Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-56/2025 16.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 29 noyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə olunmuş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə 1/2 pay hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 10 oktyabr 2007-ci ildə Babək rayon Cəhri kənd İƏD üzrə İcra Nümayəndəliyində nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız olmuşdur. Babək Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahımız pozulmuşdur. Birgə nikah dövründə mənim kreditlə götürdüyüm pul hesabına ünvan 1 ünvanında 0,02 ha. torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 29.11 kv.m yaşayış, 1987 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini DƏ və TMÜDX Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışıq. Daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən hər ikimizin payımız vardır. Bu səbəbdən də ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakda ½ pay hüququmun müəyyən olunmasını istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halların siyahısı olaraq nikahın bağlanması və pozulması haqqında şəhadətnamənin surətlərini, Babək Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsinin surətini və Daşınmaz Əmlakın Dövlər Reyestrindən Çıxarışın surətini və mediasiya arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki, iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin olunmasını məhkəmədən xahiş edirəm. Həmçinin bildirirəm ki, ”Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 14 noyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında cavabdeh iştirak etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə 2007-ci ildə nikaha daxil olduğunu, nişanlı olduqları dövrdə təxminən 4000 dollara torpaq sahəsi alındığını, rəsmi nikaha daxil olduqdan sonra 2008-ci ildə həmin torpaqda 1 otaqlı ev tikib oraya köçdüklərini, həmin vaxtdan da orada yaşadıqlarını, ailə quranda artıq işlədiyini və gəlir əldə etdiyini, evlilik müddətində isə davamlı işləyib gəlir əldə etdiyini, qazancını ancaq evin ehtiyaclarına sərf etdiyini, ailə qurduqdan sonra ilk 3 il əmək haqqı kartının yoldaşında olduğunu, evin ərzaq və s. ehtiyaclarının onunla qarşılandığını, cavabdehin il ərzində cəmi 3-4 ay evlərdə usta olaraq işləyib, qazandığını da öz xərclərinə sərf etdiyini, evin birgə nikah dövründə cavabdehin adına rəsmiləşdirildiyini, həmin evin yarım təmirli vəziyyətdə olduğunu, yataq otağı, salon, mətbəx, hamam və sanitar qovşaqdan ibarət olduğunu, digər otaqların isə təmirsiz olduğunu, evin təmirində qayınanasının da köməklik etdiyini, bankdan kredit götürüb pulu evə xərclədiyini, pensiya kartının onlarda olduğunu, özünün də bankdan evi düzəltdirmək üçün pul götürdüyünü, daha sonra cavabdehin öz anasından 3000 manat pul alıb onların evindən qeydiyyatdan çıxdığını, evin bütün xərclərini özü və qaynanasının çəkdiyini, indi də öz payına düşən hissənin adına rəsmiləşdirilməsini istədiyini, evin yaşanılacaq vəziyyətdə olmadığını, amma hansı hissədən pay düşməsinin elə də əhəmiyyəti olmadığını, payın müəyyən olunub rəsmiləşdirilməsindən sonra özünə düşən payda uşaqları üçün şərait qurmaq istədiyini, 2011-ci ildə əmlakın cavabdehin adına rəsmiləşdirildiyini, nikahlarının 2024-cü ildə məhkəmə qaydasında pozulduğunu, son 4-5 ildə münasibətlərinin pozulduğunu, lakin aralarında ər-arvad münasibətləri pozulsa da birgə təsərrüfat aparıb bir evdə yaşadıqlarını, cavabdehin mediasiya sessiyasında iştirak etmədiyini, hazırda isə Gürcüstanda olduğunu bildirmiş, payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki iş materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 10 oktyabr 2007-ci il tarixdə nikahın bağlanması, onlar arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə pozulması, mübahisə predmeti olan ünvan 1 daşınmaz əmlakın cavabdehin mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilən faktlar mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: - Babək rayon Cəhri kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilən 10 oktyabr 2007-ci il tarixli, AZ-İ seriyalı, 257301 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı və Cavabdeh arasında 10 oktyabr 2007-ci il tarixdə nikahın bağlanması, bunun akt qeydləri kitabında 45 nömrə ilə qeydə alınması və nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını seçməsi; - Babək Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsinin surətindən X3 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Babək rayon Cəhri kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 22 avqust 2008-ci il təvəllüdlü X5 və 25 may 2014-cü il təvəllüdlü X1 anası X2 yanında qalması və uşaqların saxlanılması üçün alimentin müəyyən olunması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 23 sentyabr 2011-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan ünvan 1 ünvanında yerləşən, 29.11 kvadrat metr yaşayış və 19.87 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olması; Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iddiaçının birgə nikah dövründə qazanılmış əmlakdan payın müəyyən olunması tələbinin əsaslı olub-olmamasının araşdırılması ilə bağlı aşağıdakı normaların qeyd olunmasını vacib hesab edir. Hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ərarvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. İddiaçının tələbi ilə bağlı məhkəmə bildirir ki, qeyd edilən əmlak üzərində payların müəyyən olunması üçün ilkin olaraq həmin əmlakın birgə nikah dövründə qazanılıbqazanılmamasına hüquqi aydınlıq gətirilməlidir. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 397.1-ci maddəsinə görə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Alğısatqı müqaviləsinin və əvəzli müqavilənin anlayışından da göründüyü kimi alğı-satqı müqaviləsi əvəzlidir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Naxçıvan şəhər 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4/Ə-1-301 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə alınması müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı “ 12 ” mart 2024-cü il tarixli qərarının (bundan sonra – “Plenum qərar”ı) 1.4-cü bəndinə görə əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ərarvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni rejimə tabe olan ümumi birgə mülkiyyət sayılır (Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələri). Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Plenum qərarının 3.1-3.11-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ərarvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılmaması faktı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Plenum qərarının 6.13-cü bəndində göstərilir ki, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının niyyətinin həmçinin pay bölgüsünü aparılması yönündə olması halı müəyyən olunmamış, qarşılıqlı iddia irəli sürülməmişdir. Plenum qərarının 6.18-ci bəndində göstərilir ki, məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında nikah müqaviləsi bağlanmadığından ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminin fəaliyyət göstərməsi, mübahisəli daşınmaz əmlakın tərəflərin birgə nikahı dövründə əvəzli əqd əsasında əldə edilməsi, birgə nikah dövründə qazanılmış əmlakın tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsinə dair ümumi prezumsiyadan fərqli halın müəyyən olunmaması nəzərə alınmaqla mübahisəli əmlak üzərində hüquqi vəziyyətin və pay nisbətinin müəyyən olunması haqqında iddia əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanında yerləşən, 29.11 kvadrat metr yaşayış və 19.87 kvadrat metr köməkçi sahədən ibarət daşınmaz əmlak birgə nikah dövründə qazanılmış hesab edilməklə İddiaçı həmin əmlakın ½ hissəsinə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsində yerləşən, 29.11 kvadrat metr yaşayış və 19.87 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə qazanılmış hesab olunmaqla İddiaçı həmin daşınmaz əmlakın ½ hissəsinə payı müəyyən edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-56/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-56/2025
16.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver