Məhkəmə qərarları › İş №2-1(102)-1122/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1122/2025

11.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1122/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3107/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 11-ci mərtəbə, 5 №-li, bir otaqlı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2023-cü il tarixli, **********785500 nömrəli q ərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(112)-3452/2024 nömrəli qərarı ilə iddia təmin olunmuş, cavabdehin xx.xx.2023-cü il tarixli, **********785500 nömrəli qərarı ləğv edilmiş, nağdsız qaydada alınmış yaşayış sahəsinə (ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 11-ci mərtəbə, 5 №-li, bir otaqlı mənzilə) görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3107/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən mənzili, mənzilin 82709 manat məbləğində ƏDV daxil ümumi dəyərinin müqavilə imzalanarkən 30000,9 manatını avans şəklində, qalan 52700 manatını hissəhissə "xxxx" MTK-nın hesabına nağdsız qaydada köçürməklə almışdır. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli məktubunda da qeyd olunur ki, iddiaçı tərəfindən kooperativə ödənilən ƏDV daxil 82709 manat məbləğin 12616,63 manat ƏDV-si müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və həmin bəyannamə üzrə yaranmış vergi öhdəliyi yerinə yetirilmişdir. Qeyd olunan hallar işin mübahisələndirilməyən hallarıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mənzilə görə ƏDV daxil ödənişləri, o cümlədən son ödənişi vergi orqanında müvafiq proqram təminatı hələ fəaliyyətə başlamazdan əvvəl 2022-ci ildə həyata keçirilmişdir. İddiaçı cavabdehə ilkin olaraq ƏDVnin geri qaytarılması üçün xx.xx.2023-cü il tarixli elektron ərizə ilə müraciət etmiş, lakin onun bu müraciəti cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarla, yaşayış sahəsinin ƏDV daxil tam dəyərinin satıcının bank hesabına ödənildiyi əsas gətirilməklə, ƏDV-nin geri qaytarılmasından imtina olunmuşdur. Halbuki, həmin vaxt iddiaçı tərəfindən ƏDV-nin ayrılıqda satıcının ƏDV depozit hesabına köçürülməsi üçün vergi orqanının proqram təminatı hələ işlək vəziyyətdə olmamışdır. Bu hal iddiaçının ƏDV-nin geri qaytarılması üçün sonrakı – xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq cavabde hin ona ünvanladığı “ƏDV qaytarmaq ərizəsinin təsdiqi barədə” elektron bildirişinin məzmunu ilə də təsdiq olunur. Lakin cavabdeh bu halda da bildirişinə uyğun hərəkət etməmiş, "xxxx" MTK-nın 2022-ci ilin sentyabr ayı üzrə onun hesabına iddiaçı tərəfindən ödənilmiş ƏDV məbləği də daxil olmaqla, cavabdehə müvafiq hesabat təqdim etməsinə və vergiləri ödəməsinə və bunun işin mübahisəsiz halı olmasına baxmayaraq, hərəkətsizlik nümayiş etdirmiş, bununla da, əsassız olaraq iddiaçını haqqı çatanları almaq hüququndan məhrum etmişdir.

5. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesa b edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessu al Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticəni n mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə d ə şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya inst ansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır. Qeyd edilməli dir ki, hər hansı hüququn, hazırkı vəziyyətdə ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququnun realizə olunması üçün konkret zəmin olmalıdır. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sistemini n Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin edilməsi həvalə edilmişdir. Fərmanın tələbinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür. Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında olan məlumatdan, eləcə də iş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir. Qeyd edilən məlumatları rəhbər tutan məhkəmə kollegiyası bildirir ki, iddiaçı ƏDV məbləğini ƏDV-siz məbləğlə birlikdə üçüncü şəxsin bank hesabına ödəniş edərkən elektron portal istifadəyə verilmədiyindən iddiaçının ƏDV məbləğini inzibati orqanın tələbinə uyğun ödəməsi texniki cəhətdən mümkün olmadığından, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hes abına deyil, satıcının bank hesabına ödənilməsi əsası ilə ƏDV-nin 30 faizinin geri qaytarılmasından imtina edilməsi qanuni hesab edilə bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-1002/2025 nömrəli qərarları).

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsay lı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tələbində həmçinin cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********785500 nömrəli qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsinə əsasən nağdsız qaydada dəyərini satıcıya tam ödədiyi mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati akt ın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq əlavə dəyər vergisi məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3107/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar