Məhkəmə qərarları › İş №2(090)-30/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-30/2025

05.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-30/2025 05.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Şahbuz şəhər körpələr evi-uşaq bağçasına qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz şəhər körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü il tarixli, 95 saylı əmrin onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi və işə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi çıxarılan günədək məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının cavabdeh Şahbuz şəhər körpələr evi-uşaq bağçasından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixində, 72 saylı əmr əsasında Şahbuz Şəhər Uşaq Bağçasına tərbiyəçi-müəllim vəzifəsinə işə götürülmüşəm. Əmək fəaliyyətim müddətində daim məsuliyyətli, intizamlı işçi kimi seçilmiş, barəmdə heç bir tənbeh tədbiri görülməmişdir. 06 sentyabr 2024-cü il tarixində sözügedən Bağçanın onun işlədiyi deyil, digər 2 qrupunun fəaliyyətini dayandırması əsas göstərilərək, onun l (bir) ildən artıq iş stajım nəzərə alınmaqla əmək qanunvericiliyi ilə birbaşa təsbit olunmuş 4 təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi tələbinə riayət edilmədən, habelə ona bu barədə qəbul edilmiş əmr təqdim olunmadan elə həmin gün işinə xitam verilmiş, şöbələri ləğv olunmuş qeyri-ixtisas müəllimləri onun çalışdığı şöbəyə təyin olunmuş və müdiriyyət tərəfindən həmin tarixdən işə gəlməməyi şifahi şəkildə bildirilmişdir. Bundan dərhal sonra O, pozulmuş əmək hüquqlarımın müdafiəsi üçün ilk növbədə, Şahbuz Şəhər Uşaq Bağçasının müdiri Nümayəndə müraciət edərək ixtisasına uyğun işləyən müəllim kimi onun ixtisara düşən işçilər sırasına daxil edilməyinin hüquqazidd olduğunu və işə bərpa edilməli olduğunu bildirsə də bu səylərim nəticəsiz qalmışdır.Şahbuz Şəhər Uşaq Bağçasının mənimlə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi, cavabdeh tərəfindən onun işdən çıxarılmağı barədə verilmiş 06 sentyabr 2024-cü il tarixli 95 saylı əmr tamamilə qanunsuzdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan, onun işlədiyi qrup fəaliyyətini davam etdirdiyindən və onun işdən çıxarılmağında bağlı əvvəlcədən xəbərdar edilmədiyindən, MAXE (hərbi qulluqçu) yoldaşı olmağı və öhdəsində 3 azyaşlı uşağının olması amilləri nəzərə alınaraq işdə saxlanılmağına üstünlük verilməsi barədə AR Əmək Məcəlləsinin tələbləri pozulduğundan, habelə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqına üzv müəllim kimi onun ixtisara düşmədən əvvəl Həmkarlar İttifaqına təqdim edilməli olan təqdimatın göndərilmədiyindən yuxarıda göstərilən əmr qanuni hesab edilə bilməz. O, işdən çıxarıldıqdan sonra Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Baş Naziri və Azərbaycan Respublikasının Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinə bu qanunsuzluqlarla bağlı müraciət edibdir. Onun Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə olan müraciəti Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən X6 Xidmətinə yönləndirilmiş və Müfəttişlik tərəfindən aparılmış araşdırma zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci və həmin Məcəllənin 83.4cü maddələrinin tələblərinə əməl edilmədiyi müəyyənləşdirilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsi ilə 29 oktyabr 2024cü il tarixində Şahbuz Şəhər Uşaq Bağçasının müdiri Nümayəndə barəsində inzibati tənbehvermə haqqında Qərar qəbul edilmiş, sözügedən Qərara əsasən işəgötürənə şərti olaraq inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. O, X4 miivafıq qərarından sonra 06 noyabr 2024-cü ildə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Naxçıvan Şəhər Mediasiya Təşkilatına müraciət edərək məhkəmədən kənar mübahisənin həll olunması, onun ƏMAS sistemi vasitəsilə əldə olunmuş əmək müqaviləmdə birbaşa qeyd olunduğu kimi müddətsiz əmək müqaviləsi üzrə işlədiyi tərbiyəçi-müəllim vəzifəsinə bərpa olunmağı ilə bağlı təşəbbüs göstərsə də cavabdeh Nümayəndə vəkili və nümayəndəsi mübahisənin həll edilməsi üçün ağlabatan təklif irəli sürmək yerinə, onun bərpa olunmaq istədiyi əvvəlki işi ilə müqayisədə olduqca aşağı iş şərtləri üzrə müqavilə bağlanılmasını təklif etdiyindən və onu öz hüquqlarımın məhkəmədə müdafiəsindən çəkindirəcək bir sıra ifadələr işlətdiyindən Mediasiya prosesi X1 27 noyabr 2024-cü il tarixli Arayışda da qeyd olunduğu kimi nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndində təsbit edilmiş "Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür” müddəasını əsas götürərək qeyd edir ki, onun işinə xitam verilməsi məlumatı xx.xx.2024-cü il tarixində yalnız şifahi şəkildə bildirildiyindən, onun əmək kitabçası, ixtisara düşdüyünü göstərən əmr təqdim olunmadığından, məhz onun bir neçə dəfə telefonla, sonuncu dəfə isə 07 noyabr 2024-cü il tarixində Şahbuz rayon Təhsil Şöbəsinə gedərək bu barədə tələbini bildirdikdən sonra Təhsil Şöbəsi tərəfindən həmin tarixdə 72 və 95 saylı əmrlərdən çıxarışlar və əmək kitabçası verilmişdir. İddiaçı iddia tələbinin hüquq əsası kimi Azərbaycan Respublikası Konstitusiyasına və Əmək Məcəlləsinin bir sıra müddəalarına istinad etmişdir. Məhkəmənin 21 yanvar 2025-ci il tarixdə keçirilən iclasında İddiaçı izahatında göstərmişdir ki, qarşı tərəflə razılaşa bilməyiblər, Nümayəndə işdən çıxarılmağı ilə bağlı əmr verib, Təhsil Nazirliyinə bununla bağlı yazılı və şifahi müraciətlər edibdir, bununla bağlı məktubları vardır. Nümayəndə işdən çıxmamışdan bir ay öncədən ona “ola bilər ki işdən çıxarılarsız, müəllimə özünə iş tap” deyibdir, həftənin bir günü iş axtarmağı ilə bağlı icazə veribdir, 06 sentyabr 2024-cü il tarixdə işdən çıxarılıbdır, 04 oktyabr 2024-cü il tarixdə Təhsil Nazirliyinə yazılı müraciət edib, orada araşdırma aparılıb, Mediasiya təşkilatında qarşı tərəfin vəkili ona tam aklat iş ilə 3 aylıq müqavilə bağlamağı təklif edib, O isə daimi iş istəyir, imtahandan keçməyi ilə bağlı sənədi yoxdur, nəticənin bərpası ilə bağlı müraciət edib, yenidən imtahan keçirilsə, o da imtahanda iştirak edəcək, imtahan gününə qədər işləməyə razıdır, Nümayəndə yarım aklat iş ilə işləməyi təklif edib, imtahandan özü keçə bilmədiyi təqdirdə işdən çıxarılmağa heç bir etirazı olmayacaqdır. Mediasiya təşkilatına 07 noyabr 2024-cü il tarixdə müraciət edibdir, son haqq-hesabı 04 oktyabr 2024-cü il tarixdə ona verilib, lakin əmək müfəttişliyinin hesablamalarına görə tamamilə ödənilməyib. Təxminən 10 sentyabr 2024-cü il tarixdə Nümayəndə ona zəng vuraraq əmək kitabçan hazırdır, götürə bilərsən deyibdir. O isə Şahbuz Rayon İcra başçısının müavini Cəlal müəllimə müraciət etdikdə onun həmin orqanda başqa vəzifədə işinin bərpasına söz verdiyi üçün Nümayəndə ora qayıda biləcəyini deyib, əmək kitabçasını işə qaytarılacağını düşündüyü üçün gedib götürməyibdir. Qızının səhhətində problemlər olduğu üçün pula ehtiyacı vardır. Özü də şəkərli diabet xəstəsidir. Qanunvericilik çərçivəsində hüquqlarının bərpasını xahiş edir. Lakin Nümayəndə da qəbul edərsə aralarında razılaşa bilərlər. O da Nümayəndə ilə razılaşmaq istəyir. O, işdən çıxarıldıqdan sonra müəllimələrin diaqnostik qiymətləndirilməsi aparılıb. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun olaraq izahatında bildirdi ki, 2023-cü ilin 1 avqust tarixində Şahbuz Şəhər Uşaq Bağçasında işə qəbul olunubdur, ərizəsində yerinə imtahanla işçi gələnə qədər işə götürülməyini yazıbdır, işi ilə əlaqədar problem olmayıb. Mart ayı əmək müqaviləsində dəyişiklik olaraq müddəti 3 aylıq müəyyən olunub. Nümayəndə onlara 3 qrupun bağlanacağını deyibdir. Bağlanan qruplar onun qrupu deyil, digər müəllimələrin qrupları olubdur. Nümayəndə bağlanan qruplar üçün müddətli müqavilə ilə işləyən müəllimələrin ixtisar olunacağını deyibdir. Onlara konkret olaraq siz çıxarılırsız deyilməyib və onların qrupları olmadığı üçün çıxarılmayacaqlarını düşünüblər. Ali təhsilli müəllimə olaraq onu işdən çıxarıblar, tibb bacısı isə işdə saxlanılıb. Sentyabr ayının 6-sı işdən çıxarılıblar, oktyabr ayının 19-u tarixdə isə diaqnostik qiymətləndirmə aparılıb. İşdən çıxarıldıqdan sonra yerli icra hakimiyyətinin müavini Cəlal müəllim ailə vəziyyətinə görə işə bərpa olunmağına söz verib. Onun səlahiyyətli olub-olmamasını bilmir. Təhsil Nazirliyinə 4 dəfə rəsmi müraciət edibdir, lakin ona cavab verilməyib. Oradan 12 dekabr 2024-cü il tarixdə ona cavab verilib. İxtisara 2-3 gün qabaq ona işdən çıxarılacağı bildirilib. Nümayəndə soruşduqda şifahi şəkildə “ola bilər ki, işdən çıxarılarsız, mən də dəqiq bilmirəm” deyibdir. Ona işdən çıxarılacağı ilə bağlı dəqiq məlumat verilməyib. İşdən çıxarılaraq hüququ pozulub, bunu da əmək müfəttişliyi araşdırmasında müəyyən edib. Hüquqlarının bərpa olunmasını xahiş edir. Son hesabım düzgün və vaxtında hesablanmayıb. Əmək məzuniyyəti hüququndan istifadə etməyib. Mediasiyada ona əmrimin giriş-çıxışı lazım olduğu bildirilibdir. Təhsil şöbəsinə müraciət etdikdə isə “o çox da vacib deyil” deyilib. Sonra Nümayəndə müraciət edərək noyabr ayının 7-si alıbdır. Müddəti ötürməyinin səbəbi isə son hesabının, əmr giriş-çıxışının və əmək kitabçamın vaxtında verilməməsi olubdur. O işdən çıxarılmağını dəqiq bilməyibdir. Nümayəndə işdən çıxarılmazdan qabaq iki dəfə hərbi kollecə işə girməyi ilə bağlı sənəd verdiyi üçün icazə veribdir. Bu o demək deyildi ki, işdən çıxacağı üçün iş axtarmağa icazə veribdir, sadəcə həmin iş yaşayış yerinə yaxın olduğu üçün izacə veribdir. Oktyabr ayının 4-ü son haqqhesabım verilib. Əmək kitabçasını oktyabr ayının 28-i, giriş-çıxış əmrimi isə noyabr ayının 7-i götürübdür. Qabaqcadan əmək kitabçasını istəsə də, Nümayəndə hazır olmadığını bildiribdir. Sentyabr ayının 10-dan sonra Nümayəndə ona zəng vuraraq əmək kitabçamın hazır olduğunu, lakin işə qayıda biləcəyini bildirdi. Ona görə də əmək kitabçasını götürməyibdir. Giriş-çıxış əmrimin də verilməli olduğunu bilməyibdir. Əmək müfəttişliyi araşdırma apardığını və 30 oktyabr tarixdə ona nəticələrini bildirdiyi üçün daha əvvəl mediasiyaya müraciət etməyibdir. Mediasiyaya 7 noyabr tarixdə müraciət edibdir, Mediasiya prosesi isə 27 noyabr tarixdə olub. Mediasiyaya poçt vasitəsi ilə müraciət edibdir. Təhsil Şöbəsinin müdiri Vüqar müəllim iclas keçirərək işdən çıxarıldıqlarını bildiribdir. Bəzi işçilər əmək kitabçalarını götürmək üçün orada qalıb, O Nümayəndə soruşduqda “işdən azad olmusuz istəyirsiz gedin, istəyirsiz qalın özünüz bilərsiz” deyibdir. Əmək kitabçasını Nümayəndə vaxt olmadığını, sonra yazıb verəcəyini dediyi üçün gözləməyibdir. Təhsil nazirinin özü də baxacağını və işdə saxlanılacağını deyidiyi üçün məhkəməyə müraciət etməyibdir. Vədə əməl olunmadığını gördüyü üçün oktyabr ayı əmək müfəttişliyinə müraciət edibdir. Əmək müfəttişliyində ona ilk olaraq pozuntuların orada aşkar olunacağını, sonra məhkəməyə müraciət etməli olduğum bildirilibdir. Son hesabının da ödənilmədiyi üçün işə bərpa olunacağını ümid edibdir. Nümayəndə əmək kitabçasının hazır olduğunu bildirdikdə ona “götürməyə də bilərsiz, inşallah ki bura qayıdassız” deyibdir. İşdən çıxarıldıqdan sonra hüququnun pozulduğunu bildikdə Ali Məclisə, Əmək Müfəttişliyinə müraciət edibdir. Sonda məhkəməyə müraciət edilməli olduğunu bilibdir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21 yanvar 2025-ci il tarixdə keçirilən iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən Nümayəndə izahatında bildirdi ki, işçilərin işə götürülmə prosesi ilk olaraq 3 ay sınaq müddəti müəyyən etməklə aparılır. İdarənin müəllimlərə tələbatı vardır, ona görə də sonradan işçilərin müqaviləsinin müddəti sınaq müddətindən sonra uzadılır. İddiaçı müraciət etmədiyi üçün əmək kitabçası ona verilməyib. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı prosesin gedişindən xəbərdar olub. Oktyabr ayının 4-ü orqanlara, 9-u isə təhsil nazirliyinə müraciət edib. Müddətin ötürülməsi ilə bağlı ərizəni təqdim edibdir. İddiaçının əmək kitabçasını 7 noyabr tarixdə rəsmi qaydada özü gələrək kitaba imza çəkməklə təhvil alıbdır. Təxminən əmr verildikdən 3-4 gün sonra əmək kitabçası hazır olduğu zaman iddiaçıya bu barədə iddiaçıya zəng vursa da, iddiaçı əmək kitabçasını rəsmi olaraq 7 noyabrda təhvil alıb. Əmək müfəttişliyi işçilərin işdən çıxarılması zamanı sənədlərinin verilməsi ilə bağlı nöqsan bildirməyib. Əmək müfəttişliyi 24 oktyabr tarixdə işçilərin əmək müqavilələri bitməmiş işçilərin işdən çıxarılması ilə bağlı nöqsan aşkarlamayıb. Başqa məsələ ilə heçnə deyilməyib. İddiaçıya şifahi olaraq işdən çıxarılması barədə məlumat verilib, iddiaçıya rəsmi formada işdən çıxarılması ilə bağlı məlumat verilməyib. İddiaçıya işə bərpa olunacağı ilə bağlı vəd də verməyib. Təhsil Şöbəsinin müdiri Vüqar müəllim 06 sentyabr 2024-cü il tarixdə işçilərin işdən çıxarılması ilə bağlı iclas keçirib, lakin həmin zaman işçilərə əmr təqdim edilməyib. Əmr şifahi olaraq 6 sentyabr tarixdə bildirilib. Əmək kitabçaları 9 sentyabr tarixdə hazır olub, bu barədə iddiaçıya məlumat verilibdir. Sonda cavabdeh təşkilatın nümayəndəsi qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, İddiaçı 01 avqust 2023-cü il tarixdən 06 sentyabr 2025-ci il tarixə qədər Şahbuz şəhər körpələr evi-uşaq bağçasıda 1 (bir) aklad müvəqqəti tərbiyyəçi-müəllimə vəzifəsində fəaliyyət göstərmişdir. Şahbuz şəhər körpələr evi-uşaq bağçasının 06 sentyabr 2025-ci il tarixli, 95 nömrəli əmr çıxarış ilə müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinə Şahbuz şəhər körpələr eviuşaq bağçasının Nizamnaməsinin 3.1 bəndi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Məhkəmə mülki işin materiallarını, işin faktiki və hüquqi hallarını, iddia ərizəsinə iddiaçı tərəfindən təqdim edilən sənədləri, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi tələb olunan sənədləri, tərəflərin ifadələrini əlaqəli şəkildə yoxlayıb, təqdim olunan sübutları qiymətləndirib, hesab edir ki, iddia aşağıdakılara görə rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində qeyd olunur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80.-ci maddəsinin birinci və ikinci hissələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi əmək qanunvericiliyinin tələbinə əsasən bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığının alınması mütləqdir. Həmçinin, işçinin bu əsasla işdən çıxarılması məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunduqda, işçi həmin iclasin yeri və vaxtı barədə məlumatlandırılır, iclasda iştirakı üçün müvafiq tədbirlər görülür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, İddiaçı ƏM-in 70 maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunması əsası ilə işdən azad edilməsi üçün həmkərlaq ittifaqının razılığı alınma olduğu halda, belə razılıq alınması üçün həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunmadan, həmkərlaq ittifaqının razılığı alınmadan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Hazırki iş üzrə İddiaçı işdən azad edilərkən yuxarıda qeyd edilən tələbə əsasən azı dörd təqvim həftəsi rəsmi xəbərdar edilməli olduğu halda işəgötürən tərəfindən rəsmi xəbərdarlıq olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Məhkəmə araşdırılması zamanı İddiaçı işdən azad edilərkən yuxarıda göstərilən maddənin tələbinə əsasən işəgötürən tərəfindən işçinin peşakarlıq səviyyəsi, iddiaçının işdə saxlanmasına üstünlük verilən şəxs kimi (öhdəsində üç uşağının və ərinin hərbiçi olması) üstünlük hüququnun olması müəyyən edilmədən əmək müqaviləsinə xitam verilməsi müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əməl edilmədən işdən azad edilməsi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi yanında X6 Xidmətinin 10 oktyabr 2024-cü il tarixli iddiaçıya ünvanladığı cavab məktubu ilə, eyni zamanda cavabdehin təşkilatın nümayəndəsi Nümayəndə məhkəmdə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Beləliklə işin faktiki hallarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı qanunla nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilməmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən İddiaçı işdən azad edilməsi zamanı əmək müqaviləsinin ləğv edilməsi əsaslarına və qaydalarına əməl edilməmiş, ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Lakin iş üzrə cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə tərəfindən 26 dekabr 2024-cü il və 24 yanvar 2025-ci il tarixdə məhkəmənin ünvanına daxil olmuş iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən cavabdeh Şahbuz Şəhər Uşaq Bağçası qarşı 95 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi Şahbuz Rayon Məhkəməsinin icraatındadır, iddiaçi İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prossesual müddət ötürülübdür. İddiaçının ləğvini tələb etdiyi 95 nömrəli əmr xx.xx.2024-cü il tarixlidir. İddiaçı cavabdeh Şahbuz Şəhər Uşaq Bağçasına qarşı Mediasiya təşkilatına Təklifi 06.11,2024-cü il tarixində yazılmışdır. İddiaçı iddia ərizəsində xx.xx.2023-cüq il tarixdə Şahbuz Şəhər Uşaq Bağçasının (Bundan sonra - Bağça) 72 nömrəli əmri ilə Bağçanın tərbiyəçi-müəllim vəzifəsinə işə götürülməsini, xx.xx.2024-cü il tarixdə Bağçanın onun işlədiyi qrupun yox, digər 2 qrupunun fəaliyyətinin dayandırılması əsas gətirilərək, bir ildən artıq iş stajı nəzərə alınmadan əmək qanunvericiliyi ilə bir başa təsbit olunmuş 4 təqvim həftəsi öncədən xəbərdarlıq edilməsi tələbinə riayət edilmədən, habelə ona bu barədə qəbul edilmiş əmr təqdim olunmadan elə həmin gün işinə xitam verildiyini, şöbələri ləğv olunmuş, qeyri-ixtisas müəllimləri onun çalışdığı şöbəyə təyin olunmuş və Bağçanın müdriyyəti tərəfindən həmin tarixdən işə gəlməməsi barədə ona şifahi şəkildə bildirildiyini qeyd etmişdir. Bundan başqa iddiaçi İddiaçı iddia ərizəsində qeyd edirki, bundan dərhal sonra pozulmuş hüquqlarının müdafiəsi üçün ilk Şahbuz Şəhər Uşaq Bağçasının müdiri Nümayəndə müraciət edərək ixtisasına uyğun işləməsi ilə bağlı işə bərpa edilməsini bildirməsinə baxmayaraq, bu səylərinin nəticəsiz qalmasını qeyd etmişdir. Həmçinin İddiaçı iddia ərizəsində işlədiyi qrupun fəaliyyətinin davam etdirilməsinə baxmayaraq, onunla bağlanılmış müddətsiz əmək müqaviləsinə xitam verilməsini. Həmçinin işdən çıxarılması ilə bağlı əvvəlcədən xəbərdar edilmədiyini, ərinin hərbi qulluqçu olmasına və öhdəsində 3 azyaşlı uşağın olmasına, eləcə də Həmkarlar İttifaqının razılığının almamasına baxmayaraq, əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən çıxarılmasını bildirmişdir. İddiaçı qeyd olunanlarla yanaşı işdən çıxarıldıqdan sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının rəhbər vəzifəli şəxslərinə, eləcə də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə müraciət etməsini və X6 Xidmətinə müraciət etdiyini, qeyd olunan xidmət tərəfindən Şahbuz Şəhər Uşaq Bağçasının müdirinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qərara qəbul etdiyim və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı 30 gün müəyyən etdildiyini bildirmişdir. Bununla yanaşı iddia ərizəsində Əmək Müfəttişliyinin qərarından sonra xx.xx.2024cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Mediasiya təşkilatına müraciət etdiyini və Mediasiya təşkilatının 27.11,2024cü il tarixli Arayışına əsasən müraciətinin nəticəsiz qaldığını bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə dövlət orqanlarına, eləcə də xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ünvanladığı ərizələrində Bağçada müddətli müqavilə kimi tərbiyəçi müəllim kimi işlədiyindən onunla bağlanılmış əmək müqailəsıni əmək qanunvericiliyinə zidd olaraq xitam verildiyini və xitam verilməzdən bir neçə gün əvvəl xitam veriləcəyi barədə şifahi şəkildə deyildiyini qeyd etmişdir. İddiaçı iddia ərizəsindən, həmçinin qeyd olunanlardan göründüyü kimi onun mübahisələndirdiyi Bağçanın xx.xx.2024-cü il 95 nömrəli əmri ilə həmin gün tanış olmuş, həmin əmrlə əmək münasibətlərinin pozulması hallarından müdafiə məqsədilə ilə X6 Xidmətinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, eləcə də digər orqanlara müraciət etmişdir. İddiaçı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmlş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə bağlı xitam verilməzdən neçə gün əvvəl Bağçanın rəhbərliyi tərəfindən xəbərdar edilmişdir. İddiaçı Bağçanın xx.xx.2024-cü il 95 nömrəli əmri ilə əmək hüquqlarının pozulduğunu düşünərək, həmin qərardan xx.xx.2024-cü il tarixdə dövlət orqanlarına, eləcə də xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət ünvanlamışdır. Quliyeva X3 xx.xx.2024-cü il tarixli 95 nömrəli əmri ilə tanış olmasına baxmayaraq, bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixində yəni, 2 aydan çox müddət keçdikdən sonra göndərmişdir. (Həmçinin 27.11,2024-cü il tarixli Mediasiya təşkilatının Arayışından sonra iddia ərizəsinin tarixinədək xx.xx.2024-cü il tarixədək buraxılmış 9 gün müddət isə təşkil edir). qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh Şahbuz Şəhər Uşaq Bağçasına qarşı 95 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizəsinin hüquq əsası kimi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 30 iyul 2021-ci il tarixli Plenumunun Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəllənin bir sıra müddəalarına istinad etmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfdən verilmiş ərizə ilə bağlı ilk olaraq onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İstər iş materiallarından, istərsə də məhkəmə iclasları zamanı işdə iştirak edən şəxslərin verdikləri izahatlarından məlum olur ki, İddiaçı hüququnun pozuntusunu məhz 10 sentyabr 2025-ci il tarixdə aşkar etdiyi təsdiq olunur. Belə ki, İddiaçı iddia ərizəsində onun işinə xitam verilməsi məlumatı xx.xx.2024-cü il tarixində yalnız şifahi şəkildə bildirildiyindən, onun əmək kitabçası, ixtisara düşdüyünü göstərən əmr təqdim olunmadığından, məhz onun bir neçə dəfə telefonla, sonuncu dəfə isə 07 noyabr 2024-cü il tarixində Şahbuz rayon Təhsil Şöbəsinə gedərək bu barədə tələbini bildirdikdən sonra Təhsil Şöbəsi tərəfindən həmin tarixdə 72 və 95 saylı əmrlərdən çıxarışlar və əmək kitabçası verildiyini göstərsə də məhkəmənin 21 yanvar 2025-ci il tarixli iclasında verdiyi izahatında Nümayəndə işdən çıxmadan bir ay öncədən ona “ola bilər ki işdən çıxarılarsız, müəllimə özünə iş tap” dediyini, həftənin bir günü iş axtarmağı ilə bağlı icazə verdiyini, 06 sentyabr 2024-cü il tarixdə işdən çıxarıldığını, Mediasiya təşkilatına 07 noyabr 2024-cü il tarixdə müraciət etdiyini, son haqq-hesabı 04 oktyabr 2024-cü il tarixdə ona verildiyini, təxminən 10 sentyabr 2024-cü il tarixdə Nümayəndə ona zəng vuraraq əmək kitabçasının hazır olduğunu, götürə biləcəyini dediyini, O isə Şahbuz Rayon İcra başçısının müavini Cəlal müəllimə müraciət etdikdə onun həmin orqanda başqa vəzifədə işinin bərpasına söz verdiyi üçün Nümayəndə ora qayıda biləcəyini dediyini, əmək kitabçasını işə qaytarılacağını düşündüyü üçün gedib götürmədiyini bildirmişdir. Həmçinin məhkəmə baxışı iclasında iddiaçı verdiyi izahatında müddəti ötürməyinin səbəbi son hesabının, əmr giriş-çıxışının və əmək kitabçasının vaxtında verilməməsi olması, işdən çıxarılmağını dəqiq bilmədiyini, Nümayəndə işdən çıxarılmazdan qabaq iki dəfə hərbi kollecə işə girməyi ilə bağlı sənəd verdiyi üçün icazə verdiyini, oktyabr ayının 4ü son haqq-hesabının verildiyini, əmək kitabçasını oktyabr ayının 28-i, giriş-çıxış əmrimi isə noyabr ayının 7-i götürdüyünü, Sentyabr ayının 10-da Nümayəndə ona zəng vuraraq əmək kitabçamın hazır olduğunu, lakin işə qayıda biləcəyini bildirdiyini, ona görə də əmək kitabçasını götürmədiyini, giriş-çıxış əmrinin də verilməli olduğunu bilmədiyini, əmək müfəttişliyinin araşdırma apardığını və 30 oktyabr tarixdə ona nəticələrini bildirdiyi üçün daha əvvəl mediasiyaya müraciət etmədiyini, mediasiya təşkilatına 7 noyabr tarixdə müraciət etdiyini, mediasiya prosesi isə 27 noyabr tarixdə olduğunu, təhsil Şöbəsinin müdiri Vüqar müəllimin iclas keçirərək işdən çıxarıldıqlarını bildirdiyini, Nümayəndə “işdən azad olmusuz istəyirsiz gedin, istəyirsiz qalın özünüz bilərsiz” dediyini, əmək kitabçasını Nümayəndə vaxtı olmadığını, sonra yazıb verəcəyini dediyi üçün gözləmədiyini. Təhsil nazirinin özü də baxılacağını və işdə saxlanılacağını dediyi üçün məhkəməyə müraciət etmədiyini, vədə əməl olunmadığını gördüyü üçün oktyabr ayı əmək müfəttişliyinə müraciət etdiyini, əmək müfəttişliyində ona ilk olaraq pozuntuların orada aşkar olunacağını, sonra məhkəməyə müraciət etməli olduğum bildirildiyini, son hesabınında ödənilmədiyi üçün işə bərpa olunacağına ümid etdiyini göstərmişdir. Həmçinin iddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında əmək kitabçasını işə qaytarılacağını düşündüyü üçün götürmək istəmədiyini göstərmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi günün başlanğıc tarixi 10 sentyabr 2024-cü il tarixdir və həmin tarixdən keçən bir aylıq müddətin bitdiyi 11 oktyabr 2024-cü il tarixədək keçən müddət ərzində iddiaçı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməmiş və beləliklə qanunvericiliklə nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll edilməsi məqsədilə məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş 1 aylıq iddia müddətini ötürmüş, iş üzrə cavabdehin nümayəndəsi də iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə ərizə vermişdir. Məhkəmə iddiaçının məhkəməyə verdiyi izahatında məhkəməyə müraciət etməməsinin səbəbi kimi Əmək Müfəttişliyi tərəfindən ona müraciətinə baxılan zaman 30 gün müddətində işə bərpa olunacağı və müfəttişlik tərəfindən baxıldıqdan sonra ilk olaraq pozuntuların orada aşkar olunacağını məhkəməyə müraciət edə biləcəyini düşündüyündən məhkəməyə müraciət etməməsi barədə göstərdikləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X6 Xidməti mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Həmin qərarda qeyd edilmişdir ki, bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı əmək müfəttişliyi xidmətinə müraciət etməsi səbəbindən iddia müddətinin ötürülməsi üzürlü səbəb hesab edilə bilməz. İddiaçı tərəfindən məhkəmə vaxtında müraciət edə bilməməsi səbəbi kimi ona son hesabının, əmr giriş-çıxışının və əmək kitabçamın vaxtında verilməməsini göstərməsi ilə bağlı məhkəmə bir daha qeyd edir ki, məhkəmə araşdırlması zamanaı müəyyən olunur ki, İddiaçı əmək kitabçasının işəgötürən tərəfindən 10 sentyabr 2024-cu il tarixdə götürə biləcəyi bildirilsə də, əmək kitabçasını götürməmiş, öz hüquqlarının pozulduğunu aşkar etdiyi vaxt məhkəməyə müraciət etməli olduğu halda müxtəlif dövlət orqanlarına müraciət etmiş, məhkəməyə müraciət etmək qərarına isə 07 noyabr 2024-cü il tarixdə gəlmiş və həmin tarixdə də məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmək üçün əmək kitabçasının və əmrin surətinin ona verilməsi üçün işə götürənə müraciət etmişdir. Həmçinin iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı son haqqhesabının 04 oktyabr 2024-cü il tarixdə ona verildiyini, yəni artıq onunla 06 sentyabr 2024cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bilsə də, beləliklə hüquqlarının pozulduğunu aşkar etsə də, yenə də məhkəyə müraciət etməmişdir. Halbuki Əmək Məcəlləsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçının işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddənin məzmunundan da göründüyü kimi, fərdi əmək mübahisələri zamanı iddia müddətinin axımı işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlanır. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün hesab olunur. İddiaçı işdən azad olunmasından iki aydan çox vaxt keçsə də, iddiaçı hüququnun pozulduğunu bilməsinə baxmayaraq, keçən bu müddət ərzində hüquqularının bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar qeyd etmişdir ki, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda sözü gedən qərarında da qeyd olunduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qayada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh təşkilat Şahbuz şəhər körpələr evi-uşaq bağçası nə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası yuxarıda göstərilənlərə əsasən rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat Şahbuz şəhər körpələr evi-uşaq bağçasına qarşı Şahbuz şəhər körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü il tarixli, 95 saylı əmrin onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi və işə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi çıxarılan günədək məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının cavabdeh Şahbuz şəhər körpələr evi-uşaq bağçasından tutularaq ona verilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar