Məhkəmə qərarları › İş №2(089)-127/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-127/2025

17.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-127/2025 17.03.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs ilə birgə nikahlarından 4 fevral 2019-cu il tarixdə doğulmuş X3 onunla hər gün saat 20:00-dan 21:00-dək telefonla görüntülü (vhatsapp, zoom, vayber və sair proqramlar vasitəsilə) danışmaqları, 10 iyun 2024-cü il tarixdən etibarən hər həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək, bayram günlərinin (yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı) 1 günü və ad günlərində 4 saat olmaqla görüşmələri, birlikdə qalmaları barədə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından 04 fevral 2019-cu il tarixdə doğulmuş X4 ilə ünsiyyət hüququ ilə bağlı məhkəməyə müraciət etməkdən ötrü, ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etmişdir. Onunla Maraqlı şəxs arasında X1 bağlanmış 06 iyun 2024-cü il tarixli, MŞN/24-Y-00639 nömrəli Barışıq Sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından olan övladları, 04 fevral 2019-cu il təvəllüdlü X3 onunla hər gün saat 20:00-dan 21:00-dək telefonla görüntülü (vatsap, zoom, vayber və sair texnoloji vasitələrlə) danışmaqları, xx.xx.2024-cü il tarixdən etibarən hər həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək, bayram günlərinin (yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı) 1(bir) günü və ad günlərində 4 saat olmaqla görüşmələri, birlikdə qalmaları üçün razılığa gəlmişlər. Lakin, Maraqlı şəxs ona oğlu Yusifli İlhamla ünsiyyətdə olmasına artıq bir aydır ki, şərait yaratmır. Övladı ilə ünsiyyətdə olmasını təmin etmir, barışıq sazişi hazırki vaxtadək könüllü icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi və Maraqlı şəxs məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş 625681 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 04 fevral 2019-cu il tarixdə X4 doğulmuş, uşağın atası Ərizəçi, anası Maraqlı şəxsdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞN/24-Y-00639 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından 04 fevral 2019cu il tarixdə doğulmuş X3 atası Ərizəçi ilə hər gün saat 20:00-la 21:00 arası telefonla görüntülü (Vhatsapp, zoom, vayber və s. texnoloji vasitələrlə) danışmaları, 10 iyun 2024cü il tarixdən etibarən hər həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək, bayram günlərinin (Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban Bayramı) 1 (bir) günü və ad günlərində (atanın və uşağın, günün günorta vaxtı) 4 (dörd) saat olmaqla görüşmələri, birlikdə qalmaları və ünsiyyət yaratmaları barədə razılığa gəlmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 06 iyun 2024-cü il tarixli, MŞN/24-Y-00639 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş X3 atası Ərizəçi ilə ünsiyyətdə olması üçün görüş qaydası müəyyən edilmiş, tərəflər Ərizəçi X4 ilə hər gün saat 20:00-la 21:00 arası telefonla görüntülü (Vhatsapp, zoom, vayber və s. texnoloji vasitələrlə) danışmaları, 10 iyun 2024cü il tarixdən etibarən hər həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək, bayram günlərinin (Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban Bayramı) 1 (bir) günü və ad günlərində (atanın və uşağın, günün günorta vaxtı) 4 (dörd) saat olmaqla görüşmələri, birlikdə qalmaları və ünsiyyət yaratmaları barədə razılığa gəlmişlər. Lakin, Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini icra etməmiş, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş öhdəliklərini icra etməmiş, Ərizəçi X4 ilə ünsiyyətinə mane olmuşdur. Baxmayaraq ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞN/24-Y-00639 nömrəli barışıq sazişində Maraqlı şəxs Ərizəçi X4 ilə hər gün saat 20:00-la 21:00 arası telefonla görüntülü (Vhatsapp, zoom, vayber və s. texnoloji vasitələrlə) danışmaları, 10 iyun 2024-cü il tarixdən etibarən hər həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək, bayram günlərinin (Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban Bayramı) 1 (bir) günü və ad günlərində (atanın və uşağın, günün günorta vaxtı) 4 (dörd) saat olmaqla görüşmələri, birlikdə qalmaları və ünsiyyət yaratmaları üçün şərait yaradılması barədə üzərinə öhdəlik götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞN/24-Y- 00639 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Ərizəçi 04 fevral 2019-cu il tarixdə doğulmuş X4 ilə ünsiyyətdə olması üçün hər gün saat 20:00-dan 21:00-dək telefonla görüntülü (Vhatsapp, zoom, vayber və s. texnoloji vasitələrlə) danışsın, hər həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək, bayram günlərinin (Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban Bayramı) 1 (bir) günü və ad günlərində (atanın və uşağın, günün günorta vaxtı) 4 (dörd) saat olmaqla görüşsün, birlikdə qalsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar