Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-86/2020 21.07.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək 2030 (iki min otuz) manat məbləğində cehiz əşyalarının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin “05” fevral 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətləri edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixli və Cavabdeh isə xx xxxx 2020-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək Bakı şəhərində yaşadıqlarını, qarantin tədbirləri ilə əlaqədar Naxçıvana gələ bilmədiklərini və işin baxılması üçün Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bundan əlavə Cavabdeh xx xxxx 2020-ci tarixli ərizə ilə (faksoqram) məhkəməyə müraciət edərək özünün və qarşı tərəfin Bakı şəhərində yaşadıqlarını, Azərbaycan Respublikası ərazisində xüsusi qarantin rejiminin tətbiqi ilə bağlı olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə gələ bilmədiklərini, mülki iş üzrə sübutların əksər hissəsinin Bakı şəhəri, Xəzər rayonu ərazisində olduğunu nəzərə alaraq, işin baxılması üçün Xəzər Rayon Məhkəməsinə verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə tərəflərin məhkəməyə göndərdiyi vəsatətlərin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Prosessual hüquq normalarının məzmunundan görünür ki, ərazi aidiyyəti məsələsini tənzimləyərkən qanunverici başlıca norma kimi iddianın baxılması üçün cavabdehin yaşayış yeri üzrə məhkəməyə verilməsi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 44.1-cü maddəsində aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olması qeyd edilsə də, həmin Məcəllənin 44.2-ci maddəsində məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi əsasları müəyyən edilib. Həmin əsaslardan biri hər iki tərəf sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət verdikdə, məhkəmənin işi başqa məhkəmədə baxılmağa verməsidir (maddə 44.2.5.). Qeyd edilən prosessual hüquq normasının tələbindən görünür ki, məhkəmənin icraatında olan mülki işin başqa məhkəmənin icraatına verilməsi üçün aşağıdakı iki əsas olmalıdır: -işə baxılması üçün zəruri olan sübutların əksər hissəsi ərazi üzrə başqa məhkəmənin ərazisində olmalı; -tərəflərin hər ikisi bu barədə vəsatətlə məhkəməyə müraciət etməlidir. Prosessual hüquq normasının tələblərini işin faktiki halları ilə əlaqəli şəkildə yoxlayan məhkəmə birinci şərtin mövcudluğu ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün səlahiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində isə sübutların dairəsi müəyyən edilib ki, bunlardan biri də şahidlərin ifadələridir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktda iddiaçının öz tələbinin əsasının təsdiqi kimi cehiz əşyalarının cavabdehin evinə aparılması və orada qalmalarını qonşuları X4, X2, X6, X5 və X1 təsdiq etdiyini qeyd etmişdi. İddia tələbində isə İddiaçı yaşadığı ünvan kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, Cavabdeh yaşadığı ünvan kimi isə Bakı şəhəri, Xəzər rayonu, Stansiya Qala göstərilmişdir. Göründüyü kimi iddiaçının öz tələbinin əsası kimi qeyd etdiyi əsas sübutlar şahid ifadələridir. O şahidlər ki, onlar iddiaçının qonşularıdır və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, yəni ərazi üzrə başqa məhkəmənin ərazi yurisdiksiyasının şamil edildiyi ərazidə yaşayırlar. Digər prosessual şərtin, yəni işin başqa məhkəməyə verilməsi üçün hər iki tərəfin sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət verməsi isə yuxarıda qeyd edildiyi kimi iddiaçının xx xxxx 2020-ci il tarixli və cavabdehin isə 17 iyun və xx xxxx 2020-ci il tarixli ərizələri ilə öz təsdiqini tapır. Beləliklə, məhkəmə işin başqa məhkəməyə göndərilməsi barədə vəsatəti hər iki tərəfin verməsini, həmin vəsatətin məhz sübutların əksər hissəsinin olduğu yerin məhkəməsinə göndərilməsi barədə olduğunu nəzərə alıb, dispozitivlik prinsipindən çıxış edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş sübutların əksəriyyətinin olduğu yerin məhkəməsinə, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinin tələbinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Həmçinin həmin Məcəllənin 45.3-cü maddəsində işin bir məhkəmədən başqa məhkəməyə verilməsi bu barədə olan qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilməsi nəzərdə tutulub. Qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı və Cavabdeh vəsatətləri təmin edilsin. İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-86/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-86/2020
21.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver