Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1001/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, mənfəət vergisi, şərti rentabellik normasının birbaşa tətbiqi, Vergi Məcəlləsinin 67-ci maddəsinin maddi hüquq norması olması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Ba ş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-2753/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********698500 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-1(112)-1359/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3567/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(102)-627/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
5. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının 2020-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 67. 17-ci maddəsi tətbiq edilməklə cavabdeh tərəfindən vergi hesablana bilməz. Cavabdeh isə Vergi Məcəlləsinin 67-ci maddəsinin, o cümlədən, 67.17-ci maddəsinin prosedur normalar olduğunu, inzibati aktın da məhz qüvvədə olan həmin normalara əsasən qəbul edildiyini bəyan edir. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2385/2023 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Vergi Məcəlləsinin 67-ci maddəsi verginin məbləğini müxtəlif əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq metodlarını müəyyən edir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibat i aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilirlər. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə məsuliyyət qərarı xx.xx.2022-ci il tarixli olduğundan, cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən vergi hesablamaq hüququ vardır. Beləliklə, cavabdeh haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol ve rmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün araşdırma məhz həmin hüquqi mövqe nəzərə alınmaqla aparılmalıdır. Hazırkı işdə cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67.17-ci maddəsinin ona verdiyi diskresion səlahiyyətə uyğun olaraq həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələri sıra üzrə ardıcıllığı gözləmədən tətbiq etdiyi hallarda da öz seçimini əsaslandırmaq öhdəliyi daşıyır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir və qərar qəbul edən (yaxud hərəkət edən) dövlət qulluqçusunun istinad etdiyi əsaslandırma onun şəxsi mülahizələrinə deyil, konkret hala tət biq olunan qanunun güddüyü məqsədə söykənməlidir. Beləliklə, Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq Vergi Məcəlləsinin 67.17-ci maddəsinin hazırkı işdə tətbiqinin mümkün hesab edildiyi nəzərə alındıqda, cavabdehin iddiaçıya münasibətdə həmin normadan irəli gələn seçiminin əsasları (səbəbləri) və həmin seçimin mübahisələndirilən inzibati aktda göstərilən konkret hala tətbiq olunan qanunun güddüyü məqsədə uyğun olub-olmadığı, buradan, inzibati orqan tərəfindən diskresion səlahiyyətin düzgün həyata keçirilibkeçirilmədyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-2753/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********698500 nömrəli qərarı ilə ididaçıya 2020-ci il mənfəət vergisi üzrə 956295,13 manat əlavə mənfəət vergisi hesablamışdır. Vergi orqanı tərəfindən iddiaçıya əlavə olaraq hesablanmış 2020-ci ilin mənfəət vergisi üzrə hesablama xərc sənədləri olmadan aparılmışdır. Lakin iddiaçının ixrac fəaliyyəti zamanı müəssisənin orta hesabla ümumi dövriyyədən mənfəətinin 0.5%-1% aralığında olmasına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən 10% rentabellik tətbiq etməklə hesablama apardığını göstərmişdir. Beləliklə, cavabdeh vergi orqanı xərc sənədləri olmadığından iddiaçının 2020-ci ilin mənfəət vergisini A zərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik normasını tətbiq etməklə hesablamışdır.
8. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə vergitutma obyektinin müəyyən olunması üçün 9 bənd əlaqəli məlumatlardan, eləcə də analoji vergi ödəyicisinin məlumatlarından istifadə olunması mexanizmi müəyyən olunmuşdur. Formalaşmış məhkəmə təcrübəsi, mənfəətin birbaşa şərti rentabellik norması əsasında hesablanmasını əks etdirən Vergi Məcəllənin 67.14 və 83.9-cu maddələrinin yalnız yuxarıda sadalanan hallar araşdırıldıqdan sonra tətbiq edilməli olduğunu, real mənfəətin müəyyən olunması imkanları tükəndikdən sonra mənfəətin şərti olaraq 20 faiz rentabelliklə hesablanmasını son addım kimi nəzərdə tutmuşdur. xx.xx. 2022-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 67.17-ci maddəsi ilə qanunverici vergi orqanı üçün vergi ödəyicisinin mənfəətinin Vergi Məcəlləsinin 67.2-67.4-cü maddələri tətbiq edilmədən (ardıcıllıq gözlənilmədən) şərti rentabellik norması tətbiq etməklə hesablanmasını mümkün saymışdır. Lakin xx.xx.2022-ci il tarixədək olduğundan iddiaçının 2020-ci ilin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67.17-ci maddəsi tətbiq edilməklə vergi hesablana bilməz.
9. Məhkəmə kollegiyası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarında işə təkrar baxılarkən Vergi Məcəlləsinin 67.17-ci maddəsinin tətbiqi barədə göstərişinə (qeydinə) münasibətdə bildirir ki, Ali Məhkəmənin (kassasiya instansiyası məhkəməsinin) analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış m əhkəmə təcrübəsinə görə, Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir.
10. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan R espublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraa tının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ü mumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kas sasiya şikayəti mümkün sayılmaya bilər”.
13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış m əhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hes ablamışdır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbi qini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)943/2024 nömrəli qərarları).
15. Həmçinin kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarında xüsusi ilə qeyd edilmişdir k i, maddi hüquq normaları hüquq münasibəti subyektlərinin hüquq və vəzifələrinin məzmununu müəyyən edir, prosessual hüquq normaları isə maddi hüquq normalarının realizasiyası prosedurunu və qaydasını tənzimləyir. Beləliklə, maddi və prosessual hüquq hüquqi tənzimləmənin forma və məzmununun dialektik vəhdətini əks etdirən hüquqi kateqoriyalar kimi nəzərdən keçirilməli və fərqləndirmə bunun üzərindən aparılmalıdır. Fərqləndirmə zamanı həmçinin prosessual normaların qərarın (hazırkı mübahisəyə münasibətdə vergi öhdəliyi barədə qərarın) məzmununa deyil, onun qəbulu kontekstinə təsir etdiyi də nəzərə alınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin tələblərinə əsasən, vergitutma obyekti (ödənilməli olan verginin məbləğinin nədən formalaşması (hazırkı mübahisəyə münasibətdə – gəlir/mənfəət) vergi ödəyicisinin özünün vergi uçotu göstəricilərinə əsa sən və ya vergi orqanının müəyyən etdiyi gəlirlə (mənfəətlə) müəyyən olunur. Vergi orqanı tərəfindən vergitutma obyektinin (o cümlədən gəlirin/mənfəətin) müəyyən olunmasının əsası qismində isə Vergi Məcəlləsinin 67-ci maddəsi çıxış edir. Başqa sözlə, qeyd olunan norma şəxsə münasibətdə vergi öhdəliyinin müəyyənləşdirilməsi ilə bağlı dispozisiya şərtlərini təsbit edir. Bu qənaətə gəlmək üçün həmin normanın adına nəzər yetirmək kifayətdir: Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları. Burada istifadə olunan “qaydalar” ifadəsi vergi öhdəliyinin müəyyənləşdirilməsinin prosedur qaydalarını deyil, şəxsin vergi öhdəliyini, yəni vergi hüquq münasibəti subyektinin vəzifəsinin məzmununu müəyyən edən hüquqi tənzimləməni nəzərdə tutur. Bu səbəbdən həmin normanın prosessual nor ma kimi təfsir edilməsi yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin şərti rentabellik normasının tətbiqini tənzimləyən 67.14cü və 83.9-cu maddələrinin xx.xx.2024-cü il tarixdən qüvvədən düşməsinə (Məcəllədən çıxarılmasına) rəğmən, vergi orqanları tərəfindən 2020-2023-cü illər üzrə vergi yoxlamaları keçirilərkən qeyd olunan normalar vergi öhdəliyinin müəyyən olunmasının maddi hüquqi əsası qismində tətbiq edilir. Yəni analoji işlər üzrə praktikadan görünür ki, vergi orqanları da Məcəllənin 67-ci maddəsini maddi hüquq norması kimi qiymətləndirir və vergi münasibətlərinin yarandığı dövrə həmin dövrdə qüvvədə olmuş müvafiq normanı tətbiq edir. Bu hal da məhkəmə kollegiyasının bu qərarda ifadə olunmuş hüquqi mövqeyində haqlı olduğunu bir daha təsdiq edir.
16. Beləliklə, mü bahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-2753/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır.