Məhkəmə qərarları › İş №2-1(102)-2965/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2965/2025

04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2965/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə (üçüncü şəxs Quliyev Rabil Ağası oğlu) qarşı “ünvan 1 ünvanında yerləşən mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2-1(106)344/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabirabad şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, ünvan 1 nömrəli evdə yaşayan İddiaçı anası X1 təs ərrüfatından ayrılması qərara alınmışdır.

2. Sabirabad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 912 nömrəli qərarına əsasən Sabirabad şəhəri ərazisində torpaqların təhvili ilə bağlı tərtib edilmiş baş sxemi təsdiq edilmiş, Sabirabad şəhəri ərazisi mülkiyyətlər üzrə aşağıdakı kimi bölüşdürülmüş - sərhəd daxilində cəmi 1246,0 hektar, dövlət mülkiyyətinə 341,0 hektar torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Bundan şəhərin perspektiv inkişafı üçün 7,0 hektar torpaq sahəsi verilmiş, xüsusi mülkiyyətə veriləcək torpaq sahəsi 785,4 hektar müəyyən edilmişdir.

3. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 61 nömrəli sərəncamından görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 4/2 saylı qərarına əsasən Sabirabad şəhərində yerləşən vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi və onlara planölçü sənədinin hazırlanmasına köməklik göstərilməsi qərara alınmışdır.

4. Torpaq sahələrinin vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adı 4767 sıra sayı ilə qeyd edilmişdir.

5. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 61 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinə dair A 503973 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, X3 kitabında 11319 nömrə ilə xx.xx.2014-cü il tarixdə uçota alınmışdır.

6. İddiaçı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, qeyd olan hüquqi sənədlərinə əsasən, ünvan 1 ünvanda yerləşən (ata yurdunun normadan artıq torpaq sahəsindən mülkiyyətinə verilən) 0.06 ha torpaq sahəsini qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh təqdim etdiyi hüquqi sənədlərini qeydiyyata almaqdan imtina edərək, mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə digər istifadəçilərin heç bir hüquqi sənədləri olmasa da, mübahisənin olduğunu qeyd etmişdir. Sabirabad şəhərində vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verilməsi ilə bağlı Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Sabirabad rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər üzrə nümayəndəsi, Sabirabad bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin vəkalətli nümayəndələri ilə birlikdə hazırlanmış və həmin orqanların rəhbərləri ilə razılaşdırılmış, Sabirabad rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş və Sabirabad rayon İHB-nın 16 avqust 2010-cu il tarixli 61 nömrəli sərəncamı ilə torpaq sahələrin Plan və ölçüləri tərtib edilərək vətəndaşlara verilmişdir. Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının qeydə alınmamasını əsassız hesab edir.

9. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, təqdim edilmiş sənədlərlə bağlı Dövlət Arxivinə sorğu ünvanlanmış və sorğunun cavabına əsasən həmin sənədlərə aid məlumatlar arxivdə aşkar edilməmişdir. Göstərilən səbəbdən müraciətin icrası qeyrimümkün olmuşdur. Əlavə olaraq, təqdim edilmiş sənədlər əsasında texniki inventarlaşdırılmanın aparılması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka baxış keçirilməli və müvafiq olaraq daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini, habelə torpaq sahəsinin sərhədlə ri və qonşuluqları barədə məlumatları əks etdirən müayinə aktı tərtib edilməli, torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından ötrü işlər aparılmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı digər istifadəçilərlə mübahisə mövcuddur. Bu səbəbdən torpaq sahəsinin yerində baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına şərait yaradılmamış və mübahisəli hal qeydə alınmışdır.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3-16-16/2-10/9745 nömrəli 21 may 2024-cü il tarixli rəy təqdim edilmişdir. Rəyə əsasən xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasın da İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin 2014-cü ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırkı vəziyyətdə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı məqsədi üçün verilmişdir və həyətyanı kimi istifadə edilir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçının özünün, ailə üzvlərinin və qardaşının birgə istifadəsindədir. Yəni bir həyətdə (evdə) yaşayıb istifadə edirlər. xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin koordinatları onun (qardaşı ilə birlikdə) istifadəsində (sahibliyində) olan həyətyanı torpaq sahəsinin koordinatlarının hüdudları daxilindədir. Qeyd edilən torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.

11. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-379/2024 nömrəli qərarı ilə (hakim Ş.Musayev) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış 600.03 kv.m torpaq sahəsinin 2014-cü ildəki (torpaq sahəsi a yrılan zaman) və hazırkı vəziyyətdə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı məqsədi üçün verilmişdir və həyətyanı kimi istifadə edilir. Belə olan halda cavabdehin imtinasında qeyd edilən hüquq müəyyənedici sənədin arxivdə aşkar olunmaması səbəbi ilə imtina edilməsi qanuna zidd hesab edilir. Cavabdehin imtinasında və etirazında qeyd edilən sözügedən torpaq sahəsi ilə bağlı digər istifadəçilərlə iddiaçının arasında mübahisənin mövcud olması iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasında imtina üçün əsas ola bilməz. Üçüncü şəxs Quliyev Rabil Ağası oğlu məhkəmə iclasları zamanı mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim etməmiş, bundan başqa məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində mübahi səli torpaq sahəsi ilə əlaqədar Quliyev Rabil Ağası oğlunun xeyrinə hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Gələcəkdə istifadəçilər ilə mülkiyyətçi arasında yaranan mübahisələr mülki mühakimə icraatı qaydasında həll edilə bilər. Bu əsasla cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtinasını məhkəmə qanuna müvafiq hesab etmir.

13. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2-1(106)-344/2025 nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov – məruzəçi, P.Hacıyev və C.Quliyev) üçüncü şəxsin apellyasiya şikayəti təmin edi lməmiş, Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-379/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

17. Mübahisəli torpaq sahəsinin həmsərhədində yerləşən 0.06 ha torpaq sahəsinin 11/12 hissəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə üçüncü şəxsin adına qeydə alınmışdır. Hazırki mübahisəli torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi və digər üç qonşu ilə həmsərhəd olmaqla çıxış yolu mövcud deyil. Bu səbəbdən mübahisəli torpaq sahəsinə dair onun mülkiyyət hüququ müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmənin qərarı əsassız olmuşdur.

18. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-İV hissələrinə, 60-cı maddəsinin 1-ci hissəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 77.1, 88, 106.1, 217.1, 217.3 və 218.1-ci maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiy yatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların y anlış olduğu təsdiq edildikdə.... Maddə

16. Dövlət reyestrində düzəlişlər... 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilm əsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

25. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

26. Cavabdehin imtina və iddia tələbinə yazılı etirazının dəlillərində torpaq sahəsi üzərində mübahisə olduğunu bildirsə də, apellyasiya instansiyası məhkəməsi həmin mübahisənin mahiyyətini tam və obyektiv araşdırmadan qərar qəbul etmişdir.

27. Belə ki, üçüncü şəxs tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1214/2021 nömrəli qətnaməsinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən qeydiyyat nömrə **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən mərhum X1 mülkiyyətində olmuş və onun ölümündən sonra miras qalmış ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198.6 kv.m, yaşayış sahəsi 127.3 kv.m, köməkçi sahəsi 71.3 kv.m olan 5 otaqlı yaşayış evinin 11/12 hissəsinə iddiaçı Quliyev Rabil Ağası oğlunun, 1/12 hissəsinə cavabdeh İddiaçı vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir. İddiaçı Quliyev Rabil Ağası oğlunun və cavabdeh İddiaçı mirası qəbul etmələri faktı təsdiq edilmişdir.

28. Bundan baş qa, üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanda ümumi sahəsi 198.6 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin 11/12 hissəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ tanınmış, 1/12 hissə açıq saxlanılmışdır.

29. Lakin hazırkı işin hallarından görünür ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ilə üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsinin eyni ərazi olub-olmaması, bir-birinə qonşu ərazidə yerləşib-yerləşməməsi, habelə üst-üstə düşüb-düşməməsi ilə bağlı araşdırma aparılmamışdır.

30. Habelə, hazırkı iş üzrə əldə edilmiş ekspert rəyində göstərilmişdir ki, mübahisələndirilən torpaq sahə si faktiki olaraq iddiaçının özünün, ailə üzvlərinin və qardaşının birgə istifadəsindədir, yəni bir həyətdə (evdə) yaşayıb istifadə edirlər. xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin koordinatları onun (qardaşı ilə birlikdə) istifadəsində (sahibliyində) olan həyətyanı torpaq sahəsinin koordinatlarının hüdudları daxilindədir.

31. Ekspert rəyində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin qardaşı ilə birlikdə istifadəsində (sahibliyində) olan həyətyanı torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşməsinin göstərilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hallar araşdırılmamış, rəydə qeyd edilən iddiaçının qardaşının hazırkı iş üzrə məhkəmə icraatına c əlb edilmiş üçüncü şəxs olub-olmaması yoxlanılmamışdır.

32. Bundan başqa, üçüncü şəxs kassasiya şikayətində qeyd edir ki, hazırkı mübahisəli torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi və digər üç qonşu ilə həmsərhəd olmaqla çıxış yolu mövcud deyil.

33. Ona görə də, növbəti apellyasiya baxışı zamanı kassasiya şikayətinin dəlillərində göstərilən hallarla yanaşı mübahisələndirilən torpaq sahəsi ilə üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsinin eyni ərazi olub-olmaması, bir-birinə qonşu ərazidə yerləşib-yerləşməməsi, habelə üst-üstə düşüb-düşməməsi ilə bağlı xüsusatlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, ehtiyac olduğu təqdirdə müvafiq ekspertiza keçirilməli, mütəxəssis və ekspert rəyləri alınmalıdır.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda göstərilən halların araşdırılması zamanı torpaq sahələrinin eyni ərazi olması və ya üst-üstə düşməsi halları müəyyən edilərsə, o zaman apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair aparılmış qeydiyyatın əsaslarını yoxlamalı (bu araşdırma həmin qeydiyyatın aparılmasında əsas kimi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edilmə ilə yekunlaşmamalı, mübahisələndirilən torpaq sahəsinin miras əmlaka daxil olub-olmaması yoxlanılmalı və üçüncü şəxsin adına qeydə alınmış həmin torpağa dair ilkin hüquqmüəyyənedici sənədlər də araşdırılmalıdır), araşdırmanın gedişatından asılı olaraq həmin qeydin tam və ya qismən ləğvi ilə bağlı iddiaçının cavabdehə müraciət etməsi üçün vaxt verilməsi, cavabdehin üçüncü şəxsin adına aparılmış qeydin m übahisələndirilməsi ilə bağlı mövqeyinin öyrənilməsi, həmin halların hazırkı və ya başqa məhkəmə icraatının predmeti olub-olmaması ilə bağlı xüsusatlara aydınlıq gətirməli, qeyd edilən prosessual hərəkətlərin icrası ilə əlaqədar iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardım etməlidir.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2-1(106)-344/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

36. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, Sabirabad Rayon İcr a Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sabirabad Rayon İcra Hakimiyyətinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair zərurət olmamışdır.

38. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

39. Azərbaycan Respublikası Ali Məhkəməs inin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün İşə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsi nin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda t ərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və ob yektiv müəyyənləşdirilməsi mümkün olur....

27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMnin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələri nin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur....

32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına tox unacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir....

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərq in mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olm ayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qism ində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar t ətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur....

53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin hallan, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.

54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu h alda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.”

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmə aktları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Sabirabad Rayon İcra Hakimiyyətinin qanunla qorunan maraqlarına toxunmur, onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən hallar mövcud deyildir.

41. Beləliklə, Sabirabad Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması üçün hər hansı əsas olmadığından onun hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Quliyev Rabil Ağası oğlunun kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 25 iyun 2025-ci il tarixli, 21(106)-344/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Sabirabad Rayon İcra Hakimiyyətinin iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar