Məhkəmə qərarları › İş №2-1(102)-300/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-300/2021

09.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-300/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin icra olunmamasına görə inzibati orqanın məsuliyyəti; yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya; maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “maddi və mənəvi zərərin tutulması və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli 2-1(103)-1222/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 11 iyun tarixdə cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Səbail–x istiqamətindən x istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və iddiaçıya dəymiş 6.812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1.000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8.232 manat məbləğində pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2019-cu il 20 yanvar tarixdə, saat 20:45-də Səbail–Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən x istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə, yolun hərəkət hissəsində irəliləyərkən qoşa xətt qurtar dıqdan sonra qarşıda olan maneəni – təhlükəsizlik adacığını görmədiyinə görə etibarnamə əsasında idarə etdiyi Kia Rio minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin maneəyə dəymiş və yol-nəqliyyat hadisəsi baş vermişdir.

3. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra 2019-cu il 29 yanvar tarixdə iddiaçı 40 manat məbləğində cərimə edilmiş, ona Səbail rayon X3 tərəfindən nəqliyyat vasitələrinin zədələnməsi haqqında arayış və inzibati xəta haqqında işlər üzrə icraatın təşkilinə dair təlimata 1 nömrəli əlavə təqdim edilmişdir. Arayışda və Əlavədə yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş zərər təsvir edilmişdir. Avtomobilə 6.812 manat zərər dəymişdir.

4. İddiaçı tərəfindən yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı onun heç bir təqsiri olmadığına görə, yəni manevr etmə qaydaları pozulmadığına görə 2019-cu il 29 yanvar tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət verilmiş və Xətai Rayon Məhkəməsi tərəfindən həmin qərarın ləğv edilməsinə dair 2019-cu il 19 mart tarixli, 3(011)-477/2019 nömrəli qərar qəbul edilmişdir.

5. Qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə təhlükəsizlik adacığınımaneəni göstərən hər hansı yol nişanı olmamış, habelə hadisə axşam saatlarında qaranlıq hava şəraitində baş verdiyinə görə qarşıda olan maneənin iddiaçı tərəfindən görülməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi və bunun üçün müvafiq yol nişanlarının quraşdırılması barədə müvafiq orqan və qurumların üzərinə vəzifələr qoyulmuşdur. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması əsasında təşkil edilməlidir. Avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri, svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır. Hadisənin baş verdiyi yerdə heç bir yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edilməmiş, müvafiq yol nişanları quraşdırılmamışdır. Bundan əlavə iddiaçı ilə yanaşı onun azyaşlı qızı də avtomobildə olmuşdur.

6. Avtomobilin maneyə-təhlükəsizlik adacığına dəyməsi nəticəsində azyaşlı və iddiaçı çox qorxmuş və sa rsıntı keçirmişlər. İddiaçı özünün mənəvi iztirablarını 1.000 manat kimi qiymətləndirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu 03 iyul tarixli, 2-1(81)2747/2019 nömrəli qərardadı ilə Bakı Nəqliyyat Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu 19 iyul tarixli, 2-1(81)2747/2019 nömrəli qərardadı ilə cavabdeh Səbail Rayon İcra Hakimiyyəti əsl cavabdeh Bakı Nəqliyyat Agentliyi ilə əvəz edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu 19 iyul tarixli, 2-1(81)2747/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdehi n etirazları:

10. Cavabdeh Bakı Nəqliyyat Agentliyi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, tələbin xüsusiyyəti ilə bağlı zərərin anlayışı, növləri, ödənilməsi qaydası və bu kimi digər məsələlərin tənzimlənməsində əsas qanunverici akt olan Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu baxımdan Agentliyin hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşıması üçün yuxarıda sadalanan dörd şərt (əməl, zərər, təqsir və səbəbli əlaqə) eyni zamanda mövcud olmalıdır və həmin şərtlərdən birinin olmaması halında məsuliyyət istisna edilir.

11. Həmin hadisədə iddiaçının təqsiri olduğunu təsdiq edən Səbail RPİ DYPŞ-nin 2019-cu il 29 yanvar tarixli, TP ******* nömrəli qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 19 mart tarixli qərarı ilə ləğv edilərək yenidən baxılması üçün Səbail RPİ DYPŞ-yə göndərilmiş və həmin şöbənin 2019-ci il 01 aprel tarixli, İXP ******* nömrəli qərarı ilə iddiaçı yenidən cərimə edilmişdir. İddiaçı Səbail–Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən x istiqamətində hərəkət edərək havanın qaranlıq olmasını, yol və meteoroloji şəraiti, həmin yolun hərəkət hissəsinin kəsişməsinin girişində və çıxışında piyada keçidinin olmasını, habelə yolun hərəkət hissəsinin son kənarı ilə hərəkət edərək yol ayırıcına daxil olarkən diqqətin artırılmalı olduğunu nəzərə almamış, buna uyğun sürət həddi seçməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 mart tarixli, 2-1(112)-1441/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən yol nəqliyyat hadisəsinin baş verdiyi yerdə yol işləri aparılmamış, yol zədələnmiş olmamışdır, “Yol hərəkəti haqqında” Qanunun müddəalarında təmir işləri görülmədiyi və ya yol qəzalı vəziyyətdə olmadığı halda təhlükəsizlik adacığını göstərən nişanın qoyulması kimi tələb nəzərdə tutulmamışdır.

14. Bundan əlavə, iddiaçının idarə etdiyi avtomobilə ziyan vurulmasının cavabdehin təqsirindən baş verməməsi, ziyan dəyməsinin səbəbkarının iddiaçının özü olması nəticəsinə gəldiyi üçün məhkəmə avtomobilə vurulmuş ziyanın məbləğinin iddiaçının iddia ərizəsində göstərdiyi məbləğə uyğun gəlib-gəlməməsi məsələsini araşdırmağa zərurət görmür.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli, 2-1(103)-1222/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı qismən - yol nişanlarının quraşdırılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, Səbail-Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən x istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığı nı göstərən yol nişanlarının quraşdırılması öhdəliyi cavabdehə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən saxlanılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə bağlı hesab etmişdir ki, hazırki iş üzrə müvafiq yol nişanının quraşdırılması tələbi ictimai maraq baxımından mühüm əhəmiyyət kəsb edir və yol hərəkəti təhlükəsizliyinə xidmət edir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən - iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

20. Məhkəmə hüquq normalarına istinad etsə də, onları işin halları üzrə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qərarda Bakı Nəqliyyat Agentliyinin hərəkətsizlik göstərdiyini, həmin Agentliyin üzərinə vəzifə qoyaraq yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə yol nişanını quraşdırmalı olduğunu müəyyən etsə də, hər hansı hüquq normasına istinad etmədən əsassız olaraq məhz yol nişanının olmaması səbəbindən İddiaçıya dəymiş ziyanın Bakı Nəqliyyat Agentliyi tərəfindən ödənilməli olmadığı qənaətinə gəlmişdir. Bütün bunlar məhkəmənin mübahisəli işin bir-biri ilə sıx bağlı olan iki halı üzrə tamamilə zidd qərar qəbul etdiyini açıq-aşkar göstərmiş olur.

21. Məhkəmə Bakı Nəqliyyat Agentliyini iddiaçıya ziyanın dəyməsi ndə təqsirli hesab etməyərək iddiaçının yol hərəkəti təhlükəsizliyində şəxsən iştirak etməli olduğunu, qanunla tələb olunan tədbirləri görməli olduğunu, hərəkətin təhlükəsiz başa çatması üçün maksimal tədbirləri görməli olduğunu qərarda qeyd etmişdir. Göründüyü kimi, məhkəmə apellyasiya şikayətinin öz qərarı ilə təmin edilməyən hissəsinə dair hər hansı tutarlı və əsaslı qanunvericilik normasına istinad etməmiş və yalnız ümumi ifadələrdən istifadə edərək qərarını əsaslandırmışdır. Məhkəmənin qərar qəbul edərkən vəzifələrindən biri isə qərarının nəticə hissəsini müvafiq qanunvericilik normalarına istinad etməklə düzgün olaraq əsaslandırmaqdan ibarətdir. Məhkəmənin istinad etmədiyi “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinin 5ci bəndinə əsasən fiziki şəxslər yolların hə rəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol- nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək hüququna malikdir. Məhkəmənin hazırkı qərarı isə fiziki şəxs qismində iddiaçını bu hüquqdan məhrum etmişdir.

22. Beləliklə, məhkəmə Azərbaycan Respublikası qanunvericiliyinin normalarını işin hallarına uyğun tətbiq etməmiş, habelə tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştir ak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yol hərəkəti haqqında” Qanun: Maddə

2. Qanunun təyinatı Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Maddə

6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri İ. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır:... 5) yolların h ərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək;... 7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

20. İP M: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessua l qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın rədd edilən hissədə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət qərarın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “Səbail–x istiqamətindən x istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunması nəticəsinə gəlsə də, iddiaçının həmin tələbi ilə bilavasitə əlaqəli olan “zərərin ödənilməsi” barədə tələbinin rədd edilməsinin əsası kimi qeyd etmişdir ki, “...yol nişanlarının quraşdırılması tələbinin təmin edilməsi cavabdeh orqan tərəfindən iddiaçıya maddi və mənəvi zərərin dəyməsinə və bu barədə tələbin təmin edilməsinə əsas vermir. Belə ki, İnzibati icraat haqqında Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vur ulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır... Hazırki iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları - iddiaçının istifadəsində olan avtomobilə ziyan dəyməsində cavabdehin təqsiri (qanunsuz qərarı (inzibati aktı) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində) müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, İddiaçı baş vermiş hadisə ilə bağlı ona tətbiq edilmiş inzibati tənbehin məhkəmə tərəfindən ləğv edilməsi iddiaçının istifadəsində olan avtomobilə ziyan dəyməsi ilə cavabdehin hüquq və vəzifələri arasında səbəbli əlaqənin mövcudluğuna dəlalət etmir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin İİ hissəsinə görə yol hərəkəti sahəsində fiziki şəxslərin 1) yol hərəkətinin təşkil i, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək; 2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək kimi vəzifələri vardır. Yol hərəkəti iştirakçısının əməlində inzibati xəta tərkibinin olubolmamasından asılı olmayaraq hərəkət iştirakçısı hər bir halda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində şəxsən iştirak etməli, bunun üçün həm şəxsi təhlükəsizliyi, həm də ictimai təhlükəsizlik baxımından qanunla tələb olunan tədbirləri görməli, o cümlədən nəqliyyat vasitəsinin texniki vəziyyəti, hava şəraiti, yol hərəkəti vəziyyəti nəzərə almaqla hərəkətin təhlükəsiz başa çatması ilə bağlı m aksimal tədbirləri görməlidir. Bu əsasdan kollegiya iddiaçının bilavasitə törətdiyi nəqliyyat hadisəsi nəticəsində zərərin yaranmasını iddiaçının məsuliyyət dairəsinə aid olan akt kimi qəbul edir.”.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin, “Yol hərəkəti haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “İşin mübahisə olunmayan halı” kimi yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə təhlükəsizlik adacığını - maneəni göstərən hər hansı yol nişanının olmadığını, həmçinin “yol nişanının quraşdırılması öhdəliyini” cavabdehin üzərinə qoymaqla cavabdehin qanunda bilavasitə təsbit edilmiş vəzifəsini icra etməd iyini müəyyən etdiyi halda, baş vermiş zərərli nəticəni (yol hərəkəti iştirakçısının əməlində inzibati xəta tərkibinin olub-olmamasından asılı olmayaraq) iddiaçının məsuliyyət dairəsinə aid etməkdə və bunun əsası kimi yol hərəkəti sahəsində fiziki şəxslərin “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin İİ hissəsində təsbit olunmuş vəzifələrinə istinad etməkdə haqlı olmamışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, inzibati xəta hadisəsinin baş verməsində iddiaçının təqsirliliyini müəyyən və təsdiq edən inzibati orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş aktları işdə yoxdur, yaxud zərərli nəticənin bilavasitə iddiaçının təqsirindən baş verdiyi hazırkı icraatda müəyyən edilməmişdir.

26. Digər tərəfdən, baş vermiş zərərli nəticənin səbəb əlaqəsi kimi fiziki şəxslərin “Yol hərəkə ti haqqında” Qanunun 6-cı maddəsinin İİ hissəsində təsbit olunmuş vəzifələrinə o halda istinad oluna bilər ki, yol hərəkətinin təşkili və onun təhlükəsizliyi inzibati orqan tərəfindən təmin edilmiş olsun. Bu qənaət “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinin 2-ci bəndinin tələbindən irəli gəlir. Həmin normada “yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü” prinsipi təsbit olunmuşdur.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi “zərərin əvəzinin ödənilməsi” barədə tələblə bağlı işin hallarını istinad edilən maddi hüquq normalarının məzmun və məqsədlərinə uyğun olaraq, həmçinin İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərini rəhbər tutmaqla araşdırmalı olduğu halda, bun u etməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli, 2-1(103)-1222/2020 nömrəli qərarı mübahisələndirilən hissədə ləğv edilir. İş həmin hissədə təkrar b axılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar