Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-504/2023 31.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “28” avqust 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat dəyərində “Samsung Galaxy J8” markalı telefonu, yaxud onun dəyərinin, 2000 (iki min) manat pulun və məhkəmə məsrəfi olan 250 (iki yüz əlli) manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 2010-cu ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Babək Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi ilə aramızda bağlanmış nikah pozulmuşdur. Nikahımız pozulduqdan sonra cavabdehdən mənə aid əmlaklarımı tələb etdim. O, cehiz əşyalarımdan başqa nə qızılzinət əşyalarımı, nə də birgə nikah dövründə əldə etdiyimiz əmlakları qaytarmasa da, həmin əmlakları tələb etmirəm. Lakin cavabdehdə qalmış qardaşım tərəfindən mənə alınan 400 manat dəyərində “Samsung Galaxy J8” markalı telefon və 2000 manat pulu Cavabdeh tələb edirəm. Qeyd etmək istəyirəm ki, 30 may 2023-cü ildə nikahın pozulmasına dair işə baxılarkən Cavabdeh məhkəmədə verdiyi izahatında həqiqətən mənə aid telefonun və pulun məbləğini qəsdən azaldaraq 1600 manat pulun onda olmasını bildirmişdir. Mənə aid telefon və pulu Vəlidən tələb etsəm də, qəti olaraq verməyəcəyini bildirdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Buna görə də Cavabdeh mənə məxsus 400 manat dəyərində Samsung Galaxy J8 markalı telefonu, yaxud onun dəyərinin, 2000 manat pulun və bu proseslə bağlı 250 manat vəkillə ödədiyim pulun cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil “29” sentyabr 2023-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsində İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclasının 31 oktyabr 2023-cü il tarixə təyin edildiyini, cavabdeh tərəfindən tələbə qarşı ödənilən 1600 manat pul və “Samsung Galaxy J8” markalı telefonun onlara verildiyini, məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçının nümayəndəsinin tələbindən imtina etməsi barədə ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. İddiadan imtina barədə ərizəni iddiaçının vəkili-nümayəndəsi təqdim etdiyindən, yəni ərizəni o, imzaladığından məhkəmə qeyd edir ki, İddiaçı verdiyi AR-İİ seriyalı, 837951 nömrəli, 23 iyul 2023-cü il tarixli etibarnamədən sonuncunun iddiaçının adından iddia tələbindən imtina etmək səlahiyyətinə malik olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə “18” avqust 2023-cü il tarixli, 28897 nömrəli (GPP nömrəsi **********) qəbzlə ödədiyi 40 (qırx) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə “18” avqust 2023-cü il tarixli, 28897 nömrəli (GPP nömrəsi **********) qəbzlə ödədiyi 40 (qırx) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə həmçinin izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-504/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-504/2023
31.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver