Məhkəmə qərarları › İş №2(089)-203/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-203/2024

25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-203/2024 25.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, X7nın 1997-ci il tarixdə Culfa şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. X1 ölmüş, öldüyü tarixi tam xatırlamır. X7 01 sentyabr 1997-ci il tarixidə Culfa şəhərində ölmüşdür. Qardaşları Bakı şəhərində yaşayır. Anasının yas mərasimindən sonra qardaşları Bakı şəhərinə getmiş, anasının ölümü ilə bağlı şəhadətnamə almaq barədə heç fikirləşməmişlər. Atası evlərini qardaşı Qurban Nağıyevə vəsiyyət etmişdir. Culfa şəhəri, Təbriz küçəsində yerləşən, atasına məxsus mənzilin vərəsəlik yolu ilə sənədləşdirilməsi zərurəti yaranmış, bu zaman anasının ölümünün qeydə alınmadığı müəyyən olunmuşdur. Culfa rayon Mərkəzi Xəstəxanasına, Culfa rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, anasının ölümü haqqında hər hansı məlumat tapılmamışdır. Anası Culfa şəhər qəbiristanlığında dəfn edilmişdir. Ölüm faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Maraqlı şəxs Culfa rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət etmiş, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında işlərin çoxluğundan iştirak edə bilmədiyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin ərizəsini nəzərə alıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan- 034619 nömrəli doğum akt qeydindən çıxarışdan müəyyən olunur ki, 01 aprel 1938ci il tarixdə doğulmuş X3 atası X8, anası X4r. 019040 nömrəli Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X9 arasında nikah 20 noyabr 1956-cı il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmişdir. 745279 nömrəli doğum akt qeydindən çıxarışdan müəyyən olunur ki, Ərizəçi atası X13, anası X6r. Culfa rayon Mərkəzi Xəstəxanasından verilmiş 101 nömrəli, 25 yanvar 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Culfa şəhər sakini xx.xx.1938-ci il təvəllüdlü X11 1997-ci il tarixdə vəfat etməsi barədə Culfa rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsində, arxiv şöbəsində qeydə rast gəlinməmişdir. Culfa rayon qeydiyyat şöbəsinin 3-16-5/8-15-101/2024 nömrəli, 29 may 2024-cü il tarixli məktubunda Ərizəçi ərizəsinə cavab olaraq qeyd edilmişdir ki, “vətəndaşın ölümünün qeydiyyatını aparmaq üçün tibb müəssisəsindən tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi təqdim edilməlidr. Siz göstərilən sənədlərdən hər hansı birini Culfa rayon Qeydiyyat şöbəsinə təqdim etmədiyinizdən, X11 ölməsinə dair ölüm haqqında şəhadətnamə verilə bilməz” İş materiallarına əlavə edilmiş bir ədəd fotoşəkildə olan qəbir daşı üzərində “X5, 1938-1997” qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilməli olan müvafiq sənəd yoxdur, ümumiyyətlə ölüm haqqında həkim şəhadətnaməsinin alınması üçün müraciət edilməmiş, ölümün qeydə alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X11 01 sentyabr 1997-ci il tarixdə Culfa şəhərində ölməsi, Culfa şəhər qəbristanlığında dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Əliheydər oğlu və Şahid2 ifadələrində X11 01 sentyabr 1997-ci il tarixdə Culfa şəhərində ölməsini, Culfa şəhər qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. Mülki iş materiallarına əlavə edilmiş Culfa şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 414 nömrəli, 18 iyul 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, həqiqətən mərhum X16 1997-ci ildə vəfat etmiş, Culfa şəhər qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X11 Culfa şəhərində 01 sentyabr 1997-ci il il tarixində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 aprel 1938-ci ildə doğulmuş X11 01 sentyabr 1997-ci il tarixdə Culfa şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X10 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar