Məhkəmə qərarları › İş №2-1(102)-2399/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2399/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2399/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaranmış fərq üzrə ödənilməli olan pensiya məbləğindən tutulmuş (əvəzlədirilmiş) məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməli olan pul vəsaitinin tam ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(104)-186/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2009-cu il tarixdən hakim kimi üçüncü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə pensiyanın növü dəyişdirilərək yaşa görə əmək pensiyası olaraq müəyyən edilmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2198/2023 nömrəli qərarı ilə İddiaçı hakimlər üçün nəzərdə tutulmuş əlavələri, bir aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

3. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-2829/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin “bi r aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı və 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə nəzərə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi” hissələrinə münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)620/2023 nömrəli qərarı ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)620/2023 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı cavabdehə müraciət edər ək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2829/2023 nömrəli qərarına əsasən ona ödənilməli olan pul vəsaitinin düzgün hesablanmadığından, yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən aparılan araşdırma nəticəsində onun pensiya məbləği xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq 2009,70 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr ərzində ümumilikdə 67743,25 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuşdur. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona xx.xx.2022-ci il tarixli məktubla ətraflı məlumat verilmişdir. Hakimlərin vəzifə maaşlarının xx.xx.2022-ci il tarixdən artırılma sı ilə əlaqədar iddiaçının pensiyası xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq 2882,60 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 2618,70 manat fərq məbləği hesablanmışdır. Həmin 2618,70 manat pul vəsaiti ona artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 65124,55 manat təşkil etmişdir. Həmin artıq ödənilmiş vəsait haqqında iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir. İndeksləşdirmə ilə əlaqədar xx.xx.2023-cü il tarixindən onun əmək pensiyası 3306,34 manata artırılmış, həmçinin ona 2023-cü ilin yanvar ayı üzrə ödənilməli olan 423,74 manat fərq məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də iddiaçının artıq ödəməsi son üç il ilə məhdudlaşdırılaraq, 15260,26 manata (2023-cü ilin yanvar ayı üzrə sizə ödənilməli olan 42 manat fərq məbləği nəzərə alınmaqla) azaldılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)2829/2023 nömrəli qərarına əsasən iddiaçının pensiyası cari ilin yanvar ayından 4902,20 manat (cari il üzrə pensiya məbləğinin indeksləşdirilməsi nəzərə alınmaqla) məbləğində hesablanmış, həmçinin ona ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edilmişdir. Son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 15260,26 manat pu l vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarının tələblərinə uyğun olaraq, ona ödənilməli olan 24037,06 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 8776,80 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür.

7. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilməli olan 24037,06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasın ı xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2022-ci ildən pensiya yaşına çatması ilə əlaqədar hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanıb ödənilməsinə dair Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı əsasında cavabdeh tərəfindən onun pensiya məbləği və əvvəlki dövr üçün ödənilməmiş məbləğ yenidən hesablanmışdır. Cavabdeh məhkəmə qərarının icrası ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli məktub göndərərək, iddiaçının pensiyasının 4408,45 manat hesablandığını və ötən dövr üçün ödənilməli olan məbləğin miqdarının 8776,80 manat müəyyən olunduğunu qeyd etmişdir. Cavabdeh tərəfindən ötən dövr üçün ödənilməli məbləğin düzgün hesablanmadığına görə, iddiaçı, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, onun xx.xx.2024-cü il tarixli məktubunda ötən dövr üçün ödənilməli məbləğin miqdarının 8776,80 manat hesablanmasının düzgün olmadığını, ödənilməli məbləğin miqdarının 25019,10 manat təşkil etməsini və ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda, onun həmin ərizəyə əlavə etdiyi cavabdehin xx.xx.2022-ci il tarixli məktubundakı hesablama ilə əlaqəli apardığı hesablamaları qeyd edib, fərq məbləğinin yenidən hesablanıb, köçürülməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçının həmin müraciətinə cavabdehin verdiyi imtina məktubunda göstərilmişdir ki, ötən dövrə görə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün iddiaçıya ödənilməli olan məbləğ, ümumilikdə, 2 4037,06 manat hesablanmış, həmin məbləğin 15260,26 manatı guya artıq ödənilmiş vəsait kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarının tələbinə uyğun olaraq, çıxılaraq büdcəyə bərpa edilmişdir, qalan 8776,80 manat pul vəsaiti isə 2024-cü ilin yanvar ayından hissə-hissə ödənilir. İddiaçı hesab edir ki, cavabdehin həmin cavabı tam qanunsuz və əsassız olmaqla, pensiya qanunvericiliyinin kobud pozulmasıdır. Belə ki, cavabdehin guya artıq ödənilmə adı ilə onun 15260,26 manat pul vəsaitini özbaşına, məhkəmə qərarı olmadan, tutub büdcəyə bərpa etməsi tam qanunsuz olmaqla, səlahiyyət həddinin aşılması və qanunun tələbinin bilə-bilə pozulmasıdır. Ona görə də, cavabdehin üzərinə iddiaçıya ödənilməli olan 24037,06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməlidir.

10. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi üçüncü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının xx.xx.2009-cu il tarixdə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1071 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 481,95 manat olmaqla, orta aylıq əmək haqqı 1552,95 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanununun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1552,95 manat) 80 faizi – 1242,36 manat məbləğində h esablanmışdır. Beləliklə, iddiaçıya xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 58471,07 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 58432,32 manat, yəni 38,75 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən iddiaçının vəzifə maaşı 1242 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 558,90 manat olmaqla, orta aylıq əmək haqqı 1800,90 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1800,90 manat) 80 faizi – 1440,72 manat məbləğində hesablanmalı olduğu halda, 1242,36 manat məbləğində müəyyən edilməklə ona 198,36 manat əskik pul vəsaiti ödənilmişd ir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2014-cü il tarixdən iddiaçının vəzifə maaşı 1449 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 652,05 manat olmaqla, iddiaçının orta aylıq əmək haqqı 2101,05 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2101,05 manat) 80 faizi – 1680,84 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 87403,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 129823,18 manat, yəni 42419,50 manat artıq pul vəsaiti ödənilmişdir. Həmçinin, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2018-ci il t arixdən iddiaçının vəzifə maaşı 1596 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 718,20 manat olmaqla, orta aylıq əmək haqqı 2314,20 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2314,20 manat) 80 faizi – 1851,36 manat məbləğində hesablanmalı olduğu halda, 2690,92 manat məbləğində müəyyən edilmiş, nəticədə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 13432,96 manat artıq pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən iddiaçının vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 779,63 manat olmaqla orta aylıq əmək haqqı 2512,13 manat təşkil etmişdir. Bunu nla əlaqədar onun əmək pensiyası 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2512,13 manat) 80 faizi – 2009,70 manat məbləğində hesablanmalı olduğu halda, 2893,30 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14137,60 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 237,11 manat əskik, xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 69990,06 manat artıq pul vəsaiti ödənilmişdir. Ümumilikdə iddiaçıya 69752,95 (69990,06-237,11) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə əsasən əmək pensiyasının növü xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdən hesablanmaqla) dəyişdirilərək yaşa görə (2009,70 manat) müəyyən edilmiş, həmçinin 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 2009,70 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən pul vəsaiti artıq ödənilmiş 69752,95 manatdan çıxılaraq büdcəyə bərpa edilmiş, nəticədə 67743,25 manat artıq ödənilmiş pul vəsaiti qalmışdır. Bundan əlavə, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən iddiaçının vəzifə maaşı 2485 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1118,25 manat olmaqla orta aylıq əmək haqqı 3603,25 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3603,25 manat) 80 faizi – 2 882,60 manat məbləğində müəyyən edilərək xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə ödənilməli olan ümumilikdə 2618,70 manat fərq məbləği hesablanmışdır. Həmin məbləğ artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmiş, 65124,55 manat artıq ödənilmiş pul vəsaiti qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2829/2023 nömrəli qərarına əsasən ona ödənilməli olan pul vəsaitinin düzgün hesablanmadığından yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Tərəflərindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda onun xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyası yenidən hesablanarkən, ona ötən dövr ərzində ümumilikdə 67743,25 manat artıq pul vəsaitinin ödənildiyi, hakimlərin vəzifə maaşlarının xx.xx.2022-ci il tarixindən artırılması ilə əlaqədar pensiyasının xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq 2882,60 manat məbləğində müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yaranan 2618,70 manat fərq məbləğinin artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edildiyi və qalıq artıq ödəmənin 65124,55 manat təşkil etdiyi, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ona artıq ödənilmiş vəsaitin son üç il üzrə məhdudlaşdırılaraq 15260,26 manata (2023-cü il üzrə indeksləşdirmə ilə əlaqədar ödənilməli olan 423,74 manat fərq məbləği nəzərə alınmaqla) azaldıldığı qeyd edilmiş, həmçinin, Ali Məhkəmənin müvafiq qərarına əsasən onun əmək pensiyası 4902,20 manat məbləğində hesablanaraq ona ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edildiyi, son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 15260,26 manat pul vəsaitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarının tələblərinə uyğun olaraq həmin məbləğdən çıxılaraq büdcəyə bərpa edildiyi və qalan 8776,80 manat pul vəsaitinin cari ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək ödənildiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim: Ruhiyə Tağıyeva) 29 noyabr 2024-cü il tarixli, 2-1(114)-3992/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiyasının yenidən hesablanması nət icəsində yaranmış fərq üzrə ödənilməli olan 24037,06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pensiyasının yenidən hesablanmasına əsasən yaranan fərq üzrə ona ödənilməli olan 24037,06 manat məbləğdən cavabdeh orqan tərəfindən artıq ödənildiyi qeyd olunan 15260,26 manat pul vəsaitinin tutulmasının qanuni əsası yoxdur. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Azər Bayramov v ə Rəşad Mamedov) 02 aprel 2025-ci il tarixli, 2-1(104)-186/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2829/2023 nömrəli qərarına əsasən, cavabdeh tərəfindən iddiaçının pensiyası yenidən hesablanaraq 4902,20 manat məbləğində, həmçinin ona ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş 15260,26 manat pul vəsaiti ona ödənilməli olan 24037,06 manatdan çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 8776,80 manat pul vəsaitinin cari ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçıya ödənilməli məbləğ 24037,06 manat, ödənilmiş artıq məbləğ olan 15260,26 manatla əvəzləşdirilməli, qalan 8776,80 manat isə hissə-hissə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd olunan əvəzləşdirməsi yalnız qanunvericiliyin tələblərinə əməl edilməklə aparıldığı halda qanuni hesab edilə bilər. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 6.6-cı bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli hesab edilən məbləğ 24037,06 manat, ödənilmiş hesab edilən artıq məbləğ olan 15260,26 manatla əvəzləşdirilərkən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

16. Həmçinin, i şin hallarından göründüyü kimi, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən hazırda mübahisələndirilən əvəzləşdirməni həyata keçirmiş, eyni zamanda, bu barədə inzibati akt qəbul etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “inzibati orqan tərəfindən yazılı surətdə tərtib edilmiş qərarın təqdim edilməməsi, inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədiyi mənasına gəlmir” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən belə bir inzibati akt qəbul edilməmişdir. Belə ki, işin apellyasiya araşdırması zamanı məhkəməyə belə bir inzibati akt təqdim edilməmiş, cavabdehin nümayəndəsi də məhkəmə iclasında əvəzləşdirmə ilə əlaqədar inzibati aktın qəbul edilmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Odur ki, hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamışdır. Buna görə də, cavabdehin faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Q anunu Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 8 aprel tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hal larının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında ver ilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Şikay ətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərq üzrə ona ödənilməli olan 24037,06 manat vəsaitdən cavabdeh tərəfindən artıq ödəmə adı ilə tutulmuş (əvəzləşdirilmiş) məbləğin geri qaytarılmasına nail olmaqdan ibarətdir

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tə ləblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu mad dəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü olaraq geri qaytarmağa razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məh kəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəmə sinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-112/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)768/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1088/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1560/2024 nömrəli qərarları).

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(104)-186/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar