Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3038/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi ş əxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-78/2025 nömrəli 03 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 265 saylı Qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya 4000,0 kv.m torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı qeyd olunan torpaq sahəsinə texniki pasport və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmişdir.
3. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 265 saylı Qər arı ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsi yaşayış binaları ilə məktəb və yol arasında olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuş yaşıllıq zolağının bir hissəsidir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr düzgün qeyd olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Eyni zamanda elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələbinə əsasən şəhər və bələdiyyə avtomobil yollarının torpaq sahələri, ümumi istifadədə olan yaşıllıqlar və su sahələri ara məsafələri kimi istifadə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililə rin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”
4. Torpaq sahəsinə dair müayinə aktından görünür ki, faktiki göstərilən torpaq sahəsi dörd tərəfdən şərti olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində parka aid kölgəliklər (istirahət üçün nəzərdə tutulan) mövcuddur. Faktiki göstərilən torpaq sahəsi istirahət parkının bir hissəsi olmaqla (yaşıllıq ərazidir) üzərində şam ağ acları mövcuddur. Torpaq sahəsinin yerləşmə sxemində qeyd olunan istinad məsafələri ilə faktiki göstərilən torpaq sahəsinin istinad məsafələri arasında fərq mövcuddur. Torpaq sahəsinin bir tərəfdən 7.0m-8.0m məsafədə yaşayış binaları mövcuddur. Faktiki göstərilən torpaq sahəsinin az bir hissəsi istirahət parkı kənarı, asfalt örtüklü hissəyə düşür. Torpaq sahəsi bir tərəfdən 8.9 m, digər tərəfdən isə 8.8m məsafədə məktəb və 9.8m məsafədə futbol meydançası mövcudur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları müayinə aktına əlavə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkrn, За saylı binanın qarşısında 4000 kv.m torpaq sahəsini n onun adına qeydiyyata alınmaqla bu barədə texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli fərmanına əsasən Binəqədi rayonu üzrə 295.73 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Binəqədi B ələdiyyəsinə təhvil verilmişdir. Binəqədi rayon Bələdiyyəsinin 265 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu, 7-ci mkr-da yerləşən 3 saylı binanın qarşısında 4000,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X1 mülkiyyətinə verilmişdir. Binəqədi Bələdiyyəsi ilə X3 arasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 19 sentyabr 2005-ci il tarixdə 190 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinə xx.xx.2005-ci il tarixli 085892 saylı kassa mədaxil orderi ilə torpaq alqı-satqı üçün köhnə miqyasla 100.000.000 manat pul ödənilmişdir. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 22 noyabr 2013-cü il tarixli 316/M33 nömrəli məktubunda göstərilmişdir ki, Binəqədi Bələdiyyəsinin 165 saylı 19 sentyabr 2005ci il tarixli qərarına əsasən vətəndaş X2 Bakı şəhəri, 7 mkr, За saylı binanın qarşısında ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına müvafiq olaraq Bakı şəhəri İcra Hakimiyyətinin 809 saylı, 31 avqust 2000-ci il tarixli sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli Binəqədi rayonu üzrə Binəqədi Bələdiyyəsinə ayrılacaq torpaq sahəsinə dair ayrıc göstərişlərinə əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış Vİ sahəyə aiddir. Torpaq sahəsinin situasiya planı iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunan torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət edilmiş, lakin cavabdeh 17 mart 202 3-cü il tarixli məktub göndərərək iddiaçının müraciətinə imtina etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10324/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 265 saylı Qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 4000,0 kv.m torpaq sahəsi yaşayış binaları, məktəb və yol arasında yaşıllıq ərazisi olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuş istirahət parkının bir hissəsidir, sahənin bir hissəsi isə asfalt yoldur. Müayinə aktına əsasən torpaq sahəsi ilə məktəb arasında olan məsafə 10 metr, yaşayış binası arasında isə 8-9 metr təşkil edir. Digər tərəfdən isə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələrin bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidəki torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
9. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(103)-78/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/326 saylı xx.xx.2025-ci il tarixli rəydə qeyd edilmişdir ki, eksper tiza üçün təqdim olunmuş torpaq sahəsi faktiki olaraq park kimi istifadə olunsa da, həmin ərazinin park olması ilə bağlı heç bir hüquq müəyyyənedici və texniki sənəd öz əksini tapmamışdır. Yəni məhkəmənin iddia tələbini təmin etməməsinə səbəb olan ən əsas məqam olan ərazinin faktiki olaraq park kimi təsdiq edilməsi hər hansı bir sənədlə təsdiq edilməmişdir.
14. Bildirir ki, əraziyə baxış keçirilən zaman şəxsən orada iştirak etmiş və əraziyə bitişik restoran və ictimai iaşə obyektlərinin olduğunu əyani olaraq müşahidə etmişdir. Həmçinin reallıqda həmin ərazi park deyil, park kimi istifadə olunan və ağaclarla əhatə olunan torpaq sahəsidir. Belə olan halda qanunsuz şəkildə və iddiaçıya məxsus torpağın zəbt edilməsi hesabına park salınması və oradan faktiki olaraq park kimi istifadə edilməsi i ddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsin in tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə təl əb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin hallarının tam və hərtərəfli araşdırılmasına dai r prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsinin adına qeydiyyata alınmaqla bu barədə texniki pasportun və çıxarışın verilməsi ilə bağlıdır.
21. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 265 saylı Qərarı ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsi yaşayış binaları ilə məktəb və yol arasında olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuş yaşıllıq zolağının bir hissəsidir. Həmçinin təqdim e dilmiş yerləşmə cizgisində istinad və məsafələr düzgün qeyd olunmamışdır.
22. İşin hallarından müəyyən olunur ki, Binəqədi rayon Bələdiyyəsinin 265 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu, 7-ci mkr-da yerləşən 3 saylı binanın qarşısında 4000,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X1 mülkiyyətinə verilmişdir. Binəqədi Bələdiyyəsi ilə X3 arasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 19 sentyabr 2005-ci il tarixdə 190 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi ilə bağlı xx.xx.2005-ci il tarixli 085892 saylı kassa mədaxil orderi tərtib edilmişdir.
23. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 22 noyabr 2013-cü il tarixli, 316/M33 nömrəli məktubunda göstərilmişdir ki, Binəqədi Bələdiyyəsinin 165 saylı 19 sentyabr 2005ci il tarixli qərarına əsasən vətəndaş X2 Bakı şəhəri, 7 mkr, За saylı binanın qarşısında ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına müvafiq olaraq Bakı şəhəri İcra Hakimiyyətinin 809 saylı, 31 avqust 2000-ci il tarixli sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli Binəqədi rayonu üzrə Binəqədi Bələdiyyəsinə ayrılacaq torpaq sahəsinə dair ayrıc göstərişlərinə əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış Vİ sahəyə aiddir.
24. Qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühəndis ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/326 saylı ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, torpaq sahəsinin bir tərəfində 7.0-8.0 metr məsafədə yaşayış binaları, bir tərəfində 8.9 metr, digər tərəfində isə 8.8 metr məsafədə məktəb və 9.8 metr məsafədə futbol meydançası mövcuddur. Faktiki göstərilən torpaq sahəsi istirahət parkı kimi istifadə olunur.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati iş kassasiya instansiyasında icraatda olarkən iddiaçı tərəfindən elektron kabinetə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4608/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı yerləşdirilmişdir. Həmin qərardan görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şöbəs inə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 265 saylı, xx.xx.2005-ci qərarı ilə ona ayrılmış Binəqədi rayonu, 7-ci mikrorayon, 3 a saylı binanın qarşısında yerləşən 4000 kv.metr torpaq sahəsinin plan və ölçüsünün verilməsi və alqı-satqı aktının təsdiq edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Adı çəkilən məhkəmə qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 265 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə X2 ayrılmış Binəqədi rayonu, 7-ci mikrorayon, 3 a saylı binanın qarşısında yerləşən 4000 kv.metr torpaq sahəsinin plan və ölçüsünün verilməsi və alqı-satqı aktının təsdiq edilməsi vəzifəsi D övlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir.
26. Kollegiya qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)4608/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı hazırkı işə baxılarkən məhkəmələr tərəfindən araşdırma və qiymətləndirmə predmeti olmamışdır. Sözügedən məhkəmə aktının mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsinin tələb edildiyi torpaq sahəsinə aid olduğu nəzərə alınmaqla həmin məhkəmə aktının icra olunub-olunmadığı aydınlaşdırılmalı, eləcə də hazırkı işin həllinə mümkün təsiri ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-78/2025 nömrəli 03 iyu n 2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.