Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-672/2025 17.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə1 və mütəxəssis X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkil-nümayəndəsi vasitəsilə xx.xx.2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məxsus qızıl-zinət əşyaları olan 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl üzük (Pandora) və 1 dəst-qızıl sırğa, üzük, boyunbağı və qolbağın naturada qaytarılması və yaxud dəyəri olan 6800 (altı min səkkiz yüz) manat pulun və ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı X5 ilə Cavabdeh 11 mart 2022ci il tarixdə, Babək rayon Qeydiyyat şöbəsində 33 nömrəli qeydlə nikaha daxil olub ailə qurublar. Tərəflər arasında olan nikah Babək rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ailədə söz-söhbət yaranmış, cavabdeh və onun ailəsi iddiaçıya təzyiq göstərmiş və nikah pozulmazdan əvvəl 2024-cü ilin sentyabr ayında iddiaçı evi tərk edib Bakı şəhərinə ailəsinin yanına getmişdir. İddiaçı ona məxsus sənədləri və azyaşlı uşağını götürüb evi tərk etmişdir. Hətta cavabdeh nikahın pozulması tələbi ilə Babək rayon Məhkəməsinə müraciət edərkən iddia ərizəsində cavabdehin evi tərk edib Bakı şəhərinə gedən zaman ona məxsus sənədlərini və 2 yaşlı övladını özü ilə apardığını qeyd etmişdir. Nikaha daxil olmazdan əvvəl və keçirilən nişan mərasimi zamanı iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehə məxsus ünvanda qalmışdır ki, cavabdeh tərəf iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılmasından imtina edir. İddiaçı bu barədə dəfələrlə cavabdehə bu barədə müraciət etsə də nəticəsiz qalmışdır. Hətta tərəflər arasında buna sübut olaraq yazışmalar da mövcuddur. İddiaçıya məxsus qızılzinət əşyalarım aşağıdakılardır: 1 ədəd qızıl nişan üzüyü 4 q-2500 manat, 1 ədəd qızıl üzük (Pandora) 4.54 q-500 manat və 1 dəst qızıl sırğa, üzük, boyunbağı və qolbaq 18.10 q-3800 manat. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onları iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Hesab edirəm ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən qaytarılmalıdır. İddiaçıya məxsus qızılzinət əşyaların qaytarılması tələbi ilə bağlı X1 müraciət olunmuş, Cavabdeh ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin razılaşma olmadığından mediasiya prosesi davam etdirilməmişdir. Bununla əlaqədar müvafiq arayış alınaraq iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ailə kimi 2 il birlikdə Babək şəhərində cavabdehin atasına məxsus evdə onun valideynləri ilə birlikdə yaşadıqlarını, onlara müdaxilə olunduğundan aralarında tez-tez problemlərin yarandığını, sonuncu dəfə evdən çıxan gündən 1 gün əvvəl aralarında mübahisə yarandığını və cavabdehin “atana de gəlib səni aparsın” dediyini, telefonunun 2 gün əvvəl əlindən alındığını, səhəri gün babasının saat 9-a qalmış gəlib onu evdən apardığını, ona aid olan qızılların isə cavabdehdə qaldığını, evdən çıxanda qızı və özünün şəxsiyyət vəsiqələrini, qızının doğum haqqında şəhadətnaməsini götürüb evdən çıxdığını, heç bir qızıl götürmədiyini, ona hədiyyə verilən komplekt dəsti (qızıl sırğa, üzük, boyunbağı, qolbaq), 1 pandora üzüyü və 1 nişan üzüyünü tələb etdiyini, cehiz əşyalarını 2025-ci ilin yay ayında atası ilə gəlib cavabdehin razılığı ilə götürdüyünü, amma həmin vaxt qızılların mücrüdə olmadığını gördüyünü, əslində qızılların evlilik dövründə cavabdehin valideynlərinin otağında şkafda saxlanıldığını, açarın isə ya cavabdehin özündə və ya da atasında olduğunu, lazım olanda isə ona taxmaq üçün verildiyini, mücrünün isə öz otaqlarında olduğunu və ayrıldıqları ərəfədə komplektin həmin mücrünün içində olduğunu, ayrılan ərəfədə cavabdehin qızılları mücrünün içindən götürüb “bizimki bizdə, sizinki sizdə” dediyini və cavabdehə aldıqları nişan üzüyünü ona qaytardığını, lakin həmin üzüyün də orada düşüb itdiyini, nişan mərasiminin 11 yanvar 2022-ci ildə olduğunu, 3 ay nişanlı qaldıqlarını, nişan mərasiminin Bakı şəhərində şadlıq evində keçirildiyini, həmin mərasimdə ona 1 ədəd qızıl nişan üzüyünün bağışlandığını, həmin üzüyü cavabdeh, onun anası, bacısı, bacısının yoldaşı və özü birlikdə Bakıda Laçın Ticarət Mərkəzindən 2500 manata aldıqlarını, həmin üzüyü evdə mücrünün içinə qoyduğunu, pandora üzük və komplektin isə həmişə cavabdehin valideynlərinin otağındakı şkafda saxlanıldığını, nişan üzüyünün isə həmişə özündə olduğunu, evdən ayrılan zaman nişan üzüyünü belə götürə bilmədiyini, çünki cavabdehin ondan qabaq həmin üzüyü götürdüyünü, qızının paltarlarını götürən zaman cavabdehin otaqda olduğunu və elə həmin vaxt qızılları da mücrüdən götürdüyünü, həmin vaxt artıq mübahisənin başladığını və evdən çıxmağa hazırlaşdığını, ailə qurduqdan sonra ilk dəfə ata evinə Bakıya qonaq gedəndə pandora üzüyü cavabdehin ona 500 manata hədiyyə aldığını, üzüyü özünün seçdiyini, sırğa, boyunbağı, bilərzik və üzükdən ibarət komplektin isə 16 mart 2022-ci ildə qız toyunda taxıldığını, qız toyunun Naxçıvan şəhərində olduğunu və həmin ağ qızıl dəstin 3800 manata alındığını, həmin dəsti sonuncu dəfə nə vaxt taxdığını dəqiq xatırlamadığını, iddia ərizəsinə əlavə edilən 1 nömrəli fotoşəkildə sol barmağında görünən üzüyün iddia ərizəsində qeyd etdiyi nişan üzüyü olduğunu, həmin nişan üzüyünün isə brilyant olduğunu, 2 nömrəli fotoşəkildə olan boyunbağı, sırğa və üzüyün iddia ərizəsində qeyd etdiyi komplektə aid olduğunu, pandora üzüyün görüntüsünün telefonda olduğunu, lakin həmin telefonun cavabdehdə qalması səbəbindən fotoşəkli təqdim edə bilmədiyini qeyd etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının 18 sentyabr 2024-cü ildə evdən çıxan zaman evdə özü, mərhum anası və atasının olduğunu, həmin gündən bir gün əvvəl iddiaçının ondan xəbərsiz bacısının baldızı qızına “Sunayın pulu olmadığına görə mənim hazırlıq pulumu vermir” deyib ondan 100 manat pul istədiyinə görə evdə mübahisə yarandığını, ondan qabaq da iddiaçının oğurluq etməsinə görə aralarında mübahisə olduğunu, iddiaçının oğurluq faktına görə polisə dəvət edildiyini, bundan sonra nikahın pozulması barədə iddia qaldırdığını, oğurluq edən birinin heç vaxt qiymətli əşyalarını qoyub getməyəcəyini, iddiaçıya 1 gün əvvəl evdən çıxmasını dediyini, buna görə iddiaçının evdən çıxdığı gündən bir gün qabaq axşamdan özünə məxsus əşyaları çantalara yığdığını, cehiz əşyalarını isə digər otağa yığaraq onları gəlib götürəcəyini dediyini, onun təkidi ilə bundan 9 aydan sonra gəlib cehiz əşyalarını apardığını, iddiaçının gedəndə özünə aid hər şeyi 4-5 çantaya yığıb apardığını, həmin zaman çantalara baxmadığından onların içində nə olduğunu bilmədiyini, qızılların özündə olmadığını, çəkilərini xatırlamadığını, iddiaçıda olmayan qızılın qramını necə dəqiq bilə bildiyini, iddiaçı evdən getdikdən sonra otağa baxanda qızılların və öz nişan üzüyünün yerində olmadığını gördüyünü, nikaha daxil olanda ağ qaşlı brilyant qızıl dəstin (sırğa, üzük, qolbaq, boyunbağı) alındığını, onu Bakıdan anasının alıb gətirdiyini, təxminən qiymətinin 2000-2200 manat olduğunu, 18 qramdan az olduğunu, pandora üzüyü 25 avqustda iddiaçının ad günündə toydan sonra öz anasının aldığını, nişan üzüyünün isə nişandan əvvəl Bakıdan alındığını, nişan mərasiminin Bakıda 07 yanvar 2022-ci ildə olduğunu, nişan üzüyünün brilyant qaşlı, 8 guşəli olduğunu və təxmini 1300-1400 manata Laçın Ticarət Mərkəzindən alındığını, sonuncu dəfə qızılları iddiaçı evdən çıxmamışdan 3-4 gün əvvəl yataq otaqlarında çəkməcədə gördüyünü, amma iddiaçı evdən çıxanda onun üzərində qızıl görmədiyini, onun qızılları çəkməcədən götürüb apardığını da şəxsən görmədiyini və iddiaçı gedərkən aralarında qızılları götürüb-götürməməsi ilə bağlı mübahisə və ya söhbətin olmadığını, iddiaçının evdən çıxanda sənədlərini istədiyini, iddiaçı onun nişan üzüyünü apardığına görə vatsapda qızıllar barədə soruşanda ondan “bəs mənim nişan üzüyüm hanı?” deyə sual verdiyini, qızıl zinət əşyaları normalda valideynlərinin otağında saxlanılsa da, ayrıldıqları gün qızılların öz otaqlarında mücrünün içində olduğunu, iddiaçının evdən çıxdığı gündən 3 ay əvvəl xalasının pulunu oğurladığını, həmin zaman iddiaçının and içərək bir daha belə bir halın olmayacağını bildirdiyinə görə, həmçinin uşağa görə yenə də onu bağışladığını, lakin Aysunun yenə də qonşulardan, qohumlardan pul istəməyə davam etdiyini, iddiaçının musiqi nəzəriyyəsindən hazırlığa getdiyini və ona hazırlığın ödənişsiz olduğunu bildirdiyini, lakin sonra hazırlığa vermək adı ilə bacısının baldızının qızından 100 manat, Türkiyədə yaşayan qaynının qızından 150 manat ondan xəbərsiz pul aldığını, iddiaçının onun atasının cibindən 100 manat pul götürdüyünü, onun cibindən də dəfələrlə pul götürdüyünü, iddia ərizəsinə əlavə olunan “whatsapp” sosial media yazışmalarındakı nömrənin özünə məxsus olduğunu, həmin yazışmaların onunla iddiaçı arasında keçdiyini, yazışmalarda olmasa da səsli danışıqlarda iddiaçıya qızılların onda olmadığını bildirdiyini, iddiaçının telefonunun da onda olmadığını, iddia ərizəsində şişirdilmiş qiymətlərin olduğunu, qızılların qramının çox yazıldığını, dəsti 2022-ci ildə aldıqlarını, onda qızılın aşağı qiymətə olduğunu, qızılların iddiaçıda olduğunu, bu səbəbdən iddianı qəbul etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında toydan 3 ay sonra evdə oğurluqların baş verdiyini, məcbur qalıb şkafın gözünə açar saldırdığını, qızılların alınmasında iştirak etmədiyini, sadəcə pulu mərhum həyat yoldaşına verdiyini, qalanı ilə maraqlanmadığını, termoya açar taxdıqdan sonra qızılların saxlanılması üçün qırmızı mücrüdə özünə verildiyini, qızılları onun içində bağlı şkafa qoyduğunu, iddiaçı toya gedəndə taxması üçün təzədən ona qaytardığını, yoldaşının 28 sentyabr 2024-cü ildə vəfat etdiyini və həmin zaman artıq tərəflərin artıq ayrıldığını, yoldaşı xəstə olduğuna görə qızıllara özünün nəzarət etdiyini, axırıncı dəfə iddiaçı evdən ayrılmamışdan bir ay yarım, iki ay əvvəl qızılları iddiaçıya verdiyini, ondan sonra qızılları bir daha görmədiyini, qızılları verdikdən sonra iddiaçının bir müddət orada yaşadığını, axırıncı dəfə verdikdən sonra isə “sizin öz halal malınız sizdə qalsın” dediyini, hətta maaşlarını da istəmədiyini, onlara “maaşınız özünüzündür, özünüz saxlayın, mən öz xəstə yoldaşıma ancaq baxıram” dediyini, həmin iki ay müddətində onlardan heç nə istəmədiyini, iddiaçı evdən çıxanda da evdə olduğunu, 3 gün əvvəl evdə mübahisə olduğunu ona və evdən çıxmasını dediklərini, iddiaçının 3 gün otağında qaldığı müddətdə özünə məxsus bütün əşyaları yığdığını, sonra iddiaçının öz veşlərini yığdığı sumkanı götürüb babasının maşınına minərək evdən getdiyini, iddiaçının təxminən 3-4 ədəd çanta apardığını, çantalarda nə olduğunu görmədiyini, iddiaçının sonradan gəlib cehizlərini apardığını, həmin zaman qızıllar barədə heç nə soruşmadığını bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə və cavabdehin nümayəndəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin 11 mart 2022-ci ildə nikaha daxil olması, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə qızıl əşyalarının iddiaçıya hədiyyə verilməsi və iddiaçının onları cavabdehin valideynləri ilə birlikdə yaşadığı evə aparması, nikaha xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsi əsasında xitam verilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilən: - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 511382 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 11 mart 2022-ci il tarixdə Cavabdeh ilə X5 arasında nikahın bağlanması, nikah bağlandıqdan sonra qadına “Fərəcli” soyadının verilməsi; - 1 saylı Bakı “Asan xidmət” X4 tərəfindən verilmiş AZ-İ seriyalı, 515619 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasındakı nikaha Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilməsi aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9.5-ci bəndində göstərilir ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Qanunun normasının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, ona mənsub olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, tələb olunan əşyaların iddiaçıya məxsus qızıl əşyaları olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iddia tələbinin qızıl əşyalarının özü və dəyərinin qaytarılmasına dair hissəsi ilə bağlı sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq aşağıdakıları qeyd edir. Cavabdeh tərəf iddia olunan əşyaların mövcudluğunu mübahisələndirməmişdir. Beləliklə, tələb olunan əşyaların mövcudluğu cavabdehin audio-video yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahat və iş materiallarında olan fotoşəkil və videoyazı ilə tam sübuta yetirilmiş sayılmalıdır. İş üzrə iddiaçı qızıl-zinət əşyaların dəyərini göstərsə də, həmin əşyaların istehsal yerini, ölçüsünü, çəkisini və dəyərini müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə mütəxəssis cəlb edilərək fotoşəkillərdə və videoyazıda əks olunan boyunbağının eyni olduğu, boyunbağının boyunbağıi və medalyonun ayrı olduğu, medalyon və boyunbağıin ağ qızıldan olduğu, boyunbağıin medalyonla birlikdə ümumi çəkisinin təqribən 6 qramadək olduğu, Türkiyə istehsalı, 585 əyar olduğu, hazırda 585 əyar qızılın bazar qiymətinin 1 qram üçün 165-200 manat aralığında, orta hesabla 1 qramının qiymətinin 180 manat olduğu, fotoşəkillərdə və videoyazıda əks olunan sırğaların aydın şəkildə görünmədiyi, sırğaların medalyona bənzər, 585 əyar, Türkiyə istehsalı, ümumi çəkisinin 4-4.5 qram, içərisinin boş olduğu, qaşlı sırğaların bazar qiymətinin orta hesabla 1 qramının qiymətinin 180 manat olduğu, nişan üzüklərinin 3.5-3.8 qram çəkidən artıq olmadığı, son vaxtlar gələn üzüklərin Türkiyə istehsalı və ümumi çəkilərinin 3.8 qramdan artıq olmadığı, 585 əyar qızıla oxşadığı və Türkiyə istehsalı, orta hesabla 1 qramının qiymətinin 180 manat olduğu, fotoşəkildə əks olunan üzüyün alyansa bənzər iş olduğu, həmin üzüklərin üzərində bir-bir pandora olduğu, içərisinin boş olduğu, çəkisinin 2.5-2.8 qram təşkil etdiyi, 585 əyar və orta hesabla 1 qramının qiymətinin 180 manat olduğu, fotoşəkillərdə əks olunan üzük və qolbağın komplekt qızılın dəstidirsə içərisinin boş işlər, Türkiyə istehsalı, qolbağın çəkisinin 3.5-4 qram aralığında, üzüyün çəkisinin isə 2-2.5 qram aralağında, komplekt dəstin ümumi çəkisinin 15-17 qramı keçməyəcəyini, istehsal olunduğu firmadan asılı olaraq 1 qram dəyişə biləcəyi, hazırki komplekt qızılın ümumi çəkisinin 15-18 qrama qədər olduğu müəyyən edilmişdir. Həmçinin mütəxəssis X6 17 fevral 2026-cı il tarixli yazlı rəyə əlavədə qeyd edir ki, 13 yanvar 2026-cı il tarixdə yazılı məsləhətimdə nişan üzüyünün brilyant qaşlı olubolmamasının müəyyən etmək mümkün olmadığını qeyd etmişəm. Brilyant qaşın sotu və keyfiyyəti bilinmədən onu qiymətləndirmək çətin olur, brilyantın neçə sot daşı olması göründüyü halda tam qiymət demək mümkündür, lakin fotoşəkildən təqribi qiymət demək mümkündür. Fotoşəkillərdən görünən üzüyün üzərində olan brilyant tam aydın seçilməsə də 70-80 faiz demək olar ki, həmin nişan üzüklərində təqribən 35 sota qədər brilyant olur. Fotoşəkildən nişan üzüyünün üzərində olan brilyantın tək qaş olmaması görünür. Tək qaş brilyantlara 2 karata qədər qaş qoyula bilər. Fotoşəkildə əks olunan üzüyün üzərində olan brilyant isə səpmə daş olduğundan 35 sotdan artıq olmur. Brilyantın qiymətini "X7"-a (briliyantın dünyadakı qiymət cədvəlinə) əsaslanaraq 2022-ci ildən hazırki vaxtadək briliyantın qiymətində heç bir dəyişiklik olmadığını demək mümkündür. Səpmə brilyantların 1 sotu keyfiyyətinə görə orta hesabla 5-8 manat aralığında dəyişir. 35 sotu orta hesabla 8 manatdan 280 manat təşkil edir. Qızılının isə hazırki bazar qiyməti orta hesabla 190 manat təşkil edir. Üzük 4 qram olduğu halda qızılın qiyməti 760 manat təşkil edir. Fotoşəkildə əks olunan nişan üzüyünün ümumi qiyməti təqribən 1000-1050 manat təşkil edir. Bununla da, məhkəmə hesab edir ki, boyunbağı, qolbaq, üzük və sırğadan ibarət hazırda qramının qiyməti 180 manat olan 18 qram Türkiyə istehsalı 585 əyar qızıl dəst, brilyant ağ qaşlı Türkiyə istehsalı 585 əyar qramının qiyməti 190 manat olan 4 qram 1 ədəd brilyant qaşlı nişan üzüyü, 2.5-2.8 qram aralığında, Türkiyə istehsalı, 585 əyar qramının qiyməti 180 manat olan 1 ədəd alyansa bənzər üzərində pandora qaşlar olan üzük İddiaçı məxsusdur və Cavabdeh tərəfindən onun qanuni sahibliyindən alınmışdır. Bununla da, iddiaçı öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Cavabdeh izahatında iddiaçının xx.xx.2024-cü il də evdən çıxarkən özünə aid hər şeyi 4-5 çantaya yığıb apardığına, iddiaçı getdikdən sonra otağa baxanda qızılların və öz nişan üzüyünün yerində olmadığına istinad etmiş, lakin sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixdə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İddiaçı evi tərk edən zaman özü ilə uşağı və bütün sənədləri apardığını qeyd etmişdir. Tərəflərin izahatları ilə İddiaçı cehizlərini də tərəflər faktiki olaraq ayrıldıqdan aylar sonra götürdüyü müəyyən olunmuşdur. İş materiallarında olan “vatsap” sosial media yazışmalarındakı nömrənin cavabdehə məxsus olması və həmin yazışmaların onunla iddiaçı arasında keçməsi cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Nəticədə həmin yazışmalarda cavabdeh iddiaçının “razısansa deyim qızılları aparan nə olsun. Mən oradan bir sənədlə çıxmışam, sizin əlinizdən heç nə götürə bilməmişəm”, “Qızılları sən mənim mücrümün içindən götürəndə görmüşəm harada gizlətmisiniz bilmirəm, sübut edəcəyəm” mesajlarını təkzib etmək əvəzinə iddiaçıya “mənə sübut gətir, sözlə sübut olmur” mesajı gülmək ifadəsi ilə cavab verməsi, həmçinin tərəflər və cavabdehin nümayəndəsinin izahatı ilə evdə qıfılla bağlanan saxlanc yerinin düzəldilməsi və qızılların mübahisədən əvvəl cavabdehin atasının nəzarətində orada saxlanılması audio-video yazının aparıldığı məhkəmə iclasında müəyyən edildiyindən məhkəmədə tələb olunan qızıl əşyalarının cavabdehin sahibliyində olmasına dair daxili inam formalaşdırmışdır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatları ilə iddia edilən əşyaların mövcudluğu faktiki olaraq mübahisələndirilməmiş, yalnız həmin əşyaların iddiaçı tərəfindən aparıldığı iddia edilmişdir. Cavabdeh tərəfindən isə bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə iş materiallarında olan fotoşəkillər, tərəflərin izahatları və mütəxəssis rəyi həmin əşyaların mövcudluğunu və onların xüsusiyyətlərini təsdiq etməyə imkan vermişdir. Cavabdehin “şişirdilmiş qiymət” barədə iddiası isə ehtimala əsaslanır və konkret hesablamalar, bazar araşdırması və ya alternativ mütəxəssis rəyi ilə təsdiq edilməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə zərgərlik sahəsində mütəxəssis rəyi ilə qızıl-zinətə dair hissədə iddia edilən məbləği müqayisə edərək bildirir ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Fotoşəkillər əsasında məmulatların növü, əyarı və bazar dəyəri barədə mütəxəssis tərəfindən nəticəyə gəlinməsi işin hallarına uyğun olmuşdur. Qızıl məmulatlarının faktiki olaraq təqdim edilməsi mümkün olmadığından onların real çəkisinin laborator şəraitdə ölçülməsi obyektiv olaraq mümkünsüz olmuş, mövcud sübutlar çərçivəsində qiymətləndirmə aparılmışdır. Bu isə məhkəməyə sübutların qiymətləndirilməsi üzrə daxili inamına əsaslanmağa imkan verir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh boyunbağı (6x180), qolbaq (4x180), üzük (2.5x180) və sırğadan (cütü 4.5x180) ibarət hazırda qramının qiyməti 180 manat olan 17 qram Türkiyə istehsalı 585 əyar qızıl dəst və ya onun dəyəri 3060 manat, brilyant qaşlı Türkiyə istehsalı 585 əyar qramının qiyməti 190 manat olan 4 qram 1 ədəd brilyant qaşlı nişan üzüyü və ya onun dəyəri 1040 manat (190x4+35x8), 2.5-2.8 qram aralığında, Türkiyə istehsalı, 585 əyar qramının qiyməti 180 manat olan 1 ədəd alyansa bənzər üzərində pandora qaşlar olan üzük və ya onun dəyəri olan 500 manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia qaldırılan zaman ödənilmiş 59.52 (əlli doqquz manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh boyunbağı (6x180), qolbaq (4x180), üzük (2.5x180) və sırğadan (cütü 4.5x180) ibarət hazırda qramının qiyməti 180 manat olan 17 qram Türkiyə istehsalı 585 əyar qızıl dəst və ya onun dəyəri 3060 manat, brilyant qaşlı Türkiyə istehsalı 585 əyar qramının qiyməti 190 manat olan 4 qram brilyant qaşlı nişan üzüyü və ya onun dəyəri 1040 manat (190x4+35sot x8), 2.5-2.8 qram aralığında, Türkiyə istehsalı, 585 əyar qramının qiyməti 180 manat olan alyansa bənzər üzərində pandora qaşlar olan üzük və ya onun dəyəri olan 500 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 59.52 (əlli doqquz manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-672/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-672/2025
17.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver