Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2534/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya tələbi, ziyançəkmə, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2-1(103)-1051/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən ümumi ölçüsü 7.93 kv.m olan qeyri-yaşayış binası və həmin əmlakın yerləşdiyi 0.001292 ha torpaq sahəsi İddiaçı MKM-nin xüsusi mülkiyyətində olmuşdur. 2. xx.xx.2009-cu il tarixdə iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi hasara alındığı üçün iddiaçının nümayəndəsi cavabdeh Bakı şəhər İH-yə müraciət olunaraq zəruri tədbirlərin görülməsi xahiş edilmişdir.
3. İddiaçı 2013-cü ildə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2iqt(81)2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" KM-nin iddiası qismən təmin edilərək cavabdeh "xxx x" MTK-dan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2iqt(81)-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi və cavabdeh “SKS MTK-dan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-375/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı 2023-cü ildə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 manat kompensasiyanın "xxxx" Kiçik Müəssisəsinə ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və 31 yanvar 2024-cü il tarixdə həmin qərar icra edilərək kompensasiya məbləği ödənilmişdir.
5. İddiaçı ərizə ilə cavabdeh Bakı şəhər İcra Hakimiy yətinə müraciət edərək 167.911 manat məbləğində əldən çıxmış fayda kimi maddi zərəri İddiaçınə ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 167.911 manat məbləğində əldən çıxmış fayda kimi maddi zərərin və 300 manat vəkil xərcinin İddiaçı MKM-ya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçınə məxsusdur. xx.xx.2009-cu il tarixdən həmin daşınmaz əmlak iddiaçıya hər ha nsı bir kompensasiya ödənilmədən hasara alınmış və iddiaçı mülkiyyətində olan əmlaka daxil ola bilməmişdir. Məsələ ilə bağlı iddiaçı bir neçə quruma, o cümlədən cavabdehə müraciət etmişdir. Cavabdeh qurum 26 noyabr 2010-cu il tarixli məktubu ilə iddiaçıya məxsus əmlakın xx.xx.2009-cu il tarixdən kompensasiya ödənilmədən sonuncunun sərəncamından alındığını etiraf edərək, həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 273 saylı sərəncamı ilə tikinti işlərinin aparılması məqsədilə "xxxx" MTK-ya verilməsini bildirmişdir. Həmçinin cavabdeh qurum köçürülmənin (kompensasiyanın ödənilməsi daxil olmaqla) məhz "xxxx" MTK tərəfindən aparılmalı olduğunu qeyd etmişdir. İddiaçı üç il ərzində "xxxx" MTK-ya ona məxsus əmlaka dair kompensasiyanı n ödənilməsi ilə bağlı müraciət etsə də, müxtəlif qurumlara çoxsaylı şikayətləri hər hansı bir nəticə verməmişdir. Nəticədə iddiaçı 2013-cü il tarixdə "xxxx" MTK-ya qarşı pul tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etsə də, illərlə davam edən məhkəmə çəkişmələri nəticəsində həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən o əsasla rədd edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak "xxxx" MTK tərəfindən deyil, məhz cavabdeh tərəfindən sökülmüşdür. Nəticədə iddiaçı Bakı İnzibati Məhkəməsinə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nəsim i rayonu, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 manat kompensasiyanın "xxxx" Kiçik Müəssisəsinə ödənilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qət edilmişdir. Sözügedən qərar qanuni qüvvəyə minmiş və 31 yanvar 2024-cü il tarixdə icra edilmişdir. İddiaçı sözügedən məhkəmə prosesində cavabdehdən yalnız sökülmüş əmlakın bazar dəyərini istəmiş, onun əldən çıxmış fayda qismində vurulan maddi ziyanı tələb etmək kimi hüququnun olduğunu bilməmişdir. Odur ki, hazırda iddiaçı sözügedən hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edir. İddiaçı bununla bağlı cavabdeh quruma müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2009-cu il tarixdən iddiaçını n əmlakı cavabdeh tərəfindən birtərəfli qaydada götürülmüş, lakin kompensasiya yalnız 31 yanvar 2024-cü il tarixdə ödənilmişdir. Halbuki, iddiaçı ədalətli kompensasiya almadan mülkiyyət hüququndan məhrum edilə bilməz idi. İddiaçı vaxtında almış olduğu kompensasiyanı mülki dövriyyədə istifadə edərək qazanc əldə edə bilərdi, yaxud da kompensasiya ödənilməyənə qədər ona məxsus əmlakı kirayə verə bilərdi. Beləliklə, cavabdeh iddiaçıya xx.xx.2009-cu il tarixdən 31 yanvar 2024-cü il tarixə qədər olan müddət üçün (iddiaçıya qanunsuz qaydada əlindən alınmış daşınmaz əmlaka dair kompensasiyanın ödənilməməsini əhatə edən müddətdir ki, həmin müddət ərzində iddiaçıya məxsus əmlak ondan alına bilməzdi və o, bu müddət ərzində əmlakını kirayə verə bilərdi) əldən çıxmış fayda qismində maddi zərəri ödəməli dir. "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə Hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması (əmlakın kirayə verilməsinin mümkün olmaması) nəticəsində 01 dekabr 2009-31 yanvar 2024-cü il ərzində əldən çıxmış faydanın hesablanmış həcmi 167.911 manat təşkil edir. Hər ay üzrə sözügedən əmlakın kirayə haqqına dair cədvəl hesabatda öz əksini tapmışdır. İddiaçı ilə “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili Vəkil arasında hüquqi xidmətin göstərilməsi haqqında 20 fevral 2024-cü il tarixli müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən, vəkilə ödənilən xərc 300 manat təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7765/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim X 3) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi iddiaçının iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüquqlarına qanunsuz müdaxilə edilmişdir. Bu kontekstdə isə nəzərə alınmalıdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən ümumi ölçüsü 7.93 kv.m olan qeyri-yaşayış binasının sökülməsinə dair alınma dövrünə uyğun olaraq müəyyən edilmiş 123.000 manat məbləğin kompensasiya şəkilində ödənilməsi sonuncunun xüsusi mülkiyyət hüququnun pozulmasını istisna edir. Belə olan halda isə mövcud olmayan əsasa görə əldən çıxmış faydanın tələb edilməsi əsa slı sayıla bilməz.
10. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1051/2025 nömrəli iş üzrə 23 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X4 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7765/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, iddiaçının mülkiyyət hüququna müdaxilə qeyri-qanuni olmuş və ona məxsus qeyri-yaşayış sahəsinin bazar dəyəri 15 il sonra ödənilmişdir. İddiaçının mülkiyyət hüququ pozulmuş və yalnız qismən bərpa edilmişdir. Belə ki, iddiaçının hüququ pozulmasaydı, o, ona məxsus əmlakdan istifadə etməklə adi mülki dövriyyə şəraitində gəlir əldə edəcəkdi. İddiaçı ona məxsus əmlakı kirayə verə bilərdi, əvvəlki kimi əmlakı iaşə obyekti kimi istifadə edə bilərdi, sata bilərdi və s. Həmçinin iddiaçıya ödənilən məbləğin (123.00 AZN) dəyəri 15 il əvvəl daha yüksək idi və o, həmin məbləğdən istifadə etməklə 15 il ərzində gəlir əldə edə bilərdi. Odur ki, mülkiyyətçiyə 15 il sonra əmlakın yalnız söküldüyü vaxta uyğun gələn bazar dəyərinin ödənilməsi onun mülkiyyət hüququnu tam bərpa etmir. İstənilən halda, qanunvericiliklə birbaşa olaraq əldən çıxmış fayda qismində zərərin ödənilməsini tələb etmək hüququ mülkiyyətçiyə verilmişdir. Beləliklə, cavabdeh iddiaçıya xx.xx.2009-cu il tarixdən -31 yanvar 2024-cü il tarixə qədər olan müddət üçün (iddiaçıya qanunsuz qaydada əlindən alınmış daşınmaz əmlaka dair kompensasiyanın ödənilməməsini əhatə edən müddətdir ki, həmin müddət ərzində iddiaçıya məxsus əmlak ondan alına bilməzdi və o, bu müddət ərzində əmlakını kirayə verə bilərdi) əldən çıxmış fayda qismində maddi zərəri ödəməlidir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublika sının Qanunu Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində əldən çıxmış fayday a görə 167.911 manat məbləğində maddi zərərin ödənilməsinə yönəlmişdir.
25. İşə baxan məhkəmələr iddia tələbini rədd edərkən qeyd etmişlər ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslı deyildir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək iddiaçı məhkəmələrin mövqelərini qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini xahiş edir.
27. Kassasiya şikayətini işin halları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, eyni zamanda aşağıdakı qeyd edilməsini məqsədə müvafiq hesab edir.
28. Mülki qanunvericilikdə təsbit edilmiş zərər anlayışı özündə həm real zərəri, həm də əldən çıxmış faydanı ehtiva edir. Real zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəzərdə tutulur. Əldən çıxmış fayda dedikdə isə, hüququ pozulan şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.
29. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməli dir.
30. Belə halların mövcudluğunu sübut etməyi qanunverici cavabdehin hərəkətlərindən real zərərçəkən şəxsin üzərinə qoyur.
31. Hazırkı iş materiallarından da göründüyü kimi iddiaçı əldən çıxmış fayda ilə bağlı hər hansı sübut təqdim etməmiş, iddia ərizəsində olduğu kimi kassasiya şikayətində də öz mövqeyinin əsaslılığını təsdiq edən mötəbər dəlil irəli sürməmişdir. Odur ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı dəlillərini özündə əks etdirən kassasiya şikayəti əsaslı sayıla bilməz.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 21(103)-1051/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.