Məhkəmə qərarları › İş №2(090)-105/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-105/2020

19.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-105/2020 19.08.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxx 2020-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 iki illik bir baş erkək inəyin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə iki illik iki baş iribuynuzlu malımı Şahbuz rayonu, Nursu kənd sakinləri X2 və Cavabdeh2 ilə razılaşıb bir başını 15 manatdan olmaqla, ikisini 30 manata razılaşaraq otarmaları üçün onlara verdim. Təqribən 25 gün bundan əvvəl Qarababa kənd sakini Səccad adlı şəxsə zəng edərək ona malı xəstələndiyini bildiriblər. Səccad isə bildirib ki, malı bir maşınla kəndə göndərin pulunu mən burada ödəyəcəm və belə də olub. O, həmin gün Qarababa kənd baytarını və Babək rayonu, Qahab kəndindən başqa bir baytarı da çağırıb malı müalicə etdirib, lakin mal 3-5 saat qaldıqdan sonra ölüb. Səccad naxırçılara zəng vurub ölən malın onun olmadığını bildirib, daha sonra isə gedib naxırın içindən iki baş erkək malı geri gətirib. Təqribən həmin vaxtdan 20 gün keçəndən sonra Sənan adlı naxırçı onların evinin yanından keçəndə mənə bildirdi ki, bir baş iribuynuzlu mal ölüb, sahibinin kim olduğunu bilmirik. Həmin günün səhəri biz naxırda malımıza baxmağa getdik. Malın orada olmadığını görüb, naxırçılardan soruşanda bildiridilər ki, həmin malı Səccad 20 gün olar ki, aparıb. Biz oradan kəndə qayıdıb, maraqlanıb bildik ki, Səccad inəyi “İşgəsu” deyilən yerdə aparıb saxlayır. Oraya gedib, malımızı baxıb tanıdıq və ona həmin malın bizim olduğunu bildirdik, lakin o, bizim olan inəyi sahiblənib vermək istəmədi. Hal-hazırda da mal ondadır. Naxırçılarsa ölən malın bizim olduğunu bildirirlər. Səccadın gətirdiyi mal mənimdi. Dəfələrlə naxırçılardan malımı tələb etsəm də hərdən bir yalan danışıb, mənim inəyimi vermirlər. Mən bir müddət onların bu hərəkətlərinə dözdüm, malımı qaytaracaqlarına ümid etdim. Lakin naxırçılar Sənan İsrafılov və Cavabdeh2 1 baş iki illik erkək malımı mənə verməkdən qəti olaraq boyun qaçırırlar. İddiaçı məhkəmədə verdiyi izahatında 2020-ci ilin may ayının 2-də biri erkək, biri dişi olmaqla iki baş inəyi otarılması üçün öz maşınına qoyub dağa apardığını, bundan əvvəl isə öz heyvanların digərlərindən fərqlənməsi üçün qonşusu Xəqanin oğlu Aqilə onların sol qulaqlarına birka vurdutduğunu, özünə məxsus olan heyvanların qulaqlarında bunda başqa izin olmadığını, hazırki iş üzrə cavabdeh olan İbrahim isə el arasında Vüqar kimi çağırıldığını və onu bu adla tanıdığını, heyvanları dağa aparıb ona təhvil verdiyini, təqribən 18-20 gün sonra Sənanın ona zəng edərək ona məxsus olan dişi malın xəstələndiyini, bundan sonra özünün kənd baytarı Tahiri də götürüb dağa getdiyini, bu vaxt Sənanın xəstələnən inəyi sürüdən ayırıb gətirdiyini və həmin inəyə iyinə vurduğunu, sağ qulağını kəsdiyini dediyini, daha sonra Tahirin də inəyə bir iynə vurduğunu və ona “bura kimi öz maşınınla gəlmisən, gəl bu inəyi evinə aparaq” dediyini və belə də etdiklərini, həmin vaxt isə ona məxsus olan hər iki inəyin də qulağında birkanın olduğunu gördüyünü, xəstələnən inəyi isə sağaldıqdan, yəni üç gün sonra yenidən dağa apardığını, bir gün Sənanın evinin arxasından keçərkən isə sonuncunun ona yaxınlaşaraq bir dananın öldüyünü, sahibinin isə şübhəli olduğunu, buna görə də dağa gəlib öz mallarına baxmasını ona bildirdiyini, özünün isə həmin günün səhərisi arvadı Fatma və gəlini Fazilə ilə birlikdə dağa gedib heyvanlara baxdıqda erkək dananın orada olmadığını müəyyən etdiyini, arvadın sürüdə olan inəklərin birinin göstərib öz inəklərinin ona oxşadığını dediyini, bundan sonra isə Sənanın buna oxşar inəyi üç gün bundan qabaq Səccad adlı şəxsin gəlib apardığını ona dediyini, özlərinin gəlib Səccadın onun qonşusu olduğunu, sonuncuda olan inəyə baxmaq istəsələr də Səccadın evdə olmadığını və o, “İşgəcsu” adlanan yerdə işlədiyindən oraya getdiklərini, Səccadın orada da olmadığını, evə qayıdanda inəyi yolun kənarında gördüklərini, həmin vaxt maşından düşüb ona yaxınlaşdıqlarını, onun qulağında birka olmasa da, onun izinin olduğunu, daha sonra Səccadla görüşdüyünü, lakin onun inəyin ona məxsus olduğunu bildirdiyini, aralarında olan mübahisədən sonra axşam heyvanın evə gedən zaman kimin qapısına getsə sahibinin də o olacağına dair razılaşdıqlarını, həmin gün axşam isə mübahisəli inəyin digər heyvanlardan ayrılaraq əvvəlcə onun qapısına tərəf getdiyini, daha sonra isə qayıdıb Səccadın evinin qapısından içəri girdiyini bildirərək yekunda məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdi. Cavabdeh1 məhkəmədə verdiyi izahatında Novruzəlinin inəkləri otarmaq üçün təhvil verdiyi gün Vüqarın (İbrahimin) növbəsi olduğunu və heyvanları da onun qəbul etdiyini, bir gün isə inəklərin birinin xəstələndiyini, yəni ilan vurduğunu, həmin inəyin qulağında kəsik izi olduğunu, sürüdə isə bu işarəli inəklərin Əli və Səccada aid olduğunu, bundan sonra özünün Şahbuz rayonu, Mahmudoba kənd sakini Əli adlı şəxsə zəng edib inəyin xəstələndiyini ona bildirdiyini, sonuncunun isə gəlib inəyə baxdıqdan sonra bunun ona məxsus olmadığını bildirdiyini, bundan sonra isə öz dəftərinə baxıb Səccad adlı şəxsə zəng etdiyini, onun isə inəyin şəklini vatsapla çəkib ona atmağı xahiş etdiyini və özünün də belə də etdiyini, daha sonra Səccadın ona zəng edərək inəyi bir maşına qoyub göndərməsini ondan istədiyini, özünün isə həmin inəyini Səccada göndərdiyini, sonuncunun inək ona çatandan sonra zəng edərək həmin inəyin ona məxsus olmadığını ona dediyini, həmçinin inəyə baytara baxması ilə bağlı xərc çəkdiyini və başqa kənddən, yəni Babək rayonu, Qahab kəndindən də baytar çağırdığını deyərək bu xərclərin ona kimin verəcəyini soruşduğunu, özünün isə Səccada “sən hər nə lazımsa et, mən inəyin sahibini tapıb sənin pulu verəcəyəm” dediyini, daha sonra baytar Tahir tərəfindən inəyə iynə vurulsa da inəyin öldüyünü, özünün isə Şahbuz rayonu, Qarababa kənd sakini Zaura zəng edərək həmin inəyi gəlib basdırmaq üçün aparmasını istədiyini, onu basdırdıqdan sonra isə baytarla danışdığını, baytarın isə inəyin ölüm səbəbinin ilan vurma olduğunu dediyini, Novruzəliyə zəng etsə də onun telefonuna zəng çatmadığını, iddiaçının ev telefonuna zəng vurduğunu, lakin heç kimin cavab vermədiyini, bundan sonra isə inəyin sahibini axtarmağa başladığını, sürüdə olan qulağı işarəli və birkalı inəklərə özündə olan dəftər üzrə baxdıqdan sonra iddiaçının inəyinin olmadığını müəyyən etdiyini, inəyin ölməsindən iki-üç gün sonra iddiaçının evinə gedib onun video görüntüsünü, yəni Səccadın telefonuna vatsapla göndərdiyi video görüntünü Novruzəlinin arvadına və oğluna göstərdiyini, onların isə həmin inəyin onlara məxsus olmadığını bildirdiklərini, səhəri gün yenidən sürüdə olan birkalı mallara baxdığını, həmin vaxt bütün birkalı malların yerində olduğunu, lakin Novruzəlinin inəyinin orada olmadığını müəyyən etdiyini, ölən inəyin isə qulağı kəsik olduğundan və sürüdə olan bütün qulağı işarəli inəklər yerində olsa da bircə Novruzəlinin erkək danası olmadığından birkanın nəyəsə ilişib düşən zaman onu qulağını cırdığını düşündüklərini, hadisədən 2-3 gün sonra iddiaçını yolda saxladığını və ona “sizin mal ölüb, gəlin sürüyə baxın” dediyini, onların isə gəlib heyvanlara baxdıqdan sonra özlərinə aid olan dananın sürüdə olmadığını dediklərini, heyvanların içərisindən keçəndə isə iddiaçının arvadının orada olan danaların birini göstərib “bizim mal buna oxşayırdı” dediyini, özünün isə onlara belə bir inəyi üç gün bundan qabaq Səccadın apardığını dediyini, daha sonra səccadla Novruzəli arasında inəyə dair mübahisə yarandığından tərəflər razılaşdılar ki, axşam inək kimin evinə getsə sahibini həmin qaydada müəyyən etsinlər və polis əməkdaşları Pərvin, Nurlan, iddiaçı Novruzəli, inəyə sahiblik edən Səccad, iddiaçının oğlu, Vüqar (İbrahim) və özünün iştirakı bunu həyata keçirdiklərini, mübahisəli inəyin isə Səccadın evinə getdiyini bildirərək yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Digər Cavabdeh2 məhkəmədə verdiyi izahatında adı İbrahim olsa da onu el arasında Vüqar deyə çağırdıqları və bu adla tanıdıqlarını, özünün çobanlıq etdiyini, 2020-ci ilin may ayının 2-də Novruzəlinin öz maşını ilə biri dişi, biri erkək olmaqla iki baş inəyi otarmaq üçün Şahbuz rayonu, Nursu kəndinə gətirdiyini, həmin inəkləri qəbul etdikləri vaxt onların sol qulaqlarında birka olduğunu, bu səbəbdən də onları işarələmədiyini, may ayının 25-də sürünü otarmaq üçün dağa apardıqlarını, təqribən 2020-ci ilin iyun ayının 20-də sürüdə olan inəklərin birini ilan vurduğunu, həmin inəyin sol qulağının kəsik olduğunu, sürüdə həmin əlamətdə olan inəklərin Şahbuz rayonu, Qarababa kənd sakini Səccadda və Şahbuz rayonu, Mahmudoba kənd sakini Əliyə məxsus olduğunu, buna görə də ilk olaraq onlara xəbər verdiklərini, Əlinin dağa gəlib inəyə baxdıqdan sonra inəyin ona məxsus olmadığını, bundan sonra geriyə bir Səccad qaldığından həmin inəyi maşına qoyub onu Qarababa kəndinə göndərdiklərini, sonuncu isə inək ona çatandan sonra Sənana zəng edərək həmin inəyin ona məxsus olmadığını bildirdiyini, inəyin öldüyünü, onu maşına qoyub geri qaytardıqlarını, inəyi baş həkim Nəzəralı, baytarlar Tahir və Vəli tərəfindən yarıldığını, onların deməsinə görə inəyin ilan vurması səbəbindən öldüyünü, bundan sonra isə özlərində olanda dəftərə baxıb erkək inək sahibləri üzrə ölən inəyin sahibini tapmağa çalışdıqlarını, sürüdə qulağı işarəli inəklərin Əli, Səccad və Novruzəliyə aid olduğunu, fərq Novruzəlinin inəklərinin sol qulağında birka olduğunu, Əli və Səccadın inəklərinin isə qulağının kəsik olduğunu, Səccadın üç inəyinin sol qulağını onların sürüyə buraxılması zamanı özü tərəfindən sol qulaqlarını kəsməklə işarələdiyini, ölən inəyin Əli və Səccada aid olmadığını bildikdən sonra Sənanın iddiaçıya zəng etdiyi, lakin sonuncunun telefonuna zəng çatmadığını, özlərinin ehtimalına görə həmin inəyin Novruzəli məxsus olduğunu və onun qulağında olan birkanın nəyəsə ilişib qulağını cırıb düşdüyünü, belə halların çox baş verdiyini, ondan 2-3 gün sonra Sənanın inəyin video görüntüsünü aparıb iddiaçının arvadına və oğluna göstərdiyini, lakin onların da həmin inəyin onlara məxsus olmadığını bildirdiklərini, bundan sonra Novruzəlinin dağa gələrək sürüdə olan inəklərə baxdığını, lakin özünə məxsus olan inəyi orada tapmadığını, “İşgəcsu” adlanan yerə gedib Səccada olan inəyə baxdıqdan sonra onun özünə aid olmasını bildirdiyini, bununla bağlı aralarında yaranmış mübahisədən sonra aralarında olan razılaşmaya əsasən axşamçağı sürünün kəndə buraxdıqlarını və həmin vaxt inəyin Səccadın evinə getdiyini bildirərək yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehlə otarmaq üçün iki baş inəyin verilməsi, həmin inəklərdən birinin, daha dəqiq ifadə etsək erkək olanın xarici görüşünə görə Səccad adlı şəxsin inəyi ilə qismən oxşar olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması iş üzrə tərəflərin məhkəmədə verdiyi izahatlarla və məhkəməyə təqdim edilmiş 03 ədəd fotoşəkil, bir ədəd kompakt diskdə olan video görüntü ilə müəyyən edilir. İşin mübahisəli halı isə iddiaçının cavabdehlərdən Səccad adlı şəxsin sahibliyində olan bir baş iki illik erkək inəyin ona qaytarılmasını tələb etməsidir. Məhkəmə mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək mülki işin mübahisəli halının həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələbindən və məhkəmədə verdiyi izahatından aydın olur ki, o, otarmaq üçün cavabdehlərə iki baş inək vermişdi. Həmçinin onun və qarşı tərəfin izahatlarından o da müəyyən olur ki, həmin inəklərdən erkək olanın xarici görünüşü iddiaçının qonşusu Səccad adlı şəxsin inəyi ilə oxşarlıq təşkil edir və İddiaçı hazırda məhz qonşusunun sahibliyində olan və özünün mülkiyyətçisi olduğunu iddia etdiyi inəyin ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsində isə mülkiyyət hüququnun müdafiəsi əsasları öz əksini tapıb. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da başlıcası vindikasiya iddiası, yəni öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsidir. Vindikasiya iddiasının əsas elementlərindən biri isə həmin iddia tərəflərin subyektiv tərkibidir. Belə ki, bu iddia növündə olan tələbinin bir tərəfi kimi iddiaçı qismində həm əşyanın mülkiyyətçisi, həm də mülkiyyətçi olmayan ona sahiblik edən, digər tərəf kimi yəni, cavabdeh qismində isə əşyaya qanunsuz sahiblik edən şəxs çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə də mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddi hüquq normasının da mahiyyətindən də göründüyü kimi mülkiyyətçi başqasının qanunsuz sahibliyində olan əmlakını tələb etməsinə dair iddia tələbini məhz onun mülkiyyət hüququnu pozan şəxsə qarşı yönəltməlidir. İddiaçı isə ona məxsus olduğunu iddia etdiyi inəyin Səccad adlı şəxsin sahibliyində olduğunu bildiyi halda iddia tələbini həmin inəyin otarılması üçün verdiyi Cavabdeh1 və Cavabdeh2 inəyinin geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, mülki icraat qaydasında iddia qaldırmaq, öz hüquq və azadlıq və mənafelərini məhkəmə qaydasında müdafiə və təmin etmək hər bir şəxsin sərbəst hüququdur və dispozitivlik prinsipi şəxsə bu hüquqdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı verir. Lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Prosessual normanın yuxarıda qeyd edilən tələbini nəzərə alan məhkəmə xx xxxxxx 2020ci il tarixli məktubla iddiaçıya cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini təklif etsə də o, həmin tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək özünə məxsus olan inəkləri otarmaq üçün cavabdehlərə təhvil verdiyini, bu səbəbdən də onlardan tələb etdiyini, Səccadın onun qonşusu olduğunu, onunla hər hansı bir probleminin və ona qarşı tələbinin olmadığını qeyd edərək cavabdehin dəyişməsinə razı olmamışdı. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur. Buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyil. Çünki əsl olmayan cavabdehlər hazırki hüquq münasibətləri üzrə vəzifə daşımalı, yəni mübahisəli inəyə qanunsuz sahiblik etməklə onu geri qaytarmalı olan şəxs deyillər. Belə olan məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual 54.2-ci maddəsinin tələbinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Yəni iddiaçı əsl olmayan cavabdehin əvəz edilməsinə razı olmadıqda icraat verilmiş iddia üzrə davam etdirilir və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar