Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3157/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2081/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2003-cü il təvəllüdlüdür.
2. İddiaçı 2022-ci ilin iyul çağırışı zamanı qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “H ərbi xidmətə yararlıdır. A-3” hesab edilərək xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.
3. Hərbi xidmət dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. 4. 172 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya qoyulan di aqnoz “XBT-H.52 Hər iki gözün mürəkkəb miopik astiqmatizmi oxlarla sağ gözdə M 5,0D və 3,0D, sol gözdə M 7,0D və 3,0D nəticəsində sağ gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,7, sol gözün görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla” olmuş və o, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuşdur.
5. SX №0694813 hərbi biletdən görünür ki, İddiaçı “Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur.
6. Səhhət Klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, iddiaçıya müalicə olaraq eynək OD-1,25/-3/170 (sağ); OS-2,78/-3,5/5 (sol) kimi müəyyən edilmişdir.
7. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə məhdud yararlılığına əsas mö vcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qaldığı üçün ona maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin sonuncu tərəfindən tələbi təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 8.000 (səkkiz min) manat məbləğində maddi zərərin və 5.000 (beş min) manat məbləğində mənəvi zərərin, cəmi 13.000 (on üç min) manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, uşaqlıqdan gözlərində problemlər olmuş, belə ki, iddiaçı uzağı yaxşı görə bilmir, bu problem genetikdir. Uşaqlıqdan iddiaçı uzağı yaxşı görə bilmədiyinə görə valideynləri onu müxtəlif xəstəxanalara aparıb müayinə və müalicələr etdirmişdir. Həkimlərin məsləhəti ilə digər müalicələrlə bərabər göz gimnastikası kimi müalicələr də almışdır. Ancaq iddiaçının uzağı görməklə bağlı görmə qabiliyyəti getdikcə zəifləmişdir. 2021-ci ilin noyabr ayında artıq 2 (iki) metrlikdə olan əşyaları görməkdə ciddi çətinlik çəkmişdir. Uzağı pis gördüyünə görə həkim müayinəsindən keçəndən sonra uzağı görmək üçün eynək taxmağa başlamışdır. Uzağı pis gördüyünə görə tibbi sığorta “Paşa sığorta” olduğuna görə xx.xx.2021-ci ildə Xətai rayonun ərazisində yerləşən “Səhhət” Klinikasına mürac iət etmişdir. Göz həkimi iddiaçını müayinə etmiş və müayinədən sonra bildirmişdir ki, hər iki gözündə uzağı görməklə bağlı ciddi problemlər var. Buna baxmayaraq iddiaçı həqiqi hərbi xidmətə göndərilmiş, daha sonra isə o, yenidən şəhadətləndirilmiş və hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Bu vəziyyətdə iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İddiaçı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-600/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia qismən təmin edilmiş, iddiaçıya dəymiş 2.559,02 manat (iki min beş yüz əlli doqquz manat iki qəpik) məbləğində maddi zərərin və 1.500 (min beş yüz) manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən iddiaçının hərbi xidmətə məhdud yararlı olduğunu nəzərə almamış, şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini tə min etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə məhdud olması barədə qənaətə gəlinmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə məhdud yararlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçıya həm maddi zərər vurmuş, həm də onun şəxsi qeyri-əmlak hüquqlarının pozulmasına, mənəvi sarsıntı və iztirab keçməsi, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Adıçəkilən xəstəliyin xidmətdən öncə olub-olmamasına münasibətdə isə qeyd olunmalıdır ki, 2023-cü ildə aparılan müayinə zamanı iddiaçının sağ gözünün görmə itiliyi 0,1 korreksiya ilə 0,7, sol gözünün isə itiliyi 0,1 korreksiya ilə 0,6 o lması, hər iki gözündə astiqmatizm olması və onun yüksək miopiya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. İddiaçı hərbi xidmətə yararlı hesab olunanadək Dünyagöz xəstəxanası tərəfindən ona buynuz qişanın tomoqrafiyası edilmiş, lakin həkim tərəfindən müayinə aparılmamışdır. 2022-ci ildə iddiaçının işləmiş olduğu sonuncu iş yeri üzrə aylıq ümumi əmək haqqısı (gəliri) 307 manat 78 qəpik, hesablanmış sığorta məbləği isə 76 manat 95 qəpik təşkil etmişdir. Bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Belə olan halda iddiaçıya vurulmuş maddi zərərin hesablanması zamanı ona dəymiş zərər 2022-ci il üzrə (xx.xx.2022-xx.xx.2022, cəmi 5 ay 12 gün) sonuncu aylıq əmək haqqı məbləğinə mütənasib şəkildə (307,78x5+307,78:30X12=1662,02), 2023-cü il üzrə (xx.xx.2023-xx.xx.2 023, 2 ay 18 gün) isə həmin il üzrə minimum əmək haqqı məbləğinə (345 manat) mütənasib şəkildə (345x2+345:30x18=897) hesablanmalıdır. Belə ki, iddiaçı 2022-ci ildə əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, onun həmin il üzrə hərbi xidmətdə olduğu dövrdə aylıq qazancının sonuncu əmək haqqısı olmuş 307,78 manatdan az olmasını ehtimal etmək iddiaçının mənafeyi baxımından ədalətli olmamaqdadır, digər tərəfdən 2023-cü ilə münasibətdə isə onun hərbi xidmətdən qayıtdığı dövrün qazancına nəzərən hesablamanın aparılması hüquqi cəhətdən məqsədəmüvafiq olmadığından 2023cü il üzrə hesablama minimum əmək haqqı məbləğinə mütənasib aparılmalıdır. Odur ki, maddi zərərin ödənilməsi hissəsi məhz 2559,02 manat hissədə təmin edilməlidir.
12. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməs ini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2081/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə istinad edərək bildirir ki, iddiaçının dəlillərinin heç birinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, qeyd edilən Əsasn aməyə əsasən Azərbaycan Respublikasında hərbi həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. Hərbihəkim komissiyalarının (həkimuçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim- uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Kollegiya iddia tələbinin ikinci hissəsi olan mənəvi zərərlə bağlı qeyd edir ki, tələbin ikinci hissəsi əsas tələbdən asılı olduğundan və əsas tələb üzrə iddia təmin edilmədiyindən tələbin sözügedən hissəsi də rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
15. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin yanvar ay ına kimi 28 may metrostansiyası yaxınlığında yerləşən “28 MOLL" Ticarət Mərkəzində qida sektorunda işləmişdir. Ayda 700-750 manat əmək haqqı almışdır. Ondan sonra 2022-ci ilin fevral ayından başlayaraq 2022-ci ilin iyul ayında hərbi xidmətə göndərilənə kimi fərdi əməklə məşğul olmuş və hər ay təmiz olaraq ***-**** manat pul qazanmış və ailəsinə dəstək olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi hərbi xidmətə yararsız olduğunu bildiyi halda, onu tam qanunsuz və əsassız hərbi xidmətə göndərməklə hüquqlarını ciddi və kobud şəkildə pozmuş, bu qanunsuz hərəkəti ilə ona həm maddi, həm də mənəvi zərər vurmuş və öz qanunsuz hərəkətləri ilə onu real olaraq hər ay əldə edəcəyi ***-**** manat məbləğində gəlirdən və qazancdan məh rum etmiş, ona 8000 (səkkiz min) manat məbləğində maddi ziyan vurmuşdur. Eyni zamanda qanunsuz olaraq onu hərbi xidmətə göndərməklə 8 (səkkiz) ay ərzində onun ölçüyəgəlməz dərəcədə mənəvi sarsıntılara, məhrumiyyətlərə, əzabəziyyətlərə ve iztirablara məruz qalmağına səbəb olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ən azından 5.000 (beş min) manat məbləğində mənəvi zərər dəymişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə- Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri– müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini– müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri– müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhd ud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A- hərbi xidmətə yararlıdır; B- sıradankənar hərbi xidmətə yararlıdır; C- dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç- hərbi xidmətə müvəqqəti yararsızdır; D- həmdinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 34-cü maddənin c) bəndinə əsasən əsasən korluq, zəif görmə, rəng görmə anomaliyaları xəstəliyi üzrə bir gözün görmə itiliyi 0,4 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olması “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyin verilməsi üçün əsasdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansi yası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı qanunsuz olaraq hərbi xidmətə cəlb edilməsi nəticəsində ona dəymiş maddi və m ənəvi zərərin ödənilməsi ilə bağlıdır. Hesab edir ki, sağlamlıq vəziyyəti nəzərə alınmadan hərbi xidmətə göndərilməsi onun hüquqlarının pozulmasına səbəb olmuş, nəticədə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, hərbi xidmətə aparılmamışdan öncə onun sağlamlıq vəziyyəti hərbi xidmət üçün yararlı olmamışdır. Onun hərbi xidmətə göndərilməmişdən öncə xx.xx.2021-ci ildə “Dünyagöz” tibb müəssisəsində gözün buynuz qişasının çəkilmiş tomoqrafiyası mövcuddur.
23. Hərbi xidmət dövründə 172 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya “XBT-H.52 – hər iki gözün mürəkkəb miopik astiqmatizmi” diaqnozu qoyulmuş, sağ gözdə M 5,0D və 3,0D, sol gözdə isə M 7,0D və 3,0D göstəriciləri müəyyən edilmişdir. Bunun nəticəsində sağ gözün görmə itili yi 0,1-ə qədər azalaraq korreksiya ilə 0,7, sol gözün görmə itiliyi isə 0,1-ə qədər azalaraq korreksiya ilə 0,6 olmuşdur. Həmin tibbi sənədə əsasən iddiaçı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir.
24. İddiaçı sağlamlıq vəziyyəti nəzərə alınmadan hərbi xidmətə göndərildiyi üçün cavabdeh qurum tərəfindən onun hüquqlarının pozulması qənaətindədir və hesab edir ki, ona həm maddi, həm də mənəvi zərər dəymişdir.
25. İddiaçının bu barədə iddiasını rədd edən apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...01 mart 2023-cü il tarixli 172 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Qeyd edilən şəhadətnamə Mərk əzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş və hal-hazırda qüvvədədir. Göründüyü kimi, iddiaçının kompensasiya tələbinin əsası olan xəstəliyinin (XBT-H. 52 Hər iki gözün mürəkkəb miopik asiqmatizmi oxlarla sağ gğzdə M 5,0D və 3,0 D, sol gözdə m7,0D və 3,0D nəticəsində sağ gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiyası ilə 0,7 sol gözün görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla) “hərbi xidmət dövründə” aldığını müəyyən edən inzibati akt qüvvədədir (ləğv edilməmiş və etibarsız sayılmamışdır). Hüquq müəyyənedici sənəd olan 172 nömrəli Hərbi Həkim Komissiyasının qərarı qüvvədə olduğu müddətdə iddiaçının hərbi xidmətə göndərilməmişdən əvvəl onda müvafiq xəstəliklərin mövcud olduğu da istisna olunur. Belə olan halda da cavabdeh inzibati orqanın hazırk ı mübahisə üzrə təqsiri də istisna olunur. İddiaçının sağlamlıq vəziyyətində baş vermiş dəyişikliklə cavabdeh inzibati orqanın faktiki hərəkəti arasında hər hansı səbəbli əlaqə mövcud olmadığından, iddiaçının müddətli hərbi xidmətə cəlb olunması qanuni əsaslarla həyata keçirildiyindən iddia tələbi əsassızdır.”
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
28. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı iş materiallarında olan bütün sübutlara tam və hərtərəfli hüquqi qiymət verilməmişdir. Xüsusilə, iş materiallarında mövcud olan və iddiaçının hərbi xidmətə çağırışdan əvvəlki sağlamlıq vəziyyətini əks etdirən tibbi sənəd- “Dünyagöz” tibb müəssisəsində aparılmış gözün buynuz qişasının tomoqrafiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış və onun sübut əhəmiyyəti qiymətləndirilməmişdir.
29. İddiaçı ərizə və şikayətlərində hərbi xidmətə çağırışla bağlı onun tibbi müayinəsi k eçirilərkən gözünün görməsində ciddi zəiflik olduğunu bildirsə də, onun bu şikayətinə məhəl qoyulmadığını göstərir. İş materiallarından görünür ki, həmin dəlil işə baxmış məhkəmə kollegiyası tərəfindən iddiaçının hərbi xidmətə çağırış zamanı aparılan tibbi müayinəsini əks etdirən tibbi sənədlər üzərindən (həmin sənədlərdə iddiaçının belə şikayətlərinin olduğu) yoxlanılmamışdır.
30. Həmçinin iddiaçının hərbi xidmətə çağırılmamışdan əvvəl göstərdiyi göz xəstəliyinin onda daha öncədən mövcudluğunu təsdiq edə biləcək sübut kimi yeganə tibbi sənəd qismində təqdim olunan “Dünyagöz” tibb müəssisəsində gözün buynuz qişasının tomoqrafiyası araşdırılmamışdır. Halbuki həmin tibbi sənəd iddiaçının çağırışdan əvvəlki dövrdə aparılmış tibbi müayinəsini əks etdirən yeganə sübut olduğu üçün iş üzrə xüsusi əhəmiyyət kəsb edir. 31. “Dünyagöz” tibb müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı həmin müəssisədə həkim qəbulunda olmamış, yalnız gözün buynuz qişasının tomoqrafiyası müayinəsindən keçmişdir. Bu səbəbdən müayinə nəticələrinə dair ayrıca həkim rəyi tərtib edilməmişdir.
32. Bu barədə məhkəmə kollegiyası bildirir ki, “Dünyagöz” tibb müəssisəsi tərəfindən iddiaçının müayinəsi ilə bağlı həkim rəyinin tərtib edilməməsi gözün buynuz qişası tomoqrafiyasının müstəqil şəkildə sübut kimi qiymətləndirilməsini istisna etmir. Buna görə də qeyd olunan tomoqrafiya müayinəsinin tibbi avadanlıq vasitəsilə əldə edilmiş göstəriciləri müvafiq sahə üzrə həkim mütəxəssis və ya tibbi ekspert tərəfindən şərh edilərək (yazılı rəy verilməklə) tibbi baxımdan qiymət ləndirilmə imkanına malikdir.
33. Bu növdə araşdırmanın aparılması iddiaçının hərbi xidmətə göndərilməsindən əvvəl onun mövcud olmuş sağlamlıq vəziyyətinə aydınlıq gətirilməsinə xidmət edir. Bununla da iddiaçıya hərbi xidmət dövründə qoyulmuş diaqnozun (“XBT-H.52 – hər iki gözün mürəkkəb miopik astiqmatizmi”) onda əvvəlcədən (hərbi xidmətə çağırışdan əvvəl) mövcud olub-olmamasının müəyyən edilməsinə nail olmaq olar. Bu zaman həm də iddiaçıda müvafiq göz xəstəliyi aşkar olunarsa, onun hərbi xidmətə cəlb edilmə ilə əlaqədar olmadan, öz axınında davam etməsi nəticəsində də “XBT-H.52 – hər iki gözün mürəkkəb miopik astiqmatizmi” diaqnozuna gətirib çıxara bilmə ehtimalı yoxlanılmalıdır.
34. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, müvafiq sahə üzrə həkim mütəxəssisin və ya tibbi eksperti n köməyi ilə işdə olan gözün buynuz qişasının tomoqrafiya müayinəsi sənədində göstərilən tibbi göstəricilərin iddiaçıda miopik astiqmatizm və ya digər görmə qüsurunun mövcudluğuna əsas verib-vermədiyi, həmçinin həmin göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli” baxımından qiymətləndirərək şəxsin hərbi xidmətə yararlı, məhdud yararlı və ya yararsız hesab olunmasına əsas verib-vermədiyi müəyyən edilməlidir.
35. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı ona vurulan zərərin əsası kimi cavabdehin onu qanunsuz olaraq hərbi xidmətə yararlı hesab etməkdə təqsirli olduğunu iddia edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, yuxa rıda istinad olunan normaların tələbinə görə, vətəndaşlar çağırış məntəqələrinə təhkim olunarkən hökmən tibbi müayinədən keçməlidirlər, hansı ki, bu müayinə yalnız cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən həyata keçirilir.
36. Əgər hər hansı xəstəliyin mövcudluğu şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır.
37. İddiaçının qanunsuz hərbi xidmətə cəlb edilməs i faktı təsdiqini tapdığı halda onun hərbi xidmətdə olduğu müddətdə əmək fəaliyyəti ilə məşğul olmaq və ən azından minimum əmək haqqı məbləğində qazanc əldə etmək imkanından məhrum olacağı da nəzərə alınmalıdır. Qeyd olunan dövrdə hərbi xidmətə yararlı hesab olunan iddiaçının əmək qabiliyyətli olduğu faktı da qəbul edilməlidir.
38. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəb ul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2081/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.