Məhkəmə qərarları › İş №2(079)-719/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-719/2025

30.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-719/2025 30.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qoyulmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, E-01639 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə 14 oktyabr 2025-ci il tarixdə barışıq sazişi təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mən Maraqlı şəxs ilə birgə nikahımızdan olan övladlarımız xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 aramızda bağlanmış 14 oktyabr 2025-ci il tarixdə qeydə alınmış uşaqla ünsiyyət tələbi ilə bağlı barışıq sazişində tələbim övladlarımız xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3, uşaqlara zəng etməklə ad günlərində nahardan əvvəl 4(dörd) saat, tətil günlərində isə qış aylarında saat 10:00-da götürüb saat 18:00-da, yay aylarında isə saat 10:00-da götürüb saat 20-21 arasında, həftəiçi, şənbə və bazar günlərində isə mənə uyğun gündə 4 (dörd) saat, yəni 21:00-dan gec olmaqla yaşadığı ünvanda ondan təhvil alib, yaşadıqları ünvanda təhvil verəcəyimlə razılaşsın. Qarşı tərəf mənim tələblərimlə razılaşdığını bildirib, uşaqlara zəng etməklə ad günlərində nahardan əvvəl 4(dörd) saat, tətil günlərində isə qış aylarında saat 10:00-da götürüb saat 18:00-da, yay aylarında isə saat 10:00-da götürüb saat 20-21 arasında, həftəiçi, şənbə və bazar günlərində isə ona uyğun gündə 4(dörd) saat, yəni 21:00dan gec olmamaq şərti ilə yaşadığım ünvanda məndən təhvil alıb, həmin ünvanda mənə təhvil verəcəyinə heç bir maneçilik yaratmayacağam. Barışıq sazişinində əldə olunan razılığa baxmayaraq, uşaqlarla görüşümə maneçilik yaradır. Müxtəlif bəhanələrlə görüşə imkan vermir. Uşaqları mənə qarşı doldurur, pis yönləndirir. Uşaqlarla görüşümün təyin olunmuş saatlarda olmasına icazə vermir. Uşaqlarla görüşüm olan saatlarda müxtəlif bəhanələr edərək evdə olmadığını bildirir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında 2020-ci ildə ayrılsalar da, Aləmin uşaqlarla mütəmadi görüş barədə söz verdiyini, bir ay uşaqlarını görsə də daha sonra Aləmin hər dəfə bir yalan uyduraraq uşaqları ona göstərmədiyini, daha sonra mediasiyaya müraciət etdiyini, Aləmin medisasiyada “İstəyir hər gün uşaqlarını görsün” dediyini, şənbə və bazar günləri uşaqlarını görmək üçün getdiyi vaxt isə müxtəlif bəhanələr gətirdiyini, uşaqla qapının yanında görüşdüyü vaxt qapının arxasına gəlib uşaqları dinlədiyini, uşaqlar onunla görüşəndə onun qarşısında titrədiyini və görüşmək istəmədiklərini, çünki, nəsə bir söz dedikləri halda anasının onları eşidəcəyini və evdə onlara hirslənəcəklərini düşündüyünü, Aləmin uşaqların şənbə və bazar günləri gecələr də daxil olmaqla onunla qalmasına razılıq verdiyini, lakin görüşün baş tutmadığını, uşaqların həftə sonu özü ilə qalmasını istədiyini, evdə ayrıca otaqlarının olduğunu, uşaqların orada dərslərini hazırlaya və oynaya biləcəklərini, uşaqların ad günündə nahardan əvvəl 4 saat görüş müəyyən edildiyini, 05 noyabr 2011-ci ildə Mərd, 25 noyabr 2015-ci ildə isə Əfsanənin dünyaya gəldiyini, sazişdə tətil günləri dedikdə bütün qeyri-iş günlərinin nəzərdə tutulduğunu, hazırda uşaqları ilə görüşə bilmədiyini, hər dəfə qarşı tərəfin bir problem çıxardığını, sonuncu dəfə keçən həftə uşaqlarını görmək üçün getdiyini, həmin vaxt Aləmin yoldaşının çıxıb onu qovmaq istədiyini, sonra uşağı öyrətdiklərini və uşağın onunla görüşmək istəmədiyini dediyini, bazar günü getdikdə isə qapının bağlı olduğunu, sonra qapını açdıqlarını və oğlunun çölə çıxdığını, oğlunun həmin vaxt gedə bilməyəcəyini bildirdiyini, səbəbini soruşduqda heç nə demədiyini və gözü arxada qaldığını, həmin vaxt uşaqların təzyiqə məruz qaldığını hiss etdiyini, eyni məhəllədə qaldıqlarını, heç bir pis vərdişinin olmadığını, idmanla məşğul olduğunu, uşağına da idman etməyi öyrətmək istədiyini, həyətində idman zalı düzəltdiyini, övladları ilə görüşmək və vaxt keçirmək istədiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında 6 ildir iddiaçının uşaqları görmədiyini, ayrıldıqları vaxt İbrahimə “Uşaqları bu mübahisəyə qatma, ürəyin istədiyi vaxt uşaqları apar-gətir, uşaqlar sənindir” dediyini, onun da dəfələrlə uşaqlarla görüşdüyünü, bunun iki ay davam etdiyini, sonra uşağı aparıb gətirmədiyi üçün işlərinin polisə düşdüyünü, mediasiyada razılığa gəldiklərini, uşağın atası ilə görüşməsi onun dərslərində geriləməyə səbəb olacaqsa uşağı ondan uzaq tutacağını, uşaqları atalarına qarşı öz sağlamlıqları üçün öyrətmədiyini, qarşı tərəfin sazişdən sonra keçən həftənin altıncı günü uşaqları görmək üçün gəldiyini, uşağın həmin gün hazırlığa getməli olduğunu, taksinin qapıda gözlədiyini, İbrahimin özünün də bunu gördüyünü, oğluna “Mərd nömrəni atana ver, zəng etsin boş olan vaxt onunla get görüş” dediyini, həmin gün uşaqla telefonda yazışdıqlarını və oğlunun sabah gedəcəyini atasına bildirdiyini, səhəri gün isə oğlunun olimpiadada iştirak etməli olduğunu, zəng edib gəlib aparacağını deyəndə oğlunun “bu gün də alınmadı, gedə bilməyəcəyəm” dediyini, qarşı tərəfin evə gəlib yoldaşını söydüyünü, sonra uşaqların çölə çıxıb onunla görüşdüklərini, uşaqların tətil günlərində də problemlər yaşayacaqlarını, bunu Mediatora da dediyini, yalnız bazar günləri uşaqların saat 1300-dan 1800-dək vaxtı olduğunu, qarşı tərəfin həmin vaxtlar gəlsə uşaqları görə biləcəyini, oğlunun bazar günü də tezdən saat 0900-da hazırlığa gedəcəyini və saat 1130-da hazırlıqdan çıxacağını, altıncı gün isə uşaqlarının hər ikisinin iki fəndən hazırlıqlarının olduğunu, saat 1500-da evə gələcəklərini, bunu Mediasiyada da dediyini, görüşə mane olmadığını, sadəcə olaraq uşaqların dərs qrafikinin bu qaydada olduğunu bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan 2 (iki) övladının ananın yanında saxlanılması, mediasiya prosesində tərəflər arasında uşaqla ünsiyyət qaydasının müəyyən olunması ilə bağlı razılığın əldə olunması, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin könüllü icrasından imtina olunması işin mübahisəsiz hallarıdır. Belə ki: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 221269 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında bağlanmış nikahın xx.xx.2019-cu ildə ləğv edilməsi və bunun nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilməsi; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 665183 nömrəli doğum kitabından çıxarışdan iş üzrə tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X4 dünyaya gəlməsi; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 531355 nömrəli doğum kitabından çıxarışdan iş iş üzrə tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X1 dünyaya gəlməsi; - X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-İ-01639 nömrəli barışıq sazişindən tərəflərin Maraqlı şəxs ərizəçinin tələbləri ilə razılaşıb öhdəlik olaraq üzərinə birgə nikahdan olan övladları X5 (xx-xx-2011) və X3 (xx-xx-2025), uşaqlara zəng etməklə ad günlərində nahardan əvvəl 4 (dörd) saat, tətil günlərində isə qış aylarında saat 10:00-da götürüb saat 18:00-da, yay aylarında isə saat 10:00-da götürüb saat 20-21 arasında, həftə içi, şənbə və bazar günlərində isə ona uyğun gündə 4 (dörd) saat olmaqla saat 21:00-dan gec olmamaq şərti ilə yaşadığı ünvanda ondan təhvil alıb, həmin ünvanda ona təhvil verəcəyinə heç bir maneəçilik yaratmayacağı barədə razılşadıqları müəyyən olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) təqdim etməyə borcludur. Həmin Qanunun 33.3-cü maddəsinə görə barışıq sazişi qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 10.2-ci bəndinə əsasən qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Hazırda Ərizəçi (ata) Maraqlı şəxs (ana) ilə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞN/25-İ-01639 nömrəli barışıq sazişinin “2-ci tərəf (Maraqlı şəxs) X5 (xx-xx-2011) və X3 (xx-xx-2025), uşaqlara zəng etməklə ad günlərində nahardan əvvəl 4 (dörd) saat, tətil günlərində isə qış aylarında saat 10:00-da götürüb saat 18:00-da, yay aylarında isə saat 10:00-da götürüb saat 20-21 arasında, həftəiçi, şənbə və bazar günlərində isə ona uyğun gündə 4 (dörd) saat olmaqla saat 21:00-dan gec olmamaq şərti ilə yaşadığı ünvanda məndən təhvil alıb, həmin ünvanda mənə təhvil verəcəyinə heç bir maneəçilik yaratmayacağını öz öhdəsinə götürür” məzmunlu hissəsinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini almalı olduğu halda, mediator tərəfindən belə rəy alınmadan mediasiyada tərəflər arasında bağlanılmış barışıq sazişi ilə atanın uşaqlarla ünsiyyət qaydasını müəyyən etmişdir. Həmçinin, Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən uşağın fikri mütləq nəzərə alınmalıdır. 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər. Barışıq sazişinin məzmunundan tərəflər arasında mediasiyada uşaqların atası ilə ünsiyyətdə olmasına dair barışıq sazişi bağlanarkən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 fikrləri öyrənilməmiş, qəyyumluq və himayə orqanının rəyi alınmamışdır. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində qoyulmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair qanuna ziddir və uşağın hüquq və mənafelərinə toxunur. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadının 35-ci bəndinə görə birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. Əlbəttə, məhkəmə atanın uşaqla ünsiyyətdə olması hüququnun olmasını inkar etmir. Lakin, atanın uşaqla ünsiyyətdə olma vaxtının uşağın yaşı, məktəbə gedib-getməməsi, səhhəti, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınmaqla müəyyən edilməsini daha məqsədəmüvafiq hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞN/25-İ- 01639 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t е t d i: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025ci il tarixli, MŞN/25-İ-01639 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar