Məhkəmə qərarları › İş №2(080)-254/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-254/2023

16.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-254/2023 16.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi X5 İddiaçı cavabdeh X6 qarşı əmlakın qanunsuz sahibdən qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət etmiş, babası X1 mülkiyyətində olan, onlara miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin cavabdeh X3 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsində İddiaçı tələbini ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin babası X2 məxsus olması ilə əsaslandırsa da iddia ərizəsinə ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin babası X1 mülkiyyətində olmasını təsdiq edən sübutu əlavə etməmiş, iddia ərizəsində tələbin əsası kimi istinad edilmiş fakt və falları təsdiq edən sübutların siyahısı, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmiş, məhkəməyə iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş yazılı sübutların surəti əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ məhkəmə icraatının bütün növləri, o cümlədən də mülki məhkəmə icraatı çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin məzmunundan görünür ki, hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qaydalar mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququn subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların qabaqcadan məhkəmədənkənar həlli qaydasına (pretenziya qaydasına) əməl olunmaqla nizama salınması nəzərdə tutulur. Hazırki işdən də göründüyü kimi İddiaçı iddia tələbində ünvan 2 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin mərhum babası X4 mülkiyyətində olduğunu iddia etsə də, həmin əmlaka dair mülkiyyət hüququnun babasının adına qeydiyyata alınmasına dair sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki həmin kateqoriya işlər üzrə qanunvericilik məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həlli qaydasına (pretenziya qaydasına) əməl olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən mübahisənin qabaqcadan məhkəmədənkənar həlli qaydasında (pretenziya qaydasına) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir. Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə uyğun olaraq geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin- 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 149.2.4-cü maddəsinin tələblərinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələblərinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 267-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı X6 qarşı əmlakın qanunsuz sahibdən qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 06 oktyabr 2023-cü il tarixdə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. İddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmək hüququ izah olunsun. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim əvəzi: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar