Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-248/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(103)-1799/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.2019-cu il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişlər.
2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2019-cu il tarixli, İxxxx №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müə yyən edilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixli, İxxxx №-li qərardan inzibati şikayət vermiş, cavabdehin xx.xx.2020-ci il tarixli, 57 nömrəli qərari ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin İxxxx nömrəli xx xxxxxx 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsini, cavabdehin üzərinə onun xx xxxxxxx 2019-cu il tarixli vəsatətinin təmin edilməsi və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmiş dir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanıstan vətəndaşıdır və etnik olaraq həzaradır. O, Bamyan vilayəti sakini olub (sonradan İrana gedib), daha sonra uzun müddət İranda yaşayıb. Onun və ailəsinin onlara məxsus torpaq sahəsinə görə bəzi həmyerliləri ilə mübahisələri olub. Bu mübahisə zəminində onun bəzi ailə üzvləri qətlə yetirilib. Ailə üzvləri polisə şikayət versələr də, lazımi araşdırma aparılmayıb. Bundan əlavə, o, həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. O, xx xxxxxxxx 2019-cu ildə Azərbaycana gəlmiş, xx xxxxxxx 2019-cu ildə sığınacaq vəsatəti ilə cavabdehə müraciət etmişdir. Cavabdeh onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparılmışdır. Müsahibə zamanı bildirmişdir ki, tor paq mübahisəsi ilə əlaqədar bəzi həmyerliləri tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə Əfqanıstana geri qayıtmaq istəmir. Onun sığınacaq vəsatəti cavabdehin xxxx saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə rədd edilmişdir. Cavabdeh qərarını onunla əsaslandırıb ki, onun əsaslı təqib qorxusu mövcud deyil. Cavabdehin qərarından inzibati şikayət versə də, 57 saylı xx.xx.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilmişdir. Şikayət instansiyası qərarını verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırmışdır. Cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt, yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedi kdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdeh orqan işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt onun etnik/dini mənsubiyyətinə (şiə həzara olması) və müəyyən sosial qrupa mənsubiyyətinə görə (torpaq mübahisəsinə görə təqib riski altında olan şəxs) təqib edilməsi riskidir. Cavabdeh orqan onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndi rilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində onun izahatlarına əsasən, iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ona münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır
6. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4013/2020 saylı qərarı ilə (hakim: A.P.Oruczadə) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədlərinə uyğun həyata keçirdiyindən iddia əsassızdır.
8. İddiaçı birinci instansiya m əhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1799/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: V.M.Məmmədov və E.E.Nağıyeva) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4013/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının mövqeyi əsassız olduğundan apelyasiya şikayəti təmin edilə bilməz.
11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı üçün vətəndaşı olduğu ölkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiya məh kəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlmş, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və i ş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdi r. Maddə
10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan R espublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
17. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Prot okoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.
1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kolleg iyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, şikayət əsassızdır.
22. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.
23. İddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, iddiaçı müsahibə zamanı milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, İran İslam Respublikasının İsfahan vilayətinin Nəcəfabad məntəqəsində anadan olduğunu (pasportda Bamyan), Nəcəfabadda 5-ci sinfə qədər təhsil aldığını, 2007-ci ildə Əfqanıstana qayıtdıqlarını, təhsilini Kabil şəhərində X1 adına məktəbdə davam etdirdiyini, 6-9-cu sinifləri bu məktəbdə, 10-12-ci sinifləri isə “İbn Sina” adına gecə məktəbində oxuduğunu və 2017-ci ildə orta təhsilini bitirdiyini qeyd etmişdir. O, 2014-cü ildən etibarən orta məktəbdə təhsil almaqla yanaşı, dərzi yanında 9 ay şagirdlik etdiyini, sonradan təxminən 5 il Kabilin müxtəlif məntəqələrində müstəqil surətdə dərzi işlədiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, 6 qardaşının və 2 bacısının olduğunu, atasının 2009-cu ildə torpaq münaqişəsi zəminində qətlə yetirildiyini, böyük qardaşı Mohammad Alinin 2019-cu ilin bahar fəslində naməlum şəraitdə itkin düşdüyünü, anasının və bacı-qardaşla rının Əfqanıstanda yaşadıqlarını, yalnız Mortaza və Ruhulla adlı qardaşlarının onunla birlikdə Azərbaycana gəldiklərini söyləmişdir.
24. Beləliklə də, ərizəçinin vəsatəti cavabdeh tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3 və 7-ci bəndlərinə əsasən, onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İxxxx nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarına əsa sən ona qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "Qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, asi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.
26. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apel yasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1799/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.