Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2290/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2290/2023) Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2009/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasına və hərbi biletə əsasən müəyyən edilir ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Dəniz Yolları Məktəbində təhsil almış və əmək fəaliyyətinə X1 üzücü heyətinin nəqliyyat donanması gəmilərində x x.xx.1984-cü il tarixindən başlamış və hal-hazıradək motorçu, matros, 4-cü, 3-cü, 2-ci mexanik vəzifələrində işləmişdir
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdeh hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildən başlamışdır. xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək Ucar 9 saylı Rayonlararası ixtisaslaşmış Təmir Tikinti Quraşdırma idarəsində tabelçi işində işləmişdir. xx.xx.1981-xx.xx.1983-cü illər arasında SSSR-i ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1983-xx.xx.1984-cü illər arasında Bakı Dənizçilər məktəbində motorist elektrik vəzifəsi üzrə kursant olmuşdur. xx.xx.1984-cü il tarixdən hal-hazıradək Azərbaycan Dövlət X1 üzücü heyətinin nəqliyyat donanması gəmilərində motorçu, matros, 4-cü, 3-cü, 2-ci mexanik vəzifələrində çalışmışdır. İşlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı xx.xx.2005-ci il tarixədək 25 il 20 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifələrd ə işləmiş şəxs kimi xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ yaranmışdır.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi il stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(112)-957/2023 saylı qərarı ilə (hakim: G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdi r ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır və cavabdehin ona həmin pensiyanın təyin olunmasından imtina etməsi qanuna zidd, eləcə də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2009/2023 nömrəli iş üzr ə 02 iyun 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(112)-957/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə dək 25 il sığorta stajı tamamlanmır. İddiaçının mübahisəli sosial sığorta stajı xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma idarəsində işlədiyi dövrlər təşkil edir. Əmək kitabçasında həmin dövrlər olmadığından bu müddət sosial sığorta stajına daxil edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallard a sosial təminat hüququna malikdir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həd dinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər ol madıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
20. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Maddə
117. Bənd q. Arxiv müəssisələrinin arayışı iş st ajını təsdiq edən sübut sayılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi g östərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
26. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçının ümumi iş stajı mübahisələndirilir.
27. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
28. Kişilərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
29. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşını və xüsusi stajını mübahisələndirmir. Mübahisələndirilən məsələ iddiaçı nın ümumi iş stajı ilə bağlıdır. Hesab edilir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma idarəsində işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyindən həmin müddət sosial sığorta stajına daxil edilə bilməz.
30. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmayaraq bildirir ki, qeyd edilən məsələ cavabdeh tərəfindən iş hələ birinci instansiya məhkəməsində olarkən mübahisələndirilmişdir. Bu hala aydınlıq gətirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma idarəsinə sorğu göndərmiş, İdarə tərəfindən rəsmi məktubla bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən həmin idarədə xx.xx.1980-ci ildə 120-2№-li əmr ilə tabelçi işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə 60-3№-li əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, SSRİ dövründə qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi qaydalarının 108-ci bəndinə (Stajın hesablanması) əsasən işin xarakterindən və müddətindən və fasilələrin müddətindən asılı olmayaraq işçi və ya qulluqçu kimi bütün işlər pensiya hüququ verən ümumi iş stajına daxil edilir. Odur ki, iddiaçının Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsində xx.xx.1980-xx.xx.1981-ci illərdə işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmələrin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.
32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan s osial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arayış əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu.
33. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı idd ia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, işə baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2009/2023 saylı iş üzrə 02 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.