Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2811/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi) 29.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(107)-519/2023 nömrəli qərardadından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1435/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1435/2022 nömrəli qərarının surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə kağız daşıyıcıda iddiaçıya göndərilmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, ərizə və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.Ş.Hüseynov) 07 sentyabr 2023-cü il tarixli, 21(107)-519/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(116)1435/2022 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla mü əyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
7. İddiaçının kassasiya şikayətinin əsasını apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Həmçinin, iddiaçı əlavə olaraq bildirir ki, qanunları bilmədiyi üçün vaxtın şikayət verə bilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
10. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
13. İş materialları ilə müəyyən olunur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1435/2022 nömrəli qərarının surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə kağız daşıyıcıda iddiaçıya göndərilmiş, təxminən 1 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə o, həmin qərardan apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
14. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün İPM-in 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti üzrsüz səbəbdən ötürmüşdür.
15. Belə ki, iddiaçı, barəsində olan məhkəmə qərarının ona təqdim edilmədiyi və ya gec təqdim edildiyi üçün apellyasiya şikayətini vaxtında verə bilməməsi barədə mübahisə açmır, əksinə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsini etiraf edərək, buraxılmış müddətin bərpa olunmasını xahiş edir. İddiaçı ərizədə bildirir ki, savadsızlığı və ailə vəziyyətində olan ciddi ağırlıqla əlaqədar zamanında şikayət verməmişdir. Kassasiya şikayətində isə iddiaçı savads ızlığı üzündən, qanunları bilmədiyi üçün vaxtında şikayət vermədiyini bildirir.
16. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, ərizədə və kassasiya şikayətində göstərilən hallar onun tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsinə mane olan hal hesab edilə bilməz. Başqa sözlə, iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Odur ki, iddiaçının məhkəmə qərarından vaxtında şikayət verməməsinin səbəbləri üzrlü hesab edilə bilməz.
17. Məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmə dən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(107)-519/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.