Məhkəmə qərarları › İş №2(079)-800/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-800/2025

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-800/2025 16.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər Şahid1 və Şahid3 iştirakları ilə, Ərizəçi şəxsin (bacıları X12 və X4) vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “03” dekabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum bacısı X5 11 aprel 1957-ci il tarixdə, digər bacısı X4 isə 18 yanvar 1967-ci il tarixdə ölmələri barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atam X9 27 fevral 2001- ci ildə, mərhum anam X13 isə 24 may 2005-ci ildə vəfat edib və atama məxsus Babək şəhəri Qoşadizə məhəlləsində 0.2389 m2 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 163.59 m2 sahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Hazırda mən həmin miras əmlakı vərəsəlik qaydasında sənədləşdirmək istəyirdim. Buna görə də vərəsəlik üçün lazım olan sənədləri toplayarkən mərhum bacılarım xx.xx.1956-cı il təvəllüdlü X12 və xx.xx.1966-cı il təvəllüdlü X4 ölüm haqqında şəhadətnaməsini almaq üçün Babək rayon Qeydiyyat şöbəsinə müraciət etdim və məlum oldu ki, mərhum bacılarım X12 və X4 ölüm haqqında akt qeydi yoxdur. Bununla bağlı mən müvafiq dövlət orqanlarına müraciət etdim. Lakin ölüm haqqında şəhadətnaməni əldə edə bilmədim. Qeyd edirəm ki, mən bacılarım Esmira və Zeynəbin ölüm haqqında şəhadətnamələrini başqa yolla əldə edə bilmirəm. Həmin şəhadətnaməni əldə edə bilmədiyimdən atamdan miras qalmış əmlakı adımıza sənədləşdirə bilmirik. Bacım Esmiranın 11 aprel 1957-ci il tarixdə, Zeynəbin isə 18 yanvar 1967-ci il tarixdə ölməsini bütün bizi tanıyanlar təsdiq edə bilərlər. Bacılarım Qoşadizə kənd qəbiristanlığında dəfn ediliblər. Lakin onlar balaca olarkən öldüklərindən onların qəbirləri mühafizə olunmadığından qəbirlərini dəqiq müəyyən etmək mümkün deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında atası X2 2001-ci ildə, anası X6 isə ay 2005-ci il tarixdə vəfat etdiyini, valideynlərinin neçənci ildə nikaha daxil olmalarını bilmədiyini, atasından Babək şəhəri, Qoşadizə məhəlləsində torpaq sahəsi və üzərində yerləşən evin miras qaldığını, birgə nikahdan olan qardaşları-1959-cu il təvəllüdlü Cəfərqulu Quliyev, 1970ci il təvəllüdlü Nizami Quliyev və bacısı-1962-ci il təvəllüdlü Fatma Quliyevanın sağ olduğunu, bacısı Esmira Quliyevanın 1957-ci ildə, Zeynəb Quliyevanın isə 1967-ci ildə vəfat etdiyini, valideynlərinin onların xəstəlikdən öldüklərini bildirdiyini, onların qəbirlərinin yanyana olduğunu və məzar yerində daş olduğunu bildirərək ərizənin təmin olunmasını xahiş etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində ərizəçi ilə qonşu olduqlarını, Zeynəb və Esmiranın uşaq ikən vəfat etdiyini, ölüm səbəblərini dəqiq bilmədiyini bildirmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində ərizəçi ilə qonşu olduqlarını, Zeynəb və Esmiranın uşaq ikən vəfat etdiyini və təxminən 60 il əvvəl dəfn olunduqlarını, onlar vəfat edən zaman özünün hələ uşaq olduğunu, eşiditdiklərinə görə Zeynəbin 6 aylıq ikən öldüyünü, digərinin isə ölümünü xatırlamadığını, həmin zamnlarda uşaq olduğundan onların ölüm səbəblərinin dəqiq yaddaşında qalmadığını bildirmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Baək rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə məhkəmə iclasında təmsil olunmamışdır, xx.xx.2026-cı il tarixli, 3-16-5/8-13-103/2026 nömrəli məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Mülki işin materiallarını ərizəçinin izahatı və şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, ərizəçinin atası X2 xx.xx.2001-ci il tarixdə vəfat etməsi, ondan Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qalması, Ərizəçi xx.xx.1973-cü il tarixdə, bacıları X5 xx.xx.1956-cı il tarixdə, X4 isə xx.xx.1966-cı il tarixdə doğulması, X12 və X4 ölümlərinin qeydə alınmaması müəyyən olunmuşdur. Belə ki, ərizəyə əlavə edilən: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, nikah akt qeydləri kitabından çıxarışdan X10 ilə X13 arasında xx.xx.1954-cü il tarixdə nikah bağlanması, bunun nikah akt qeydləri kitabında 23 nömrə ilə qeydə alınması; - Babək rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AZ seriyalı, 062972 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunum surətindən X3 xx.xx.2001-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 96 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 05/09İS/010066-26 nömrəli arayışdan xx.xx.2001-ci il tarixdə vəfat etmiş X2 vərəsələrinə X13, X12, X8, X15, X14, X16 və Ərizəçi daxil olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 028459 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X6 xx.xx.2005-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İJ seriyalı, 424231 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X11, anası X13 olan X5 xx.xx.1956-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 72 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X10, anası Quluyeva (Abbasova) Səfurə İsa qızı olan X4 xx.xx.1966-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 281 nömrə ilə qeydə alınması; - Təzəkənd ZDCİ komitəsi tərəfindən verilmiş İ-JQ seriyalı, 477476 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X11, anası X13 olan Ərizəçi xx.xx.1973-cü il tarixdə doğulması, bunun doğum akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X27 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Qoşadizə məhəlləsində yerləşən 0.2389 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 163.59 m2 olan daşınmaz əmlakın X11 və X6 ümumi mülkiyyətində olması müəyyən olunur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, mərhum X2 birinci növbə vərəsələri sırasında ərizəçi də olmuşdur və faktın təsdiq olunması onun üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazmi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 556/2025 nömrəli məktubdan X12 və X4 adlarına ölüm haqqında akt qeydinin tərtib olunmaması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69- 642/2025 nömrəli arayışdan Azərbaycan Respublikasının vətəndaşı Naxçıvan MR, Naxçıvan rayon, Qoşadizə kəndində xx.xx.1966-cı il tarixdə doğulmuş X4 ölüm aktının müəyyən edilməsi məqsədilə 1966-xx.xx.2025-ci ilədək "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmaqla X4 ölüm haqqında akt qeydinin Babək rayon Qeydiyyat şöbəsində və Babək rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilməməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69- 643/2025 nömrəli arayışdan Azərbaycan Respublikasının vətəndaşı Naxçıvan MR, Naxçıvan rayon, Qoşadizə kəndində xx.xx.1956-cı il tarixdə doğulmuş X5 ölüm aktının müəyyən edilməsi məqsədilə 1956-xx.xx.2025-ci ilədək "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və X5 ölüm haqqında akt qeydinin Babək rayon Qeydiyyat şöbəsində və Babək rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilməməsi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 3-28-34/2-Q-1168-31-752/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli məktubdan xx.xx.1956-cı il təvəllüdlü X12 və xx.xx.1966-cı il təvəllüdlü X4 ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi barəsində heç bir məlumatın tapılmadığı; - Notariat, qeydiyyat və reyestr şöbəsinin Arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 76 nömrəli arayışdan Babək rayonu, Qoşadizə kəndində xx.xx.1956-cı ildə doğulmuş X5 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"nə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və heç bir ölüm akt qeydinin müəyyən edilməməsi; - Notariat, qeydiyyat və reyestr şöbəsinin Arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 77 nömrəli arayışdan Babək rayonu, Qoşadizə kəndində xx.xx.1966-cı ildə doğulmuş X4 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"ndə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və heç bir ölüm akt qeydinin müəyyən edilmədiyi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Babək Rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-28-34-22/2-224/2025 nömrəli məktubdan Babək Rayon X7 hüquqi şəxsin. arxivində xx.xx.1956-cı il təvəllüdlü X5 və xx.xx.1966-cı il təvəllüdlü X4 ölümü haqqında heç bir sənədin aşkar olunmadığı; - Babək şəhər İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş aktda xx.xx.1956-cı ildə doğulmuş X5 xx.xx.1957-ci ildə, xx.xx.1966-cı ildə doğulmuş X4 isə xx.xx.1967-ci il tarixdə vəfat etməsi və Qoşadizə kənd qəbirstanlığında dəfn olunduğu müəyyən olunur. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür. Belə ki, şəxslərin vəfat etməsinə baxmayaraq ölümləri qeydə alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mərhum X12 və X4 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmaması ilə bağlı şahidlər Şahid1 və Şahid3 ifadələrinin ərizəçinin izahatı ilə birlikdə tədqiq olunmasının nəticəsinə və yazılı sübutlara istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən xx.xx.1956-cı ildə doğulmuş X5 xx.xx.1957-ci ildə və xx.xx.1966-cı ildə doğulmuş X4 isə xx.xx.1967-cı ildə ölməsi faktı öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1956-cı ildə doğulmuş X5 1957-ci ildə və xx.xx.1966-cı ildə doğulmuş X4 isə 1967-cı ildə ölməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq. qətetdi: Ərizə təmin olunsun. xx.xx.1956-cı ildə doğulmuş X5 1957-ci ildə ölməsi faktı müəyyən edilsin. xx.xx.1966-cı ildə doğulmuş X4 1967-cı ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar