Məhkəmə qərarları › İş №2-1(102)-1102/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1102/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1102/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi rütbəli şəxs kimi xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi və dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 21(104)-777/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. İddiaçı xx.xx.1975-ci il açılmış əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1977, xx.xx.1980-xx.xx.1981-ci il illərdə, gürcü dilindəki (ilkin qeydlər rus dilində, sonrakılar Azərbaycan dilində və kiril əlifbası ilə aparılmışdır) əmək kitabçasına əsasən xx.xx.1981xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1993, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3. ББ seriyalı 147814 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1979-cu illərdə Qazax rayon Mülki Müdafiədə, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-01.1997, xx.xx.1977-xx.xx.2006-cı illərdə Gəncə regional Mülki Müdafiədə müxtəlif vəzifələrdə çalışmışdır.

4. Gəncə Mülki Müdafiə Regional şöbəsinin xx.xx.2004-cü il tarixli, 75 nömrəli arayışına əsasən iddiaçı Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regional İdarəsinin xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər əhalinin mühafizəsi bölməsində zabit, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər Mülki Müda fiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir. 5. 0616827 nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 283 nömrəli sərəncamı ilə 3 ay sınaq müddəti ilə müvəqqəti olaraq Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının MMQ-nin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 397 nömrəli sərəncamla iddiaçıya 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamla dövlət qulluğuna xitam verilmiş, xx.xx.2012-ci il tarixli, 203 nömrəli sərəncamla Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu və iş sektorunun məsləhətçisi vəzifəsinə təyin edi lmiş, xx.xx.2018-ci il tarixli, 137 nömrəli sərəncamla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir.

6. İddiaçıya hüququ yarandığı xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada 381,19 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək qulluq stajına görə dövlət qulluğu pensiyasının təyin olunmasını xahiş etmişdir.

8. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17741/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya məbləği “Dövlət qulluğuna xitam verilməsi” səbəbi ilə yenidən hesablanmış, 760 manat vəzifə maaşı, 12,50%-lə 95 manat qulluq stajına əlavə, 38 manat hakimiyyət səlahiyyətlərinə görə əlavə, 65 manat rütbəyə gör ə əlavə, 277,40 manat mükafat, cəmi 1.235,40 manat dövlət məvacibin 57% hissəsində - 704,18 manat məbləğində pensiya xx.xx.2023-cü il tarixdən iddiaçıya təyin edilmişdir. Pensiya təyin edilən zaman xx.xx.1975-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991xx.xx.1992, xx.xx.1992-xx.xx.2012, xx.xx.2012-xx.xx.2018-ci illər üzrə 39 il 10 ay 05 gün ümumi iş stajı, xx.xx.1987-xx.xx.1992, xx.xx.1996-xx.xx.1999-cu illər üzrə 17 il 04 ay 22 gün dövlət qulluğu stajı nəzərə alınmışdır.

9. X1 xx.xx.2024-cü il tarixli, 9-3/2-1568/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 93/2-2182/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növ ündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Nazirlər Kabinetinin 2 024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti daxil edilir. Qeyd edilənlərə əsasən, iddiaçının 1993-1997-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə Qərargahının Gəncə r egional idarəsində hərbi rütbə nəzərdə tutulan zabit və baş zabit vəzifələrində xidmət müddəti, 1997-2000-ci illərdə Gəncə regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçisi vəzifəsində xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1993xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliy yat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməklə, təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə keçmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən cavabdeh tərəfindən orta aylıq əmək haqqı 1235,40 manat olmaqla 17 il 4 ay 22 gün dövlət qulluğu stajı hesablanaraq orta aylıq əmək haqqının 57 faizini müəyyən etmişdir. Dövlət qulluğu stajını hesablanarkən cavabdeh iddiaçının Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regional İdarəsində xx.xx.1993-cü ildən xx.xx.1994 -cü il tarixədək əhalinin müdafiə bölməsində zabit, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Mülki Müdafiəsinin planlaşdırması və təşkili şöbəsində baş zabit və xx.xx.1997-ci ildən xx.xx.2000-ci il tarixədək Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrü nəzərə almamışdır. Beləliklə, iddiaçının dövlət qulluğu stajı cavabdehin hesabladığı kimi 17 il 4 ay 22 gün yox, 6 il 6 ay 28 gün də əlavə edilərək 23 il 11 ay 20 gün hesablanaraq yenidən əmək pensiyası təyin edilməlidir. Fövqalədə Hallar Nazirliyi Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə qərargahının bazasında yaradılmışdır.

12. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi bar ədə Azərbaycan Respublikasının 31 may 2021ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri (bundan sonra Qayda) Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pen siyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan iddiaçının dövlət qulluğu stajının X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarix 3/21568/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 9-3/2-2182/2024 nömrəli məktublarda göstərilən dövrlərin dövlət qulluğu stajına daxil edilməklə yenidən hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının Azərbaycan Respublikası Baş Nazirliyinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regional idarəsində işlədiyi xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı, Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi xx.xx.1994-xx.xx.1997-ci tarixləri arasındakı və Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat m əsələləri üzrə köməkçi vəzifəsində işlədiyi xx.xx.1997-xx.xx.2000-ci tarixləri arasındakı dövrün iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

13. Gəncə İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(114)-1060/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmiş, İddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməklə, təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun xüsusi növündə həqiqi hərbi xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən mütləq nəzərə alınmalıdır. Eləcə də, X2 tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, iddiaçının 1997-2000-ci illərdə və 1993-1997-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə Qərargahının Gəncə regional idarəsində hərbi rütbə nəzərdə tutulan zabit və baş zabit vəzifələrində xidmət müddəti, 1997-2000-ci illərdə Gəncə regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçisi vəzifəsində xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2-1(104)-777/2024 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – məruzəçi, A.Bayramov və M.Mustafayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(114)-1060/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlilləri cavabdehin iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunun tətbi q dairəsi... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.... Maddə

22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Q anunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.... 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövl ət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq s tajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.... 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahi sə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edi lmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellya siya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dö vrün dövlət qulluğu stajına daxil edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Dövlət qulluğu haqq ında” Qanunun 22.7-1-ci maddəsinin tələbinə görə dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

32. Eyni zamanda, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və dövlət qulluğunun hüquqi tənzimləməsi ilə bağlı digər vəzifələri olan Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 9-3/2-1568/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 9-3/2-2182/2024 nömrəli məktublarında iddiaçının mübahisələndirdiyi dövrün dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alındığı göstərilmişdir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair 26 yanvar 2026-cı il tarixli qərardadında göstərilmişdir ki,... Güzəştli şərtlərlə əmək pensiyası hüququ dövlət qulluqçularına şamil olunmasa da, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində dövlət qulluğu vəzifəsində 15 il və daha artıq qulluq stajı o lan dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Yəni qanunverici dövlət qulluğu sisteminin vahidliyi prinsipini nəzərə alaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə yanaşı dövlət qulluqçuları üçün də pensiya sahəsində müəyyən güzəştlər verir. Belə güzəştlər həm dövlət qulluqçularına, həm də hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə uzun müddət dövlətə xidmət etdiklərinə görə verilir. Fərq yalnız ondan ibarətdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi üçün dövlət qulluqçusu müəyyən müddət qulluq stajından əlavə olaraq qanunla müəyyən edilmiş pensiya yaşına çatmalıdır... Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xi dmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məsələyə belə yanaşma tətbiq olunduqda, 14 il dövlət qulluğu stajı olan və eyni müddətdə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs (ümumi 28 il) pensiya yaşına çatdıqda “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququnu əldə etmir. Ondan daha az, yəni 15 il dövlət qulluqçusu kimi qulluq stajı olan şəxs isə bu hüququ əldə edir.”

34. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qərardadına istinad edərək vurğulayır ki, uzun xidmət müddətinin pensiya hüququnun əldə olunması üçün əsas sayılması qanunvericinin güddüyü məqsədlə – müvafiq orqanlarda dövlət qulluğunun sabitliyinin və davamlılığının möhkəmləndirilməsinə vasitəçilik etməklə (stimullaşdırmaqla) əlaqədar olduğundan, iddiaçının xüsusi rütbəli şəxs kimi xidmət illərinin ən azından birə-bir dövlət qulluğu stajına daxil edilməsi (hazırkı işdə iddiaçı stajın belə toplanmasını xahiş etmişdir) həm də pensiya təyini zamanı “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş xüsusi rütbəli şəxslərlə dövlət qulluğunda xidmət etmiş şəxslərə görə təyin edilən əmək pensiyası yaşı arasında fərqi qorumuş olacaq.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Nazirlər Kabinetinin 20 fevral 2024cü il tarixli 91 nömrəli Qərarı ilə təs diq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1 və 3.1-ci bəndlərinə əsasən dövlət qulluğunda staj və dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən stajların qarşılıqlı olaraq nəzərə alınacağı təsbit edilmişdir.

36. Lakin həmin Qayda və şərtlərin Ümumi müddəalar adlanan 1-ci hissəsində qeyd olunur ki, bu Qayda “Dövlət qulluğu haqqında” Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Qanunun şamil edildiyi dövlət orqanlarında qulluğa qə bul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə (bundan sonra – rütbə) nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir.

37. Göründüyü kimi, sözügedən Qayda və şərtlər bilavasitə qulluğa (xidmətə) qəbul zamanı yaranan hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmişdir.

38. Pensiya məqsəd ləri baxımından stajların qarşılıqlı olaraq nəzərə alınmasının mümkünlüyünə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları nəzərə alınmaqla qiymət verilməlidir. Sözügedən məsələ məhz həmin Qanun və onunla birbaşa əlaqəli digər qanunvericilik aktlarına istinadla həll olunmalıdır. 39. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə münasibətdə pensiya hüququnun reallaşdırılmasının müxtəlif imkanları nəzərdə tutulmuşdur. Onlardan biri də xidmət illərinə görə pensiyanın təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Qanun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə xidmət illərinə görə pensiyanın təyin edilməsinin həlledici şərti kimi həmin orqanlarda konkret müddətlərdə qulluq keçməni tələb edir. Beləliklə, qanunverici bu əsasla pensiya təyin edilməsini müstəsna olaraq sözügedən orqanlarda hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi konkret müddət ərzində qulluqdan asılı edir, pensiya yaşından asılı etmir. Bu, hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi qulluğun özünəməxsus xüsusiyyətlərindən və şərtlərindən irəli gəlir, həm də pensiya məqsədləri baxımından qanunvericinin idarəsini göstərir. Nəzərə alınmalıdır ki, stajların qarşılıqlı hesablanmasına münasibətdə qulluq münasibətlərinin davam etdiyi dövrdə və pensiya təyin edilməsi zamanı fərqli yanaşmanın tətbiq edilməsi qulluğun şərtlərindən irəli gəlir, ona görə də, mümkün və ağlabatan olmaqla, son nəticədə qanunvericinin mülahizəsindən asılıdır. Məhkəmə, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq bu məsələni qanunvericinin iradəsinin ziddinə həll edə bilməz.

40. Bununl a yanaşı, digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş şəxslər “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatının nəzərdə tutulduğuna istinadla həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış etməklə xidmət illərinə görə pensiyanın təyin edilməsini tələb edə bilərlər.

41. Nəhayət, şəxslər dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin dövlət qulluğundakı qulluq stajının müddətinə daxil edilməsini tələb edə, bununla da, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzə rdə tutulmuş ümumi qaydada həyata keçirə bilərlər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır. Əks yanaşma, dövlət qulluğunda uzun müddət işləmiş şəxslərin ümumiyyətlə, dövlət qulluqçusu kimi pensiya təminatından tamamilə mərhum olunması ilə nəticələnə bilər.

42. Oxşar məsələ daha əvvəl Ali Məhkəmənin icraatında olmuş, İnzibati Kollegiya tərəfindən 2-1(102)-1576/2023 nömrəli, 2023-cü il 30 noyabr tarixli qərar qəbul edilmişdir. Həmin qərarda olan işin hallarına görə iddiaçının ədliyyə orqanlarında xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 19 il 04 ay 27 gün qulluq stajı olmuşdur. Bundan başqa, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa rayon XDS İcraiyyə Komitəsində böyük iqtisadçı, baş iqtisadçı, baş mühasib vəzifələrində dövlət qulluğunda işləmişdir. İddiaçı dövlət qulluğu stajının xüsusi rütbəli şəxs kimi xidmət illərinə daxil edilməklə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olduğunu bildirib “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin tələbinə əsasən ədliyyə orqanlarında qulluq keçmiş şəxs kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Bəhs olunan qərarda Ali Məhkəmənin İnzibati kollegiyası özünün mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “29. Məhkəmə kollegiyası bu qərarın 15-18-ci bəndləri ndə nəzərdə tutulmuş normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-c ü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7-1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununu n tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanının 2.4-cü bəndinə uyğun olaraq, həmin şəxslərin dairəsinə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərdən əlavə, daxili işlər, vergi və gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslər aid edilmişdir.

30. İddiaçının xx.xx.2003-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə (qulluq etməklə) xüsusi rütbəyə malik olduğuna dair hər hansı sübut işdə yoxdur.

31. Beləliklə, istinad edilən normaların tələbləri və iddiaçının dövlət qulluğundakı qulluq stajının müddəti (iddiaçının əsaslandığı cəmi 36 il 05 ay 19 gün) nəzərə alındıqda, o, dövlət qulluğu ndan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda (o cümlədən, ədliyyə orqanlarında) qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə (iddiaçıya münasibətdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla) tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır...”

43. Göründüyü kimi, məhkəmə kollegiyası 2-1(102)-1576/2023 nömrəli, 2023-cü il 30 noyabr tarixli qərarında da iddiaçının xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında xidmət illərini dövlət qulluğund akı qulluq stajı ilə birlikdə nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq onun dövlət qulluğundan irəli gələn pensiya hüququnun mövcudluğunu tanımışdır.

44. Eyni mövqe sərgiləyən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərini onun dövlət qulluğundakı qulluq stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsini tələb etməkdə haqlı olduğundan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2-1(104)-777/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar