Məhkəmə qərarları › İş №2-1(102)-2397/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2397/2024

26.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2397/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə qərarının ləğvi, səyyar vergi yoxlaması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması, qaz sərfiyyatına görə verginin hesablanması, şərti rentabellik normasının birbaşa tətbiqi,kassasiyanın qeyrimümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əl i qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2-1(103)-1851/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, ******** **167529 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İşin faktiki hallarına görə, cavabdeh tərəfindən iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən (vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda) xx.xx.2021-ci il tarixli qərarla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən, iddiaçı tərəfindən 20182019-2020-ci illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 1808713,23 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sözügedən vergilərin bəyannamədə göstərilən məbləğin in, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə müvafiq maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Yoxlama zamanı mütəxəssis rəyi ilə qaz sayğacının orta göstəriciləri əsasında asfalt istehsalının həcmi, ekspert rəyi ilə isə, asfaltın bir tonunun real bazar qiyməti müəyyən edilmiş, həmin rəylər əsasında da yoxlanılan dövr üzrə iddiaçıya əlavə vergi məbləği hesablanmışdır. Sözügedən səyyar vergi yoxlaması aktı nəzərə alınaraq cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167529 nömrəli qərarı ilə iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(112)-7377/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167529 nömrəli qərarı ləğv edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2-1(103)-1851/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, yoxlama aparılan dövrdə cavabdehin səyyar vergi yoxlamasının dayandırılması barədə qərarları “Sahibkarlıq sa həsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə Əsasnamə ilə müəyyən edilmiş müddətdə daxil edilsə də, yoxlama müddətinin uzadılması barədə qərarlar reyestrə Əsasnamə ilə müəyyən edilmiş müddətdə daxil edilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********152309 nömrəli yoxlama müddətinin uzadılması barədə qərarı reyestrdə 3 gün sonra – xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixli **********8044 nömrəli yoxlama müddətinin uzadılması barədə qərarı isə, reyestrdə 1 gün sonra – xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmçinin cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********164985 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmadığı müəyyən edilmişdir.

6. Yoxlama zamanı mütəxəssis tərəfindən ən yaxşı halda asfaltın istehsal həcmi barədə rəy verilə bilərdi, mövcud halda isə, mütəxəssis tərəfindən xüsusi bilik və təcrübəsinə uyğun olaraq davranılmadan asfalt satışı və asfalt bişirmə xidmətinin qiyməti, buna uyğun olaraq iddiaçının ƏDV daxil 28531318,98 manat dövriyyəsi müəyyən olunmuşdur. Cavabdeh isə, mütəxəssisin xüsusi bilik və təcrübəsi sahəsinə aid olmadan apardığı hesablamalar əsasında iddiaçıya külli miqdarda əsassız vergi məbləği hesablanmışdır.

7. Ekspert və mütəxəssis rəyləri Vergi Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmişdir və vergilərin hesablanması üçün əsas qismində çıxış edə bilməz. İdd iaçının ƏDV-yə cəlb olunan dövriyyəsinin 28531318,98 manat təşkil etməsi xronometraj üsulu ilə deyil, avadanlıqların işgörmə qabiliyyəti əsasında hesablanmış qaz sərfiyyatına əsasən müəyyən edilmişdir ki, bu da, Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin oxşar işlər ilə bağlı məhkəmə qərarları ilə də təsbit edilmişdir. Həmçinin, iddiaçının asfalt zavodunda asfalt istehsalı və satışı fəaliyyəti ilə deyil, sifariş əsasında asfalt bişirilməsi xidməti ilə məşğul olduğu nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı mütəxəssisin iştirakı ilə müəssisədə inventarizasiya və istehsal sahəsinə baxış keçirilməmişdir.

8. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən ol unmuşdur ki, iddiaçının gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq, vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilmişdir. Cavabdeh iddiaçıya hesablanmış vergi məbləğini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair və ya əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsi ni tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

9. Həmçinin cavabdeh tərəfindən iddiaçının üçüncü şəxslərə səyyar vergi yoxlaması aktı və mütəxəssis rəyi ilə müəyyən edilmiş 28531318,98 manat (ƏDV daxil) dəyərində mallar təqdim etməsi və ƏDV dövriyyəsini azaltması Vergi Məcəlləsinin və “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uyğun olaraq əsaslandırılaraq sübut edilməmişdir.

10. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edil miş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəm ə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan ox şar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir və vergi ödəyicisinin (sahibkar ın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Eyni zamanda, əlavə vergi yoxlaması tədbirləri ilə bağlı vergi orqanı səyyar vergi yoxlaması zamanı malik olduğu bütün hüquqlara malikdir. Bu baxımdan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci m addəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-810/2023, 2-1(102)-827/2023, 21(102)-1090/2023, 2-1(102)-1174/2023, 2-1(102)-1741/2023, 2-1(102)-1958/2023, 21(102)-2063/2023 nömrəli işlər üzrə qərarları, həmçinin 2-1(102)-1197/2024 nömrəli iş üzrə qərardadı).

15. Həmçinin qeyd edilməlidir ki, mütəxəssis və ya ekspert rəyi vergilərin hesablanmasının yeganə əsası kimi çıxış edə bilməz. Eyni zamanda, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisi və ya qaz sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından vergi ödəyicisinin gəlirlərinin belə metodl a hesablanması qanuni sayıla bilməz. Digər tərəfdən, vergi ödəyicisində sərf olunan elektrik enerjisi və ya qaz yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirlərin istifadə olunan elektrik və ya qaz sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 21(102)-532/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2052/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-2259/2023 nömrəli qərarları).

16. Həmçinin analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, Vergi Məcəllə sinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Vergi orqanının ödənilməli olan vergin in məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığın a istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarları).

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini m üəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətb iqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 21(103)-1851/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar