Məhkəmə qərarları › İş №2-1(102)-1788/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1788/2020

06.10.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1788/2020 06.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: məktubun qanunsuz hesab edilməsi tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məktubun qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1183/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2019-cu il tarixində 17 saylı X1 Komissiyasının qarşısında, saat 1500–da 20 dəqiqə, həmin gün saat 17-00-da Mərkəzi Seçki Komissiyasının qarşısında 20 dəqiqə təkadamlıq aksiya piket, həmçinin xx.xx.2019-cu il tarixində saat 12-00 Azərbaycan Mərkəzi Bankının Baş Ofisi qarşısında təkadamlıq aksiya piket keçirilməsinin planlaşdırılması barədə xx.xx.2019-cu ildə yazılı şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişdir.

2. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının V-87-003 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçının aksiya keçirməsi haqqında müraciəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələblərinə cavab vermədiyindən 06 və xx xxxxxx 2019-cu il tarixlərində planlaşdırdığı etiraz aksiyasının keçirilməsi məqsədəuyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiаçı İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat pul tutulması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112 )-2527/2020 nömrəli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddiаçı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubu qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat pulun tutulması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır.

5. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli V-87-003 nömrəli məktubunda cavabdehin “06 və xx xxxxxx 2019-cu il tarixlərində planlaşdırdığınız etiraz aksiyalarının keçirilməsini məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçını n etiraz aksiyalarının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyidir.

6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1183/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.M.Məmmədov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)2527/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Lakin qeyd edilən qanunda toplantı keçirilməsi qadağan edilmədiyi hallarda müvafiq icra hakmiyyəti orqanının mövqeyinin qərar qəbul edilməsi ilə ifadə olunması nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçının nəzərinə çatdırıldığı üçün həmin qərar olmayan məktub ilə iddiaçının hər hansı bir subyektiv hüququ pozulmamışdır.

9. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.

10. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1183/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında ümumi Bəyannamənin 20-ci maddəsində, “Mülki və siyasi hüquqular haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokrat ik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur.

12. Göründüyü kimi, sərbəst toplaşmaq azadlığına müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. Hazırkı halda isə cavabdeh orqan iddiaçının sərbəst toplaşmaq azadlığını pozmuşdur. Aşağı instansiya məhkəmələri isə bu hala qiymət vermədən iddianı mümkün hesab etməmişlər. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat landırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisəl əndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən o lunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (qərarın 4.1, 4.2, 5.1, 5.2-ci bəndləri). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Hazırkı qərarın 15-17-ci bəndlərində göstərilən normalardan göründüyü kimi, qanunverici mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaların mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmasını mütləq şərt kimi göstərmişdir.

22. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından isə görünür ki, iddiaçı hüququnun pozulmasını əsaslandıra bilməmişdir.

23. İddiaçı kassasiya şikayətində də konstitusion hüquqlarının pozulduğunu bildirsə də, bunu sübut edə bilməmiş və işə apelyasiya instansiyası məhkəməsində baxılarkən də belə bir pozuntunun olması a şkar edilməmişdir.

24. Belə ki, işin mübahisəsiz hallarından da görünür ki, cavabdeh orqanın cavab məktubu imtina xarakterli deyil. Həmin məktubla cavabdeh iddiaçının etiraz aksiyası keçirməsini qadağan etməmiş, belə aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə öz mövqeyini bildirmişdir.

25. Göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüququnun pozulmasını əsaslandıra bilmədiyindən iddia mümkün sayıla bilməz.

26. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1183/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar