Məhkəmə qərarları › İş №2-1(102)-3261/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3261/2025

17.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3261/2025 17.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (transplantasiyanın mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan barət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 56 saylı qərarın qanunsuz hesab etməklə ləğv edilməsi və qaraciyər transplantasiyasının mümkün hesab edilməsi ba rədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 25 iyun tarixli, 2-1(105)-553/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”dən görünür ki, İddiaçı 7 iyun 2022-ci il tarixdə “K74 Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin sirrozu. Ağırlaşma K76.6 Portal hipertenziya, Portal hipertenziya. Ağırlaşma B18.2 Virus mənşəli xroniki C hepatiti. Xroniki virus C hepatiti. Ağırlaşma R16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatos plenomeqaliya, Hepatosplenomeqaliya. Ağırlaşma D69.5 İkincili trombositopeniya, Trombositopeniya. Ağırlaşma R18 Assit, Assit. Yanaşı xəstəliklər D53.0 Zülalların çatmamazlığı nəticəsində yaranan anemiya, Anemiya. Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Bulbit. Portal hipertenziv qastropati. Alt ezofaqus sfinkter çatışmazlığı. Yanaşı xəstəliklər M54.2 Servikalgiya, Servikalgiya. Yanaşı xəstəliklər K25 Mədə xorası, Mədə xorası” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 12 fevral 2025-ci il tarixli, 3-33-5/00/2-Q-000056/1-42/2025 nömrəli arayışından görünür ki, iddiaçı 12 fevral 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin X2 və orqan transplantasiyası şöbə sinə müraciət etmişdir. Müayinələr nəticəsində xəstəyə “B18.2 - Virus mənşəli xroniki C hepatiti, K74.0 - Qaraciyər fibrozu” diaqnozu qoyulmuşdur. Xəstədə “Total portal vena trombozu” olduğuna görə xəstəyə təcili “Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür. 3. “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 22 iyun 2024-cü il tarixli, 56 nömrəli qərarı ilə donor X3 resipiyentə qaraciyərin transplantasiyası qeyri-mümkün hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 56 saylı qərarını qanunsuz hesab etməklə, həmin qərarın ləğv olunması və qaraciyər transplantasiyasının aparılmasının mümkün h esab olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 9 avqust 1988-ci il təvəllüdlüdür. Xaçmaz rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-323/2021 saylı qətnaməsi ilə X1 boşanmış və birgə nikahdan olan uşaqları – 21 avqust 2010-cu il təvəllüdlü X4 və 23 oktyabr 2012-ci il təvəllüdlü Qənbərova Ayİin Nurəddin qızı onun himayəsinə verilmişdir. O, qaraciyər serrozu və fibrozu xəstəliyinə tutulmuş, sağlamlığını itirmiş və ona bu xəstəliklə bağlı 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin bu ağır xəstəlikdən qurtulmağı və həyalda qalmağı üçün həkimlər “qaraciyər transplantasiyası” əməliyyatının aparılmasını məsləhət bilmiş və iddiaçı da bu müddət ərzində uyğun donorun axtarılması ilə məşğul olmuş, müvafiq tibbi ar aşdırmalar nəticəsində keçmiş ərinin kirvəsi və ailəvi yaxın, Xaçma rayonunda qonşu olduqları X5 bu əməliyyata donor kimi uyğun gəlsə və razılıq versə də, cavabdeh orqanın 56 saylı qərarına əsasən donor orqanının transplantasiyası qeyri-mümkün sayılmışdır. Belə ki, cavabdeh bu razılığın təmənnasız olmasına inanmamışdır. Halbuki, donorla iddiaçının arasında orqan satışı barədə razılaşma olmamış, nə o, nə də iddiaçı bu fikirdə belə olmamışlar. Bu şəxs iddiaçını əvvəldən də tanıdığı üçün ona və iki övladına rəhm edərək, bu xeyirxahlığı da heç bir təmənna gözləmədən etməyə razılaşmışdır. Lakin cavabdeh orqan əlində heç bir əsas, fakt olmadan etika komisiyyasının subyektiv yanaşması əsasında belə bir qənaətə gəlmiş və iddiaçının hüquqlarını pozan, həyatda yaşamaq kimi ən böyük istəkdən məhrum edən, bir sözlə, bu yaşında ölümünə səbəb ola biləcək qanunsuz qərar çıxarmışdır.

6. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmşdır ki, iddianın mümkünlüyü ilə bağlı - iddiaçı tərəfindən seçilmiş iddia növünə münasibətdə bildirilmişdir ki, iddiaçı cavabdehin üzərinə özü üçün əlverişli inzibat aktın (transplantasiyanın mümkünlüyü barədə) qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Bu da iddia növünün məcburetmə növündə iddia tələbinə uyğun olduğunu göstərir. Çünki, iddiaçı inzibati aktın qəbul edilməsindən kənar hərəkətlərin deyil, məhz inzibati aktın qəbul edilməsi barədə hərəkətlərin həyata keçirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məcburetmə haqqında iddia tələbi üçün 30 günlük iddia müddətinin müəyyən edildiyini nəzərə alınsa, iddiaçı qe yd olunan müddəti ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti ilə bağlı - inzibati icraat, habelə insan orqan və toxumalarının transplantasiyası sahəsində qüvvədə olan qanunvericilik normalarının hazırkı işin faktiki halları ilə qarşılıqlı təhlili son nəticədə qəbul edilmiş qərarın əsaslı və qanuni olduğunu göstərməkdədir. İlk növbədə qeyd edilir ki, cavabdeh orqanın nəzdində etika Komissiyasının təsis edilməsində əsas məqsəd yaxın qohum olmayan donor və resipiyent tərəfindən “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplərə zidd formada orqan transplantasiyası hallarının qarşısını almaqdan ibarətdir. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllül ük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Bu mənada müvafiq sahədə nəzarət mexanizminin yaradılması həmin prinsiplərə riayət olunmasının təmin edilməsi üçün mühüm əhəmiyyət daşımaqdadır. Təsadüfi deyil ki, müvafiq komissiya hüquqşünas və psixoloqlardan ibarət tərkibdə təşkil edilir. Məhz bu yolla donorla resipiyent arasında emosional və mənəvi əlaqənin mövcud olub-olmaması, həqiqətən də humanizm, könüllülük və təmənnasızlıq prinsiplərinin nəzərə alınıbalınmaması müəyyən olunur. Hazırkı işdə qohum olmayan donor və resipiyent arasında məhz yuxarıda qeyd olunan zərurətdən irəli gələn araşdırma etika Komissiyasında aparılmış və nəticədə tamamilə əsaslı və qanuni formada orqan transplantasiyasının qeyrimümkün olması barədə qərar qəbul edilmişdir. Təqdim olunmuş etika komis siyasının 22 iyun 2024-cü il tarixli iclas protokolundan çıxarış, hər iki tərəflə aparılan söhbət zamanı onların suallara verdikləri cavabları ehtiva edir ki, həmin cavabların qarşılıqlı təhlili, kifayət qədər ziddiyətlərin və ağlabatan olmayan məqamların mövcudluğu sonda onlar arasında donor orqanların alqısatqısına dair razılığa gəlinməsi barədə əsaslı şübhələrin mövcud olması və buna görə də orqan transplantasiyasının mümkünsüz olması barədə qərarın qəbul edilməsini şərtləndirmişdir. Donor üçüncü şəxsə niyə donor olmaq istədiyi barədə sual verildiyi zaman “uşaqlarına görə donor olduğunu” qeyd etmişdir. Aylıq gəlirinin azlığı, ailə vəziyyəti, kredit borclarının olması və resipiyent tərəfindən ödənişlərin edilməsi donor orqanların alqı-satqısı ilə bağlı razılaşmanın olması barədə əsaslı ş übhələr yaratmışdır. Komissiyada araşdırma zamanı tərəflər arasında dayanıqlı qarşılıqlı münasibətlərin olmasının qeyrimümkün olması müəyyən olunmuşdur. Bu mənada “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsində təsbit olunmuş könüllülük və təmənnasızlıq prinsiplərinə riayət olunmasından hazırkı işdə söhbət gedə bilməz. Etika komissiyasının Əsasnaməsinin 31.2-ci maddəsinə əsasən, donor orqanın transplantasiyasının qeyri-mümkün olması barədə qərar qəbul edilməsinin əsaslarından biri də məhz həmin orqanın alqı-satqısına dair tərəflərin razılığa gəlməsi barədə əsaslı şübhələrin müəyyən olunmasıdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim K.Həbibova) 2025-ci il 12 mart tarixli, 2-1(118)-2152/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın 56 saylı qərarının əsasında təsdiq edilmiş hallar deyil, şübhələr və ehtimal durur. Cavabdehin dəlillərindən heç biri hər hansı sənəd və s. ilə sübuta yetirilmir. Şübhə yalnız ümumi formada ehtimallara əsaslanır (yəni xəyali xarakter daşıyır). Halbuki, etirazda qeyd olunan həmin hallar məhkəmə tərəfindən müvafiq orqanlara sorğular verilməklə araşdırılmışdır. Yəni bu hallar araşdırıla bilən və əldə edilməsi mümkün olan, şübhəni ehtimaldan ayırmağa, əsaslı olub-olmaması nəticəsinə gəlməyə imkan verən hallar və faktlardır. Mübahisə predmeti olan 56 saylı qərar nə də “İnzibati icraat haqqında” Qanunun 61.1-61.4-cü maddəsinin tələblərinə cavab verir, nə də həmin Qanunun 61.5-ci maddəsində sadala nmış halların heç biri hazırki işdə mövcud deyildir.

9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Əzizova /sədrlik edən və məruzəçi/, G.Cabbarova və İ.Quliyev) 2025-ci il 25 iyun tarixli, 2-1(105)-553/2025 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il 12 mart tarixli, 2-1(118)-2152/2025 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, aparılmış araşdırma ilə iddiaçı resipiyent tərəfindən donora verilməsi mümkün ola biləcək bir əmlak (ehtimal belə olsa) aşkar edilməmişdir. Araşdırma zamanı donorun maddi vəziyyətinin onun evi, torpaq sahəsi, işi, daimi gəlirinin olması nəzərə alınarsa, heç bir daşınmaz əmlakı, əmək müqaviləsi olmayan resipiyentlə müqayisədə aşkar üstün olması müəyyən olunur. İddiaçı təqdim etdiyi sübutlarla (məsələn, dostluq və ailəvi yaxınlıq münasibətlərini əks etdirən fotoşəkillər və digər sənədlər) göstərmişdir ki, donor və resipiyent arasında qarşılıqlı anlaşma, etimad və təmənnasız yardım mövcuddur. Etika komissiyasının qərarında donorun kredit borclarının olması və maliyyə vəziyyətinə dair şübhələr qeyd olunmuşdur. Lakin bu faktlar təkbaşına və ya iddiaçının təqdim etdiyi sübutlar əsasında donorun məqsədinin qeyri-könüllü və ya təmənnalı o lduğunu təsdiq edə bilməz.

12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri:

13. Cavabdeh kassasiya şikayətini iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırmışdır.

14. Cavabdeh kassasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, Komissiyanın 24 may 2024-cü il tarixli protokolundan çıxarışa görə resipiyent tərəfindən donora 3 dəfə pul göndərilmişdir. Pul göndərilməsini donor özü də etiraf etmiş və nə üçün göndərilməsini izah edə bilməmişdir. Lakin, nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri tərəfindən bu hal araşdırılmadan və qeyd edil ən protokol tədqiq edilmədən qərar qəbul edilmişdir. b) 15. kassasiya şikayətinə qarşı etirazın dəlilləri: Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə

4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. … Maddə

5. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri 5.0. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 5.0.3. transplantasiya məqsədilə donor orqanların götürülməsi, saxlanması, daşınması və təhlükəsizliyinin təmin edilməsi də daxi l olmaqla, orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi; 5.0.5. orqan donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin və tibbi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi; Maddə

6. Donor orqanların və toxumaların siyahısı 6.1. Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Maddə

8. Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası müvafiq icra hakimiyyəti orqa nının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir Maddə

16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkimtransplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir. 16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. 16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edili r. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Maddə

18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uş aqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Maddə

29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika ko missiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır. Maddə

32. Donor orqanların alqı-satqısının və reklamının qadağan edilməsi Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Maddə

34. Bu Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 22 aprel 2016-cı il tarixdə 22 aprel 2021-ci il tarixədək “Virus mənşəli xr. Hepatit C qaraciyərin fibrozu və sirrozla müşayət olunan toxiki zədələnməsi, qida borusu venalarının varik oz genişlənməsi” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”dən görünür ki, İddiaçı (bundan sonra - “iddiaçı” / “resipiyent”) 7 iyun 2022-ci il tarixdə “K74 Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin sirrozu. Ağırlaşma K76.6 Portal hipertenziya, Portal hipertenziya. Ağırlaşma B18.2 Virus mənşəli xroniki C hepatiti. Xroniki virus C hepatiti. Ağırlaşma R16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, Hepatosplenomeqaliya. Ağırlaşma D69.5 İkincili trombositopeniya, Trombositopeniya. Ağırlaşma R18 Assit, Assit. Yanaşı xəstəliklər D53.0 Zülalların çatmamazlığı nəticəsində yaranan anemiya, Anemiya. Yanaşı xəstəliklər K2 9 Qastrit və duodenit, Bulbit. Portal hipertenziv qastropati. Alt ezofaqus sfinkter çatışmazlığı. Yanaşı xəstəliklər M54.2 Servikalgiya, Servikalgiya. Yanaşı xəstəliklər K25 Mədə xorası, Mədə xorası” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

23. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 12 fevral 2025-ci il tarixli, 3-33-5/00/2-Q-000056/1-42/2025 nömrəli arayışından görünür ki, iddiaçı 12 fevral 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin X2 və orqan transplantasiyası şöbəsinə müraciət etmişdir. Müayinələr nəticəsində xəstəyə “B18.2 - Virus mənşəli xroniki C hepatiti, K74.0 - Qaraciyər fibrozu” diaqnozu qoyulmuşdur. Xəstədə “Total portal vena trombozu” olduğuna görə xəstəyə təcili “Canlı donordan qara ciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür.

24. Bundan sonra iddiaçı bu əməliyyata donor kimi uyğun gələn X5 ilə razılığa gəlmiş, lakin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 22 iyun 2024-cü il tarixli, 56 nömrəli qərarı ilə donor X3 resipiyentə qaraciyərin transplantasiyası qeyri-mümkün hesab edilmişdir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri sayır ki, etika komissiyasının həll etməli olduğu məsələ və qəbul etməli olduğu qərar, iddiaçının konstitusion hüququ olan sağlamlığı qorumaq və tibbi yardım almaq hüququna birbaşa təsir edir. Həmçinin nəzərə alınmalıdır ki, sağlamlıq, orqanizmin bütövlüyü hər bir şəxsdə olduğu kimi donor üçün də həyati əhəmiyyətə malikdir. İnsanın öz sağlam orqanını bağışlamaq barədə qərarı, sağlamlığına risk törətməklə müşayiət olunur. Buna görə də, insanın öz sağlam orqanının bağışlamaq barədə gəldiyi qərar, həyatda qəbul edilən adi qərarlardan fərqli olaraq, çox ciddi (eyni zamanda sağlam düşüncəyə, cəmiyyətdə rəğbətlə qarşılanan şəfqətə əsaslanan motivlərlə qəbul edilən) bir əsasa söykənmiş olmalıdır.

26. Bu səbəbdən də Komissiyanın qərarı tam qanuni olmalıdır. Etika komissiyasının qərarı hər bir halda qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməli, ictimai marağa uyğun olmalıdır.

27. Kollegiya qeyd edir ki, Etika komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qaydasında aparılan yoxlama iki mühüm istiqaməti əhatə edir - qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq.

28. Prosessua l təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqamətində aparılan yoxlama Etika komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol verilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazımi icraatın aparılmasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada, Etika komissiyasının qərarının prosessual təminatlara riay ət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdirlər. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır.

29. Hazırkı iş üzrə mübahisələndirilən qərar onunla əsaslandırılmışdır ki, tərəflər sualları qeyri-səmimi şəkildə cavablandırmış, sübutlar (fotoşəkillər, video, yazılı məlumatlar və s.) təqdim olunmamış, donorun banka böyük məbləğdə kredit borcu var və güman edilir ki, həmin borcları resipiyentdən aldığı vəsait hesabına ödəyəcəkdir.

30. İş materiallarını nəzərdən keçirən Kollegiya belə qənaətə gəlir ki, “donorun banka olan borcunun resipiyentdən alacağı vəsaitlər hesabına ödəyəcəyinə” dair sadəcə ehtimallara əsaslana raq qərar qəbul etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki belə qəbildən işlərə baxarkən sübutetmə baxımından “obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq olunmalıdır. “Obyektiv hallardan yaranan əsaslı şübhə” isə iddia olunan qanunsuz hərəkətə (kreditin resipiyentdən alınan vəsait hesabına ödəniləcəyi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir. Bu zaman nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati or qanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

32. Həmçinin nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

33. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, “qaraciyər transplantasiyasının mümkün hesab edilməsi” ilə bağlı məsələyə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 25 iyun tarixli, 2-1(105)-553/2025 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia tələbinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar