Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2108/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçu kimi pensiya təyinindən sonra dövlət qulluğunda işləyən əmək pensiyaçısına qulluq illərinə görə əlavələrin ödənilməsi qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaç ı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyanın düzgün hesablanması, pensiyanın ödənilməmiş hissəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2-1(103)- 1502/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxx 1958-ci ildə anadan olmuşdur.
2. İddiaçıya xx.xx.2018-ci ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Pensiya təyin edildikdən sonra iddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuş və hazırda həmin vəzifədə işləyir.
4. İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu barədə Mərkəzi Filiala məlumat vermədiyindən əmək pensiyası cavabdeh tərəfindən yenidən hesablanmış, bunun nəticəsi olaraq əmək pensiyası (2921,34 manat) 2023-cü ilin aprel ayında yenidən hesablanaraq sığorta hissəsi tam (434,01 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (2921,34-434,01=2487x50%=1243,66) manat olmaqla ümumilikdə 1677,67 manat (434,01+1243,66) məbləğində müəyyən edilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək pensiyadan tutulmaların dayandırılmasını xahiş etmiş, cavabdeh m üraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları” haqqında Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmışdır. Nəticədə son üç il ərzində ümumilikdə, 41300,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 41300,61 manat vəsait cari ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2018-ci il tarix də təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Gömrük Komitəsində işləməsi ilə əlaqədar xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Nəzarət təftiş idarəsinin rəisi vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi vəzifə hərbi və xüsusi rütbəli vəzifə deyil. 2023-c ü ilin aprel ayından aldığı 2921.34 manat pensiyanın məbləği yenidən hesablanaraq, sığorta hissəsi 434.01 manat tam, qulluq stajına görə əlavə, 2487.33 manatın 50%-i 1243.66 manat ödənilməyə başlanılmışdır. Qulluq stajına görə əlavənin məbləği 50% hesablandığı üçün Mərkəzi filialın hesablamasına görə 41300.61 manat “artıq” ödənilmiş məbləğ müəyyən edilmişdir. Son üç il həmin məbləğ hər ay iddiaçının pensiyasından tutulur. İddiaçı hesab edir ki, onun pensiyasından hər hansı bir məbləğin tutulması qanunsuzdur. Cavabdeh inzibati orqan cavab məktublarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsaslanaraq bildirir ki, həmin maddəyə əsasən hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə işlədikdə əmək pensiyasına qulluq stajına görə əlavə 50 % miqdarında ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur və onun hüquqları pozulmuşdur.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7705/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli, 3-17-1/37-7720/2023 saylı qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-5105/2024 saylı qərarı ilə (hakim X5) iddia qismən təmin edilmiş, İddiaçı pensiyasının yenidən hesab lanması və artıq ödənilmiş məbləğin tutulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli, 3- 17-1/3-77720/2023 saylı qərarı artıq ödənilmiş pensiya məbləği kimi müəyyən edilmiş vəsaitin iddiaçının pensiyasından tutulmaların aparılması hissəsində ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən İddiaçı artıq ödəmə kimi tutulmuş məbləğlərin geri qaytarılması cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərar iddiaçının qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində hesablanmalı olması hissəsində əsaslıdır. Əmək qanunvericiliyinə əsasən əmək pensi yaçısına qulluq stajına görə əlavə o halda tam şəkildə ödənilə bilər ki, o, “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə aid olmasın. Lakin iddiaçı hazırda 20.1.7-ci maddədə nəzərdə tutulan dövlət qulluğu vəzifəsində çalışdığından, qeyd olunan Qanunun 37.3.4-cü maddəsinə müvafiq olaraq ona qulluq stajına görə əlavələr 50 faiz həcmində ödənilməlidir. Odur ki, iddiaçıya qulluq stajına görə əlavənin tam şəkildə ödənilməsi üçün qanuni əsas müəyyən olunmur.
12. Məhkəmə iddiaçının ona pensiya təyin edildiyi xx.xx.2018-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş pensiya yaşına çatmadığından 20.1.7-ci maddənin təsiri altına düşməməsi ilə bağlı dəlili ilə razılaşmayaraq bildirmişdir ki, yaşa görə əmək pensiyası tək 7-ci maddədə nəzərdə tutulmuş hallarda yox, eyni zamanda digər hallarda, yəni güzəştli şərtlərlə də təyin edilməsi mümkündür. Bu baxımdan qanunun istinad olunan 20.1.7-ci maddəsi “7-ci maddədə göstərilən pensiya yaşına çatmış şəxslər” kimi konkretləşdirilmədiyindən qanunverici ümumi pensiya yaşını deyil, bütün pensiya yaşına çatmış, o cümlədən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaşına çatmış şəxsləri də nəzərdə tutur. İddia mübahisələndirilən qərarın iddiaçının pensiyasından tutulmaların aparılmasının ləğv edilməsi hissəsində əsaslıdır.
13. İddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verərək qərarın həmin hissədə ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki i craat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1502/2025 nömrəli iş üzrə 08 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X3 və X2) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 may 2024cü il tarixli, 2-1(112)-5105/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7 və 37.3.4cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda konkret olaraq 20-ci maddənin ayrı-ayrı bəndləri ilə müəyyən edilir ki, hansı işləyən pensiyaçılara 50% faiz ödənilməlidir. Lakin cavabdeh 20.1-ci maddənin hansı bəndinə əsaslandığını göstərməmiş, ümumi şəkildə 20-ci maddəyə istinad etmişdir. Lakin işə baxan məhkəmələr öz təşəbbüsü ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7 (əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqı nda» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) maddəsinə istinad etmişdir.
19. Daha sonra qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsində göstərilir ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları(Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) olan əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqd im edilməmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.1.18. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlil liyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla);... 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üç ün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyən ləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına:... 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sada lanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
23. Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisə olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi m övqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bu nunla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırki iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli, 3-171/37-7720/2023 saylı qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.
31. İşə baxan məhkə mələr iddiaçının tələbini bir hissədə yəni, xx.xx.2023 tarixli, 317-1/3-7-7720/2023 saylı qərarı artıq ödənilmiş pensiya məbləği kimi müəyyən edilmiş vəsaitin iddiaçının pensiyasından tutulmaların aparılması hissəsində ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən İddiaçı artıq ödəmə kimi tutulmuş məbləğlərin geri qaytarılması cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmiş, bu hissədə cavabdeh apelyasiya və kassasiya şikayəti verməmişdir.
32. Qulluq stajına görə əlavənin 50% məbləğində hesablanması hissəsində iddia tələbi məhkəmələr tərəfindən rədd edilmişdir. Hazırda iddiaçı məhz iddia tələbinin bu hissəsini mübahisələndirir. Qeyd edir ki, məhkəmələr iddia tələbini qismən rədd edərkən əsassız olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə istinad etmişlər.
33. Məhkəmə kol legiyası iddiaçının kassasiya şikayətində əks etdiyi mövqe ilə razılaşmayaraq bildirir ki, əmək pensiyaçısına qulluq stajına görə əlavə o halda tam şəkildə ödənilə bilər ki, o, “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə aid olmasın. Lakin iddiaçı hazırda 20.1.7-ci maddədə nəzərdə tutulan dövlət qulluğu vəzifəsində (iş materiallarından məlumdur ki, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuş və hazırda həmin vəzifədə işləyir) iddiaçı çalışdığından, qeyd olunan Qanunun 37.3.4-cü maddəsinə müvafiq olaraq ona qulluq stajına görə əlavələr 50 faiz həcmində ödənilməlidir. Odur ki, iddiaçıya qulluq stajına görə əlavənin tam şəkildə ödənilməsi üçün qanuni əsas mü əyyən olunmur.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 aprel 2025-ci il tarixli, 21(103)-1502/2025 saylı qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.