Məhkəmə qərarları › İş №2-1(102)-2163/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2163/2025

19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2163/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Masallı Rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış kassasiya şikayəti, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Masallı Rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(106)-251/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 və İddiaçı2 cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-5035/2024 nömrəli qərardadı (hakim P.Qurbanova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(10 6)-251/2025 nömrəli qərardadı ilə (hakimlər - F.Hüseynov/sədrlik edən və məruzəçi/, S.Həsənov və A.Novruzova) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-5035/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(106)-251/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

5. İnzibati Prosessual Məcəllə (İPM): 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlan ır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəm ə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

6. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 407.3. şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsi ni sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Belə ki, prosessual qanunvericiliyin yuxarıda göstərilmiş normalarının tələblərindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı İPM-də nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

9. İş materiallarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli qərardadı elektron imza ilə təsdiq edilməklə İddiaçı1 məxsus şəxsi elektron kabinetə 02 aprel 2025-ci il tarixdə yerləşdirilmiş və müvafiq olaraq 10 günlük kassasiya şikayəti vermə müddətinin axımı həmin tarixdən başlanılmış, iddiaçı tərəfindən kassasiya şikayəti isə 21 aprel 2025-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçta təqdim olmuşdur.

10. Beləliklə, qanunvericilikdə məhkəmə qərard adından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüş, həmçinin müddətin bərpasına dair ərizə də verilməmişdir.

11. Bundan başqa, iddiaçının tərəfindən verilmiş şikayət vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkil tərəfindən imzalanmaması, vəkil orderinin şikayətə əlavə olunmaması qanunvericiliyin tələblərinə görə şikayət üzrə kassasiyanın mümkünsüz hesab edilməsi üçün əsasdır.

12. İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanma lı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu yaratmır. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutları və dəlilləri təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir. Belə ki, məhkəmənin tərəfin dinlənilmə hüququnu təmin etmək vəzifəsi, ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilməsi üçü n məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməklə kifayətlənməməli, həm də məlumat vermək vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat əldə etmək imkanına malik olsunlar. Tərəflər yalnız bu qaydada məlumata malik olduqları təqdirdə, iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə ifadə edə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

14. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

15. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

16. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş formal tələblərə əməl edilmədən verildiyinə görə kassasiya mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(106)-251/2025 nömrəli qərardadından İddiaçı1 tərəfin dən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar