Məhkəmə qərarları › İş №2-1(102)-1550/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1550/2023

07.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1550/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-340/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı Alüminium Yayma Zavodunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Temp” Kooperativində, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “ Əlvan metal” DKM-də işləmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı Bakı Alüminium Yayma Zavodunda xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək 2 nömrəli sexdə “əlvan məftil çəkici” (2 nömrəli siyahı, Vİİİ bölmə, kod 2092304a – 11487), xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək əridici sexdə “metal tökücü” (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 13410), xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək metal əritmə sexində “əridici” (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 16613) vəzifələrində işləmişdir. 4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır.

5. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 52800 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20317,32 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəz ərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək stajı, fəaliyyəti və yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyasının təminatına imkan verir.

9. Cavabdehin iddia tələbinə qarşı etirazının dəlilləri onun imtinasının dəlilləri ilə eynilik təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 27 iyul 2021-ci il tarixli, 21(112)-2748/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik normaları xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun ya ranmasını nəzərdə tutur. Bu isə, o deməkdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri xx.xx.2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Odur ki, iddiaçının tələbinin əsaslarına münasibətdə cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən güzəştli şərtlərlə əmək pensiyasının təyinatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı məbləğ təşkil etməsi, yəni əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi dəlili əsaslı sayıla bilməz. Lakin məhkəmə vurğulayır ki, iddiaçının 1980-2004-cü illərdə Bakı Alüminium Yayma Zavodunda işləməsini təsdiq edən arayışın surəti (əsli olmadan) təqdim edilsə də, onun həmin əmək fəaliyyəti üzrə müvafiq əmrlərin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının 20 il ümumi, 10 il güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə iş stajı toplanmış sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iddiası əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə həmin pensiya təyinatı üzrə öhdəlik qoyula bilməz.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edil məsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aida Hüseyn /sədrlik edən və məruzəçi/, İlham Kərimli və Azər Hüseynov) 08 dekabr 2022-ci il tarixli, 21(103)-340/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubundan görünür ki, Xidmətin arxivində ol an "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Göründüyü kimi, "xxxx" ASC-nin özəlləşdirmə planında əmək kollektivinin siyahısında iddiaçının adının qeyd edilməməsi və beləliklə də iddiaçının həmin müəssisənin əməkdaşı olmadığı faktı öz təsdiqini tapmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən iddia ərizəsinə əlavə etdiyi əmək kitabças ında onun Bakı Alüminium Zavodunda işləməsinə dair qeydlər vardır. İddiaçının məhkəmələrə təqdim etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, iddiaçının işlədiyi həmin müəssisədə yanğın baş vermişdir. İddiaçının dəfələrlə bildirdiyi kimi, onun adının müəssisənin sənədlərində qeyd edilməməsi onun həmin müəssisədə işləməməsinə görə deyil, ona və daha bir neçə işçiyə məxsus sənədlərin yanğın zamanı məhv olmasına görə olmuşdur. Bu fakt daha bir neçə analoji sənədlərdə öz təsdiqini tapmışdır. Yanğında məhv olması məlum olan sənədlərin sorğu vasitəsilə istənilməsi sadəcə qanunvericiliyin tələblərinə formal şəkildə natamam riayət edilməsidir. İstər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetini n xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarının tələblərinə əsasən belə halda səlahiyyətli şəxslər tərəfindən işin tam araşdırılması üçün şahid ifadələrinin alınması zəruri idi. Nə inzibati orqan, nə də aşağı instansiya məhkəmələri sözügedən müəssisədə iddiaçı ilə eyni zamanda çalışan digər şəxslərin şahid ifadələrini almamışdır. Bundan başqa, həm inzibati orqan, həm də aşağı instansiya məhkəmələri qanunvericilikdə müəyyən edilmiş formada təqdim edilmiş əmək kitabçasındakı qeydlərin həqiqiliyinə olan şübhələrini əsaslandırmamış, qanunvericilikdə təsbit edilmiş etimadın qorunması prinsipini də pozmuşdurlar. Göründüyü kimi, iddiaçı öz imkanları xaricində olan və qanunvericiliklə inzibati orqan və məhkəmə tərəfindən edilməli olan hərəkətlərin edilməməsinə görə əlverişsiz vəziyyətə düşərək h üququndan istifadə edə bilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, kassasiya şikayətində sənədlərin aşkar edilməməsinin səbəbi kimi müəssisədə yanğın baş verdiyi qeyd edilsə də, nə iş materiallarına, nə də kassasiya şikayətinə sözügedən müəssisədə yanğın faktının baş verməsini təsdiq edən arayış əlavə olunmamışdır. Qeyd edilənlərə əsasən iddiaçının kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişidir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanu n qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.... Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkil atlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “P ensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

2. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəll əri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” 10700000 – Vİİ. Metallurgiya is tehsalatı (əlvan metallar) 10721000 –

18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı 10721010 – 1) Əritmə istehsalı 1072101a – a) fəhlələr 1072101a-13410 – əlvan metalların tökücüləri 1072101a-16613 – əridicilər

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhk əmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyas ı məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vaxtında verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və onun vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir. Həmin qərardad xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, xx.xx.2023-cü il tarixdə isə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin qərardad əsasında iddiaçıya münasibətdə vəkil orderi verilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Həmçinin kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

28. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

29. Hazırkı qərarın 18-19-cu bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.

30. Cavabdehin imtinasının və iddia tələbinə qarşı etirazının əsasını iddiaçıya əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması təşkil etmişdir. İmtinasında və iddia tələbinə qarşı etirazında cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və güzəştli pensiya hüququ verən stajı mübahisələndirilməmişdir.

31. Birinci instansiya məhkəməsi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə “əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması” tələbi nəzərdə tutulmadığından cavabdehin dəlilini əsasız saymış, lakin iddiaçının 1980-20 04-cü illərdə Bakı Alüminium Yayma Zavodunda əmək fəaliyyəti üzrə müvafiq əmrlərin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsinin mümkün olmadığını əsas gətirərək iddia tələbini təmin etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında iddiaçının adı qeyd edilmədiyindən iddiaçının həmin müəssisənin əməkdaşı olmadığı faktı öz təsdiqini tapmışdır.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı Alüminium Yayma Zavodunda işləmiş olmasına dair xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətini təqdim etmişdir.

34. Hazırkı qərarın 19-21-ci bəndlərində qeyd edilən normaların tələblərinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

35. İddiaçıya məxsus əmək kitabçasında mübahisələndirilən dövr üzrə aparılan qeydlər müəssisənin səlahiyyətli şəxsinin imzası və müəssisənin möhürü ilə müvafiq qaydada təsdiq edilmiş, həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq xüsusatlar iş materialları ilə müəyyən edilmir. Məh kəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti üzrə həmin müəssisənin müvafiq əmrlərinin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərinin bu və ya digər səbəbdən əldə edilə bilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz.

36. Nəzərə alınmalıdır ki, mötəbərlik prezumpsiyası prinsipinə əsasən, iddiaçıya məxsus əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür.

37. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərən camı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır.

38. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 18 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixdə sözügedən müəssisədə yanğın baş verdiyindən Bakı Alüminium Yayma Zavodunun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İddiaçının sənədləri yandığı üçün ona heç bir sənəd ve rilə bilinmir. İddiaçıya tərəflərindən verilmiş güzəştli arayış onun əmək kitabçası əsasında verilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbi üzrə lazımi qaydada araşdırma aparmadan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında iddiaçının adının aşkar edilməməsinə istinad edərək iddiaçının iddiasının əsaslı olmadığı qənaətinə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən illərdə sözügedən müəssisədə iş stajının müəyyən edilməsi üçün iddiaçı ilə həmin müəssisədə eyni dövrdə işləmiş müəssisənin rəhbərini və ya digər səlahiyyətli şəxsləri, həmçinin işçiləri, o cümlədən özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında adı olan şəxsləri şahid qismində məhkəmə iclasına çağırıb ifadələrini almaqla mübahisə üzrə daha dolğun məhkəmə tədqiqatı apara bilərdi.

40. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutları qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirməmişdir.

41. İşin hallarının araşdırılması prinsipinə uyğun olaraq, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzi fəsinə görə araşdırmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.

42. İşə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci, 12.2-ci, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

44. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

45. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 21(103)-340/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar