Məhkəmə qərarları › İş №2-1(102)-1682/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1682/2024

31.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1682/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina; ödənişsiz məzuniyyət müddətinin sığorta stajına daxil edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(103)-263/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. 2.İddiaçıya məxsus hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1980ci il tarixdən xx.xx.1983-cü il tarixədək dərzi; xx.xx.1983-cü il tarixdən usta köməkçisi, xx.xx.1983-cü il tarixdən kəsici sexinə usta köməkçisi şagirdi keçirilmiş, xx.xx.1983-cü il tarixdən usta köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx. 2013-cü il tarixdən işdən azad edilmişdir. 3.Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 13 gün ( xx.xx.1978- xx.xx.1980-cil, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövrlər və 2012-2022-ci illər üzrə cəmi 5 il 06 ay) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (12 il 04 ay 08 gün (xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövr) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensi ya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40.560 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18.593,53 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yardımlı rayonu, Hamar kənd M.B.Qasımov adına kolxozda 01 avqust 1976-cı il tarixdən 15 oktyabr 1978-ci il tarixə kimi kolxozçu kimi işlədiyi illərin iddiaçıya pensiya işində əmək stajı kimi nəzərə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. 5.Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 57 yaşdan, yəni 16 iyun 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 29 aprel 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur. 7.Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 13 gün ( xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövrlər və 2012-2022-ci illər üzrə cəmi 5 il 06 ay) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (12 il 04 ay 08 gün (xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeyd ə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40.560 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18.593,53 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 8.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5378/2023 saylı, 27 mart 2023-cü il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilmişdir. 9.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1978- xx.xx.1980; xx.xx.1980- xx.xx.1983; xx.xx.1983-xx.xx.2006 = 26 il 11 ay 15 gün təşkil edir) ç ox təşkil edir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1995-ci il tarixdən ödənişsiz məzuniyyətdə olmasına istinad edir. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizə ilə razılaşmır.

10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki göstərilən illər ərzində boşdayanmanın məhz işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubundan göründüyü kimi iddiaçının boşdayanmasına əsas olan hal – xammal çatışmamazlığı ilə əlaqədar olmuşdur. Göründüyü kimi iddiaçının uzun müddət ərzində ödənişsiz məzuniyyətdə olması hər bir halda onun şəxsi iradə ifadəsindən asıl ı olmamışdır. Əksinə iddiaçının ödənişsiz məzuniyyətə cəlb edilməsi xammal çatışmamazllığı ilə bağlı da olmuşdur. 11.Məhkəmə eyni zamanda həmin dövr üzrə ödənilməyən məcburi sosial sığorta haqlarına da münasibət bildirməyi zəruri hesab edir. 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərt i ümumiyyətlə tələb olunmamalıdır. 2002-2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının Bakı Komvol Kombinatında işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödə nilib-ödənilməməsi mühüm rol oynamır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən müəssisədə xammal çatışmamazlığı ilə əlaqədar ödənişsiz məzuniyyətdə olması, xx.xx.1995-xx.xx.2006 dövrün ümumi iş stajına daxil edilməməsinə əsas vermir. Beləliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajı 25 il təşkil edir ki, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır.

12. Birinci instansiya məhkəməsi iddiaçının güzəştli iş stajına münasibətdə bildirmişdir ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş arayışdan görünür ki, İddiaçı Bakı Komvol Kombinatında əyrici istehsalatının darayıcı və kəsici sexində usta köməkçisi işləmiş, işlədiyi hər iki peşə səsli, tozlu, eyni xarakterli olduğuna görə güzəştli siyahıda nəzərdə tutulduğu üçün zərərli hesab edilmiş, bununla da iddiaçının işlədiyi həmin müddət nəzərə alınmaqla güzəştli iş stajı12 il 09 ay 03 gün təşkil etmişdir. İddiaçının işlədiyi həmin peşə həm “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na, həm də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına görə iddiaçıya güzəştli iş stajı imkanı verir. İddiaçının faktiki olaraq həmin dövrdə işlədiyi müddəti nəzərə alsaq müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan (12 il 09 ay 04 gün) çox güzəştli iş stajı mövcuddur. Cavabdeh güzəştli iş stajının xx.xx.1983-xx.xx. 1995 dövrlərini təşkil etdiyini bildirsə də, iddiaçının faktiki həmin peşə üzrə icra etdiyi əmək funksiyaları xx.xx.1995-ci il tarixədək olmuşdur. Bu səbəbdən də onun güzəştli iş stajı xx.xx.1983-xx.xx.1995 dövrü əhatə etmişdir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən), M.A.Məmmədov və R.Ə.Səmədov) 22 fevral 2024-cü il tarixli, 2-1(103)263/2024 nömrəli nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzr ə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5378/2023 saylı, 27 mart tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” bаrədə iddiа tələbi təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının ödənişsiz məzuniyyətə qədərki ümumi və xüsusi iş stajı xx.xx.1995-ci il tarixədək hesablanmalıdır. Belə olan halda cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajı 12 il 4 ay 8 gün + mübahisələndirilən 4 ay 25 gün (xx.xx.1995-xx.xx.1995-ci illər arası dövr) birlikdə 12 il 9 ay 3 gün tələb olunan 12 il 6 aylıq şərti ödəyir. Buna baxmayaraq, iddiaçı tərəfindən ümumi iş stajı ilə bağlı şərt ödənilmir. İddiaçının "xxxx" ASC-də işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1995-xx.xx.2013-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olması iş materialları ilə təsdiq edilir. İddiaçının xx.xx.1995-xx.xx.2013-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müq avilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qan unda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır.

16. İddiaçının ödənişsiz məzuniyyətdə, boşdayanma halının olması işəgötürənin təqsiri üzündən baş verməsi, habelə boşdayanmanın başlanması haqqında iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi iş materialları ilə sübut edilmir. Bununla yanaşı, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Qeyd olunmalıdır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarın da hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)-1597/2023 saylı, xx.xx.2023 tarixli Qərarı).

17. İddiaçının 57 yaşdan pensiya təyini ilə bağlı tələbi əsasında 57 yaşı tamam olan tarixədək yəni xx.xx.2016-cı il tarixədək ödənişsiz məzuniyyət dövrləri istisna olmaqla, xx.xx.2006-cı il tarixdən mdds ödənilmiş dövrlər nəzərə alınmaqla ümumilikdə ümumi iş stajı 18 il 5 ay 9 gün təşkil edir. Hətta yuxarıda sadalanan qanunvericilik norması diqqətə alınaraq 6 aylıq müddət nəzərə alınsa belə yenə də şərt ödənilmir (18 il 11 ay 9 gün).

18. İddiaçının kolxozda işlədiyi dövrlə bağlı da qeyd olunmuşdur ki, apellyasiya icraatında iddiaçının Yardımlı rayonu, Hamar kənd M.B.Qasımov adına kolxozda 01 avqust 1976-cı il tarixdən 15 oktyabr 1978-ci il tarixə kimi kolxozçu kimi işlədiyi illərin araşdırm ası istiqamətində aidiyyəti üzrə sorğular ünvanlanmış, sorğulara cavab məktublarında arxivdə mühafizə olunan sənədlər arasında İddiaçı dair məlumatlar aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında isə sözügedən kolxozun əmək stajı və qazancının uçotu kitabında Vahabov Məmmədağa (ata adı kitabda qeyd edilməmişdir) adlı vətəndaşın 1975-ci ildə 12 adam günü, 1976-cı ildə 13 gün, 1977-ci ildə 177 adam günü, 1978-ci ildə 249 adam günü qeyd edilmiş, iddiaçı isə Yardımlı rayon qeydiyyat şöbəsindən arayış təqdim edərək, ailə üzvlərinin bəzilərinin “Vahabov” soyadına malik olduğunu bildirmişdir. Bu əsasla sözügedən arayışdakı məlumatlar nəzərə alınsa belə tələb olunan 25 illik ümumi staj şərti ödənilmir.

19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, o 1975-1978-ci illər ərzində Yardımlı rayonu Hamal kəndi, M.B.Qasımov adına kolxozda kolxozçu kimi işləmişdir. Eyni zamanda AR Mərkəzi Seçki Komissiyasının üzvü kimi 2012-ci ildən 2023-cü ilin axırına kimi fəaliyyət göstərmiş və hər iki göstərdiyi iş yeri üzrə də məcburi dövlət sosial sığorta haqları ödənmişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən bu nəzərə alınmamışdır. Eyni zamanda bildirmək istəyir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 22-1.2-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il azaldılmaqla hesablanır. Yəni dövlət tərəfindən də ona 25 il sığorta stajı verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçın ın tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qanunvericiliyin tələbləri ilə yanaşı, vətəndaşın 18 il boşdayanmada olması həmin dövrün iş stajına daxil edilməsi ilə əlaqədar heç bir məntiqi açıqlama yoxdur. Ödənişsiz məzuniyyətdə olmaq, yəni boşdayanma o anlama gəlir ki, şəxs işləməyib. Buradan o nəticəyə gəlirik ki, hər hansı bir şəxs işləməyib sadəcə ödənişsiz məzuniyyətə çıxaraq pensiyaya çıxa bilər. Göründüyü kimi gəlinən nəticə absurd və bir o qədər də qeyriqanunidir. 18 ilin sosial sığorta stajına daxil edilməsi digər 18 il işləyən əmək pensiyasına çıxan şəxslərin hüquqlarını, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipini də pozmuş olur. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 il sosial sığorta stajı çatmır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək olan redaksiyası) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlər də, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunver iciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. - 23.2-ci maddəsinə əsas ən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-də n başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli, **********1 saylı qərarı ilə qüvvədən düşmüşdür) Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübu tlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı i craat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şika yəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 57 yaşının tamam olduğu xx.xx.2016-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

33. İddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı mövcud olmalıdır.

34. İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, onun 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur.

35. İşin araşdırılmış hallarına əsasən iddiaçı qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmışdır.

36. Cavabdeh imtinanın əsası kimi iddiaçının 25 ildən az (22 il 13 gün ( xx.xx.1978xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövrlər və 2012-2022-ci illər üzrə cəmi 5 il 06 ay) və güzəştli iş stajının 12 il 06 aydan az (12 il 04 ay 08 gün (xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil etdiyini bildirir.

37. Güzəştli iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının ödənişsiz məzuniyyətə qədərki xüsusi iş stajı xx.xx.1995-ci il tarixədək hesablanmaqla, cavabdeh tərəfi ndən mübahisələndirilməyən güzəştli iş stajı 12 il 4 ay 8 gün + mübahisələndirilən 4 ay 25 gün (xx.xx.1995-xx.xx.1995-ci illər arası dövr) birlikdə 12 il 6 aydan artıq 12 il 9 ay 3 gün təşkil edir.

38. Pensiya kapitalı ilə bağlı kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixə pensiya kapitalının toplanması ilə bağlı belə bir tələb olmamışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ümumi iş stajı ilə bağlı şərt ödənilmir.

40. Apellyasiya məhkəməsinin araşdırılması ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının ümumi stajının 16 il 6 ay 13 gün olduğunu qəbul edir.

41. İşin tərəflər arasında mübahisələndirilən halı iddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1995-xx.xx.2013-cü il tarixlərdə arasında olan dövrün onun ümumi sığorta stajına daxil edilməməsi ilə bağlıdır.

42. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırılmış sənədlərə görə, iddiaçı "xxxx" ASC-də işlədiyi dövr ərzində xx.xx.1995-ci ildən işdən azad edildiyi xx.xx.2013-cü il tarixədək ümumilikdə 17 il 8 ay 24 gün ödənişsiz məzuniyyətdə olmuşdur.

43. Mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti də olmamışdır. Bu, hətta işəgötürənin təqsiri üzündən baş verdiyi halda belə, özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur.

44. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqavilə si ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

45. Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə:

1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətini n cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

46. Həmin normaların hazırkı işə tətbiqinə gəldikdə, ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonra belə, işdən azad olunduğu tarixədək 17 ildən artıq müddət ərzində Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir.

47. Göründüyü kimi, 1995-2013-ci illər ərzində iddiaçının əmək fəaliyyəti olmamış, ona əmək haqqı hesablanmamışdır. Bu səbəbdən cavabdeh həmin müddəti iddiaçının iş (sığorta) stajına daxil etməməkdə haqlı olmuşdur.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilsə belə, yenə 25 il ümumi staj mövcud olmayacaqdır.

50. İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixədək ödənişsiz məzuniyyət dövrləri istisna olmaqla, 6 aylıq ödənişsiz məzuniyyət dövrü və xx.xx.2006-cı il tarixdən mdds ödənilmiş dövrlər nəzərə alınmaqla ümumilikdə ümumi iş stajı 18 il 11 ay 9 gün təşkil edir.

51. İddiaçının kolxozda işlədiyi dövrlə bağlı qeyd edilməlidir ki, həmin dövr nəzərə alınsa belə tələb olunan 25 illik ümumi staj şərti ödənilmir.

52. Bundan başqa, iddiaçı tələbində ona 57 yaşdan pensiya təyin edilməsini xahiş etmiş, apellyasiya icraatı zamanı d a məhkəmə həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsi, həm də 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası üzrə araşdırma aparmış, sadalanan qanunvericilik normalarında da məhz pensiya təyini üçün yaş həddi 57 yaş müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıya 60 yaşının tamam olduğu 16 iyun 2019-cu ildə tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunurdu: 1) 25 il ümumi iş stajının mövcud olması; 2) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. 29 iyun 2022-ci ildən pensiya qanunvericiliyinə edilən dəyişikliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair müddəa çıxarılmışdır. İddiaçıya izah edilir ki, 60 yaşının tamam olduğu 16 iyun 2019-cu ilədək qanunda nəzərdə tutulan 25 il ümumi stajı və lazımi miqdarda pensiya kapitalı, yaxud 29 iyun 2022-ci ildə 25 il ümumi stajı olduğu halda güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət edə bilər.

54. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(103)-263/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar