Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-67/2024 01.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs birgə nikahdan 26 sentyabr 2008-ci il tarixdə doğulmuş X5, 05 aprel 2011-ci il tarixdə doğulmuş X7 və 27 may 2019-cu il tarixdə doğulmuş X1 üçün ailiment öhdəliyinə dair X2 bağlanmış 01 mart 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi izahatında bildirmişdir ki, Maraqlı şəxsla 2008-ci ildə ailə qurmuşlar. Birgə nikahdan 26 sentyabr 2008-ci il tarixdə Muradova Xanım, 05 aprel 2011-ci il tarixdə Muradlı İnci, 27 may 2019-cu ildə Muradlı Nilay doğulmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Culfa rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(089)-167/2023 nömrəli qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında qalmışdır. Məhkəməyə müraciət edənədək Mediasiya Təşkilatına müraciət etmiş, Maraqlı şəxsla uşaqların saxlanılması üçün alimentin ödənilməsi ilə bağlı aralarında 01 mart 2022-ci il tarixdə barışıq sazişi bağlanmış, Maraqlı şəxs 01 mart 2022-ci il tarixdən başlayaraq uşaqların saxlanılması üçün hər ay 500 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxsla aralarında barışıq sazişi bağlansa da o, üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, uşaqların saxlanılması üçün alimenti bir neçə ay vaxtında, 2023-cü ilin dekabr ayı üçün isə ümumiyyətlə ödəməmişdir. Barışıq sazişinin təsdiq edilməsini, uşaqların saxlanılması üçün hər ay 500 manat məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsini, aliment ödənişinin 01 dekabr 2023-cü il tarixdən başlanmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs izahatında bildirmişdir ki, həqiqətən də uşaqların saxlanılması üçün Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişində müəyyən edilmiş 500 manat məbləğində alimenti vaxtında ödəməmiş, maddi imkanı olmadığından 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayı üçün ödəməli olduğu 500 manatı ödəməmişdir. Hazırda da həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Ərizənin təmin edilməsinə, aliment ödənişinin 01 dekabr 2023-cü il tarixdən başlanmasına etiraz etmir. Məhkəmə, ərizəçinin, maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında 01 mart 2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün hər ay 500 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay üç uşağın saxlanılması üçün 500 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini tam icra etməmiş, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti tam ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında 01 mart 2022-ci il tarixdə bağlanmış barışıq sazişində Maraqlı şəxs hər ay üç uşağın saxlanılması üçün 500 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında 01 mart 2022-ci il tarixdə bağlanmış 51 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Maraqlı şəxs birgə nikahdan 26 sentyabr 2008-ci il tarixdə doğulmuş X5, 05 aprel 2011-ci il tarixdə doğulmuş X7 və 27 may 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər ay 500 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. Tərəflər alimentin hər ayın 01-dən gec olmayaraq Ərizəçi təqdim edəcəyi kart hesabı vasitəsilə ödənilməsi, ilk aliment ödənişinin 01 dekabr 2023-cü il tarixdən başlanması barədə razılığa gəlirlər. Maraqlı şəxs 27 noyabr 2020-ci il tarixdə doğulmuş X8 və 01 yanvar 2022-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması 01 dekabr 2023-cü tarixdən hesablansın Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-67/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-67/2024
01.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver