Məhkəmə qərarları › İş №2(090)-8/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-8/2023

17.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-8/2023 17.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh birgə nikah dövründə əldə etdikləri yaşayış evinə və torpaq sahəsinə payların müəyyən olunmasını, nikah dövründə əldə etdiyi əmlakların dəyəri olan 64.421 (altmış dörd min dörd yüz iyirmi bir) manat pulun yarısı olan 32.210 (otuz iki min iki yüz on) manatın və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 137 (bir yüz otuz yeddi) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 11 noyabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı İddiaçı İbrahım qızı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək mülki işə Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarı ilə birgə mülkiyyətlərinə verilmiş 4.02 ha torpaq sahəsinə və 0.28 ha həyətyanı torpaq sahəsinə payların müəyyən olunmasını, həmçinin 46 baş iribuynuzlu qaramalın və ya onların dəyəri olan 46.000 (qırx altı min) manat pulun yarısı olan 23.000 (iyirmi üç min) manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi tələbi həcmində baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2(090)- 216/2022 nömrəli qərardadı ilə ərizə təmin olunaraq, hazırki mülki iş üzrə iddia tələbi azaldılmış, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə “İddiaçı İbrahım qızının Cavabdeh qarşı “Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarı ilə birgə mülkiyyətlərinə verilmiş 4.02 ha torpaq sahəsinə və 0.28 ha həyətyanı torpaq sahəsinə payların müəyyən olunmasını, həmçinin 46 baş iribuynuzlu qaramalın və ya onların dəyəri olan 46.000 (qırx altı min) manat pulun yarısı olan 23.000 (iyirmi üç min) manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, Cavabdeh ilə 15 aprel 1980-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar, onların nikahlarından dörd övladları vardır, ilk əvvəl onlar mehriban yaşasalar da, 2019-cu il tarixdən onlar arasında tez-tez münaqişə olubdur, bu səbəbdən də 21 noyabr 2021-ci il tarixdə o, evi tərk edib gedibdir, daha sonra Şahbuz Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulubdur, birgə nikah dövründə onunla cavabdehin təsərrüfatında təxminən 60-a yaxın iribuynuzlu mal-qara olubdur, onlar faktiki ayrılan günədək, yəni 21 noyabr 2021-ci il tarixədək onların təsərrüfatlarında malqara olubdur, onlar ayrı yaşamağa başladıqdan sonra Cavabdeh bir neçə mal satıbdır, 2021-ci il tarixdə onların təsərrüfatlarında 49 baş mal olubdur, 2022-ci il tarixdə isə 11 baş mal artaraq 60 baş olubdur, eyni zamanda Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarı ilə onların birgə mülkiyyətlərinə 4.02 ha və 0.28 ha torpaq sahələri də verilibdir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, iddia ərizəsində tələb etdiyi iribuynuzlu mal-qaranın mövcud olması barədə Şahbuz rayon Baytarlıq şöbəsinin verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli arayışlarını məhkəməyə təqdim edibdir, onların dəyərləri barədə məhkəməyə təqdim edəcək hər hansı sübutu yoxdur, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspert rəyinə etirazı yoxdur, həmin rəydə göstərilən bir baş dişi buzovun ona verilməsinə də etiraz etmir, bu barədə o, məhkəməyə ərizə də təqdim edibdir, torpaq sahələrinə payların qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında iddianın mahiyyəti barədə İddiaçı izahat verdiyini nəzərə alaraq məhkəmədən iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağayeva (Muradova) Dəstəgül Ağa qızı, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, Ağayeva (Hüseynova) Zübeydə Ağa qızı və X5 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağayeva (Muradova) Dəstəgül Ağa qızı, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, Ağayeva (Hüseynova) Zübeydə Ağa qızı və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli baxış iclası zamanı izahat verən iş üzrə Cavabdeh iddianı qismən etiraf edərək iddia tələbində göstərilən birgə nikah dövründə təsərrüfatlarında olan iribuynuzlu mal-qaraya münasibət bildirərək izahatında göstərmişdir ki, həqiqətən də İddiaçı ilə 1980-cı ildə nikaha daxil olublar, onların ayrılmasına səbəb iddiaçının oğlu İslam Ağazadə ilə tez-tez münaqişələrinin olmasıdır, o, İddiaçı ilə ayrılmaq istəməyibdir, iddiaçının dediyi kimi onların birgə yaşadıqları zaman təsərrüfatlarında 60 baş mal-qara olmayıbdır, birgə yaşadıqları müddətdə 11 baş buzov olan qaramalın yaşlarının təxminən altı aylıq, diri çəkilərinin isə təxminən 70-80 kg olan iribuynuzlu buzovları o, 2021-ci il tarixdə satıbdır, həmin pulla digər mal-qaranın saxlanılması üçün ot alıbdır, bundan sonra onun təsərrüfatında 28 baş iribuynuzlu mal-qara olubdur, onlardan bir baş malı o, bir baş malı isə İddiaçı hər birini 800 manata satıblar, hal-hazırda onun təsərrüfatında 26 baş iribuynuzlu mal-qara var, onlardan 16 baş inək, 4 baş dişi dana, 5 baş erkək dana və bir baş dişi buzov vardır və həmin 26 baş mal-qaranın iddiaçı ilə aralarında bölünməsinə etiraz etmir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi tərəfindən verilən JN:0040 nömrəli, 10503018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktından məlum olur ki, Şahbuz Rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 7 sentyabr 1999-cu il tarixli, 7/2 nömrəli qərarı (sərəncam) ilə Şahbuz rayonu, Gömür kəndində yerləşən 4.02 ha torpaq sahəsi Cavabdeh, İddiaçı, X3, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, X6 və X2 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ilə bağlı dövlət aktı qeydiyyatı kitabında 40 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi tərəfindən verilən JN-122A nömrəli, 10503018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktından məlum olur ki, Şahbuz Rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 7 sentyabr 1999-cu il tarixli, 7/2 nömrəli qərarı (sərəncam) ilə Şahbuz rayonu, Gömür kəndində yerləşən 0.28 ha torpaq sahəsi Cavabdeh, İddiaçı, X3, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, X7 və X2 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ilə bağlı dövlət aktı qeydiyyatı kitabında 170 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Şahbuz rayonu, Gömür kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Ağayev X4 rayonu, Gömür kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, iddia tələbinin biri Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarı ilə birgə mülkiyyətlərinə verilmiş 4.02 ha torpaq sahəsinə və 0.28 ha həyətyanı torpaq sahəsinə payların müəyyən olunması tələbidir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şahbuz rayonu, Gömür kəndində yerləşən qeyd olunan torpaq sahələri JN-0040 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı və JN-122A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Şahbuz rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7\2 saylı qərarı ilə Cavabdeh, İddiaçı İbrahım qızı, Ağayeva (Muradova) Dəstəgül Ağa qızı, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, Ağayeva (Hüseynova) Zübeydə Ağa qızı və X2 birgə mülkiyyətinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahələri birgə mülkiyyətdə olduğundan və mülkiyyətçilərin payları bərabər olduğundan Şahbuz rayonu, Gömür kəndində yerləşən 4.02 ha və 0.28 ha həyətyanı torpaq sahələrinə Cavabdeh, İddiaçı İbrahım qızı, Ağayeva (Muradova) Dəstəgül Ağa qızı, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, Ağayeva (Hüseynova) Zübeydə Ağa qızı və X2 hər birinin payı 1/6 müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı ümumi mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında payların müəyyən olunması barədə razılaşma olması müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şahbuz rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7\2 saylı qərarı ilə Şahbuz rayonu, Gömür kəndində yerləşən 4.02 ha və 0.28 ha torpaq sahələrinə İddiaçı payların müəyyən olunması barədə iddia tələbi təmin edilməli, Cavabdeh, İddiaçı İbrahım qızı, Ağayeva (Muradova) Dəstəgül Ağa qızı, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, Ağayeva (Hüseynova) Zübeydə Ağa qızı və X2 qeyd edilən torpaq sahələrinə hər birinin 1/6 payı müəyyən olunmalıdır. İddia tələbinin 46 baş iribuynuzlu qaramalın və ya onların dəyəri olan 46.000 (qırx altı min) manat pulun yarısı olan 23.000 (iyirmi üç min) manat pulun alınıb ona verilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakılara görə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadin əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Adı çəkilən Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Qeyd edilən maddi hüquq normasından və tərəflərin izahatlarından aydın olur ki, İddiaçı ilə Cavabdeh 15 aprel 1980-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquqi münasibətlər yaranmışdır. Daha sonra Şahbuz Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, lakin tərəflərin 21 noyabr 2021-ci il tarixdən ayrı yaşamaları və həmin tarixədək birgə təsərrüfatı idarə etdikləri müəyyən olunmuşdur. İlk olaraq məhkəmə qeyd edir ki, tərəflərin izahatları və iş materialları ilə İddiaçı ilə Cavabdeh birgə nikah dövründə birgə təsərrüfatlarında iribuynuzlu malqaranın olması işin mübahisəsiz hallarıdır. İddiaçı tərəfindən irəli sürülən tələblərlə bağlı işin mübahisəli hallarından biri birgə nikah dövründə təsərrüfatlarında 46 baş iribuynuzlu mal-qaranın olmasını göstərməsidir. Bu tələblərin mübahisəli olmasına səbəb isə cavabdehin onların birgə təsərrüfatında 26 baş iribuynuzlu qaramalın olmasını göstərməsidir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdehin birgə nikah dövründə birgə təsərrüfatlarında 46 baş iribuynuzlu qaramalın olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Naxçıvan Muxtar Respublikası Şahbuz rayon Baytarlıq şöbəsinin xx.xx.2022-ci il tarixli, 31 nömrəli və 15 dekabr 2022-ci il tarixli arayışlarını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şahbuz rayon Baytarlıq şöbəsinin xx.xx.2022-ci il tarixli, 31 nömrəli və xx.xx.2022-ci il tarixli arayışları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə Cavabdeh təsərrüfatında 35 (otuz beş) baş iribuynuzlu mal-qaranın xx.xx.2021-ci il tarixə Şahbuz rayon Baytarlıq şöbəsində qeydiyyatı aparılmışdır. Eyni zamanda iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şahbuz rayon Baytarlıq şöbəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə Cavabdeh təsərrüfatında olan iri-buynuzlu heyvanlara yerində baxış zamanı 16 baş inək olması, onların törəmələri təqribən 2015-2016-ci il olmaları, yaşlarının 7-8 illik olmaları, klinik cəhətdən sağlam olmaları, diri çəkilərinin təqribən 150-350 kiloqram və 4-5 doğar olmaları, 4 baş dişi dana 2020-ci il törəməsi klinik cəhətdən sağlam, diri çəkilərinin təqribən 150-200 kiloqram və doğmamış olmaları, 4 baş erkək dana (cöngə) 2019-cu il törəmələri klinik cəhətdən sağlam, təqribən diri çəkiləri 260-320 kiloqram olmaları, 1 baş erkək dana 2021-ci il törəməsi, klinik cəhətdən sağlam, diri çəkisi təqribən 160 kiloqram olması, 1 baş dişi buzov 9 aylıq, klinik cəhətdən sağlam diri çəkisi təqribən 90 kiloqram olması göstərilmişdir. Bundan başqa Cavabdeh İddiaçı iddia ərizəsində göstərdiyi 46 baş iribuynuzlu heyvanlara münasibət bildirərək izahatında 11 baş buzov olan qaramalın yaşlarının təxminən altı aylıq, diri çəkilərinin isə təxminən 70-80 kg olan iribuynuzlu buzovların 2021-ci il tarixdə satdığını, həmin pulla digər mal-qaranın saxlanılması üçün ot aldığını, bundan sonra onun təsərrüfatında 28 baş iribuynuzlu mal-qara olduğunu, onlardan bir baş malın onun, bir baş malın isə İddiaçı hər birini 800 manata satdıqlarını, hal-hazırda onun təsərrüfatında 26 baş iribuynuzlu mal-qaranın, onlardan 16 baş inək, 4 baş dişi dana, 5 baş erkək dana və bir baş dişi buzov olduğunu və həmin 26 baş mal-qaranın iddiaçı ilə aralarında bölünməsinə etirazının olmadığını göstərmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affırmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı tərəflərin birgə nikahları dövründə birgə təsərrüfatlarında 39 baş iribuynuzlu mal-qara olması, onlardan 11 baş buzov olan qaramalın Cavabdeh 2021-ci il tarixdə satması, bundan sonra onların təsərrüfatında 28 baş iribuynuzlu mal-qara qalması, onlardan iki baş malın onların qarşılıqlı razılığı ilə satılması, hal-hazırda onların təsərrüfatnda 26 baş iribuynuzlu mal-qaranın olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 26 baş iribuynuzlu mal-qara naturada, 11 baş iribuynuzlu mallar isə hal-hazırda mövcud olmadığından həmin mallarının dəyəri tərəflərin paylarına mütənasib surətdə bölüşdürülməlidir. İş üzrə İddiaçı iddia ərizəsində tələb etdiyi mal-qaranın dəyərlərinin ümumi qiyməti 46.000 (qırx altı min) manat göstərsə də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspert rəyində göstərilən məbləğ nəzərə alınmalı, 16 (on altı) baş iribuynuzlu heyvan (inək) bir başın qiyməti 900 manat olmaqla, ümumi dəyəri 14.400 (on dörd min dörd yüz) manat, 4 (dörd) baş iribuynuzlu heyvan dişi dana (düyə) bir başın qiyməti 875 manat olmaqla, ümumi 3.500 (üç min) manat, 4 (dörd) baş iribuynuzlu heyvan erkək dana (cöngə) bir başın 1.450 olmaqla, ümumi qiyməti 5.800 (beş min səkkiz yüz) manat, 1 (bir) baş iribuynuzlu heyvan erkək dananın qiymətin 800 (səkkiz yüz) manat, 1 (bir) baş iribuynuzlu heyvan dişi buzovun 500 (beş yüz) manat, 11 baş iribuynuzlu heyvan buzovun bir başın qiyməti 400 manat olmaqla ümumilikdə 4.400 (dörd min dörd yüz) manat olmaqla, cəmi 29.400 manat kimi hesablanmalıdır. Məhkəmə hesab edir ki, ekspert rəyində 1 (bir) baş iribuynuzlu heyvan erkək dananın qiymətinin 800 (səkkiz yüz) manat, 1 (bir) baş iribuynuzlu heyvan dişi buzovun 500 (beş yüz) manat göstərildiyindən, həmin mal-qaraların cinsi, çəkisi və dəyərləri fərqli olduğundan, həmin mal-qaraların tərəflərin birgə mülkiyyəti olduğundan və naturada bərabər paylarla bölünməsi mümkün olmadığından, hazırki vəziyyətdə isə həmin mal-qaraların naturada bərabər bölünməsi mümkün olmadığından, bölgü zamanı bərabər olmayan payların əvəzi pulla əvəzlənməlidir. Yəni həmin mal-qaraların dəyəri (800+500=1300/2) 650 manat hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə..., ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.(ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36-cı maddəsinin tələblərinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinin məzmununa görə fərdi istifadədədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı,

1. Şahbuz rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7\2 saylı qərarı ilə Şahbuz rayonu, Gömür kəndində yerləşən JN-0040 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə 4.02 ha və JN-122A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.28 ha həyətyanı torpaq sahələrinə Cavabdeh, İddiaçı İbrahım qızı, Ağayeva (Muradova) Dəstəgül Ağa qızı, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, Ağayeva (Hüseynova) Zübeydə Ağa qızı və X2 qeyd edilən torpaq sahələrinə hər birinin 1/6 payı olması müəyyən olunmalı;

2. tərəflərin birgə nikah dövründə birgə təsərrüfatlarında olan 16 (on altı) baş iribuynuzlu heyvan (inək) yarısı olan 8 baş iribuynuzlu heyvan (inək), olmadıqda isə onun dəyəri 7200 (yeddi min iki yüz) manat, 4 (dörd) baş iribuynuzlu heyvan dişi dana (düyə) yarısı 2 baş iribuynuzlu heyvan dişi dana (düyə) olmadıqda isə onun dəyəri 1750 (bir min yeddi yüz əlli) manat, 4 (dörd) baş iribuynuzlu heyvan erkək dana (cöngə) yarısı 2 baş iribuynuzlu heyvan erkək dana (cöngə), olmadıqda isə onun dəyəri 2900 (iki min doqquz yüz) manat, 1 (bir) baş iribuynuzlu heyvan dişi buzov, olmadıqda onun dəyəri 650 (altı yüz əlli) manat, 11 baş iribuynuzlu heyvan buzovun dəyərinin yarısı 2200 (iki min iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən ödənilmiş 137 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63,91 (altmış üç manat, doxsan bir qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası qismən təmin edilsin.

1. Şahbuz rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7\2 saylı qərarı ilə Şahbuz rayonu, Gömür kəndində yerləşən JN-0040 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə 4.02 ha və JN-122A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.28 ha həyətyanı torpaq sahələrinə Cavabdeh, İddiaçı İbrahım qızı, Ağayeva (Muradova) Dəstəgül Ağa qızı, Ağayev (Ağazadə) Cavad Ağa oğlu, Ağayeva (Hüseynova) Zübeydə Ağa qızı və X2 qeyd edilən torpaq sahələrinə hər birinin 1/6 payı olması müəyyən olunsun.

2. 16 (on altı) baş iribuynuzlu heyvan (inək) yarısı olan 8 baş iribuynuzlu heyvan (inək), olmadıqda isə onun dəyəri 7.200 (yeddi min iki yüz) manat, 4 (dörd) baş iribuynuzlu heyvan dişi dana (düyə) yarısı 2 baş iribuynuzlu heyvan dişi dana (düyə), olmadıqda isə onun dəyəri 1.750 (bir min yeddi yüz əlli) manat, 4 (dörd) baş iribuynuzlu heyvan erkək dana (cöngə) yarısı 2 baş iribuynuzlu heyvan erkək dana (cöngə), olmadıqda isə onun dəyəri 2.900 (iki min doqquz yüz) manat, 1 (bir) baş iribuynuzlu heyvan dişi buzov, olmadıqda onun dəyəri 650 (altı yüz əlli) manat, 11 baş iribuynuzlu heyvan buzovun dəyərinin yarısı 2.200 (iki min iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 137 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63,91 (altmış üç manat, doxsan bir qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar