Məhkəmə qərarları › İş №2-1(102)-1885/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1885/2024

28.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1885/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “maddi və mənəvi ziyanın cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icrasının təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 14 mart 2024-cü il tarixli, 2-1(103)-1222/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)1312/2022 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 15215,32 manat pul və vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

2. Qanuni qüvvəyə mindikdən sonra həmin qərar birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmiş və icra üçün 15 gün müddət təyin edilmişdir.

3. Cavabdeh isə məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya ödənilməli olan vəsait idarənin 2023-cü il üçün təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmadığından ödənilməsi mümkün deyil, vəsait 2024-cü ilin xərclər smetasında nəzərə alındığı təqdirdə ödənilərsə, məhkəməyə bu barədə məlumat veriləcəkdir.

4. Bundan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək İPM-in 120-ci maddəsinin tələbləri qaydasında qərarın icrasının cavabdeh tərəfindən təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla cavabdehə yenidən müraciət ünvanlayaraq ondan sözügedən məhkəmə qərarının icrasının təmin olunması tələb olunaraq ona xəbərdarlıq edilmişdir ki, 20 gün müddətində qərar icra ol unmadığı halda, qurum İPM-in 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacaqdır.

6. Cavabdeh məhkəmənin həmin xəbərdarlığına da məhəl qoymamış və iş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi əvvəlki mövqelərini təkrarlayaraq, məsələnin həllinin yalnız 2024-cü ildə tapacağını bildirmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(112)-3515/2021 nömrəli qərardadı ilə cavabdehin 500 manat miqdarında cərimələnməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-1222/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi müvafiq vəsait ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunduğunu, lakin həmin maliyyə vəsaitinin bugünə qədər idarənin hesabına köçürülmədiyini bildirmişdir. Halbuki, nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş Maliyyə və Təchizat İdarəsi rəisinin Bakı Baş Gömrük İdarə rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya ödənilməsi tələb olunan vəsaitin ayrılması üçün cavabdeh Maliyyə və Təchizat İdarəsinə xx.xx.2023cü il tarixli məktubla, yəni məhkəmənin qərarı icra edilməsi üçün idarəyə daxil olduğu aprel ayından 4 ay keçdikdən sonra müraciət etmişdir. Cavabdeh, Maliyyə və Təchizat İdarəsinin xx.xx.2023-cü il tarixli c avab məktubundan sonra da, ötən 4 ay ərzində məsələ ilə bağlı maraqlanmamış, hazırkı 2024-cü ilin bitməkdə olan üçüncü ayında da qərarın icrası barədə dəqiq məlumat vermək iqtidarında olmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin könüllü icra üçün müəyyən etdiyi 15 gün müddətində qərarı icra etməmiş, sonradan icra üçün əlavə təyin edilmiş 20 gün müddətində onu icra etməmiş, cərimə olunacağı barədə xəbərdarlığa da etinasız yanaşmış və bugünə qədər də məhkəmənin qərarının icrasından yayınmaqda davam etməkdədir.

10. Cavabdeh mahiyyətcə etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96. 296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən e dilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məh kəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnziba ti Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslan an oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə qərarının vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1338/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-250/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-13/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-410/2024 nömrəli qərarları).

15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarı lmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 9 2-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 21(103)-1222/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar