Məhkəmə qərarları › İş №2(079)-463/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-463/2023

05.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-463/2023 05.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və üzərində payının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 04 avqust 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu, Qahab kəndində yerləşən 0.2855 hektar yaşayış məntəqəsi torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində yerləşən 155,08 kvadrat metr yaşayış evinin, 0.71 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpağının, “YMZ-6L”markalı, Az85-T-205 dövlət qeydiyyat nişanlı traktorun və **-BD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2101”markalı avtomobilin birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla, əmlaklarda paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 08 yanvar 1987-ci il tarixində rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuşam. Bizim birgə nikahımızdan iki övladımız dünyaya gəlmişdir. Bizim birgə nikahımıza Babək Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(079)-117/2020 nömrəli qətnaməsi ilə xitam verilmişdir. Birgə nikahda olarkən Babək rayonu, Qahab kəndində 0.2855 hektar torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 155,08 kvadrat metr yaşayış evi, “YMZ-6L”markalı, Az85-T-205 dövlət qeydiyyat nişanlı traktor və **-BD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2101”markalı avtomobili, Babək rayonu, Qahab kəndində 0.71 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpağını əldə etmişik. Həmin əmlaklar cavabdehlə mənim nikahda olduğumuz dövrdə əldə olunduğundan birgə nikah dövründə əldə olunmuş mülkiyyət hesab olunmaqla paylarımız müəyyən olunmalıdır. Bununla bağlı mediasiyaya müraciət etsəm də orada tələbim həllini tapmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Gələcəkdə qəbul ediləcək məhkəmə aktı X4 və X3 hüquq və vəzifələrinə toxunma ehtimalı olduğundan 31 avqust 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında onlar cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdi. Mülki iş üzrə 21 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi ilə məhkəməyə müraciət edərək, mübahisəni məhkəmədən kənar qaydada həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişdi: - JN seriyalı 389 saylı, 10306018 kod nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh, İddiaçı, X4 və X3 ümumi mülkiyyətinə olan, Babək rayonu, Qahab kəndində yerləşən 0,71 hektar kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə verilmiş torpaq sahəsi üzrə hər birimizin payının ¼ hissə müəyyən edilməsinə razılaşırıq; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 31 may 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan, Babək rayonu, Qahab kəndində yerləşən sahəsi 0.2855 hektar olan yaşayış məntəqəsi torpaq sahəsi və onun üzərində yerləşən 155,08 kvadrat metr yaşayış evini Cavabdeh İddiaçı mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi öhdəsinə götürür; - Babək rayonu, Qahab kəndində yerləşən sahəsi 0,71 hektar olan kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə verilmiş torpaq sahəsi üzrə Cavabdeh özünə məxsus olan ¼ hissə payını İddiaçı mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi üzərinə götürür; - “YMZ-6L”markalı, Az85-T-205 dövlət qeydiyyat nişanlı traktorun Cavabdeh ilə İddiaçı birgə mülkiyyətində olması və hər birinin payının bərabər olması barədə razılığa gəlirik. İddiaçı “YMZ-6L”markalı, Az85-T-205 dövlət qeydiyyat nişanlı traktor üzrə özünə düşən payını (1/2 hissəni) Cavabdeh mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi öhdəsinə götürür: - **-BD-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2101”markalı avtomobilin Cavabdeh ilə İddiaçı birgə mülkiyyətində olması və hər birinin payının bərabər olması barədə razılığa gəlirik. İddiaçı həmin nəqliyyat vasitəsi üzrə özünə düşən payını (1/2 hissəni) Cavabdeh mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi öhdəsinə götürür. - Həmçinin İddiaçı və Cavabdeh öhdəsinə götürür ki, birgə nikah dövründə qazandıqları əmlaklarla bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb irəli sürməyəcək. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. Cavabdeh 21 sentyabr 2023-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhərində yaşadığından məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Məhkəmə iş üzrə tərəflərin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin imzalayaraq məhkəməyə təqdim etdiyi barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 213.1 – 213.3-cü və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; - 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; - 215.5 və 215.6-cı maddələrində qeyd edilir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir; - 221-ci maddəsinin tələbinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər; - 222.2-ci maddəsində göstərilir ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.2-ci maddəsinə görə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbini nəzərə alan məhkəmə qeyd edir ki, tərəflər və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər arasında bağlanan barışıq sazişində hər hansı qanuna zidd hal müəyyən edilmir. Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və üzərində payının müəyyən olunması tələbinə dair mülki iş üzrə işdə iştirak edən şəxslər (tərəflər və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. JN seriyalı 389 saylı, 10306018 kod nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh, İddiaçı, X4 və X3 ümumi mülkiyyətinə olan, Babək rayonu, Qahab kəndində yerləşən 0,71 hektar kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə verilmiş torpaq sahəsi üzrə hər birinin payı ¼ hissə müəyyən edilir.

2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 31 may 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan, Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.2855 hektar olan yaşayış məntəqəsi torpaq sahəsi və onun üzərində yerləşən 155,08 kvadrat metr yaşayış evini Cavabdeh İddiaçı mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi öhdəsinə götürür.

3. Babək rayonu, Qahab kəndində yerləşən sahəsi 0,71 hektar olan kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə verilmiş torpaq sahəsi üzrə Cavabdeh özünə məxsus olan ¼ hissə payını İddiaçı mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi üzərinə götürür.

4. “YMZ-6L”markalı, Az85-T-205 dövlət qeydiyyat nişanlı traktor Cavabdeh ilə İddiaçı birgə mülkiyyətində olmaqla hər birinin payının bərabər (1/2 hissə) sayılır. İddiaçı “YMZ- 6L”markalı, Az85-T-205 dövlət qeydiyyat nişanlı traktor üzrə özünə düşən payını (1/2 hissəni) Cavabdeh mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi öhdəsinə götürür.

5. **-BD-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2101”markalı avtomobil Cavabdeh ilə İddiaçı birgə mülkiyyəti hesab edilməklə hər birinin payı (1/2 hissə) bərabər sayılır. İddiaçı həmin nəqliyyat vasitəsi üzrə özünə düşən payını (1/2 hissəni) Cavabdeh mülkiyyətinə verməsini və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş hərəkələri etməyi öhdəsinə götürür.

6. İddiaçı və Cavabdeh öhdəsinə götürür ki, birgə nikah dövründə qazandıqları əmlaklarla bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb irəli sürməyəcək. İddiaçı Cavabdeh qarşı əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və üzərində payının müəyyən olunması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar