaq sahəsinin alındığı pulun qardaşı tərəfindən ona bağışlandığı iddiası irəli sürülsə də, cavabdeh bu iddiasının sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Plenum qərarının 5.4-cü bəndinə görə “E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarı”nda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ərarvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Həmçinin də, məhkəmə şahidin cavabdeh və onun ailə üzvləri ilə yaxın münasibətlərinin mövcudluğunu əsas gətirərək cavabdeh tərəfin xeyrinə verdiyi ifadəni qeyrimötəbər hesab edir. Bununla da məhkəmə tərəfindən nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılmaması faktı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Plenum qərarının 6.13-cü bəndində göstərilir ki, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının niyyətinin həmçinin pay bölgüsünü aparılması yönündə olması halı müəyyən olunmamış, qarşılıqlı iddia irəli sürülməmişdir. Plenum qərarının 6.18-ci bəndində göstərilir ki, məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında nikah müqaviləsi bağlanmadığından ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminin fəaliyyət göstərməsi, mübahisəli daşınmaz əmlakın tərəflərin birgə nikahı dövründə əvəzli əqd əsasında əldə edilməsi, birgə nikah dövründə qazanılmış əmlakın tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsinə dair ümumi prezumsiyadan fərqli halın müəyyən olunmaması nəzərə alınmaqla mübahisəli əmlak üzərində hüquqi vəziyyətin və pay nisbətinin müəyyən olunması haqqında iddia əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/237 saylı sahədə yerləşən 0.0400 ha həyətyanı torpaq sahəsinin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə İddiaçı Sadiq qızının həmin əmlakın ½ hissəsinə payı müəyyən edilməlidir. Məhkəmə iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 100 manatın alınması tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçının 100 (bir yüz) manat mediasiya xərci ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir və cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/237 saylı sahədə yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə İddiaçı Sadiq qızının həmin əmlakın ½ hissəsinə payı müəyyən edilsin. Cavabdeh X10 100 (bir yüz) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı Sadiq qızına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-458/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-458/2025
28.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver