Məhkəmə qərarları › İş №2-1(102)-2476/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2476/2025

29.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2476/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-2145/2025 nömrəli qərardadından İddiaçı2 tərəfində n verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 və qeyrilərinin cavabdeh X4 və qeyrilərinə qarşı orderlə qeydiyyatda olduğu ünvana köçürülmə barədə ilkin iddia tələbi qismən təmin edilərək ilkin iddiaçılar İddiaçı1 Güllbala qızının, onun azyaşlı oğlu X19, İddiaçı2 və onun azyaşlı uşaqları X12 və X7 Bakı şəhəri, 9 mikrorayon, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 27 saylı mənzilinə köçürülmələri qət edilmiş, X5 və qeyrisinin İddiaçı1 və qeyrisinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən sax lanılmışdır.

2. Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, X3, X11, X9 və Məmmədova (Yahyayeva) Pakizər Ağabala qızına qarşı “cavabdehlərin yaşayış sahəsindən köçürülməklə qeydiyyatdan çıxarılmaları və əmlakların qaytarılması" tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək X1, X6, X2 və X10 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 119, mənzil 27-dən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıların tələbini təmin etməyərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 503-13-46/2-m-36463 saylı imtinasının əsassız hesab edilərək X1, X6, X2 və X10 onlara orderlə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 119, mənzil 27-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdirlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil order əsasında iddiaçılara məxsusdur. 3-cü şəxslər bu günədək qeydiyyatdan çıxmamışlar. Həmin şəxslərin qeydiyyatlarının əsassız olmasını dəfələrlə bildirsələr də, heç bir tədbir görülməmişdir. İddiaçılar hazırkı tələ b ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən iddiaçıların müraciətlərindən imtina edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2707/2025 nömrəli qərardadı ilə (hakim M.Hаcıbəyоvа) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların hazırda mübahisəli mənzilə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün onların qanun çərçivəsində hüquqlarının müdafiəsinə yol verilə bilməz. Belə ki, qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçının mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olması sübuta yetirilməmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş məhkəmə qətnaməsindən də görünür ki, hazırkı iş üzrə iddiaçıların üçüncü şəxslərin mübahisəli mənzilə dair “yaşayış sahəsindən köçürülməklə qeydiyyatdan çıxarılmaları” barədə iddiaları təmin edilməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-2145/2025 nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçıl arın mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olması sübuta yetirilməmişdir. Əksinə məhkəmə qətnamələri ilə sözügedən şəxslərin mübahisəli mənzildən bərabər istifadə etmək ixtiyarları yarandığı, etibarlı ailə münasibətlərində olan ailə üzvlərinin bu mənzildən bərabər şəkildə istifadə hüquqları mövcud olduğu qeyd edilmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, üçüncü şəxslər sözügedən mənzildə yaşamırlar və onların orada olan pasport qeydiyyatı formaldır. Həmin mənzil iddiaçılara məxsusdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassa siya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassa siya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirak çılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üç ün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məh kəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışını n predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericili yin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz.

24. Belə ki, işin araşdırılmış halları ilə qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçıların mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olması sübuta yetirilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətanmələri ilə cavabdehlərin qeyd edilən yaşayış sahəsinə istifadə hüquqlarının olduğu müəyyən edilmişdir. Cavabdehlərin qeyd edilən ünvanda yaşamamalarının həmin istifadə hüququna xitam verilməsi üçün əsas olub-olmamasını müəyyən etmək isə mülki məhkəmə icraatında hüquqi qiymət verilməli olan məsələdir.

25. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayət i təmin edilmədən, apellyasiya

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-2145/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar