Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2350/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2025-ci il tarixli, 2 -1(105)468/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZ-İ seriyalı, 180289 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və Zeynalova (Qafarova) Aypara Yaqub qızı 02 sentyabr 2005-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2671/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin 26 sentyabr 2017-ci il, 24 oktyabr 2017ci il, 21 sentyabr 2018-ci il, 19 noyabr 2018-ci il tarixli müraciətlərə imtinaları qanunsuz hesab edilərək, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021 -ci il tarixli, 21(103)-682/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2671/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(102)2315/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2-1(103)-682/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş 113c33453ed94baaa44ae10203f655ca bildirşdən görünür ki, 10 iyun 2022-ci il tarixli, **********27001 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “Ünvanlı, dövlət sosial yardımı haq qında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə əsasən, ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir” səbəbi ilə imtina edilmişdir. 6. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş d4f0314a15564ce5b5b90dd6f2a7fb5c nömrəli bildirişdən görünür ki, 22 iyun 2022-ci il tarixli, **********7002 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “abonent kodu barədə məlumatın gizlədilməsi, ümumi istifadəli sayğacın aşkar edilməsi” səbəbi ilə imtina edilmişdir. 7. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş 9c1f55fd4fbe44499df3c09594b4d8e5 nömrəli bildiri şdən görünür ki, 20 iyul 2022-ci il tarixli, **********7003 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı” səbəbi ilə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sos ial yardımının verilməsinin (hesablanması) 1 yanvar 2019-cu il tarixdən 1 oktyabr 2023-cü il tarixə qədər olmaqla hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə anadan olmuşdur. Ailəlidir. Üç övladı var. Hal-hazırda Xızı rayonunun Giləzi qəsəbəsində ailəsilə birlikdə yaşayır. Uşaqlarının hər üçü məktəblidir. Ailə vəziyyəti çox ağırdır. Maddi cəhətdən sarsıntı içərisində yaşayırlar. Bu da gündəlik həyatında öz mənfi təsirini göstərir. Belə ki, məktəb yaşında olan uşaqlarını artıq məktəbə yollaya bilmir. Əyinlərinə paltar almağa, ayaqqabı almağa, yeməklərini çatdırmağa heç bir imkanı yoxdur. Bütün bunları nəzərə alaraq o, ünvanlı dövlət sosial yardımı almaq məqsədi ilə dəfələrlə “VEMTAS” vasitəsilə cavabdehə müraci ət etmişdir. Lakin 2017-ci ildən sonra ünvanlı dövlət sosial yardımı üçün bütün müraciətləri bir qayda olaraq həmişə nəticəsiz qalmışdır. Hər dəfə qarşı tərəf müxtəlif bəhanələrlə ona və ailəsinə ünvanlı sosial yardım ayrılmasına mane olmuşdur. Ümumilikdə bütün bunlar süni maneələrdir. O və əri X3 yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhlə işləyirlər. Hər ikisi ümumilikdə 550-600 manat aylıq maaş alırlar. Adambaşına düşən minimum ehtiyac meyarı 2022-ci il üçün 200 manat olduğu halda, beş nəfərlik ailəsinin minimum ehtiyac meyarı ümumilikdə 200x5=1000 manat edir. Həmin bu məbləğdən gələn gəlirləri çıxdıqda orta hesabla 400 manat fərq yaranır. Əgər bu qaydada hesablansa, (200x5=1000; 1000-600=400) qanunla nəzərdə tutulmuş formada ailəsinə gələn gəlirlərin ümumi məb ləği minimum ehtiyac meyarından 400 manat aşağı olduğu üçün yaranmış fərqi qanuna əsasən cavabdeh tərəf ÜSY-la ödəməlidir. Bütün bunlara baxmayaraq, cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməyərək, ailəsinə ayrılmalı olan ünvanlı sosial yardımdan imtina etmişdir. Qeyd edilən bütün imtina qərarları əsassızdır.
10. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının 10 iyun 2022ci il tarixli, **********27001 nömrəli müraciətinə verilmiş 10 iyun 2022-ci il tarixli imtina cavabının əsasını “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, ailənin əmək qabiliyyətli üzvü olan X2 orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması və bu səbəbdən də ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olm aması təşkil edir. İddiaçının 22 iyun 2022-ci il tarixli, **********27002 nömrəli müraciətinə ünvanlanmış 18 iyul 2022-ci il tarixli imtinanın əsasını abonent kodu barədə məlumatın gizlədilməsi və ümumi istifadəli sayğacın aşkar edilməsi təşkil edir. İddiaçının 20 iyul 2022-ci il tarixli, **********27002 nömrəli müraciətinə ünvanlanmış 22 avqust 2022-ci il tarixli imtina cavabının əsasını maddi-məişət şəraitinin müayinəsi üçün baxışın keçirilməsinə şəraitin yaradılmaması təşkil edir. Belə ki, ilk müayinə zamanı ailə üzvlərinin göstərilən ünvanda yaşadığı, lakin həmin vaxt evdə olmadığı aşkar edildiyi halda, bu barədə təmsilçinin “ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin biri ilə məlumat verilir və təkrar müayinə keçiriləcəyi barədə xəbərdarlıq edilir. İddiaçının “Ərizə-bəyann amə”də qeyd olunan ünvanda ardıcıl olaraq 2 dəfə olmaması, təmsilçisi tərəfindən maddi-məişət şəraitinin müayinəsi üçün baxışın həyata keçirilməsinə şəraitin yaradılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2-1(102)-584/2021 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı cavabdehə sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə (2017-ci il, 20 iyun 2019-cu il, 4 oktyabr 2019-cu il, 28 iyul 2020-ci il, iyul 2022-ci il) cavabdehə müraciət etmiş, hər dəfə müraciətinə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(102)-1383/2024 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında ona ailə üzvlərinin sayına görə 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir (mart 2023-cü il - fevral 2024-cü il tarixləri arasında). Yəni, apellyasiya məhkəməsi iddiaçıya 1 il 2 ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, çünki, bu subyektiv hüquq qanunla 12 ayla, yəni bir illə məhdu dlaşdırılmışdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi, sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki iki ay üzrə ödənilməsidir. Halbuki, iddiaçıya 10 mart 2023-cü il tarixli, **********8402 nömrəli müraciəti əsasında 1 mart 2023-cü il tarixdən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçının iddia tələbinin “ünvanlı dövlət sosial yardımının 1 yanvar 2019-cu il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə ödənilməsi” hissəsinə Mərkəzi Fi lialın 8 avqust 2024-cü il tarixli, 3-17-1/2187684/2024 nömrəli ərizəsi ilə münasibət bildirilmişdir. İddia tələbinin ünvanlı dövlət sosial yardımının xx.xx.2019-cu il tarixdən təyin edilməsinə dair hissəsi mümkün hesab edilməməlidir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) 20 fevral 2025-ci il tarixli, 2-1(118)-335/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının təyin olunması, hesablanması, verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımı nın verilməsinin (hesablanması) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər olmaqla hesablanması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası - “cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının xx.xx.2019-cu ildən 2022-ci ilədək ödənilməsi” hissəsində mümkün sayılmamışdır.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) 20 fevral 2025-ci il tarixli, 2-1(118)-335/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ünvanlı dövlət sosial yardımın 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməsi öhdəliyi qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsinin əsaslandırması: 13.1. Cavabdeh etirazında bildirmişdir ki, idd iaçının “ərizə-bəyannamə”də qeyd olunan ünvanda ardıcıl olaraq iki dəfə olmaması təmsilçi tərəfindən maddi-məişət şəraitinin müayinəsi üçün baxışın həyata keçirilməsinə şəraitin yaradılmaması kimi qiymətləndirilməlidir. Cavabdehin etirazında qeyd olunan dəlil əsassızdır. Çünki “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndi hansı hallarda sosial yardımın təyin olunmasından imtina edildiyini dəqiq göstərmişdir. Normada imtina əsasları konkret şəkildə göstərilmişdir. Normanın məzmunundan görünür ki, sadalanan hallardan əlavə halın da mümkün ola biləcəyinə dair heç bir dispozitiv meyar müəyyən olunmamışdır. 13.2. Cavabdehin etirazında iddiaçının “ərizə-bəyannamə”də qeyd olunan ünvanda a rdıcıl olaraq iki dəfə olmaması halı normada qeyd edilən halların heç birinə uyğun gəlmir, normada qeyd olunan “ünvanın düzgün olmaması” halı isə hazırkı işdə mövcud deyil və mübahisə predmetini təşkil etmir. Göstərilənlərdən əlavə, iddiaçının qeyd olunan ünvanda ardıcıl olaraq iki dəfə olmamasını əsas götürməklə sosial yardımın təyin olunmasından imtina edilməsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələbi ilə də ziddiyyət təşkil edir. Belə ki, qeyd olunan normaya görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri v ə yararlı olmalıdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissədə ləğv olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və T.B.Axundov) 12 may 2025-ci il tarixli, 21(105)-468/2025 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-335/2025 nömrəli qərardadından verdiyi şikayət icraata qəbul edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina barədə qərardad qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə qərarının tam formada təqdim olunduğu xx.xx.2025ci il tarixdən 10 gün müddətində şikayət verməmiş, bu müddəti üzrlü səbəblər olmadan buraxaraq xx.xx.2025-ci il tarixdə şikayət vermişdir. İddiaçının qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir, iddiaçı məhkəməyə şikayətin verilməsi müddətinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə də verməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və T.B.Axundov) 12 may 2025-ci il tarixli, 2-1(105)-468/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti rədd edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-335/2025 nömrəli qərarı dəyişdirilmiş, id dia təmin edilmiş, İddiaçı ünvanlı dövlət sosial yardımının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmış olsa da, bu yardımın təyin edildiyi müddətin dəqiq göstərilməməsi ilə razılaşmır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi, sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında ona ünvanlı dövlət sosial yardımı təyin edildikdə, iddianın hansı tarixdən və hansı müddət ərzində hesablanması məhkəmənin qərarında öz əksini dəqiq tapmamışdır. Həmçinin, iddianı qismən təmin edərkən məhkəmə səhvə yol vermişdir. Çünki məhkəmə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın qalan hissəsini mümkünsüz hesab etmişdir. Belə olan halda, məhkəmə iddia tələbinin qalan hissəsinə tam baxmış və həmin hissəyə dair qərar qəbul etmişdir. Bu hal birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı xx.xx.2022 -ci il tarixdə ərizə ilə müraciət etdiyinə görə, ünvanlı dövlət sosial yardımı ona həmin ayın 1-dən etibarən bir il müddətində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi təyin edilməlidir.
19. İddiaçı kassasiya şikayəti verərək 12 may 2025-ci il tarixli, 2-1(105)-468/2025 nömrəli qərardadın ləğv olunmasını xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayəti verərək, 12 may 2025-ci il tarixli, 2-1(105)468/2025 nömrəli qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; 1.0.6-cı maddəsinə əsasən, ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfində n göstərilən pul yardımıdır. 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci ma ddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2-ci maddəsinə əsasən, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddəti ndə məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3-cü maddəsinə əsasən, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılma sına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4-cü maddəsinə əsasən, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilm əsindən imtina edilməsi Qaydaları”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığ orta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. 2.1-ci bəndinə əsasən, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edil ir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir; 2.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.2.1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda); 2.2.2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəf indən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə); 2.2.3. ərizə-bəyannamə (2 nömrəli əlavə). 2.6-cı bəndinə əsasən, elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır; 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olun ması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7-ci bəndinə əsasən, aşağıdakı h allarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 s truktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4. 3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. bənd 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır.
26. Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolegiyasının 10 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçının Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2025-ci il tarixli, 2-1(105)-468/2025 nömrəli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
28. Cavabdehin şikayəti üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı cavabdehin kassasiya şikayətinə əsasən tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instans iyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Apellyasiya instansiyası məhkəməsi qanunver iciliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.
34. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq qeyd etmişlər ki, iddiaçının “ərizə-bəyannamə”də qeyd olunan ünvanda ardıcıl olaraq iki dəfə olmaması halı normada qeyd edilən halların heç birinə uyğun gəlmir, normada qeyd olunan “ünvanın düzgün olmaması” halı isə hazırkı işdə mövcud deyil və mübahisə predmetini təşkil etmir.
35. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşır ki, iddiaçı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etdiyinə görə, ünvanlı dövlət sosial yardımı ona həmin ayın 1-dən etibarən bir il müddətində, yəni xx.xx.2022-c i il tarixdən xx.xx.2023-cü il tarixə kimi təyin edilməlidir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2025-ci il tarixli, 2-1(105)-468/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.