Məhkəmə qərarları › İş №2-1(102)-8/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-8/2024

08.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-8/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “hərbi rütbənin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-122 0/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 4/17-1210 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli, 21 ş\h nömrəli əmri ilə zabit hərbi rütbəsindən məhrum edilməklə xx.xx.2017-ci il tarixdən etibarən əsgər hərbi rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edilmiş hərbi qulluqçuların hərbi rütbədən məhrum edilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 5-ci fəslinin (Hərbi rütbələrdən məhrum etmə, h ərbi rütbələrin aşağı salınması və bərpa edilməsi) müvafiq müddəalarının tələblərinə əsasən müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə qərarı əsasında hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçular bu zaman bütün hərbi rütbələrdən məhrum edilir və Silahlı Qüvvələrin ehtiyatına buraxılırlar. Bununla yanaşı, hərbi və ya xüsusi rütbədən məhrum edilmiş hərbi qulluqçuların pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinin 3-cü hissəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilir.

2. Cəlilabad Hərbi Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hök mü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək məhkum edilmiş və ağır cinayət törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən “mayor” hərbi rütbəsindən məhrum edilmişdir. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün iddiaçının “mayor” hərbi rütbəsindən məhrum edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmış və həmin tarixdə hökm qanuni qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının “kapitan” hərbi rütbəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qo yulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 312.2, 228-1, 341.2.3 və 48 maddələri ilə təqsirli bilinməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qərarları qüvvədə saxlanılmaqla iddiaçı 9 il 6 ay azadlıqdan və “mayor” zabit rütbəsindən məhrum olunmuşdur. Lakin cavabdeh onu əsassız olaraq “kapitan” hərbi rütbəsindən də məhrum etmişdir. Buna görə də, onun pensiyası dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı “kapitan” hərbi rütbəsinin bərpa olunmasını xahiş edir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-13222/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən məhrum edildiyi zabit hərbi rütbəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı barəsində hərbi rütbədən məhrum edilmə əlavə cəza kimi məhkəmənin hökmünə əsasən baş vermişdir ki, bu halda da cinayət məhkəmə icraatı qaydasında qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati mə hkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Səadət Bəktaşi) 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1220/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia məhkəmə hökmünün icrası ilə əlaqədar olduğundan birinci instansiya məhkəməsinin iddia tələbinin müm kün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Maddə

67. Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildik də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. Maddə

68. Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. 14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qa ydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibat i məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirm əsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, təl əblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzib ati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadı ğı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillə rinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa bor cludur.

23. Hazırkı mübahisə mahiyyət etibarı ilə məhkəmə hökmünün icrası ilə bağlı olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Məhkəmənin predmet üzrə aidiyyəti məhkəmə hesab olunması üçün, onun həmin mübahisəyə dair qərar qəbul etmə səlahiyyətinə malik olması şərti ödənilmiş olmalıdır. İnzibati prosesdə bu şərt o zaman ödənilmiş sayılır ki, mübahisə inzibati və ya ümumi (publik) hüquq münasibətləri ilə bağlı və həmin münasibətlərdən yaranmış olsun. Bu şərt ödənilmədiyi təqdirdə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir.

24. Mübahisənin inzibati (publik) hüquqi xarakteri, həmin mübahisəyə (iddia və ya ərizəyə) inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə bu şərt ödənilmədiyi üçün, iddianın mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə düzgündür.

25. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, müvafiq iddia ilə predmet aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, konkret mübahisəyə münasibətdə isə əsas iş üzrə hökm çıxarmış aidiyyəti məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz və etməməlidir. Şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müda fiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir.

26. Həmçinin nəzərə alınmalıdır ki, bu qərarın 13-cü bəndində istinad edilən normaya əsasən, cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. Bununla bağlı, iddiaçı müvafiq ərizə ilə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılma lı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

28. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və hab elə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instan siyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(103)-1220/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar