Məhkəmə qərarları › İş №2-1(102)-2492/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2492/2024

26.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2492/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarın mübahisələndirilməsi; işin hallarının araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova X1 Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2-1(103)- 1882/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin **********987500 saylı xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 xx.xx.2023-cü il dövr ərzində cəmi 127000 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “corab və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə -faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də, təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********985200 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 2022-ci il üzrə 15.435,75 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır.

4. Cavabdehin “Vergi lərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 2023-cü il üzrə 2.579,37 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, riskli vergi ödəyicisi hesab edilməsi barədə **********987500 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, cavabdehin **********985200 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və vergi orqanında şəxsi hesab vərəqəsindən 2022-ci il üzrə əlavə hesablanmış 15435,75 manat məbləğində əlavə gəlir vergisinin silinməsi, cavabdehin **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi v ə vergi orqanında şəxsi hesab vərəqəsindən 2023-cü il üzrə əlavə hesablanmış 2.579,37 manat məbləğində əlavə gəlir vergisinin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı corab mallarının satışı ilə məşğul olmuşdur. Həmin mallar daxili bazarda müxtəlif şəxslərdən, o cümlədən fiziki şəxslərdən alınmış və satılmışdır. Fiziki şəxslərdən alınmış mallar üzrə bir sıra hallarda müvafiq sənədlər satıcı tərəfindən təqdim edilmədiyindən iddiaçıda həmin sənədlər olmamış, dəfələrlə müvafiq sənədlər satıcılardan tələb edilsə də, bu sənədlər verilməmiş və buna görə də alınmış mallar ilə təqdim olunmuş mallar arasında uyğunsuzluq yaranmışdır. Göründüyü kimi, iddiaçının müvafiq sənədlərin təqdim edilməməsində təqsiri yoxdur.

7. Cavabdeh i ddia tələbinə yazılı etirazında bildirmişdir ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunmasına baxmayaraq, gəlir vergisi bəyannamələrini təqdim edərkən 75 faiz güzəşt hüququnu tətbiq etmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyek tlərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdır. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olu nmur. Odur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Kameral vergi yoxlamasına münasibətdə bildirilməlidir ki, aparılan araşdırma zamanı vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, təqdim edilmiş 2022-ci və 2023-cü illərin gəlir vergisi bəyannamələrində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********576500 nömrəli və xx.xx.2023-cü il tarixli **********623700 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci və 2023-cü illərin gəlir vergisi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 15.435,75 manat ((102905,0*20%)-5145,25), 2023-cü ilin gəlir vergisi üzrə 2.579,37 manat ((17195,18*20%)-859,67) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********985200 nömrəli və xx.xx.2023-cü il tarixli **********915800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar gön dərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11844/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı (M.C.Qarayeva) ilə iddia rədd edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2023-cü il dövr ərzində cəmi 127000 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “corab və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də, təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli **********987500 say lı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3- cü yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Bununla belə, iddiaçı riskli vergi ödəyicisi hesab olunmasına baxmayaraq, gəlir vergisi bəyannamələrini təqdim edərkən 75 faiz güzəşt hüququnu tətbiq etmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqd im edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməzdi. Kameral vergi yoxlaması ilə bağlı isə məhkəmə qeyd edir ki, aparılan araşdırma zamanı vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, təqdim edilmiş 2022-ci və 2023-cü illərin gəlir vergisi bəyannamələrində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi verg idən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********576500 nömrəli və xx.xx.2023-cü il tarixli **********623700 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci və 2023-cü illərin gəlir vergisi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 15.435,75 manat ((102905,0*20%)-5145,25), 2023-cü ilin gəlir ve rgisi üzrə 2.579,37 manat ((17195,18*20%)-859,67) əlavə vergi məbləğləri hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarları qanuni və əsaslı olmuşdur. Bundan başqa, Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən, verginin səhv hesablandığını sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşsə də, vergi məbləğinin səhv hesablanması barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir, iddiaçının iddiasında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə inzibati aktın ləğv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xara kteri daşıyır. İddiaçının nümayəndəsinə həmin dəlillərin əsası kimi iddiaçının aldığı və satdığı mallar barədə müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-197/2024 nömrəli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2 -1(112)-11844/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində işin hallarına və iddia tələbindəki dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edildiyindən, həmin tarixdən əvvəl aparılmış əməliyyatlara görə əldə edilmiş gəlirə 75 faiz güzəşt hüququnu tətbiq etməkdə haqlı olmuşdur. b) kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə

109. Gəlirdən çıxılmayan xərclər... 109. 9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inziba ti aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iddia tələbinin “cavabdehin **********985200 saylı xx.xx.2023-cu il tarixli və **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarlarının ləğvi” ilə bağlı hissələrində maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiya məhkəməsinin qərarı həmin hissələrdə ləğv edilməli, iddia tələbi cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********985200 saylı xx.xx.2023-cu il tarixli qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia tələbi cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası h aqlarının hesablanması barədə” **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi hissəsində təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdehin **********987500 saylı xx.xx.2023- cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə bağlı qeydlər

22. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2022 -xx.xx.2023-cü il dövr ərzində cəmi 127.000,0 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “corab və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının t əqdim etdiyi malın alışını təsdiq edən sənədlər mövcud deyildir.

23. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası).

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndində riskli vergi ödəyicisi hesab olunmanın meyarları təsbit edilmişdir: (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda); aparılmış vergi nəzarət tədbirləri çərçiv əsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əl də edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqan ının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər).

25. İstinad olunan Meyarların 3.1-ci bəndində isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi(artıq həcmdə təqdim edilmiş mallara müna sibətdə).

26. Qeyd olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi birmənalı şəkildə ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur.

27. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır.

28. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi malların alış sənədlərinin olmaması həm məhkəmə araşdırması zamanı təsdiqlənmiş, həm də işin bu halı tərəflər arasında mübahisələ ndirilmir. Odur ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi **********987500 saylı xx.xx.2023- cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin qərarın ləğvinə dair iddianın aşağı instansiya məhkəmələri tərəfindən rədd edilməsi əsaslı olmuşdur. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********985200 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə bağlı qeydlər

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 2022-ci ilin gəlir vergisi bəyannaməsində gəlirlərini 119.729,90 manat göstərmiş, xərclərini 16.824,90 manat göstərmiş, vergiyə cəlb olunan gəlirinə (102.905,0 manat) Vergi Məcəlləsinin 106.1. 20-ci maddəsinə əsasən 75 faiz güzəşt hüququ tətbiq etməklə 5.145,25 manat gəlir vergisi bəyan etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya 15.435,75 manat əlavə vergi hesablamışdır. Cavabdeh iddiaçının gəlir və xərclərini mübahisələndirməmiş, yalnız tətbiq olunan güzəşti ləğv etmişdir.

30. İşə baxan aşağı instansiya məhkəmələri cavabdehin iddiaçının riskli vergi ödəyicisi olduğu üçün Vergi Məcəlləsinin 106.1.20-ci maddəsindəki güzəştdən istifadə etmək hüququnun olmaması ilə bağlı dəlili ilə razılaşaraq iddiaçının tələbini rədd etmişlər.

31. Məhkəmə kollegiyası razılaşır ki, riskli vergi ödəyiciləri Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin dispozisiya şərtində təsbit edilmiş “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq s ubyekti” anlayışına uyğun gəlmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının riskli vergi ödəyicisi olduğu üçün Vergi Məcəlləsinin 106.1.20-ci maddəsindəki güzəştdən istifadə etmək hüququnun olmaması ilə bağlı mövqeyi əsaslıdır.

32. Bununla belə, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (mübahisələndirilən qərarın qəbul edildiyi anda qüvvədə olan redaksiya). 33. iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Hazırkı halda, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tələbləri nəzərə alınmamaqla, birbaşa gəlir və xərcin fərqinə münasibətdə mənfəət vergisinin hesablanması qanunsuzdur.

34. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi i lə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)2208/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarları).

35. Beləliklə, “Ver gilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********985200 saylı xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə bağlı qeydlər

36. Hazırkı iş üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 2023-cü il üzrə 2.579,37 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır.

37. Daha sonra, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********769100 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə **********915800 saylı xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və iddiaçıya 2023-cü il üzrə 2.700,53 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddə ti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

39. İstinad olunan hüquq normalarının tələbləri baxımından, mübahisələndirilən (**********915800 saylı xx.xx.2023-cü il tarixli qərar) inzibati akt ləğv edildiyindən hüquqi qüvvəsini itirmişdir.

40. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və m üəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 41. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu m əhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.

42. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

43. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də cavabdehin inzibati aktın qəbul edilməsində ifadə olunan hərəkətlərinin şəxsin hüquqlarına müdaxilə təşkil etməsidir. 44.. Nəzərə alınmalıdır ki, hazırkı işin konteksində qeyd edilən tərzdə hüquqlara müdaxilə o halda baş verəcəkdi r ki, iddiaçının mübahisələndirdiyi inzibati akt hüquqi qüvvəsində olsun.

45. Qeyd edilənlərə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********915800 saylı xx.xx.2023-cü il tarixli qərar hüquqi qüvvəsini itirdiyindən iddiaçı üçün hər hansı hüquqi nəticəsi yoxdur və onun maraqlarına toxunmur.

46. İşə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarın qüvvəsi ilə bağlı işin hallarını İPM-in 12-ci maddəsinə əsasən araşdırmadan iddia tələbini həmin hissədə də rədd etmişdir.

47. Bununla belə nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar ləğv olunsa da, həmin dövrlə bağlı yeni inzibati akt mövcuddur və işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 13-cü maddəsi baxımından iddiaçının hüquqi marağına uyğun iddia tələ binin dəqiqləşdirilməsində ona hüquqi yardım göstərməli, bunun nəticəsindən asılı olaraq iddia tələbini bu hissədə ya dəyişdirməli və yaxud mümkün saymamalıdır.

48. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2- 1(103)-1882/2024 nömrəli qərarı qismən – “cavabdehin **********985200 saylı xx.xx.2023-cu il tarixli və **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarlarının ləğvinə dair iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin və eyni hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi ““cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********985200 saylı xx.xx.2023-cu il tarixli qərar ının ləğv edilməsi” hissəsində təmin edilsin. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********985200 saylı xx.xx.2023-cu il tarixli qərarı ləğv edilsin. İddia tələbi ““cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********915800 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” hissəsində təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2- 1(103)-1882/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar