Məhkəmə qərarları › İş №2(090)-230/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-230/2023

18.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-230/2023 18.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında 21 aprel 2023-cü il tarixdə X2 bağlanmış B-441 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs ilə 08 iyul 2010-cu il tarixində nikah qeydiyyatından keçməklə ailə qurublar, nikahlarından 25 mart 2012-ci ildə X6 və 26 avqust 2015-ci ildə X7 doğulubdur, Şahbuz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə nikahları pozulubdur, nikahları pozulmamışdan əvvəl onunla cavabdeh arasında mediyasiya prosesində razılaşmaya əsasən Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla, iki uşağa görə ümumilikdə 300 manat aliment ödəmək öhdəliyi götürübdür, lakin cavabdeh bu günə kimi uşaqların saxlanması üçün aliment ödəməyibdir. Sonda Ərizəçi göstərilənləri nəzərə alaraq məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran ərizəçi T.Həmzəyeva izahatında bildirdi ki, məhkəmənin qərarı ilə övladları onun yanında saxlanılıblar və hal-hazırda onunla birlikdə yaşayırlar, onunla cavabdeh arasında bağlanmış saziş 21 aprel 2023-cü il tarixdə bağlansa da, sazişin şərtlərinə görə aliment ödənişi aprel ayının 28-i may ayının 03-dək ödənilməlidir, lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək bu günə kimi heç bir ödəniş etməyibdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxs qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 20 iyul 2023-cü il tarixli, 3/449 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemində olan məlumatdan görünür ki, cavabdeh Maraqlı şəxs Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 2(090)-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X7 26 avqust 2015-ci ildə doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçi, eyni zamanda Həmzəyeva Ayla (Şəfaətovna) Şəfaət qızı 25 mart 2012-ci ildə doğulmuş, atasının Maraqlı şəxs, anasının isə Ərizəçi olaması müəyyən edilir. İş materiallarında olan 21 aprel 2023-cü il tarixli, B-441 nömrəli “Barışıq sazişi”ndən görünür ki, tərəflər fərdi və birgə sessiyalardan ibarət tam mediyasiya prosesində qarşılıqlı anlaşma nümayiş etdirərək müzakirə olunan məsələ üzrə aşağıdakı razılığa gəlirlər: - Maraqlı şəxs birgə nikahdan doğulmuş 25 mart 2012-ci il təvəllüdlü X3 və 26 avqust 2015-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 150 manat məbləğində, cəmi 300 manat aliment ödəyəcəyini öhdəsinə götürür; - İlkin aliment ödənişinin aprel ayının 28-i may ayının 03-ü arası aprel ayı üçün ödənilməsi razılığına gəlirlər; - sonrakı aliment ödənişlərinin isə hər ayın 28-dən növbəti ayın 03-dək Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, Maraqlı şəxs 2023-cü ilin aprel ayının 28-dən may ayının 03-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə, yəni Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə ərizəçilər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 21 aprel 2023-cü il tarixli, B-441 nömrəli “Barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin.

1. Maraqlı şəxs birgə nikahdan doğulmuş 25 mart 2012-ci il təvəllüdlü X3 və 26 avqust 2015-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 150 manat məbləğində, cəmi 300 manat aliment ödəyəcəyini öhdəsinə götürür;

2. İlkin aliment ödənişinin aprel ayının 28-i may ayının 03-ü arası aprel ayı üçün ödənilməsi razılığına gəlirlər;

3. sonrakı aliment ödənişlərinin isə hər ayın 28-dən növbəti ayın 03-dək Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli “28” aprel 2023-cü il tarixdən hesablansın. Maraqlı şəxs 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar